Prezident İlham Əliyev: Azərbaycanla diktat dili ilə danışmaq olmaz

Nazirlər Kabinetinin son iclasında ölkəmizə təzyiq etmək istəyənlərə tutarlı cavab verildi

Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş nitq söyləyən Prezident İlham Əliyev yarım il ərzində görülmüş işlər barəsində ətraflı məlumat vermişdir.

Bir daha bəlli olmuşdur ki, xarici siyasət sahəsində həyata keçirilən tədbirlər ölkəmizin dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri beynəlxalq qurumlara inteqrasiya etmək, dünya birliyinin layiqli üzvü olmaq yolunu seçmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bu sahədə qətiyyətli addımlar atılmış, respublikamız müstəqil dövlət kimi beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirmiş və bu qurumların fəal üzvünə çevrilmişdir. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, eləcə də, çoxlu sayda digər nüfuzlu təşkilatlara üzv olmuş və hazırda həmin təşkilatlarla sıx əməkdaşlıq edir.

Azərbaycan NATO və Avropa Birliyi kimi qurumlarla da əməkdaşlığı, eləcə də, antiterror koalisiyası tərkibində fəaliyyətini durmadan inkişaf etdirir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə müstəqil dövlətimiz öz milli maraqlarını gerçəkləşdirməkdədir. Azərbaycan bu gün müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən regional güc kimi qəbul edilməkdədir. Həmçinin, respublikamızın Qərb-Şərq, Şimal-Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu daha da yüksəltmişdir. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan xarici dövlətlərlə, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu getdikcə yüksəldir. Bu gün Azərbaycan dünya birliyinin fəal və nüfuzlu üzvlərindən birinə çevrilməkdədir. 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan Respublikası qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edərək beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini daha da möhkəmləndirmişdir. Ölkəmizin iqtisadi qüdrətinin artması, davamlı ictimai-siyasi sabitliyin yaradılması və xalqla iqtidarın sıx vəhdəti dünya ictimaiyyətinin diqqətini cəlb etmiş və bu da nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini Azərbaycanda keçirməsi üçün əlverişli şərait yaratmışdır.

Respublikamızın iqtisadi qüdrətinin artması, dünya birliyinə sürətli inteqrasiyası, həmçinin, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi antiazərbaycan qüvvələrin kürkünə birə salıb. Onlar öz əlaltıları vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyasını daha da genişləndirmişlər. “Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bədxahlarımızı daha da qıcıqlandırmış və bu dəfə qarayaxma kampaniyasını özlərini 250 ilin demokratı və dünyanın güc sahibi hesab edənlər aparmışlar.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi antiazərbaycan qüvvələri daha da həyasızlaşdırmış və onlar gənc müstəqil dövlətin belə bir sürətli inkişaf yoluna qədəm qoymasını və bu yolda inamla irəliləməsini qəbul etmək istəmədiklərini açıq şəkildə ortaya qoymuşlar. Halbuki, onlar üzdə özlərini gənc müstəqil dövlətlərə yardmçı kimi göstərir, əməllərində isə riyakar siyasətlərini ört-basdır edə bilmirlər.

Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması, informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər fakt var. Bütün bu hallar ümumiləşdirildikdə dünyanın ən inkişaf etmiş ölkələrində belə demokratiya ilə daban-dabana zidd olan faktlar ortaya çıxır. Necə deyərlər, öz gözündə tiri görmür, başqasının gözündə tük axtarırlar. Görünür, Azərbaycanın fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkə olduğunu həzm edə bilmirlər. Belə olmasaydı, Almaniya Bundestaqı və Böyük Britaniyanın bir sıra aparıcı qəzetləri əsas işlərini Azərbaycanda insan haqlarının pozulmasına dair qətnamə qəbul etməz və silsilə məqalələr yazmazdılar. Sanki bu qurumların ayrı bir işi yoxdur və hər il Azərbaycanda “insan hüquqlarının pozulmasına dair” hesabatlar hazırlayır, qərəzli qətnamələr və yalanla dolu digər sənədlər yayırlar.

Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bu məsələyə münasibət bildirərkən Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Avropa təsisatlarını, o cümlədən Almaniya Bundestaqını sərt tənqid etmişdir: “Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, antiazərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdir, başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz, biz buna imkan vermərik”.

Almaniyanın son vaxtlar Azərbaycan üzərinə hücum kampaniyasını genişləndirməsi də Qərbin ölkəmizə qarşı məqsədli şəkildə apardığı qarayaxma kampaniyasının davamıdır. Bu, sonuncu dəfə 2012-ci ildə müşahidə olunmuşdu. Qeyd etdiymiz kimi, Bakıda “Eurovision-2012" mahnı müsabiqəsi keçirilən zaman da Qərbin antiazərbaycan kampaniyasına Almaniya, bu ölkənin kütləvi informasiya vasitələri və insan haqları üzrə ixtisaslaşmış təşkilatları rəhbərlik edirdi.Biz eyni ssenarinin davamını I Avropa Oyunlarının Bakıda keçirildiyi ərəfədə və yarışlar davam etdiyi dövrdə də müşahidə etdik. 2012-ci ildən fərqli olaraq, budəfəki kampaniyada Almaniya ilə bərabər Böyük Britaniya və bu ölkənin mediası da estafeti ələ alıb.

Azərbaycanda insan haqlarının pozulması barədə məsələni Bundestaqın müzakirəsinə çıxaran almaniyalı deputatlar bu ölkəni Frankfurt şəhərində baş verənlərdən doğrudanmı xəbərsizdirlər? Onların diqqətinə çatdırırıq ki, kansler Angela Merkelin iqtisadi siyasətinə və sosial problemlərin artmasına, insan hüquq və azadlıqlarının pozulmasına, rasizm və milliyyətçiliyin genişlənməsinə qarşı kəskin etirazlar edən narazı kütlənin nümayişi sərt şəkildə dağıdıldı. Aksiyalarda xüsusi təyinatlılar tərəfindən yüzlərlə insan - qocalar, qadınlar, gənclər həbs olundular.

BMT-nin 2013 -cü ildə insan hüquqlarının pozulması ilə əlaqədar yaydığı hesabata nəzər yetirsək, Almaniyanın adının ön sıralarda olması diqqəti cəlb edər. Bu ölkədə miqrantlara, xüsusilə müsəlmanlara qarşı zorakılığı özündə əks etdirən dəhşətli faktlar üzə çıxır. Hesabatda insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya ciddi tənqid olunur və qeyd olunur ki, bu ölkə hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməyib. Bildirilir ki, ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyasının olmaması da hesabatda öz əksini tapıb.

Almaniyada uşaqların təhsil almaq hüquqları, xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə pozulur. Şagirdlər məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox əziyyət çəkirlər.

Avropa Şurasının “Korrupsiyaya qarşı dövlətlər qrupu” (GRECO) qurumunun Almaniyada son üç ildə apardığı araşdırmalardan məlum olub ki, Avropa Şurasının son illərdə Almaniyada korrupsiya ilə mübarizəyə dair hazırladığı 20 bəndlik hesabatın yalnız 4-nə əməl edilib. Korrupsiya ilə bağlı qanun isə hələ də sərtləşdirilməmiş qalır. Həmin qanuna görə, dövlət məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdikdə, sərt cəza tədbirləri görülməlidir. Bununla bağlı Berlinlə razılıq 1999-cu ildə əldə edilsə də, uzun illərin keçməsinə baxmayaraq, qanun hələ də qəbul edilməyib.

Bütün bunlardan sonra Almaniya Bundestaqının Azərbaycan insan haqlarının pozulması barədə qətnamə qəbul etməsinə mənəvi haqqı çatmır. Bunu elə həmin ölkənin tanınmış ictimai-siyasi xadimləri də təsdiqləyirlər. Almaniyanın sabiq dövlət katibi, Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer Bundestaqın bu yaxınlarda Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etməsinin təəssüf doğurduğunu bildirib.

Otto Hauzer deyib ki, Bundestaqın gəldiyi nəticə həqiqətə əsaslanmır. Xüsusən də ölkə cəmiyyətindəki mövcud həqiqətlərin diqqətdən kənarda saxlanması Azərbaycan haqqında yanlış təəssüratların yaranmasına səbəb olur.

Dini tolerantlıq və dinlərarası dinc münasibətlər kimi həqiqətlərin qiymətləndirilməməsinin özü belə qətnamə müəlliflərinin qərəzliliyindən və məlumatsızlıqlarından xəbər verir. Sabiq dövlət katibi vurğulayıb ki, Azərbaycanda ifadə azadlığı ilə bağlı ittihamlar ölkədə sərhədsiz internetə çıxışın olması faktı ilə təzad təşkil edir. Bu fakt həmin ittihamların həqiqətə uyğun olmadığını təsdiqləyir. Onun fikrincə, Azərbaycanda bütün sosial media vasitələri mövcuddur. O.Hauzerin təbirincə, ifadə və mətbuat azadlıqlarının məhdudlaşdırılmasından danışanlar öz ölkələrindəki vəziyyətdən xəbərsizdirlər.

O.Hauzer Bundestaqın deputatlarının əksəriyyətinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə əlaqədar qəbul olunmuş qətnamə ilə razılaşmadığını, səsvermədə yalnız 30 deputatın iştirak etməsinin bunun bariz sübutu olduğunu vurğulayıb.

Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, parlamentin (Bundestaq) məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf komitəsinin Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek “TV Berlin” kanalının “Aus dem Bundestag” (“Almaniya parlamentindən”) proqramına müsahibəsində Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı roldan, ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib.

Tobias Zek aparıcının sualını cavablandırarkən deyib ki, 20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır: “Ermənistan Respublikasının hərbi qüvvələri Azərbaycanın dövlət ərazisinə təcavüz edərək Dağlıq Qarabağı işğal edib. Bunun nəticəsində bir milyona yaxın azərbaycanlı Ermənistandan qaçqın və Dağlıq Qarabağdan məcburi köçkün düşərək öz yurdlarını tərk etməli olub. Beləliklə, Azərbaycan hazırda ən çox qaçqın əhalisi olan ölkədir”.

Göründüyü kimi, almaniyalı deputatlar Bundestaqın Azərbaycan barəsində qəbul etdiyi qətnamənin qərəzli və sifarişli olduğunu birmənalı olaraq təsdiqləyiblər. Bu da ölkə rəhbərinin həyata keçirdiyi uğurlu strategiyanın məntiqi nəticəsidir.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycana qarşı təzyiq vasitələrinin gücləndirilməsi, qarayaxma kampaniyasının genişləndirilməsi və qərəzli hesabatların yayılması siyasi strategiyamızda heç nəyi dəyişməyəcək.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında