Ən yeni tarixin 17 günlük Azərbaycan manifesti

“17 gün ərzində bir komanda şəklində birləşən Azərbaycan xalqının şərəfli kapitanı İlham Əliyev idi.  Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi”. –  Heydər Əliyev Fondunun prezidenti,  “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın bu fikirləri ötən ay  paytaxtın idman arenalarında qazanılan zəfərlərin təntənəsini son dərəcə böyük dəqiqliklə ifadə edir.

İllər, onillər, qərinələr ötüb keçir, xələflər keçmişə nəzər salıb tarixin yaddaşına yazılmış şanlı səhifələrlə tanış olanda öz sələflərini böyük iftixar və qürur hissi ilə xatırlayırlar. Bu yay - 2015-ci ilin isti iyun günlərində Azərbaycan tarixin yaddaşına gələcək nəsillərin böyük qürur hissi ilə, məmnunluqla xatırlayacağı daha bir şanlı səhifə yazdı.

Bütün dünyanın həyəcanla izlədiyi 17 günlük böyük bir marafon başa çatdı. Azərbaycan birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə öz adını dünya tarixinə qızıl hərflərlə yazdı. Bundan sonra hər bir zaman Avropa Oyunları deyiləndə öncə məhz Azərbaycan yada düşəcək. Tarixdə hər zaman ilklər yadda qalır. Qitə miqyaslı olmasına baxmayaraq, bütün dünyanın böyük maraqla izlədiyi Avropa Oyunlarının açılış  və bağlanış mərasimləri öz möhtəşəmliyi ilə hər kəsi heyran qoydu. Bakının tarixiliyi ilə müasirliyinin harmoniyasını özündə ehtiva edən tədbirlər proqramı qədim dövlətçiliyə malik, tarixi soykökə, adət-ənənələrə bağlı Azərbaycanın müasir dünyaya sürətli inteqrasiyasını bədii üslubda gözəl ifadə etdi. Gənc olmasına baxmayaraq, qısa dövr ərzində yaratdığı müasir infrastruktur, yetişdirdiyi peşəkar və güclü idmançılarla özünü idman ölkəsi kimi bir daha təsdiqləyən müstəqil Azərbaycan, həm də tərənnüm etdiyi ən ali dəyərlərlə dünyaya sülh, dostluq mesajları ötürməyə nail oldu. Heç şübhəsiz ki, bu uğurun arxasında Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva dayanır.

Avropa Oyunlarında qalib gələn Azərbaycan idmançıları ilə görüşdə ölkənin birinci xanımı Mehriban Əliyeva haqlı olaraq qeyd etdi ki, Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. “Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq”.

Bu sözlərin dərin mənasını əyani şəkildə üçqat Paralimpiya çempionumuz, ilk Avropa Oyunlarının qızıl mükafatçısı İlham Zəkiyev nümayiş etdirdi. Dövlət başçımızı qalib idmançılar üçün nəzərdə tutulan fəxri kürsüyə dəvət etməklə ölkəmizin liderinin həm də xalqımızın şərəfli kapitanı olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, Vətənin layiqli oğlu İlham Zəkiyevin timsalında Azərbaycan xalqının ölkə rəhbərinə verdiyi böyük qiymət, dərin hörmətin təzahürü idi.

Ölkəmizin ən yüksək səviyyədə təşkil etdiyi beynəlxalq idman tədbiri çoxlarında xoş təəssüratlar yaratsa da, bədxahlarımızın qəzəbinə, qısqanclığına da səbəb oldu. Müstəqil siyasət xəttinə malik Azərbaycanın inkişafını, qazandığı nailiyyətləri həzm edə bilməyən qüvvələr bu ərəfədə öz çirkin fəaliyyətlərini davam etdirərək dövlətimizi ən geridə qalmış, sivil hüquqların tapdalandığı ölkə kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışdılar. Azərbaycanda Avropa Oyunları getdiyi bir vaxtda Avropada antiazərbaycan oyunu oynanılırdı. Antiazərbaycan şəbəkəsi avropalıları yarışları “boykot” etməyə çağırsa da, onların məkrli niyyətləri baş tutmadı. Xarici dairələr nə qədər canfəşanlıq göstərsələr də, təkcə Avropadan deyil, dünyanın digər qitələrindən də idman yarışlarını arenalardan canlı izləmək üçün ölkəmizə təşrif buyuran turistlərin, televiziya vasitəsilə oyunları seyr edən milyonlarla tamaşaçının yaddaşında Azərbaycan sivil, demokratik, sülhsevər, tolerant və multikultural ölkə kimi qaldı. Xalqı dövlətlə qarşı-qarşıya qoymaq, ölkəni qarşıdurma məkanına çevirmək istəyən Qərb dairələri isə bir daha şahidi oldu ki, Azərbaycan xalqı öz lideri ilə fəxr edir, qürur duyur, ona güvənir və sonsuz inam bəsləyir.

Cəmi 30 ay ərzində Azərbaycan bütün hazırlıq mərhələlərini arxada qoyaraq dünya idman tarixində yeni rekorda imza atdı. Çünki bəlkə də, heç bir ölkə çox qısa vaxt ərzində Avropa Oyunları kimi böyük bir tədbirinin keçirilməsinə nail ola bilməzdi. Bu böyük məsuliyyətin öhdəsindən yalnız Azərbaycan kimi hərtərəfli inkişafa, sabitliyə və sosial tərəqqiyə malik olan dövlət gələ bilərdi. Azərbaycan bu oyunlara ev sahibliyi etməklə həm də Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Ona görə də bu mötəbər tədbiri dövlətimizin idmana, gəncliyə verdiyi böyük töhfə, qayğı və dəyər kimi qiymətləndirmək lazımdır. Lakin ölkəmizi hədəf seçən qüvvələrin burada xaos, qarışıqlıq yaratmaq arzusu gözündə qaldı. Tarixdə qara qüvvələrin mənfur niyyətlərinin baş tutduğu hallar da az olmayıb. Qərbin və ABŞ-ın İraq, Misir, Liviya kimi dövlətlərə ildırım sürətli hücumları heç kəsin yadından çıxmayıb. Üzərindən onillər keçsə də, belə bir təəssürat var ki, sanki həmin hadisələr dünən baş verib. Bəlkə də, bizim bu cür düşünməyimizə səbəb olan tənəzzülə uğradılan ölkələrin vətəndaşlarının bu gün də başına gətirilən oyunlar və müsibətlərdir. Diqqət yetirsək, terrora məruz qalanlar da, adı terrorla ləkələnənlər də məhz müsəlmanlardır. Bu acı gerçəkliyi onlara yaşadan məkrli qüvvələr Azərbaycan xalqının da rifahını pozmağa, işıqlı sabahını qaraltmağa çalışırlar: çıxartdıqları qərarlarla 1 milyondan artıq azərbaycanlının hüquqlarını əllərindən aldıqları azmış kimi, barələrində konkret ittihamlarla cinayət işi qaldırılmış 4-5 nəfəri bəhanə gətirərək dövlətimizi insanların fundamental haqlarını pozmaqda, demokratiyanı boğmaqda günahlandırırdılar. Lakin hadisələr heç  də onların istədiyi kimi cərəyan etmədi. Azərbaycan bütün xarici təzyiqlərə rəğmən birinci Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edə bildi. Yarışların keçirildiyi 17 gün ərzində ağlı-qaralı bütün dünyanın gözü bizdə idi. Kimi bu möhtəşəm tədbirdən zövq almağa, özü üçün müsbət nəticələr çıxarmağa çalışırdı, kimisə də mikroskopla nöqsanlar axtarmaqda idi. Hərçənd, qlobal problemə çevirmək üçün canfəşanlıqları heç bir nəticə verməyən bədxah qüvvələr Azərbaycan qarşısında aldıqları gözlənilməz məğlubiyyətdən daha da qıcıqlanaraq çirkin fəaliyyətlərini müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə davam etdirməyə başladılar. Təsadüfi deyil ki, sonuncu dəfə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə keçirilən dinləmələrdə qurum beynəlxalq hüququn ziddinə gedərək Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması faktını inkar edən qərar çıxardı. Siyasətdə iyrənc fikirlərin əksəriyyətinin müəllifləri olan ingilislərin belə bir sözü var: “Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə, siyasət meydanı sizin üçün bağlıdır”. Məhz bu gün Qərbin Azərbaycana qarşı keçirdiyi müzakirələrin mayasında bu ideya dayanır. Onlar demək olar ki, hər həftə işğalçı Ermənistanın nümayəndələri ilə birləşib ərazilərinin 20 faizini itirən Azərbaycana “əxlaq” dərsi keçməyə çalışırlar. Bu, Qərbin əsl iç üzü və ali dəyərlərə verdiyi qiymətdir. Qarayaxma kampaniyası aparan qüvvələr Azərbaycanda sivil həyata mane olmaq, mütləq sabitliyi pozmaq, ölkəni xaos və uçuruma sürükləmək üçün dəridən-qabıqdan çıxırlar. Lakin bu, onların fikirləşdiyi kimi asan məsələ deyil, hətta mümkünsüzdür. Antiazərbaycan şəbəkəsi formalaşdıran qüvvələr ölkəmizi heç vaxt İraqa, Əfqanıstana, Suriyaya çevirə bilməyəcəklər. Qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın təhlükəsizliyinin təminatı onun qüdrətli rəhbəri İlham Əliyev və peşəkar silahlı qüvvələrdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti apardığı ardıcıl və məqsədyönlü siyasət xətti ilə həm daxili sabitliyi, həm də dünya birliyinə sürətli inteqrasiyanı təmin edir. Bu o deməkdir ki, heç bir halda xarici dairələr Azərbaycanda gedən hərtərəfli inkişafa, demokratiyanın dərinləşməsinə, insan hüquqlarının aliliyinin təmin olunmasına mane ola bilməyəcəklər.

Təəssüf hissilə qeyd edək ki, bu hadisələrdə bir sıra Avropa qurumları özlərini tam şəkildə ortaya qoydular. Azərbaycan Qərb dairələrinin hökumətlərdə təmsil olunan qüvvələrini üzə çıxarmağa nail oldu. Lakin bununla bərabər Qərb itirilmədi. Biz yenə də Avropa ilə münasibətlərimizi qorumağa çalışacağıq. Bizim üçün həmin hökumətlərin iqtidarlarının niyyətlərini bir daha müəyyən etmək imkanı yarandı. İstər Almaniyada Angela Merkel, istər Böyük Britaniyada Ceyms Kameron iqtidarı, istərsə də Amerikanın məlum dairələrinin bəlli kampaniyalarda özünə yer alması onu göstərdi ki, sabah biz Kəlbəcər, Laçın, Şuşa uğrunda aparacağımız mübarizədə görəcəyimiz reaksiyaları sanki bu oyunlarda müşahidə edə bildik. Yəni, bu idmana münasibət deyildi, Azərbaycana münasibət idi. Lakin Qərb Azərbaycana qarşı hazırladığı “oyunlar”ı istədiyi sonluqla yekunlaşdıra bilmədi. Bu reallıq onlara yeni hədəflər müəyyənləşdirməyə imkan vermədi. Bu o deməkdir ki, Azərbaycan islamafob və ksenefob qüvvələrə qarşı keçilməz sədd rolunu oynadı.

Dünya dövlətlərini talan etməyin yeni yolunu bir sıra ərəb ölkələrində “uğurla” sınaqdan keçirən bir sıra Qərb dövlətləri növbəti hücumlarını Azərbaycana etməklə səhvə yol verdiklərini anlamalıdırlar. İnsan hüquqlarını, söz və mətbuat azadlığını bəhanə gətirərək dövlətimizi demokratiyanı sıxmaqda ittiham edən xarici dairələr 20 ildən artıqdır Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşən vətəndaşlarımızın haqlarını qorumaq əvəzinə Dağlıq Qarabağın işğal faktını inkar etməklə beynəlxalq hüququn ziddinə gedərək insan hüquq və azadlıqlarını özləri kobud şəkildə pozdular. Antiazərbaycan kampaniyasına dəstək verən beynəlxalq təsisatlar bununla da öz nüfuzlarına böyük xələl yetirdilər. Ona görə də əgər Qərb bu cür yanaşma ilə özünü “demokratiya beşiyi” adlandırırsa, mən Azərbaycan kimi hüquqları başqaları tərəfindən pozulan məğrur xalqın nümayəndəsi olduğum üçün fəxr edirəm!

Azərbaycan birinci Avropa Oyunlarını başa çatdıraraq yeni yüksəliş hədəflərini müəyyənləşdirdi. 2016-cı ildə ölkəmiz Dünya Şahmat Olimpiadası və “Formula-1” üzrə Avropa Qran-Pri yarışları, 2017-ci ildə 4-cü İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşmasına ev sahibliyi edəcək. İdman sahəsində növbəti hədəfimiz Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə nail olmaqdırsa, həyatda ən böyük məqsədimiz Dağlıq Qarabağ torpaqlarını erməni işğalından azad etməkdir. Ona görə də, işğalçı Ermənistanın Azərbaycanın əldə etdiyi uğurları gözü götürməməsi təbiidir. Aydın məsələdir ki, düşmən ölkə bizim nailiyyətlərimizi obyektiv qiymətləndirmək fikrində deyil. İşğal siyasəti yürüdən dövlətdən normal münasibət gözləmək özü sadəlövhlükdür. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çataraq dünyaya növbəti dəfə öz gücünü göstərəcək. Dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, onsuz da heç kəs cəzasız qalmayacaq, ədalət bərpa olunacaq! Biz Dağlıq Qarabağ torpaqlarına mütləq qayıdacaq, şəhidlərimizin qanını yerdə qoymayacaq, pozulan haqları bərpa edəcəyik!

Əlbəttə, Azərbaycanın müstəqilliyindən, milli demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılmasından söhbət düşəndə ümummilli lider Heydər Əliyevi xatırlamamaq mümkün deyil. Bu gün müstəqil Azərbaycan dövləti ulu öndərin zəkasının qüdrəti sayəsində gələcəyə doğru inamla addımlamaqdadır. Çünki onun yolunu böyük cəsarətlə irəliyə aparan İlham Əliyev kimi layiqli rəhbərimiz var. Əminəm ki, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasəti ölkəmizə bundan sonra da yeni uğurlar qazandıracaq və bizi inamla böyük qələbəyə doğru aparacaq!

Bu mənada Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandıran ilk Avropa Oyunları dövlətimizin gələcək uğurlarına, qələbələrinə açılan qapı rolunu oynayır. Azərbaycan xalqı hələ çox zəfər günlərini qeyd edəcək. Aylar keçəcək, illər ötəcək, bir-birinin ardınca əldə olunan tarixi uğurları hər bir azərbaycanlı böyük fərəh və qürur hissi ilə xatırlayacaq. Ən böyük zəfərimiz isə Azərbaycan xalqının şərəfli kapitanı İlham Əliyevin rəhbərliyi altında yaxın zamanlarda Dağlıq Qarabağın işğaldan azad edilməsi olacaq!

Hacı İBRAHİMOV,
“DH – Hüquq Consulting” şirkətinin
vitse-prezidenti, hüquq elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
Janaury, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında