Adil Əliyev: Azərbaycana ünvanlanan iradları absurd və subyektiv hesab edirik

 “Son illər Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurlar ənənəvi hal alır.  Elə birinci Avropa Oyunlarının da ölkəmizdə möhtəşəm şəkildə keçirilməsi dövlətimizin iqtisadi və siyasi cəhətdən uğurlu inkişaf yolu keçdiyini və irəliləməkdə olduğunu sübut etdi. Lakin bəzi qüvvələr bu uğurların üstündən sükutla keçərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və dövlətimizin nüfuzuna xələl gətirməyə çalışırlar. 

Onlar bilməlidirlər ki, Azərbaycanın uğurlarına kölgə salmaq mümkünsüzdür.” – Bu sözləri redaksiyamıza açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bildirdi.

Deputat qeyd etdi ki, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, AŞPA-da Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Arievin Azadlıq Radiosunun “Nastoəhee vremə” telekanalına Azərbaycanla bağlı verdiyi müsahibəsini oxudum.  Arievin müsahibəsi olduqca məsuliyyətsiz, təxribatçı və avantürist fikirlər toplusudur.  Yaxşı olar ki, Ariev bu gün Ukraynada baş verən qeyri-sabit vəziyyət barədə danışsın. Avropa Şurasının, Avropa İttifaqının Ermənistana niyə sanksiyalar tətbiq etməməsindən danışsın. İşlədiyi qurumun dünyaya demokratiya təlqin etdikləri halda ikili standart sərgilədiklərindən danışsın. Hərə öz işi ilə məşğul olarsa, ölkəsinə daha çox fayda verə bilər. Təəssüf ki, bunu Ariev kimiləri başa düşmək istəmirlər. Azərbaycan öz yolu ilə gedir. Bu, sabitlik və sülh, güclü iqtisadiyyat yoludur. Arievin Azərbaycanı Ermənistanla müqayisəsi kökündən qüsurludur. Azərbaycanın nəinki Ermənistanla, hətta əksər postsovet ölkələri ilə müqayisədə üstünlüyünü görməmək qərəz və qısqanclıqdır. Azərbaycan regionda balanslaşdırılmış siyasət aparır. Azərbaycan bütün qonşuları ilə etibarlı siyasi münasibətlərə malikdir. Biz hansısa dövlətlərin işinə qarışmırıq, bizim  ölkənin də işinə heç kim qarışa bilməz.

Deputat Adil Əliyev ölkəmizə qarşı Almaniya və ABŞ-ın bəzi qurumlarının qarayaxma kampaniyasında fəal iştirakından da bəhs etdi:  “Son vaxtlar Almaniyanın, ABŞ-ın bəzi dairələri Azərbaycana qarşı fəallaşıblar. Azərbaycan dövlətinin belə böyük məsuliyyətli tədbiri başa vurmasını alqışlamaq əvəzinə, qərəzli bəyanatlarından əl çəkmirlər. Yaxşı olar ki, öz ölkələrində baş verən narazılıqlara, irqi ayrı-seçkiliklərə diqqət ayırsınlar. Dünyanın taleyini həll etmək kimi bədgümanlığa qapılmaqdansa, dövlətlərin daxili işlərinə qarışmamaq daha doğru seçim olar.

 Prezident İlham Əliyev qarayaxma kampaniyası ilə bağlı antik yunan filosoflarından misal çəkərək çox maraqlı bir fikir demişdi: . “Sizi sevməyən, sizə qarşı müqavimət göstərənlərə ən yaxşı cavab müvəffəqiyyətlərinizin sayını artırmaqdır. Sizin uğurlarınız artdıqca düşmənləriniz, əleyhdarlarınız on dəfə ölüb-diriləcəklər”. Doğrudan da, reallıq budur ki, Azərbaycana Avropa Parlamenti, Almaniya Bundestaqı və başqa təşkilatlardan gələn təzyiqlər eyni mərkəzdən, yəni ABŞ-ın bəzi dairələrindən idarə olunur. Elə oradan maliyyələşən “Freedom House” təşkilatı və Ariev kimi şəxslərin qərəzli baxışları və rəylərini də özlərindən başqa eşitmək istəyən yoxdur. Çünki, bu gün Azərbaycan dövlətinin inkişafı bütün sahələrdə özünü göstərir.

Əgər, həqiqətən də, Qərb dövlətləri  dünyada demokratiya, insan haqları sahəsində heç bir problem olmadığını səmimiyyətlə istəyirlərsə,  beynəlxalq hüquqa hörmətlə yanaşmalı və təcavüzkar Ermənistandan BMT qətnamələrinin icrasını tələb etməlidirlər. Bütün bunlar olmadığı təqdirdə ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanla  bağlı irəli sürülən iddiaların əsassız olduğu qənaətinə gəlirik və bütün bu iradları absurd və subyektiv baxışın məhsulu hesab edirik.

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında