Saymon Kleq – peşəkar idman meneceri! “Bakı-2015”: tanış simalar

(Portret cizgiləri)

Saymon Kleq Avropa idman elitası arasında tanınmış və nüfuzlu şəxslərdən biridir. Onun haqqında adətən deyirlər ki, “Saymon hara getsə, uğur özü onu axtarıb tapır”. Saymon özü isə zarafatyana deyir ki, “əslində o, uğurun ardınca hamıdan israrla getdiyi üçün, məqsədinə də hamıdan tez çata bilir”.

Bakıda keçirilən İlk Avropa Oyunları Təşkilat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu möhtəşəm tədbiri fəxrlə özünün idman karyerasının zirvəsi sayır və həyatını bəzədiyini bildirir. Hesab edir ki, qəlbən sevdiyi, səmimi, təəssübkeş insanlarına hədsiz məftun olduğu Azərbaycanda “Bakı-2015"-lə bağlı yaşanan xoş anlar xatirəsində əbədi qalacaq”.

Saymon 1959-cu ildə Böyük Britaniyanın Harlinqton şəhərində anadan olub. Uşaq yaşlarında hamı kimi məktəbə gedib, amma dərslərinə, özünün etiraf etdiyi kimi, “o qədər də sonsuz maraq göstərməyib”. Kolleci bitirən kimi Böyük Britaniya Kral Ordusunun paraşüt alayına qəbul olunub. 1981-ci ildə Qərbi Almaniyada NATO ordusunda xidmət edib. 1988-ci ildə ordudan tərxis olunub və idman menecerliyi sahəsində çalışmağa və bir-birindən parlaq uğurlar əldə etməyə başlayıb.

Saymon Kleqin idman karyerası çoxcəhətliliyi ilə fərqlənir. Belə ki, idmanın bir çox növü üzrə, həm yay, həm də qış idmanı sahələrində menecer qismində çalışıb. 38 yaşında Britaniya Olimpiya Assosiasiyasının baş direktoru olub. Maraqlıdır ki, Saymon Kleq Böyük Britaniya komandası ilə düz 6 dəfə yay, bir o qədər də qış olimpiya oyunlarında iştirak edib. Onun rəhbərliyi ilə Böyük Britaniya idmançıları ABŞ-da 2002-ci ildə keçirilən Leyk-Siti Olimpiadasında xüsusilə fərqləniblər.

S.Kleqin ölkəsinin idman həyatındakı böyük xidmətlərindən biri də onun Böyük Britaniya Olimpiya Assosiasiyasının baş direktoru kimi, bu ölkənin hökumətini, eləcə də London meriyasını Temza çayı sahilində yerləşən bu gözəl şəhərdə 2012-ci il Yay Olimpiya Oyunlarına namizədliyi uğrunda kampaniyanın uğurla başa çatacağına inandıra bilməsi və sonra da bu qlobal idman tədbirinin hazırlanması və icra edilməsində böyük əmək sərf etməsi olub. Yeri gəlmişkən, bu sahədəki xidmətləri Böyük Britnaiya hökuməti tərəfindən layiqincə qiymətləndirilib.

Avropa Olimpiya Komitələrinin rəhbərliyinə 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru vəzifəsinə təcrübəli namizəd lazım olanda, bir an belə tərəddüd etmədən məhz ona müraciət ediblər. Saymon Kleq qitə miqyasında ilk dəfə keçiriləcək bu yarışların böyük əhəmiyyətini yaxşı başa düşürdü. Təsadüfi deyil ki, müsahibələrinin birində deyib ki, Avropanın idman gücü və kommersiya qüvvəsinə baxmayaraq, müxtəlif idman növlərinin iştirak etdiyi Avropa oyunları bu vaxta qədər yox idi və bunun təşkil olunması hava və su kimi zəruri idi.

Təbii ki, Saymon Kleq həmişə olduğu kimi, bu dəfə də öhdəsinə götürdüyü yeni vəzifəni həvəslə icra etməyə başladı. Oyunların əməliyyat hazırlığına cavabdeh olan şəxs kimi onun əsas vəzifəsinə idmançılar üçün optimal şəraitin təmin edilməsindən tutmuş, bütün infrastrukturun hazır olmasına, 12 min könüllünün  hazırlanmasına, eləcə də Oyunlar zamanı idman meydançalarında baş verənlərə qədər hər şey daxil idi. Saymon Kleq öz komandasının 1300 üzvü ilə birlikdə- onlardan 387 nəfəri azərbaycanlı deyil, 43 millətin nümayəndəsi idi- böyük bir missiyanı uğurla icra etdi.

Bu böyük uğura aparan yolun məziyyətləri barədə bir dəfə jurnalist həmkarımıza danışarkən o, məxsusi vurğulayıb ki, “Bizim bəxtimiz onda gətirdi ki, Prezident İlham Əliyev ölkə Prezidenti olmazdan əvvəl Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidenti idi. O, idmanın nə olduğunu və siyasi məqsədlərə çatmaq üçün ondan istifadə etmək lazım olduğunu çox gözəl bilir”. S.Kleq hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir an belə azalmayan qayğısı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva və başqa məsul şəxslərdən ibarət yüksək peşəkar komandanın birgə gərgin  səyləri olmasaydı, Bakıda bu cür möhtəşəm uğur əldə etmək mümkün olmazdı!

Bu uğurda, şübhəsiz, onun da əməyi var. Bir dəfə yenə jurnalistlər ondan soruşublar ki, işinizi necə təşkil edibsiniz, Qərb, yoxsa, Şərq stilində? Cavab verib ki, “o, Qərb təcrübəsində yaxşı nə varsa götürüb, lakin Azərbaycana uyğunlaşdırılan Oyunları təşkil etməyə çalışıb”. Lakin Saymon Kleq öz uğurlarından daha çox, qitədə böyük idmanın inkişafı ilə bağlı ümidlərinin həyata keçməsinə sevinir. Axı, Oyunlar ərəfəsində o demişdi ki, “idmanda  hər şey, ilk növbədə, idmançılarla bağlı olmalıdır.  Mən istəyirəm ki, idmançıların yaddaşında Bakıdakı Oyunlar fantastik hadisə kimi qalsın. Əgər, onlar desələr ki, hər şey yaxşıdır, bu, Avropa Oyunlarının gələcəyini təmin edər, başqa idmançılar da gəlmək istəyərlər, KİV-lər yarışları işıqlandırmağa can atar, kommersiya sponsorları özlərini yetirər. Mən həm də çox istəyirəm ki, Azərbaycanın gözəl insanları ölkələrində baş verənlərlə fəxr edə bilsinlər. Çünki onlar Avropa Oyunlarını birinci qəbul edən xalq kimi tarixə düşəcəklər”.

Həqiqətən, hər şey Saymon Kleqin arzu etdiyi kimi əla oldu! Bu il 29 iyunda “Bakı-2015" birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimindən cəmi 1 gün sonra ona ”Dostluq" ordeni təqdim edilərkən Saymon Kleq Prezident İlham Əliyevə müraciət edərək demişdir: Uzaqgörənliyinizə, Avropa Olimpiya Komitələrinin uzun illər arzusu olan Avropa Oyunlarının reallığa çevrilməsini təmin etmək üçün üzərinizə götürdüyünüz maddi və siyasi öhdəliyə görə Sizə təşəkkür edirəm. Bu, bizim hamımız üçün heyrətamiz təcrübə oldu. Mən bunu zarafatla, “ömrü qısaldan təcrübə” adlandırıram və həyatımın bu çağında özümə daha çox ömür qısaldan təcrübə imkanı verə bilmərəm. Bütün bunların 30 aya həyata keçirilməsi təkcə BEGOC-un deyil, Sizin nazirlikləriniz və qurumlarınızın uğurudur”.

Bəli, Saymon Kleqin “Bakı-2015”-lə bağlı bütün arzuları çin oldu. Başlıcası, o, etimadı doğrulda bildi. Ona görə ki, yüksək peşəkardır, həm də ona görə ki, hər bir işi hamıdan yaxşı görməyə çalışır. O, həmişə məntiqə sığınan riskə gedir! Uğur hər şeyi ödəyir!

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında