Prezident İlham ƏLİYEV: Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik

Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır.
Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur.
Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır.
Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulubdur.
Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu
Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır.
O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki,
bu, bizim tarixi, əzəli torpağımızdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin elmi mənbələr əsasında  araşdırılması nəticəsində əldə edilən sənədlər, hətta, erməni dilindəki mənbələrdə təkzibolunmaz faktlar da Dağlıq Qarabağın ən qədim dövrlərdən bəri Azərbaycanın ayrılmaz tərkib hissəsi və xalqımıza məxsus olduğunu təsdiqləyir. Bu tarixi həqiqət artıq dünya ictimaiyyətinə də bəllidir.

Elə bunun nəticəsidir ki, indi dünyanın heç bir ölkəsi, hətta Ermənistan da Dağlıq Qarabağı müstəqil bir qurum kimi tanımır. Bütün bunlara baxmayaraq, beynəlxalq aləmdə  mövcud olan ikili standartlar və riyakar siyasət nəticəsində Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması faktı dünya birliyi tərəfindən hələ də rəsmi təsdiqini tapmır və münaqişənin həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərin qarşısı alınmır. Daha dəqiq desək, Ermənistanın işğalçı ölkə olması  beynəlxalq birlik tərəfindən görməzliyə vurulur, bu ölkəyə hələ də sanksiyalar tətbiq olunmur.

Ermənilərin uydurma tarixi köklərə və “mənbələrə” istinad etməklə işğalçılıq iddialarına və hərəkətlərinə haqq qazandırmaq cəhdlərinin  dünya birliyi tərəfindən qarşısının alınmaması münaqişənin bu vaxta qədər uzanmasına zəmin yaradıb. Baxmayaraq ki, bir sıra beynəlxalq təşkilatlar  Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmaları barədə qətnamə qəbul ediblər. Lakin 20 ildən artıqdır ki, həmin qətnamə hələ də icra olunmamış qalır. Bu, bir həqiqətdir ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan və digər dünya ölkələri ilə bağlı kifayət qədər qətnamələr qəbul edilib. Amma  Dağlıq Qarabağla bağlı verilən tələblərlə yanaşı, bu günə qədər  kifayət qədər icra edilməyən qətnamələr var. Təbii ki, bu, böyük dövlətlərin maraqları ilə izah olunur. Yəni, hər hansı bir qətnamənin həyata keçirilməsi böyük dövlətlərin maraqlarına uyğundursa, həmin qətnamənin icrası dərhal həyata keçirilir.

Ermənistan – Azərbaycan münaqişəsinin uzunmüddətli davam etməsində maraqlı olan qüvvələrin olması artıq hamıya bəllidir. Bu qüvvələr indiki halda regionda sabitliyin qorunmasında o qədər də maraqlı deyillər. Bütün hallarda nüfuzlu beynəlxaq qurumların, xüsusilə də, BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri  qətnamələrin yerinə yetirilməməsi, həmin təşkilatların, o cümlədən  BMT - nin özünə başucalığı gətirmir. Təbii ki,  bu qətnamələrin yerinə yetirilməsi bütün hallarda böyük güclərin, xüsusilə BMT - nin özünə, onun nizamnaməsindən irəli gələn müddəalara müəyyən qədər inam, hörmət və ehtiram yaradardı. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də hörmətsizlik, laqeyd münasibət aradan qaldırılardı. Təəssüf ki, Ermənistanın beynəlxalq hüquqa hörmətsizliyi dünya birliyində hələ də sükutla qarşılanır. Həmin təşkilatlar, demək olar ki, əsas fəaliyyətlərini  yalnız Azərbaycanda nöqsan axtarışına həsr ediblər. Son vaxtlar isə daha tez-tez Azərbaycanda ordunun gücləndirilməsinə ayrılan vəsaitin artırılıldığını gündəmə gətirir, bununla da, guya ölkəmizin müharıbəyə hazırlaşması  barədə rəy formalaşdırmağa çalışırlar.

Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin dayağıdır. Ümumiyyətlə, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordunun qüdrəti ilə də ölçülür. Azərbaycanda Milli Ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi  kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışındakı nitqində də bunu xüsusi olaraq vurğulamışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, ordu quruculuğu bizim üşün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq: “Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, belə də olmalıdır. Ancaq müasir dünyada gedən proseslər, qanlı toqquşmalar, müxtəlif regionlarda yaranan hərbi münaqişələr diktə edir ki, hətta müharibə şəraitində olmayan ölkələr də hərbi və ordu quruculuğunu prioritet kimi qəbul etsinlər”.

Bu gün Azərbaycan xalqını ən çox narahat edən məsələ torpaqlarımızın işğal altında qalmasıdır. Bu ədalətsizlik uzun illərdir ki, davam edir. Təbii ki, öz ərazimizi özümüz qormalı və işğaldan da öz gücümüzlə azad etməliyik. Ona görə də Azərbaycanın hərbi potensialının artırılması heç bir dövlətin və beynəlxaq təşkilatın qınaq hədəfi ola bilməz. Necə ola bilər ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə ciddi təsir göstərməsinlər, ancaq Azərbaycanın hərbi potensialının artırılmasından narahatlıqlarını bildirsinlər? Dövlətimizin başçısı həmin nitqində bu məsələ barədə demişdir: “1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya, əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir. Belə olan halda, əlbəttə ki, ancaq və ancaq öz gücümüzə güvənməliyik və biz bunu edirik.”

Söz yox ki, bu gün dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilat Dağlıq Qarabağı müstəqil bir qurum kimi tanımır. Bu, dövlət başçımızın düşünülmüş xarici siyasətinin nəticəsidir. Düşünülmüş siyasət, xalqla iqtidarın sıx vəhdəti, həyata keçirilən müstəqil siyasət və məntiqli diplomatik fəaliyyət xarici siyasətimizin uğurlarının əsas prioritetidir. Bu gün heç bir kənar qüvvə  ölkəmizi qarşıya qoyulan vəzifənin yerinə yetirməsindən çəkindirə bilməz və öz iradəsini bizə diktə edə bilməz. Respublikamızın rəhbəri qətiyyətlə bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq”.

Dövlətimizin başçısı son vaxtlar təmas xəttindəki vəziyyət barədə də məlumat vermişdir. Azərbaycan ictimaiyyəti və  hərbçilərin də bu vəziyyətlə yaxından tanış olmalarına baxmayaraq, dövlətimizin başçısı bu məsələlərə bir daha aydınlıq gətirmişdir. Qeyd etmişdir ki, son bir il ərzində Azərbaycan Ordusu təmas xəttində tam üstünlük qazanıb. Hərbiçilərin diqqətinə çatdırılmışdır ki, keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerində oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Ölkə başçısının belə vəziyyətlərdə təmas xəttində gərginlik yaranması və Ermənistan tərəfindən çoxsaylı itkilərin olması ilə əlaqədar  bizə irad tutan beynəlxalq təşkilatlara və bir sıra ölkələrin nümayəndələrinə cavabı qəti olmuşdur: “Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər”.

Azərbaycan Prezidenti Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq etdiyini də hərbiçilərin diqqətinə çardırmışdır: “Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, — əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar, əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər”.

Hazırda müstəqil Azərbaycan  inamla inkişaf edir, bir-birinin ardınca böyük uğurlara imza atır. Bu gün ölkəmizin dünya birliyindəki reytinqi yüksəlir, mövqeyi getdikcə möhkəmlənir. Bunu ölkəmizdə böyük müvəffəqiyyətlə başa çatmış birinci Avropa Oyunları da təsdiqlədi. Bütün bunlara baxmayaraq, əsas vəzifəmiz işğal altında olan torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət bizi əsas məqsədimizə çatdıracaq.  Respublikamızın rəhbərinin dediyi kimi,  güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaqdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında