Azərbaycan inanılmaz təşkilatçılıq məharəti və yüksək mədəniyyəti ilə qara qüvvələri susdurdu

Yekaterina PRİVALOVA: Mən Bakını göz yaşları içində və hökmən qayıdacağam fikri ilə tərk edirdim

İstər təşkilatçılıq, istərsə də idman nəticələri baxımından Azərbaycanın tarixi nailiyyəti, tam qələbəsi ilə əlamətdar olan “Bakı-2015" birinci Avropa Oyunlarından hələ çox-çox əvvəl, eləcə də onların gedişində dövlətimizə və xalqımıza qarşı çıxan, böyük  uğurlarımıza xələl gətirmək istəyənlərə ən yaxşı cavab Azərbaycan xalqının hədsiz Vətən sevgisi, möhtəşəm təşkilatçılıq bacarığı və yüksək mədəniyyəti oldu.

Bunlar bədxahlarımızı susmağa məcbur edən təkzibolunmaz amillərdir. Ölkəmizi ilk dəfə keçirilən Avropa Oyunlarında şöhrətin zirvəsinə aparan yola ilk növbədə Vətən sevgisi işıq saçdı. Bu sevgi insanlarımızın böyük əzmkarlığı, yenilməz iradəsi ilə möhkəm vəhdət təşkil edib, dövlətlə xalq arasında sarsılmaz birliyin növbəti təntənəsinə çevrildi.

İdman meydanları qəhrəmanlarının hər bir qələbəsi əsl vətənpərvərlik, dövlətə, xalqa sədaqətlə xidmət etmək nümunəsidir. Azərbaycan rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev ölkə Olimpiya Hərəkatına rəhbərliyinin hələ ilk illərində bununla əlaqədar demişdi:

– Gərək idmana rəhbərlik edən şəxs, idmanla məşğul olan şəxs ilk növbədə Vətənini sevsin. Əgər o sevgi, məhəbbət varsa hər bir sahədə, o cümlədən idmanda da böyük uğurlar qazanılacaq.

Bu gün həyatın bütün sahələrində sürətli və dinamik inkişafı ilə dünyanın diqqət mərkəzində olan Azərbaycanın idmanda davamlı qələbələrinin arxasında daimi dövlət qayğısı ilə yanaşı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi başda  olmaqla istinasız olaraq bütün idman təşklatlarımızın birgə səylə həyata keçirdikləri böyük işlər, yorulmaz fəaliyyət dayanır.

Aləmə səs salan böyük qələbələrimiz təşkilatçılıq işlərinin təxirə salınmadan, ən yüksək səviyyədə aparılmasının nəticəsidir. Buna ən parlaq nümunə isə “Bakı-2015”-dir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, MOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın başçılıq etdiyi Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin fəaliyyətə başladığı elə ilk günlərdən – 2013-cü il  yanvarın ortalarından həyata keçirdiyi hərtərəfli və son dərəcə genişmiqyaslı işlər “Bakı-2015" ilə maraqlananları heyrətə gətirdi.

Uzun illər ərzində hamının xoş xatirə kimi heç vaxt yaddan çıxarmayacağı Avropa Oyunlarında Azərbaycan xalqının qədim adət və ənənələrinin, zəngin tarixinin məharətlə ifadə olunduğu açılış və bağlanış mərasimlərinin ən yüksək səviyyədə, bütün zövqlərə cavab verən bir şəkildə təşkili bu işlə məşğul olanların böyük qələbəsidir.

Azərbaycan Avropa Oyunlarına hazırlığın möhtəşəm təşkili və özünün əzəməti, qüdrəti ilə sübut etdi ki, ən böyük işlərin də öhdəsindən ən qısa zamanda gəlmək olar. Təşkilat Komitəsinin fantastik fəaliyyəti təkcə qitəmizin deyil, dünyanın ən mötəbər idman təşkilatlarına da nümunə ola bilər. Altı-yeddi ilin işi cəmi iki il yarımda yerinə yetirilmişdir. Bunun özü də bir rekorddur!

Əldə olunmuş nailiyyətlər həm də Azərbaycan xalqının əsrlər boyu onu şöhrətləndirmiş yüksək mədəniyyətinin parlaq təzahürüdür. Oyunların iştirakçılarına respublikamızda göstərilən qayğı və diqqət, qonaqpərvərlik, azarkeş dəstəyi onların hamısında bizim əhaliyə qarşı xüsusi rəğbət hissi yaratmışdır. Təsadüfi deyil ki, idmançı və məşqçilər, eləcə də digər şəxslər Bakıda olduqları günlərdə də, vətənlərinə qayıtdıqdan sonra da Azərbaycan mədəniyyəti və qonaqpərvərliyi haqqında ilhamla danışmış, xalqımıza qarşı böyük məhəbbətlərini ifadə etməkdə xəsislik etməmişlər. Əsl fədakarlıq nümunəsi göstərmiş könüllülər və bütün Azərbaycan vətəndaşları istər yarışların keçirildiyi yerlərdə, istərsə də asudə vaxtlarında qonaqlara kömək etməyə hər an hazır idilər və şübhəsiz, Bakı sakinləri Oyunların iştirakçılarının qəlbində özlərinə əbədi yer etmişlər.

Hətta paytaxtımızdakı gərgin yarışların elə iştirakçıları da var ki, onların söhbətlərinə görə həmişə qələbə və medallar uğrunda Bakının idman meydanlarında mübarizə aparmaq istərdilər. Məsələn, Avropa Oyunlarında qadınların cüdo yarışlarının bürünc mükafatçısı (57 kq çəki dərəcəsində) Almaniya idmançısı Miryam Roper Bakının onun üçün uğurlu şəhər olduğunu bildirib:

“Mən may ayında Bakıda olmuş və “Böyük dəbilqə” turnirində bürünc mükafat qazanmışdım. Avropa Oyunlarında da medalsız qalmadım. Əgər ötən illərdəki yarışlarda göstərdiyim nəticələri də nəzərə alsaq, həqiqətən, Azərbaycana səfərlər mənim üçün uğurlu olur".

“Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində fəaliyyət göstərmiş rusiyalı idman xadimi Yekaterina Privalovanın bu günlərdə öz ölkəsinə qayıtdıqdan sonra ”Realnoe vremya"nın müxbiri ilə müsahibədə söylədiyi fikirlərə, zənimizcə, Oyunların bütün iştirakçıları və qonaqları şərik çıxarlar. Kifayət qədər geniş həcmli həmin müsahibədən bir sualı və ona cavabı diqqətinizə çatdırırıq. Özünüz nəticə çıxarın, paytaxtımız və ölkəmizlə bir daha qürur duyun.

– Bakı haqqında təəssüratlarınız?

– Bizdə Azərbaycan və onun sakinləri haqqında çox steorotip təsəvvürlər yaranıb. Bizim ilk növbədə azərbaycanlıların özləri barədə təsəvvürlərimiz düzgün deyil, Onlar yalnız Rusiyaya alver etməyə gedən insanlar deyil, tamamilə başqa insanlardır. Onlar üç ali təhsili olan insanlardır. Söhbət zamanı asanlıqla ingilis dilinə keçirlər. Əksəriyyəti rus, Azərbaycan, türk və ingilis dillərini bilir və bu, normal hesab olunur. Onlar unikal inkişaf etmiş insanlardır və hər şeyi dərhal başa düşürlər. Onların yaşlı nəslə münasibəti adamı çox sevindirir. Qonaqpərvərlikləri həmişə birinci yerdədir. Ölkə çox böyük sürətlə inkişaf  edir. Əgər uşaqlar xaricdə təhsil alırlarsa, onlar həmişə Bakıya qayıdır və burada işləyirlər. Şəhərin özü inanılmaz dərəcədə gözəldir. Mən ilk dəfə idi oradaydım. Lakin atam (Kazan (Privolojye) Federal Universitetinin Ali dövlət və munisipial idarəetmə məktəbinin direktoru Privalov  İqor Anatolyeviç-red.) əslən Lökbatandandır. Bu qəsəbə Bakının mərkəzindən 15 kilometr aralıda yerləşir. Təəssüf ki, buna qədər heç vaxt Bakıda olmamışdım. Burada işlədiyim 1,5 il bir gün kimi gəlib keçdi. Milli mətbəx, yerli sakinlərin qonaqpərvərliyi – mən Bakını göz yaşları içində və hökmən qayıdacağam fikri ilə tərk edirdim...

Yekaterina Privalovanın bu fikrinin şərhinə ehtiyac yoxdur. Tarixdə ilk Avropa Oyunlarının başlıca cəhəti qonaqpərvərlik, xeyirxahlıq, əsl bayram şəraiti, hamının bir-birinə qarşılıqlı hörməti “Bakı-2015"-in ən böyük qələbəsidir. Azərbaycan dövlətinin, Azərbaycan idmanının bu zəfər marşının əzəmətli sədaları hələ çox səslənəcək.

Azərbaycan paytaxtında birinci Avropa Oyunları ölkəmizi zirvəyə ucaldan möhtəşəm bir nailiyyətlə başa çatdmışdır. Bu tarixi idman hadisəsində dünya Azərbaycana heyran qaldı və onu ürəkdən sevdi.

Bakıda Avropa Oyunları-2015 Rio-de-Janeyroda Olimpiya Oyunları-2016-ya aparan yolda daim Azərbaycanın üzünə güləcək, ölkəmizin başı üzərində parlaq şəfəq saçacaq...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında