Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir.
Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə
Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. 1920-ci ildən başlayaraq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin dəfələrlə dəyişən rəhbərliyi respublikada əsaslı dönüş yarada bilməmiş, məhz bu səbəbdən də böhranlı illər bir-birini əvəz etmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi seçildiyi 14 iyul 1969-cu il respublikamızda yeni dövrün, sosial - iqtisadi, mədəni həyatda əsaslı dönüşün başlanğıcı oldu. Həmin vaxtdan başlayaraq Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri müəyyənləşdirildi.
Heydər Əliyev ilk dəfə republikaya rəhbər seçilədən sonra müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycan sovet məkanında bütün sahələrdə öz sözünü deməyə başladı və respublikamızın şöhrəti getdikcə yüksəldi. O vaxtdan başlayaraq Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. Həmin dövrdə Sovet İttifaqında cəmi iki respublika özünü iqtisadi cəhətdən tam təmin edirdi və ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi.
Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı günə qədərki statistikasına nəzər yetirdikdə bütün sahələr üzrə göstəricilərin ilbəil azaldığına, rəhbərlikdə təmsil olunan şəxslərin səriştəsizliyi üzündən əhalinin həyat səviyyəsinin getdikcə pisləşdiyinin şahidi oluruq. Zəngin təbii sərvətlərə malik olmasına baxmayaraq, Azərbaycan İttifaq respublikaları arasındakı iqtisadi inkişaf tempinə görə geridə qalır, adət-ənələrimizin qorunub saxlanılması istiqamətində qətiyyətli addımlar atılmırdı. Respublikanın təbii sərvətləri isə başqalarının mənafeyinə xidmət edirdi. Ölkənin təhsil sistemi də yarıtmaz vəziyyətdə idi. Bütün bunları dərindən təhlil edən ulu öndər ciddi islahatlara başladı. Bir neçə ildən sonra artıq Azərbaycanda bütün sahələr üzrə əsaslı dönüş yaradıldı. Qısa müddət ərzində respublikamızda sənaye istehsalının 3, kənd təsərrüfatı məhsullarının isə 2 dəfə artımına nail olundu.
1969-cu ildən 1982-ci ilə qədər ölkədə 250 zavod, fabrik və sex tikildi, 2 milyondan artıq vətəndaşın mənzil təminatı həll olundu. Pambıq istehsalı 333,6 min tondan 831,2 min tona çatdırıldı, 1982-ci ildə ölkədə pambıq istehsalı 1 milyon tona qədər yüksəlmişdi. Üzüm istehsalı 1980-ci ildə 1,5 milyon tona çatdırıldı. Bu da 1969-cu ildəki göstəricidən 5-6 dəfə yüksək idi.
Ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrin biri də elmin və təhsilin inkişafı idi. Kənd yerlərində məktəblərin sayının sürətlə artırılması yetişən yeni nəslin maarifləndirilməsində, hərtərəfli biliyə yiyələnməsi istiqamətində böyük əhəmiyyət kəsb edirdi. Həmin dövrdə Azərbaycanın şəhər və kəndlərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Məhz ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmişdir. Həmin gənclər təhsillərini başa vurduqdan sonra yenidən republikaya dönərək müxtəlif sahələrdə öz fəaliyyətlərini davam etdirmişlər. Bu da sərt sovet rejimində milli kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Ulu öndər milli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirərək böyük uzaqgörənliklə ölkəmizin gələcək müstəqillyini düşünmüş və həmin dövrdə milli kadrlara zəruri ehtiyac yaranacağını zərgər dəqiqliyi ilə hesablamışdır. Biz bu gün-Azərbaycanın dünya birliyinin inkişaf etmiş dövlətəri sırasına qoşulduğu bir dövrdə milli kadrların necə böyük əhəmiyyət kəsb etməsinin şahidi oluruq. Bütün bunlar ümummilli liderin uzaqgörənliyinin bariz nümunəsidir.
Faktlara diqqət yetirək. Əgər 1969-cu ilə qədər Azərbaycandan kənarda təhsil almağa cəmi 47 nəfərin göndərilməsi planlaşdırılırdısa və onların da əksəriyyəti qeyri-azərbaycanlı olurdusa, artıq 80-ci illərin əvvəllərində ildə 1000-1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilimişdi və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə, mədəniyyətə diqqət yetirən dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya mədəniyyətinə böyük töhfələr vermiş olurlar. Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqətin 1969-cu ildən başlanan mərhələsi Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü kimi xarakterizə edilir.
Mədəniyyətin, elm və ədəbiyyatın inkişafı da ulu öndərin diqqət mərkəzində saxladığı sahələrdən idi. Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidələrinin ucaldılmasına nail olurdu. Böyük öndərin həmin siyasətinin nəticəsi idi ki, 70-ci illərdə respublikamızın tanınmış ictimai-siyasi, ədəbi, mədəniyyət, incəsənət xadimlərinin, “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülən azərbaycanlıların sayı artır və başqa görkəmli soydaşlarımızın abidəsinin ucaldılmasına nail olmuşdu.
Həmin dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ana dilinin inkişafı sahəsində qətiyyətli addımlar atılması, Azərbaycan dilinin dövlət dili səviyəsinə qaldırması idi. Müdrik şəxsiyyət Heydər Əliyev kommunist ideologiyasının tüğyan etdiyi bir dövrdə bu istiqamətdə hər hansı bir addımın atılmasının milliyətçi damğası ilə nəticələnəcəyini çox yaxşı bilirdi. Ancaq xalqına, Vətəninə, millətinə qəlbən bağlılığı onu qorxutmadı və bu ali məqsədindən çəkindirmədi.
Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq ana dilimizin qorunması, inkişaf etdirilməsi, rolunun artırılması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması və inkişafının təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Müdrik şəxsiyyət Azərbaycanın gələcək müstəqilliyi üçün zəruri olacaq sosial-iqtisadi əsasları, ilk növbədə milli dövlətçilik düşüncəsini aşıladı. Hər bir azərbaycanlı özünü bəlli bir coğrafiyanın gələcəyinə görə məsuliyyət daşıyan vətəndaş kimi dərk etməyə başladı. Heydər Əliyev deyirdi ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığını təsdiq edən başlıca amildir. Ona görə də bu istiqamətdəki fəaliyyətində Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmişdir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun ana dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə ana dilimizə qarşı həmişə kəskin hücumlar olub və dövlət dili kimi formalaşmasının qarşısı bütün vasitələrlə alınıb. Kommunist ideologiyasının müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn sərt siyasəti Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq, rus dilində çıxışlar üstünlük təşkil edirdi. Ana dilini sevən, ona hörmətlə yanaşan ulu öndər Heydər Əliyev Azərbaycan dilinə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Heydər Əliyev bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə ana dilinə verdiyi dəyəri, məhəbbəti göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dövlət dili statusu əldə etdi. Azərbaycan ana dilinin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.
Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi zaman Azərbaycan dövlətçiliyinin müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yaratmışdı. Sovet İttifaqını lərzəyə salan milli-azadlıq hərəkatının qüdrəti və əzəməti tarixi şəxsiyyətin müdrikliyi və uzaqgörənliyi ilə əsası qoyulmuş milli oyanış, milli dirçəliş, milli özünüdərk prinsipləri ilə üzvü surətdə səsləşirdi. Heydər Əliyev öz çıxışlarında bu məsələyə münasibət bildirərkən demişdir: “... Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 1970-ci ildən başlamışdıq. Mən bu gün çox böyük məmuniyyət hissi ilə qeyd edirəm ki, bu, mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyi barəsində düşünmüşəm, həmin illərdən başlayaraq gələcəyimiz haqqında düşünürdüm. Zaman keçdi, artıq biz XX əsrin son illərini yaşayırıq. İndi isə Sizinlə görüşərək və bu problemlərlə daim məşğul olaraq Azərbaycanın XXI əsri haqqında düşünürəm...”.
SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda ilk illər xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Belə bir vaxtda respublikaya zəngin dövlətçilik təcrübəsi olan, xalqın inam və etibarını qazanmış bir liderə böyük ehtiyac yaranmışdı. Xalq yeganə ümid yerini yenə də ulu öndər Heydər Əliyevdə gördü. Həmin vaxt iqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxtda ulu öndər Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. Bu dövrdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də Naxçıvan torpağını erməni təcavüzündən xilas etməsi oldu. Ulu öndərin bölgənin və onun əhalisinin təhlükəsizliyinin təmin edilməsi, hərbi müdafiə sahəsində atdığı addımlar, rus qoşunlarının bölgədən qansız-qadasız çıxarılması və bu zaman bütün silah-sursatın Azərbaycanda qalması dünya hərbi-diplomatiya sənətinin ən böyük hadisələrindən biri hesab edilməlidir.
Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü il iyunun 15-dən başlanan müstəqil Azərbaycanın milli qurtuluş tarixi bu gün özünün ən yüksək zirvəsinə qədəm qoyub. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına sürətli inteqrasiya prosesinin hazırkı möhkəm təməli məhz ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış potensiala əsaslanır. Hər zaman fəxr edəcəyimiz, hər bir azərbaycanlının qəlbində özünə əbədi heykəl qoymuş, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqın və dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin əsasını qoyduğu siyasi strategiya bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirlir.
Müstəqil Azərbaycan hazırda dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır. Artıq ölkəmiz dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərini keçirdiyi məkana çevrilib. İlk Avropa Oyunlarının da məhz Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində sürətlə artan reytinqinin göstəricisidir. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarı ölkəmizdəki ictimai-siyasi sabitliyin davamlı olmasının, ölkənin iqtisadi qüdrətinin getdikcə artmasının, eləcə də Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olmasının nəticəsidir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyanın bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanın dünya birliyindəki nüfuzunu getdikcə artırır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.