Sabahın xeyir, Avropa Oyunlarının ilk paytaxtı!

Lyubov Çerkaşina: Bakı-2003 ilə Bakı-2015 arasında yerlə göy qədər fərq var

Hələ birinci Avropa Oyunlarınadək adı dünyanın ən yaxşı idman şəhərləri sırasında çəkilən Bakı artıq tarixin səhifələrində özünə ilk Avropa Oyunlarının paytaxtı kimi də ad qazanmışdır. Qitənin ən ali idman bayramı Avropanın hər hansı bir başqa şəhərində yox, 2015-ci ilin iyun ayında bizim gözəl və əziz Bakımızda həyata göz açmışdır.

Necə sevinməyəsən, necə fəxr etməyəsən?! Avropa Oyunlarının ilk paytaxtı adını qitənin hər hansı bir nəhəng ölkəsinin baş şəhəri, deyək ki, Paris, London, Berlin, Moskva, Madrid yox, Azərbaycanın zəngin idman ənənələrinə, deməli, həm də bu sahədə yüksək nailiyyətlərə malik paytaxtı daşıyır. Bakıya və bakılılara, bütün Azərbaycana və onun dostlarına xoşbəxtlik hissləri yaşadan böyük etimaddır.

Bakı da öz növbəsində haqlı olaraq fəxr edə bilər ki, Avropanın ona göstərdiyi yüksək etimadı şərəf və ləyaqətlə doğrultmuş və on yeddi gün ərzində onun  qonağı olmuş 6000-dən çox idmançının, onların nümayəndə heyətləri üzvlərinin, ən ali beynəlxalq idman təşkilatları rəhbərlərinin, nəhayət, “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini şəhərimizdə canlı izləmiş bir çox dövlət və hökumət başçılarının, yüksək vəzifəli digər şəxslərin qəlbində ən xoş hisslər oyatmışdır.

Bakı dünyaya yüzlərlə, minlərlə mahir idmançı vermişdir. Bu gün çempionların hamısına böyük hörmətimizin ifadəsi olaraq onların adlarını çəkmir, bir-birindən ayırmırıq. Bir də ona görə ki, bakılı çempionların bir çoxu artıq həyatda yoxdur. Lakin ruhları şad olsun, bir vaxtlar şərəfini layiqincə qorumaq üçün qüvvə və bacarıqlarını əsirgəməyən dünya şöhrətli idmançıların böyüyüb boya-başa çatdıqları şəhər Avropa Oyunlarının ilk paytaxtıdır.

“Bakı-2015" birinci Avropa Oyunları günlərində kiçik San-Marinodan tutmuş Avstraliyaya, Kuba və Monteneqroya, İspaniya və Çin Xalq Respublikasına qədər, bir sözlə, dünyanın hər yerində qədim və həmişəcavan, əzəməti ilə hamını valeh edən paytaxtımızın ünvanına söylənilən və hər bir Azərbaycan vətəndaşının qəlbini riqqətə gətirən sözlər Bakının zirvədə dayanmasına dərin ehtiramın ifadəsi idi.

Yuxarıda adlarını çəkdiyimiz ölkələrlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Belarus, Almaniya, İtaliya, Böyük Britaniya və digər dövlətlərin nümayəndələri də Bakının öz qonaqlarına göstərdiyi səmimiyyət, onlar üçün yaratdığı ideal şərait haqqında razılıq hissi ilə söhbət açmışlar. Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Oyunların əla təşkilinə münasibətini bu sözlərlə ifadə edib: “Bakı elə bir hədd müəyyənləşdirib ki, ikinci Oyunların təşkilatçıları üçün bu həddə çatmaq asan olmayacaq.”

Belarus MOK-un və İdman Nazirliyinin rəhbərləri paytaxtımızda təkcə yarışların gedişini izləməklə kifayətlənməmiş, həm də gələcəkdə Minskdə böyük yarışlar keçirilərkən iştirakçı və qonaqlara hər cür şərait yaradılması üçün Azərbaycan paytaxtında olduqları günlərdə Atletlər kəndi, Media kəndi ilə yaxından tanış olmuş və Bakının təcrübəsindən Belarus Respublikasının paytaxtında da istifadə etmək imkanlarını öyrənmişlər.

İspaniya Milli Olimpiya Komitəsinin saytı Bakıda Avropa Oyunlarının London Olimpiadası qədər çox parlaq bir şəkildə təşkil olduğunu qeyd etmiş, bu ölkə MOK-unun rəhbəri Alexandro Blanko isə Bakının 2024-cü ildə Yay Olimpiya Oyunlarının paytaxtı olmaq üçün öz namizədliyini irəli sürə biləcəyi barədə gəzən söz-söhbətlərlə əlaqədar bunları deyib: “Mən bilmirəm Azərbaycan necə qərar qəbul edəcək. Lakin Oyunlar aydın göstərdi ki, onlar elə sabah daha böyük yarışlar təşkil edə bilərlər”.

Yaxud Kubanın ən nüfuzlu mətbuat orqanı “Qranma” qəzeti Prensa Latina Agentliyinə istinadla yazıb: “Bakıda birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkili göstərdi ki, bu paytaxt şəhər Olimpiya Oyunlarını da keçirə bilər”.

“Bakı-2015” birinci Avropa Oyunlarında 50 ölkənin 6000-dən çox təmsilçisinin hər birinin şən əhval-ruhiyyəsindən asanlıqla yəqin etmək olardı ki, paytaxtımızda hətta medal qazana bilməyib fəxri kürsüdən kənarda qalanlar da onlara hər cür şərait yaratmış Azərbaycandan vətənlərinə ən xoş xatirələrlə qayıdacaqlar. Bu isə idman arenalarında ölkəmizin hamını heyrətləndirən böyük qələbəsindən də mühüm əhəmiyyətli nailiyyətdir.

Hələ yarışlar başlanmazdan əvvəl çoxları bu qənaətdəydi ki, Azərbaycanda  Avropa Oyunları Olimpiya Oyunlarına keçid dövrüdür. Azərbaycan, Bakı bu keçidi inamla başa vurdu, qısa bir zaman kəsiyində – cəmi otuz ay ərzində həyata keçirilən misli görünməmiş hazırlıq işlərini çox yüksək idman nəticələri ilə tamamladı.

Dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikamıza rəhbərliyinin 12-ci, ölkə Olimpiya Hərəkatına lider seçilməsinin 18-ci ilinə təsadüf etmiş bu qələbə olimpiyaqabağı ildə fantastik nailiyyətdir və ölkəmizə, idmanımıza indikindən də fərəhli günlər vəd edir.

Ən başlıcası isə son aylar adı dillərdən düşməyən Bakı, Azərbaycan Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirib dövlətmizin qüdrətini nümayiş etdirməklə ölkəmizin nələrə qadir olduğunu dünyaya bir daha bəyan etdi.

Qeydlərimizi London Olimpiadası-2012-nin bürünc mükafatçısı, hazırda Belarus Respublikasının bədii gimnastika üzrə yığma komandasının məşqçisi Lyubov Çerkaşinanın birinci Avropa Oyunlarından aldığı təəssüratla yekunlaşdıraq. Məşqçi bu günlərdə “Veçerni Brest” qəzetinə müsahibəsində demişdir:

“Məndə Azərbaycan və Bakı haqqında ən yaxşı xatirələr qalıb. Əgər sırf idman məsələlərini nəzərə alsaq, birinci Avropa Oyunları çox yüksək hədd müəyyənləşdirib. Ona görə də ikinci Oyunların təşkilini öhdəsinə götürən şəhər üçün çox çətin olacaq. Azərbaycan öz qonaqpərvərliyi və maliyyə imkanları ilə hər şeyi yüksək səviyyədə təşkil etmişdi, burada dünya miqyasında tanınan mütəxəssislər işləyirdilər. Bütün bunlar mənə London Olimpiadasını xatırladırdı.

Bakı gözəl şəhərdir. Bu şəhər daim inkişaf edir. Bizim bütün görməli yerlərlə tanış olmaq üçün 2-3 gün vaxtımız var idi. Mən müqayisə apara bilərəm: 2003-cü ildə Bakıda olmuşdum. 2015-ci ildə də oldum. Ondakı Bakı ilə indiki Bakı arasında yerlə göy qədər fərq var”.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında