Azərbaycan dövlətinin xarici siyasətinin təməlində ölkənin və xalqın milli maraqları dayanır

Hər bir müstəqil dövlət milli maraqlarına uyğun xarici siyasət yürütməklə xalqın iradəsini reallaşdırmış olur. Bu mənada milli və beynəlxalq qanunlara söykənən Azərbaycan dövlətinin müstəqil xarici siyasəti digər ölkələrin maraqlarına kölgə salmamaqla yanaşı, daxili işlərə qarışmama kimi mühüm prinsipi də həmişə nəzərə alır. Rəsmi Bakı istər regional, istərsə qlobal əhəmiyyətli layihələrin reallaşdırılmasına yönəlmiş addımların atılmasında da həmişə qarşılıqlı faydalı əməkdaşlıq amilinə daim əhəmiyyət verir, xarici siyasətdə dostluq və etibarlılıq məsələlərini dövlətlərarası münasibətlərin inkişafının yeganə rəhni olduğunu qabardır.

Demokratik sistemlərdə dövlət başçısı hər hansı bir qərar qəbul etdiyi zaman milli maraqlarla xalqın tələbləri arasında mühüm tarazlıq yaratmağa çalışır. Xarici siyasət məsələlərində də bu amil özünü qabarıq göstərir. Yəni xalq mənafeyinin üstün tutulması istənilən qərarlarda öz əksini tapır. Son onilliklərdə Azərbaycan dövləti xarici siyasət yürütməsində bu mühüm amili həmişə göz önündə tutur və xalqın mənafeyinə zidd hər hansı bir qərarın qəbul etməsinə yönələn daxili və xarici təsirləri zərərsizləşdirir. Son zamanlar, xüsusilə də Avropa xalqlarının idman tarixinə düşən ilk Avropa Oyunları ərəfəsində bəzi dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə yönəlik siyasətində müşahidə olunan eqoistlik, yəni ikitərəfli münasibətlərdə yalnız öz maraqlarını güdməsi, müstəqil siyasət yürüdən Azərbaycanı təsir dairəsi altına almağa cəhd göstərməsi təəssüf və hiddət doğurmaya bilməz.

Azərbaycanın yerləşdiyi mürəkkəb region geosiyasi və geoiqtisadi məsələlər baxımından dünyanın müxtəlif güc mərkəzləri üçün mühüm əhəmiyyət kəsb edir. Zəngin neft və qaz yataqlarının olması, dünyanın bir sıra regionlarına quru və hava məkanında körpü rolunu oynaması ölkəmizin daim diqqət mərkəzində qalmasına şərait yaradır. Belə bir həssas regionda yerləşməsi də, təbii ki, Azərbaycan dövlətini milli maraqlara cavab verən müstəqil tarazlaşdırılmış siyasət yürütməyə sövq edir. Rəsmi Bakı xarici siyasətində ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasında qarşılıqlı hörmət prinsiplərinə önəm verən ölkələrlə sıx əməkdaşlıq qurulmasını, əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldilməsini və formalaşdırdığı əməkdaşlıq münasibətlərindən yararlanaraq beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsini vacib sayır. Azərbaycanın çoxşaxəli xarici siyasətində regionda baş verən və baş verə biləcək hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına və qarşısının alınmasına səy göstərmək, xalqın mənafeyinə uyğun addımlar atmaq, ölkə iqtisadiyyatını beynəlxalq sistemdə yüksək səviyyədə təmsil etmək, ikitərəfli elmi və humanitar əlaqələr yaratmaq kimi amillər üstünlük təşkil edir.

Amma Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbin bəzi dairələrini, xususilə də Almaniya rəhbərliyini qıcıqlandırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində yüksələn beynəlxalq nüfuzun fonunda bəzi xarici dövlətlər və beynəlxalq təşkilatlar ümumi əməkdaşlıq ruhuna zidd addımlar atır, ictimai rəyi çaşdırmağa yönəlik bəyanatlar səsləndirir. Avropa İttifaqı və Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı atılan addımları da məhz bu prizmadan qiymətləndirmək olar. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzunə məruz qalan, 1 milyondan artıq qaçqını və məcburi köçkünü olan, ərazisinin 20 faizini itirən Azərbaycanın separatizm və işğalçılıq siyasətinə qarşı sərt davranış nümayiş etdirməsi, müxtəlif siyasi dairələr tərəfindən uydurma ittihamlarına tutarlı cavablar verməsi Qərbin bəzi dairələrinin xoşuna gəlmir. Region dövlətlərilə münasibətlərində maraqların üst-üstə düşməsini və qarşılıqlı əməkdaşlıq çərçivəsində hərəkət edilməsini prioritet istiqamət hesab edən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılmasını müstəqil siyasət yürüdən dövləti təsir dairəsinə salmaq cəhdi kimi də qiymətləndirmək olar. İkitərəfli siyasətində böyük-kiçik səviyyələrini tanımayan, əlaqələrin yaradılmasında ancaq qarşılıqlı hörmətə əsaslanan prinsipləri üstün tutan dövlətimizin tarazlaşdırılmış xarici siyasət yürütməsi Qərbin bir sıra ölkələri tərəfindən qəbul olunmur, belə siyasəti öz “dəyərləri” baxımından qiymətləndirməyə çalışırlar. Halbuki, AŞPA üzvü Ermənistanın həmin təşkilatın digər üzvü olan Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi və işğalın nəticələrinin hələ də aradan qaldırılmaması, daha dəqiq desək, evlərindən didərgin düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıda bilməmələri AŞPA və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların insan hüquqlarının qorunması kimi fundamental məsələlərə verdiyi “yüksək” qiymət kimi dəyərləndirmək olar.

Bu, bir həqiqətdir ki, Azərbaycanın iqtisadi-siyasi inkişafının dönməz xarakter alması son zamanlar rəsmi Berlin də başda olmaqla Qərbin bəzi ölkələrinin planlarına uyğun gəlmir. Əsassız qarayaxmaları dövriyyəyə buraxmaqla ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Hər dövlətin milli maraqlarına uyğun davranması onun təbii haqqıdır, amma bu davranışın istiqaməti və mahiyyəti birtərəfli maraqların təmin edilməsinə yönələrsə, o zaman bunun qarşısı alınmalıdır. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu məsələyə toxunaraq bunun dövlətimizin müstəqil siyasətinə qarşı aparılan kampaniya olduğunu açıqlayır: “Bu gün Azərbaycanın bəlli sərvətləri, siyasəti və özünəməxsus maraqları var. Bu maraqları reallaşdırmaq üçün kimlərinsə maraqları qarşısında sədd çəkməliyik. Bu da onlara sərf etməyəndə Azərbaycanın üzərinə gəlirlər. Prezident İlham Əliyevin, sözün həqiqi mənasında, Azərbaycan xalqının iradəsinə söykənən müstəqil siyasəti onlara sərf etmir və buna qarşı çıxırlar”. Prezident köməkçisinin sözlərinə görə, Azərbaycanda belə gözəl tolerant mühitin formalaşmasını həzm edə bilməyən qüvvələr var və bəzi böyük güclər dünyanı, o cümlədən, Azərbaycanı da idarə etmək istəyirlər.

Lakin Azərbaycanı tutduğu doğru yoldan yayındırmaq mümkün deyil. Müxtəlif səviyyələrdə aparılan çirkin kampaniyalar da ölkəmizə təsir göstərə bilməz. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan o ölkəyə çevrilibdir ki, bizə təzyiq etmək, bizi şantaj etmək mümkün deyil. Qara yaxmaq, böhtan atmaq olar, ancaq onlar bizə yapışmır”. Çünki reallığın, həqiqətin tam başqa olduğunu vurğulayan ölkə başçısı əlavə edir ki, Azərbaycan müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən sosial dövlətdir. Son illərin statistik göstəriciləri də sübut edir ki, Azərbaycan regional müstəvidə lider ölkədir. Belə uğurların fonunda da ölkəmizin regionda söz sahibi olması, beynəlxalq enerji təhlükəsizliyinin təminatında böyük rol oynayan layihələrin reallaşmasında önəminin artması bədxahlarımızı antiazərbaycan siyasət yürütmələrinə gətirib çıxarır. Ancaq Azərbaycan xalqının mənafelərini üstün tutan dövlətimizin yürütdüyü müstəqil siyasətin bundan sonra da davam edəcəyi heç kimdə şübhə doğurmamalıdır. Prezident İlham Əliyevin bu məsələdə dediyi sözləri antizərbaycan kampaniya tərəfdarlarına verilən tutarlı cavablardan biri kimi qeyd etmək olar: “Əsas odur ki, uğurlarımız hərtərəflidir və bu uğurlar hər sahədə davam edəcəkdir. Mən buna şübhə etmirəm. Azərbaycan daha da güclü olacaq və bizim haqqımızda, ölkə haqqında yazan, o böhtanlı məqalələrin müəlliflərinə də ən gözəl cavab bizim reallıqlarımızdır, bizim işimizdir, uğurumuzdur”.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında