Dünya fəlsəfəsində tarixiliyin nəzəri təlim kimi ilkin şərhi böyük alman filosofu G.V.Hegelin adı ilə bağlıdır. Tarixilik ədəbi-ictimai hadisələrə düzgün yanaşma tərzi – nəzəri-metodoloji prinsipdir və elmdə obyektiv həqiqəti aşkara çıxarmaq məqsədinə xidmət edir. İstedadla yazılmış hər bir kitabın elmi dəyəri isə tarixiliyin tələbinə verdiyi cavabın səviyyəsi ilə ölçülür. Tarixin təcrübəsi - tarixiliyin anasıdır. Tarixi təcrübənin sınağından çıxmayan əsər xalqın elmi düşüncəsinə, milli-mənəvi yaddaşa daxil ola bilməz.
Əməkdar elm və incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin yenicə çapdan çıxmış “İllərin izi ilə” (Bakı, “Elm” 2015, 732 səh.) kitabına da alimin məhz tarixilik mövqeyindən yazılan məqalələri daxil olunmuşdur. Kitab iki hissədən ibarətdir.
Birinci hissədə müəllifin dövri mətbuatda çap olunmuş məqalələri (s. 14-433), ikinci hissədə isə professor T.Əfəndiyev haqqında dövri mətbuatda çap olunmuş məqalələr (s. 434-666) yer alır. Maraqlıdır ki, kitabın üstündə professor təvazökarlıq edərək öz adını müəllif statusunda qeyd etməyi lazım bilməyib “Professor Timuçin Əfəndiyev mətbuatda” cümləsi ilə kifayətlənib.
Yeri gəlmişkən, qeyd edim ki, on il öncə bu sətirlərin müəllifinin T.Əfəndiyevin tənqidçi və ədəbiyyatşünas kimi elmi-nəzəri yaradıcılığına və pedaqoji-təşkilati fəaliyyətinə həsr olunmuş “Böyük nəslin davamçısı” (2005) adlı monoqrafiyası çap olunub.
“İllərin izi ilə” adlı fundamental kitab tərtibçinin - sənətşünas Xəzər Zeynalovun əhatəli və məzmunlu “Ön söz”ü ilə açılır. Kitabda ədəbiyyatşünas və mədəniyyətşünas alimin 62 məqaləsi, onun fəaliyyəti və yaradıcılığı, ayrı-ayrı əsərləri haqqında müasirlərinin 47 yazısı toplanıb. Hər iki yöndə təqdim olunan materiallar bizi illərin izi ilə alimin keçdiyi ömür və tale yoluna aparır. Və qarşımızda 30 ilə yaxın dövrdə nüfuzlu bir unuversitetə uğurla rəhbərlik etmiş, onu kiçik bir teatr institutundan dünyada sayılan çoxprofilli ali məktəbə çevirmiş rektorun, ötən əsrin 70- ci illərindən bugünədək Azərbaycan elmi və mədəni-ictimai mühitində özünəməxsus nüfuz qazanmış alim-pedoqoqun, ölkədə mədəniyyət təhsilini formalaşdırmış bacarıqlı mütəxəssisin obrazı canlanır. Dövlətimiz əməkdar elm xadimi kimi fəxri adı ona elə-belə verməyib. Rektor işlədiyi müddətdə T.Əfəndiyev həm rəhbərlik etdiyi ADMİU-nun, həm də özünün adını ölkəmizdə və xaricdə geniş tanıtmağa nail olmuşdur.
Timuçin Əfəndiyevin bir tədqiqatçı və nəzəriyyəçi, ədəbiyyatşünas, mədəniyyətşünas alim kimi elmi maraq hüquqlarını təsəvvür etmək üçün onun kitab və monoqrafiyalarının adlarını nəzərdən keçirmək kifayətdir: “Rus dramaturgiyası və Azərbaycan teatrı” (1979), “XVII əsr rus teatrı” (1984), “Böyük dramaturq” (1984), “Hüseyn Cavidin ideyalar aləmi” (1985), “Ukrayna və Belorus teatrı” (1986), “Antik ədəbiyyat” (1988), “Rus teatrı XVII-XVIII əsrlər xalq teatrı” (1998), “Cəfər Cabbarlı və romantik dramları” (1999), “Romantik dramaturgiyada tarixilik və bədiilik” (1999), “Azərbaycan kino tarixi oçerkləri” (2001), “Azərbaycan dramaturgiyasında metodlar” (2002), “Azərbaycan mədəniyyəti və incəsənəti” (Tehran, 2003), “Azərbaycan tetar tarixi” (2009), “ Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (2011), “Mədəniyyətdə tarixilik və müasirlik” (2011), “Mədəniyyət və incəsənətimizin məbədgahı” (2013), “Heydər Əliyev: mədəniyyət və ədəbiyyat” (2015), “Hüseyn Cavid: ideal həqiqət axtarışı” (2013).
Beləliklə, müxtəlif dövrlərin rus teatrı və dramaturgiyası, Hüseyn Cavidin irsi, romantik dramaturgiya və Azərbaycan romantizmi, C.Cabbarlının romantik dramları, tarixilik, müasirlik və əbədilik, dramaturgiyada metodlar paralelliyi, milli teatr və kino tariximiz, Heydər Əliyevin mədəniyyət konsepsiyası və milli-mənəvi dəyərlər təlimi kimi konseptual problemlər professor T.Əfəndiyevin yaradıcılığının çoxcəhətliliyindən xəbər verir. Aşağıdakı bir neçə nəzəri problem isə 1973-cü ildə akademiyanın “Xəbərlər”ində (№4) çap olunmuş “Hüseyn Cavid ədəbi tənqiddə” adlı ilk elmi məqaləsindən bugünə qədər alimin diqqət mərkəzində olub: Hüseyn Cavid və Azərbaycan romantizmi; romantik dramaturgiyada metodlar; tarix və müasirlik; Heydər Əliyev və Azərbaycan mədəniyyəti; teatr tarixi; bədii təhsilə rəhbərlik.
T.Əfəndiyev bu nəzəri problemləri təkcə bir ədəbiyyatşünas və mədəniyyətşünas kimi araşdırmayıb, rektor və pedoqoq kimi təhsil təcrübəsi ilə də əlaqələndirib. Ona görə də onun həm monoqrafiyaları, həm də mətbuatda dərc olunan məqalələri canlılığı, dinamizmi ilə seçilib, diqqəti cəlb edib. T.Əfəndiyev kitab və məqalələrində irəli sürdüyü nəzəri-metodoloji fikirləri tədris prosesinə də tətbiq edib, bu da həmin ideyaları və tədris -təlim işini aktuallaşdırıb.
T.Əfəndiyev dahi şəxsiyyət və dövlət xadimi Heydər Əliyev dövrünün ziyalısı, onun ideallarına sadiq bacarıqlı kadrlarındandır. “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (2011), “Heydər Əliyev: mədəniyyət və ədəbiyyat” (2013) kimi fundamental monoqrafiyalarında və bu mövzuda yazılmış silsilə məqalələrində T.Əfəndiyevin ümummilli liderin ideallarına vətəndaş və ziyalı kimi sədaqəti aydın və əhatəli əksini tapıb.
“İllərin izi ilə” multikulturalizm dövrü Azərbaycan gəncliyinin kreativ düşüncəsinə ünvanlanan dəyərli bir kitabdır. Bu kitabla qloballaşma dövrünün Azərbaycan gəncliyi mədəniyyətlərin inteqrasiyası prosesində onunla necə rəftar etməyi, bu sahədə milli müəyyənliyi necə qorumağı öyrənmək üçün dəyərli bir mənbə əldə edir. Bu toplu ömrünün 40 ili mədəniyyət və incəsənət aləmində keçən görkəmli bir ziyalının alim və elm-tədris təşkilatçısının mənalı hesabatıdır və onun dəyəri milli mədəniyyət və incəsənətimizin inkişafına xidmət etməsindədir.
Mütəfəkkir tənqidçi Yaşar Qarayev deyirdi ki, təbiət Allahın, mədəniyyət insanın özünə ucaltdığı abidədir. Ədəbiyyat isə mənəvi əbədiyyətdir. Timuçin Əfəndiyevin samballı kitablarından biri də məhz “Heydər Əliyev: mədəniyyət və əbədiyyət” (2013) adlanır. O, ədəbiyyat və mədəniyyətin əbədiliyinə dərindən inanan bir mötəbər mütəxəssisdir. Bu inamı ona atası - Xalq yazıçısı, qüdrətli sənətkarımız İlyas Əfəndiyevin böyük şəxsiyyəti, möhtəşəm yaradıcılığı, dönməz ədəbi-tarixi mövqeyi hələ uşaqlığından aşılayıb. İlyas müəllim oğlu Timuçin üçün ailə və həyat universiteti rolu oynayıb. İlyas Əfəndiyevin Azərbaycan xalqının milli-bədii sərvəti olan cild-cild əsərlər yazmış mehriban və qüdrətli əlinin sığalı Azərbaycan ədəbi-tarixi mühitində seçilən nüfuz sahibi olan Xalq yazıçısı, professor Elçini, professor-rektor Timuçini heç vaxt həqiqət yolundan sapmağa qoymamış, onların şəxsiyyət kimi yetişməsinə dayaq olmuşdur.
Filoloji təfəkkür və mədəniyyət duyumunun vəhdəti T.Əfəndiyevin “İllərin izi ilə” kitabında toplanmış məqalələri səciyyələndirən başlıca əlamətdir. Alim Heydər Əliyevin mədəniyyət konsepsiyasını əsas tutaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və dilimizə milli ideologiyamız olan azərbaycançılığın məxəzləri kimi yanaşır. “İllərin izi ilə” azərbaycançılıq işığında, bu milli məfkurəyə dayaqlanan tədqiqat metodları ilə yazılmış canlı, təsiredici kitabdır. Burada illər talelərdən xəbər verir, ədəbi-mədəni irsin taleyi üçün alim və vətəndaş ziyalı amalını əks etdirir.
“İllərin izi ilə” kitabının materialları tarixilik mövqeyindən yüksək intellektual üslubda, ədəbiyyat və mədəniyyətimizə məhəbbətlə yazılıb. Bu cəhəti professor T.Əfəndiyevin mühiti, şəxsiyyəti, nəsli, yaradıcılığı, əsərləri və rektor kimi uzunmüddətli fəaliyyəti haqqında kitaba daxil olan 47 səmimi məqalə üzvi tamamlayır. Əslində, iriformatlı “İllərin izi ilə” kitabının 232 səhifəsini əhatə edən bu məqalələr alim haqqında müstəqil bir kitabdır. Ölkəmizin elitar elm və sənət xadimlərinin bu məqalələrində ən çox işlənən deyim “Tarixilik və müasirlik”dir. Yenicə yaradılmış Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyevin “İllərin izi ilə” adlı fundamental kitabı tarixilik təfəkkürü ilə yazılan, tarixiliyi müasirlik müstəvisində təqdim edən, ədəbiyyatşünaslıq və mədəniyyətşünaslığımızın prioritetlərini göstərən dəyərli əsərdir.
Nizaməddin ŞƏMSİZADƏ,
Dövlət mükafatı laureatı, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.