Azərbaycan Avropa Oyunlarının ilk parlaq səhifəsini yazdı

Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm.
Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur...
Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini
xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir.
Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


2015-ci ilin birinci yarımilinin əsas hadisəsi birinci Avropa Oyunlarının keçirilməsi  oldu. Azərbaycan beynəlxalq əhəmiyyətli daha bir möhtəşəm tədbirə yüksək

səviyyədə ev sahibliyi etməyi bacardı. Ölkəmiz birinci Avropa Oyunlarını dünyaya təqdim etməklə yüksək təşkilatçılıq potensialını bir daha  nümayiş etdirə bildi. İlk dəfə keçirilən bu  Oyunların yüksək səviyyədə, əsl bayram əhval-ruhiyyəsində başa çatması Azərbaycanın təşkilatçılıq məsələlərinə görə dünya rekorduna imza atması kimi dəyərləndirildi.

Avropa Olimpiya Komitəsi rəsmilərinin fikrincə, Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq. Çünki bundan sonra Avropa Oyunlarının məşəli Bakıda- Atəşgahda yandırılacaq. Avropa Olimpiya Komitəsi artıq  bu barədə qərar da verib.

İlk dəfə qitə miqyaslı oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışların da rəmzi start nöqtəsi olacaq. Hər 4 ildən bir keçiriləcək yarışların məşəlinin Bakıda yandırılması ilə bağlı qəbul edilən qərar ölkəmizin dünya birliyində artan reytinqinin göstəricisidr. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq. Məşəlin qədim Atəşgah məbədindən götürülməsi həqiqətən də, bizim üçün qürurverici haldır.

İyun ayında 17 gün ərzində dünya idman ictimaiyyətinin gözü Azərbaycanda idi.Tarixdə ilk dəfə keçirilən Avropa Oyunları zamanı ölkəmizə gələn qonaqlar  yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və milli xörəklərimizlə yaxından tanış oldular. Ən başlıcası isə, Azərbaycan haqqında deyilən şayiələrin əsassız olduğunu şəxsən gördülər. Bundan əlavə, dünyanın milyardlarla tamaşaçısı televiziya ekranlarından möhtəşəm idman yarışmasını izləməklə, Azərbaycanı əsl idman ölkəsi kimi tanıdılar.

Möhtəşəm idman bayramının təntənəli açılış və bağlanış mərasimləri bütün tamaşaçıları heyran qoydu. 17 gün ərzində maraqlı və gərgin keçən yarışlar, idmançılarımızın parlaq çıxışları  hamının ürəyincə oldu. Azərbaycan 17 gündə 21 qızıl medal sevinci yaşadı. Biz bu göstəriciyə görə Avropanın 50 ölkəsindən 48-ni geridə qoyaraq qitədə  ikinci olduq. İdmançılarımız birinci Avropa Oyunlarında, sözün əsl mənasında, tarix yazmağa nail oldular. Elə bir tarix ki, yaddaşlara əbədi həkk olundu. Bu Oyunlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazandıq. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. Bu, çox böyük şərəfdir və qələbədən doğan sevinc və iftixar hissləri hər bir azərbaycanlı üçün qürurverici hadisədir. İlk dəfə olaraq 50 ölkəni yarış meydanlarında bir araya gətirən “Odlar yurdu” Azərbaycan, doğma Vətənimiz öz alovunu dünya ilə bölüşdü. Onun işığı dünyadakı bütün azərbaycanlıların simasını işıqlandırdı.

Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir. Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Onu da qeyd edək ki, respublikamızda bu vaxta qədər çoxlu sayda beynəlxalq idman yarışları keçirilb. Ancaq birinci Avropa Oyunları öz möhtəşəmliyinə görə xüsusi qeyd olunmalıdır. Bu Oyunlar Avropa üçün isə ona görə tarixi hadisə hesab olunur ki, başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları keçirilməmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri təyin olunması ilə bu Oyunların yüksək səviyyədə keçiriləcəyinə  hər bir azərbaycanlıda böyük inam yarandı. Çünki Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də çoxlu sayda iri layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Odur ki, birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyi barədə hər birimizdə yüksək inam var idi. Artıq yarışlar başa çatıb və hər şey gözlənildiyindən də yüksək səviyyədə oldu. Təbii ki, bu uğurlarda Təşkilat Komitəsinin fəaliyyəti, gərgin əməyi xüsusi qeyd olunmalıdır.

Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev nitqində Təşkilat Komitəsinin fəaliyyətini xüsu qeyd etmişdir: “Mən bu gün Təşkilat Komitəsinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Çünki Təşkilat Komitəsinin çox böyük və gərgin fəaliyyəti olmuşdur. Təbii ki, ictimaiyyət tam şəkildə bu fəaliyyətin nədən ibarət olduğunu bilə bilməz. Çünki Təşkilat Komitəsinin tədbirləri mütəmadi qaydada keçirilirdi. Ancaq ictimaiyyətə o qədər də geniş məlumatlar verilmirdi. Hər bir xırda məsələ üzrə bütün işlər ən yüksək səviyyədə görülmüşdü və məhz buna görə Oyunların keçirilməsində heç bir problem yaşanmadı”.

Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da  yarışların keçirildiyi 17 günü Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər olduğunu bildirmişdir: “Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi. Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq... Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq”.

Azərbaycan Prezidentinin sərəncamı ilə  birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində və başa çatmasında böyük əməyi olmuş  ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Azərbaycanın ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur.

İlk Avropa Oyunları beynəlxalq ictimaiyyətin yaddaşında hələ uzun müddət qalacaq. Bu Oyunları yüksək səviyyədə keçirməklə ölkəmiz dünya idman tarixinə yeni salnamə yazdı və bir daha təsdiqlədi ki, belə möhtəşəm tədbirləri keçirməyə qadirdir.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında