Bizim siyasətimiz Azərbaycanın maraqları üzərində qurulubdur.
Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz.
Onu da deməliyəm ki, — Azərbaycan ictimaiyyəti də bilir, — bizə qarşı
çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq
tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə,
ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır.
İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib,
onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslənmiş bütün fikirlər müasir Azərbaycan həqiqətlərinin dilə gətirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Ölkə əhalisinin və bütün dünyadakı soydaşlarımızın böyük maraqla izlədiyi həmin həqiqətlər sırasında çoxsaylı uğur və nailiyyətlərimizin olduğu kimi, bir sıra tənqidi məqamlar da var idi. Xüsusən, dövlət başçısının ayrı-ayrı qurumların ünvanına səsləndirdiyi tənqidi fikirlər əhali tərəfindən məmnunluqla qarşılandı.
Çünki, həmişə olduğu kimi, bu iclasda da dövlət başçısı xalqın demək istədiklərini dilə gətirdi, ictimaiyyəti narahat edən məqamlara toxundu. Bizi isə daha çox məmnun edən xalqımızın və dövlətimizin bədxahlarının Prezident İlham Əliyevdən aldığı cavablar idi.
Prezident bu məzmunlu fikirlərinə başlayarkən öncə dövlətimizin bütün ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərdə qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa böyük önəm verdiyini dilə gətirir: “Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər, biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir”.
Dövlət başçımız bizim Avropaya inteqrasiya prosesində nümayiş etdirdiyimiz səmimiyyətin qarşı tərəfdən qeyri-səmimi qəbul edilməsindən ciddi şəkildə narahat olduğunu etiraf edir: “Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır”.
Bu, bir təbii haldır ki, Azərbaycan Prezidenti kiminsə bizə göstəriş vermək istəklərinin qəbuledilməz olduğunu söyləyir və belə halların bizim əməkdaşlığımızın gələcək mərhələlərində nəzərə alınacağını dilə gətirir: “Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.
Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq, bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir".
Hələ 2001-ci ilin əvvəlində — Azərbaycanın Avropa Şurasına üzv olduğu günlərdə ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan Avropaya nə qədər lazımdırsa, Avropa da Azərbaycana bir o qədər lazımdır. Həmin milli qürur və təəssübkeşlik hisslərini Prezident İlham Əliyev daha qabarıq şəkildə ifadə edir: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik”.
Azərbaycan dövlətini, Prezidentimizi və xalqımızı Avropa qurumları ilə əməkdaşlıq zamanı narazı salan nədir? Biz nə üçün bir zamanlar inanıb etimad göstərdiyimiz Avropadan indi incik düşmüşük? Bu sualların ən tutarlı cavabını dövlət başçımızın adı çəkilən nitqində tapırıq: “Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdır ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu, nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.
Prezident bugünkü dünyada baş verən ictimai-siyasi prosesləri qiymətləndirərkən dövlətimizin geridə qalan illərdə atdığı addımlara da nəzər salır və yekdil qərara gəlir: “Bugünkü beynəlxalq vəziyyət bir daha onu göstərir ki, biz vaxtilə nə qədər düzgün addımlar atmışıq. Çünki biz görürük ki, beynəlxalq hüquq normaları işləmir. Kimin gücü varsa, o da haqlıdır və bu, reallıqdır. Bu, xoşagəlməyən reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Ona görə, hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır. Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaqdır. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır”.
Əlbəttə, bizim təkcə Avropa ilə deyil, ümumiyyətlə, bütün ölkələrlə və bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı tərəfdaşlarımızdan gözlədiyimiz yeganə kömək Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi prosesində görəcəyimiz dəstəkdən ibarətdir. Ancaq çox təəssüf ki, Avropadakı tərəfdaşlarımızdan həmin dəstəyi görmürük. Ona görə də Prezident bu məsələyə münasibət bildirərkən daha açıq danışmağa üstünlük verir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir”.
Ona görə də Azərbaycan dövləti və xalqımız işğal altında qalan torpaqlarımızı azad etmək üçün bütün sahələrdə qətiyyətli addımlar atır və möhtəşəm hazırlıq proseslərini reallaşdırır: “Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.
Bir sözlə, Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclası müasir həyatımızın bütün sahələri barədə əhatəli və obyektiv fikirlərin səsləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Azərbaycan xalqı və dostlarımız gördülər ki, dövlət xalqın mənafelərinin yüksək səviyyədə qorunması üçün istənilən addımı atır. Prezident İlham Əliyev həm bir sıra nazirlik və dövlət qurumlarının fəaliyyətindəki mənfi halları, həm də, tərəfdaşlıq etdiyimiz beynəlxalq təşkilatların bəzi qərar və qətnamələrindəki ikili standartları kəskin şəkildə tənqid etdi. Əminik ki, yaxın zamanlarda bu tənqidlərin müsbət əks-sədasını eşidəcəyik.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.