XİN: Avropa təhlükəsizlik sistemində müşahidə edilən böhranın kökündə ATƏT məkanındakı həll olunmamış münaqişələr dayanır

Finlandiyanın Helsinki şəhərində Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi münasibətilə ATƏT-in qeyri-rəsmi yüksək səviyyəli görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti iştirak edib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə çıxış edən Azərbaycan nümayəndə heyəti toplantı iştirakçılarının diqqətini ATƏT məkanındakı həll olunmamış münaqişələrə çəkərək Helsinki Yekun Aktında təsbit olunmuş dövlətlərarası münasibətlərin prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunan bu münaqişələrin Avropa təhlükəsizlik sistemində müşahidə edilən böhranın kökündə dayandığını və bu münaqişələrin son 25 il ərzində həll edilməmiş qalmasının bütövlükdə ATƏT regionunda sülh və təhlükəsizlik üçün ən ciddi təhdid olduğunu vurğulayıb. Qeyd edilib ki, Helsinki prinsiplərinin və ATƏT-in digər öhdəliklərinin iştirakçı dövlətlər tərəfindən təhrif edilməsi, onların tətbiqində selektiv yanaşmaya və ikili standartlara yol verilməsi ATƏT məkanında qeyri-sabitliyin yaranmasına səbəb olur, eləcə də mövcud münaqişələrin nizama salınması proseslərində durğunluğa gətirib çıxarmaqla, onların yenidən alovlanması riskini doğurur.

Xüsusilə, xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyinetmə hüququnun ATƏT-in bəzi iştirakçı dövlətləri tərəfindən özlərinin qeyri-qanuni əməllərini, o cümlədən dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə təhrif edilməsinin münaqişələri doğurduğu və onların həlli yolunda ciddi əngəl olduğu qeyd edilib.

Bu xüsusda, bir təşkilat kimi ATƏT-in fəaliyyətinin əsasını təşkil edən prinsiplərə hər hansı selektiv yanaşma və ikili standart olmadan əməl edilməsinin təmini istiqamətində fəaliyyətinin gücləndirilməsinin münaqişələrin həlli prosesinə töhfə verə biləcəyi vurğulanıb.

Toplantıda çıxış edən iştirakçı dövlətlərin mütləq əksəriyyəti tərəfindən Helsinki Yekun Aktının dövlətlərarası münasibətlər kontekstində öz əhəmiyyətini qoruyub saxladığı və Avropa təhlükəsizliyi sistemində mövcud böhrandan çıxış yolunun yalnız Helsinki Dekaloquna qeyd-şərtsiz əməl edilməsindən ibarət olduğu ifadə edilib. Bu müstəvidə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığının xüsusi əhəmiyyət kəsb etdiyi və münaqişələrin həlli istiqamətində səylərin intensivləşdirilməsinin vacib olduğu bildirilib.  

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında