Yunanıstanın referendumda “YOX!” deməsi Merkelin məğlubiyyətidir

Böhranın dərinləşməsində Almaniya kanslerini günahkar görürlər

Yunanıstanda ötən bazar günü keçirilmiş referendumun nəticələri geniş müzakirə olunur. 300 milyard avrodan çox borcu olan yunanların səsvermədə beynəlxalq maliyyə təşkilatlarına “yox!” demələrinin “qiyməti” ətrafında qızğın müzakirələr gedir.

Ən çox da bu suala cavab axtarılır: Referendumdan kim qalib çıxdı? Bəzi mütəxəssislərin fikrincə, referendum Yunanıstan hökumətinə kreditorlarla müzakirlərdə daha inamla danışmaq üçün əsas verdi. Digər analitiklər də düşünürlər ki, ötən bazar günü keçirilən referendum həm də Almaniya kansleri Angela Merkelin məğlubiyyəti oldu.

Yunanıstan böhranı barədə çox danışılır, ölkənin fantastik dərəcədə borca düşməsi ilə bağlı müxtəlif statistik hesabatlar, ehtimallar irəli sürülür. Amma etiraf da edilir ki, Yunanıstan böhranında günah təkcə yunanlarda deyil. Ötən bazar günü Afinada keçirilən referendumun nəticələrini dəyərləndirən mütəxəssislər də belə düşünürlər ki, borc probleminin həlli ilə məşğul olan tərəflərin hamısı səhvə yol verdilər. Almaniyanın “Die Welt” qəzetində “Afinanın “yox”u, həmçinin, Merkelin də məğlubiyyətidir"— başlığı altında dərc olunmuş məqalədə isə borc problemi ətrafında yaranmış vəziyyətin bu həddə çatmasında kansler Angela Merkel günahkar görülür. Məqalənin müəllifi Yan Dams yazır ki, Yunanıstan qərar qəbul etdi, Avropa məğlub oldu. Referendum nəticələrinin beynəlxalq böhranlar zamanı mahir idarəçi olan Angela Merkel üçün də məğlubiyyət saymaq olar. Alman jurnalisti düşünür ki, digərləri ilə məharətlə davranan kansler Yunanıstanın Baş naziri Aleksis Tsiprasla bacara bilmədi. Y. Dams əmindir ki, Almaniyada etiraf etməsələr də, kansler Merkelin uduzmasında təkcə rəsmi Afinanın irrasional davranışları yeganə amil olmadı.

Məsələ ondadır ki, Yunanıstan borcunun körüklədiyi avrozona böhranının əvvəlində vəziyyətin bu həddə çatmasına ilk ehyamı məhz Angela Merkel vurmuşdu. Kanslerin Yunanıstana istiqamətlənmiş kursunun təkcə iqtisadi motivlərinin olmadığını da önə çıxaran Y.Dams yazır ki, A.Merkelin yunanlara qarşı münasibətində ölkədaxili səbəblər də vardı. Avrozonada böhran başlayan zaman rəsmi Berlin elə davranırdı ki, sanki müflisləşmiş yunanlar pul istəmirdilər. “Die Welt”in yazarı kansler Merkelin bu davranışını Şimali Reyn-Vestfaliyada landtaqa (yerli hakimiyyət orqanlarına) keçiriləcək seçkilərlə əlaqələndirir. Y. Dams yazır ki, kansler Merkel Almaniyada Yunanıstana maliyyə yardımının ayrılmasına qarşı olduqlarını gözəl anlayırdı. Buna görə də, o, Almaniyanın daxili siyasətinin qorunmasına yönəlmiş maliyyə siyasəti yürütməyə üstünlük vermişdi və bunun iqtisadi müdrikliklə əlaqəsi yoxdu. Bir sözlə, Y.Dams Yunanıstanla münasibətdə alman kanslerinin, ilk növbədə, Almaniya maraqlarını qoruduğunu düşünür.

Təbii ki, 300 milyard avrodan çox borcun yaranmasında yunanların da günahı böyükdür. Bu qədər borcu olan ölkənin qənaət etməsi də zəruridir. “Kəmər sıxma” siyasətini tələb edənlər də haqlıdırlar. Amma fiskal məqsədlər o qədər yüksək qoyulmuşdu ki, enişinin ortasında olan Yunanıstana buna nail olmaq mümkün deyildi. Beynəlxalq kreditorlar da diqqəti  iqtisadi artımı təmin edəcək struktur islahatlara yox, qənaət siyasətinə yönəltdiklərindən gözlənilən nəticə əldə olunmadı. “Die Welt”in yazarı belə bir siyasətin yürüdülməsində günahı Almaniyada görür. Belə ki, kansler Merkel Yunanıstana pulları havayı göndərmədiyinə özünü inandırmaq istəmirdi. Yəni Yunanıstana ayrılan kreditlər elə bir təəssürat yaratmalı idi ki, neçə illərdir borclarını gizlədən yunanlara bu dəfə asan olmayacaq. Bir sözlə, bu dəfə Afinanı cəzalandırmağa zərurət vardı. Yalnız sərt tələblər və kəskin qənaət rejimi şəraitində Yunanıstana kömək edilməli idi.

Əslində, vəziyyət bu həddə çatmaya da bilərdi. Məsələ ondadır ki, ötən ilin sonunda Yunanıstan hökuməti yeni parlament seçkiləri keçirilməsi barədə qərar qəbul edən zaman, kansler Angela Merkel mühafizəkar “Yeni demokratiya” partiyasının lideri Antonis Samarasa dəstək verməkdən imtina etmişdi. Səbəb cənab Samarasın islahatlarla bağlı razılaşmaların yerinə yetirilməsində gecikməyə yol verməsi olmuşdu. Məlumdur ki, ötən ilin son aylarında cənab Samaras Avropadan cari ödəmələrin uzunmüddətli təxirə salınmasını və dövlət borcları üzrə faizlərin aşağı salınmasını istəmişdi. Y.Dams yazır ki, yunan nazirinin bu tələbi kansler Merkel tərəfindən rədd edilmişdi. Belə münasibətin də nəticəsi özünü çox gözlətmədi. Cari ilin yanvarında keçirilən seçkilərdə sol radikal “Siriza” partiyası qalib gəldi. Populist siyasətçi hesab edilən Aleksis Tsiprasın qələbə qazanmasında məhz belə siyasətin böyük rol oynadığı heç kimdə şübhə doğurmur. Bu gün də Yunanıstanın yeni hökuməti Almaniyanın bazar iqtisadiyyatı və etibarlı maliyyə haqqındakı təsəvvürlərinə uyğun olmayan kursa üstünlük verir. Bu da aydındır ki, cənab Tsiprasın riskli addımları Yunanıstanı daha böyük fəlakətlərlə üzləşdirə bilər. Çünki, avrosuz yaşamağın yunanların onsuz da boş olan ciblərini, sözün əsl mənasında, “yandıracağı” qaçılmaz olacaq. Aydındır ki, avrozonanı tərk edən yunanlar məhsulları daha baha qiymətə idxal edəcəklər. Ona görə ki, maliyyə zonasını tərk etdikdə bir sıra üstünlüklərini də itirəcəklər.

Bəs bundan sonra nə olacaq? Yunanlar kreditorlarla danışıqlarda yenə də inadkarlıq nümayiş etdirəcəklərmi? “Die Welt”in jurnalisti kansler Merkelin bu suala cavab tapdığını iddia edir. Belə ki, A.Merkel hazırda güclü avrozonadan danışır. Xanım siyasətçinin fikrincə, yaxşı olmayan Yunanıstan nümunəsi Avropa İttifaqı ölkələrini güclü maliyyə ittifaqında daha sıx birləşməyə sövq edir. Bundan başqa, Kansler həmçinin uğursuzlarla heç bir əlaqəsi olmayan ittifaqdan da bəhs edir. Rəsmi Berlinin yeni narrativi (narrativ oxucuya və ya dinləyiciyə söz ardıcıllığı ilə və ya obrazlarla təqdim olunan bir-birindən asılı hadisələrin izahı deməkdir) belə səslənir, amma bunun yalnız Almaniyada inam doğuracağını demək olar. Y.Dams yazır ki, yunanların demarşından sonra bütün dünyada avropalıların Yunanıstan problemini nəzarətə götürə bilmədiklərini deyəcəklər. Başqa sözlə desək, kansler Merkel yunanlarla bacarmadı. Bundan sonra hamı düşünəcək ki, bəs Ukrayna problemi necə olacaq? Avropalılar bu ölkəni Avropaya necə inteqrasiya etməyi planlaşdırırlar? Bəs Avropa İttifaqının digər ölkələrində maliyyə problemi dərinləşərsə, o zaman Almaniya hansı addımları atacaq? Daha kiçik Yunanıstanla bacarmayan Avropa İttifaqı İtaliya və ya İspaniya kimi ölkələrdə yarana biləcək problemləri necə həll edəcək?

Y.Dams yazır ki, almanlar Yunanıstana verdikləri pulların hamısını geri almayacaqları fikri ilə barışmalıdırlar. Hətta kreditorlar növbəti 50 il Afinaya nəzarət üçün getsələr belə, pulların hamısını qaytarmaq mümkün olmayacaq. Buna görə də, yaxın aylar ərzində Yunanıstanda borcların fundamental restrukturizasiyası ilə bağlı, hətta borcların ixtisar olunması ilə əlaqədar  təcili danışıqlara başlamaq lazımdır. Baş nazir A.Tsipras da ölkəsində dövlət sektorunda ciddi islahatlara getməlidir. Yunanıstanda sağlam maliyyə idarəçiliyinin yaradılmasına və real rəqabət mühitinin formalaşdırılmasına çalışılmalıdır. Əgər yunanlar bu məsələdə də irəliyə addım atmasalar, o zaman avrozonanı tərk etməyə hazırlaşmalıdırlar. Amma bu, problemin həlli demək olmayacaq. Əksinə, Yunanıstanın avrozonadan çıxması Avropada yeni böyük miqyasda iqtisadi böhranın başlanmasına təkan verə bilər. Heç kimə sirr deyil ki, 2008-ci ildə Avropada baş qaldırmış maliyyə böhranı hələ də həll olunmamış qalır. Yeni böhran isə nəinki “köhnə dünya”, eləcə də bütün dünya üçün acı nəticələr doğura bilər.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında