Avropa Oyunları deyəndə artıq ilk növbədə Azərbaycan yada düşəcək

12-28 iyun 2015-ci il! Bu 17 günlük təqvimi nəinki Avropanın, bütün dünyanın tarixinə Azərbaycan yazdı. Məhz bu günlər ərzində Avropa tarixdə ilk dəfə olaraq öz Oyunlarını keçirdi. Bu möhtəşəm idman tədbirinin təməlini qitənin böyük dövlətləri deyil, məhz gənc müstəqil Azərbaycan qoydu.

Müstəqilliyinin 24-cü ilində tarix yazan Azərbaycan, təkcə sürətli inkişafı, dayanıqlı sabitliyi ilə deyil, həm də yüksək səviyyəli təşkilatçılığı ilə mühüm beynəlxalq tədbirlərin platforması oldu. Bu mötəbər tədbirlərin sırasına ilk Avropa Oyunları da daxil edildi. Artıq tarixə belə bir cümlə də yazıldı: “Bakı-2015” ilk Avropa Oyunları”.

Bir çox şəkkaklar Azərbaycanın bu işin öhdəsindən gələ biləcəyinə inanmırdı. Çünki cəmi iki il yarım ərzində yüksək standartlara cavab verən idman infrastrukturu qurmaq heç də hər dövlətin işi deyildi. Lakin Azərbaycan bunun öhdəsindən gələ bildi, həm də fantastik səviyyədə.

Təbii ki, Azərbaycanın bu uğuru bəzi qüvvələri, o cümlədən elə Avropanın özündəki bir sıra dairələri narahat etməyə bilməzdi. Onlar Azərbaycana qarşı qərəzli mövqelərini media vasitəsilə bildirir, ölkədə gördükləri ən xırda problemləri belə şişirdir, dünya ictimaiyyəti arasında Azərbaycanın mənfi obrazını formalaşdırmağa cəhd göstərirdilər. Onlar gah Azərbaycanda guya insan haqlarının pozulduğunu, sosial təminatın düzgün qurulmadığını iddia edir, gah da Avropa Oyunlarının təşkilatçılığına çəkilən xərcləri həddindən çox şişirdib ölkəni tənqid edirdilər. Özlərini elə aparırdılar ki, sanki Azərbaycan Avropanın deyil, öz Oyunlarını keçirirdi. Əlbəttə, bu işdə onlara “sapı özümüzdən olan baltalar” da dəstək verir, ölkəyə, millətə açıq-aşkar xəyanət edirdilər.

Amma istər bu düşmən dairələr, istərsə də onların xidmətində duran “5-ci kolon” Azərbaycanın uğurlu xarici və daxili siyasət yürüdən müdrik rəhbərinin olduğunu unutdular. Xarici dairələr anlamadılar ki, beş-on xəyanətkarın yalanları, böhtanları 10 milyona yaxın vətəndaşın dövlət rəhbərinə olan etimadını, inamını sarsıda bilməzdi. Yaxşı olar ki, həmin dairələr Prezident İlham Əliyevin bu sözlərini yaddaşlarına həkk etsinlər: “Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. ... Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir”.

Qarayaxma kampaniyasına rəvac verənlərin arzuları gözlərində qaldı, Azərbaycan öz işini vicdanla yerinə yetirdi, köhnə qitəyə 17 gün ərzində bir-birindən maraqlı anlar, əsl idman bayramının sevincini yaşatdı. İlk Oyunları yüksək səviyyədə keçirməklə Azərbaycan qüdrətini, hətta məhdud vaxt intervalında belə çox böyük miqyaslı tədbirləri yüksək səviyyədə keçirə bilmək bacarığını bütün dünyaya bir daha sübut etdi. Həmçinin bəzi “yaxın tərəfdaşlardan” fərqli olaraq, Azərbaycan sülhsevər dövlət olduğunu, dostluğa sadiqliyini nümayiş etdirdi. İlk Avropa Oyunları zamanı Azərbaycana gələn çoxsaylı turistlər də ölkənin inkişafını, əldə edilən nailiyyətləri öz gözləri ilə gördülər. Onlar istər yerli, istərsə də xarici jurnalistlərə müsahibələrində Azərbaycanın, paytaxt Bakının inkişafına, gözəlliyinə, burada insanların rahat yaşamaları üçün yaradılan şəraitə heyran qaldıqlarını dönə-dönə vurğulayır, bəzi dairələrin qarayaxma kampaniyasının arxasında hansı mətləblərin dayandığını dilə gətirirlər. “Times of Israel” qəzeti Azərbaycana qarşı qərəzli münasibəti tənqid edərək obrazlı şəkildə yazır: “Bütün çirkli qarayaxma kampaniyalarına baxmayaraq, bu çirkli dumanın arxasından Azərbaycanın tolerantlıq və dostluq mesajları işıq saçır və heç bir böhtan, iftira kampaniyası bu işığın üzərinə kölgə sala bilməz”.

Bəli, 17 gün ərzində Azərbaycanın işığı bütün Avropanı, bütün dünyanı dolaşdı və indi də dolaşmaqdadır. Bu, indən sonra öz alovunu Bakıdan, müqəddəs Atəşgah məbədindən götürəcək Avropa Oyunlarının məşəlinin sönməz işığıdır. Birinci Avropa Oyunları sona çatdı. Bununla Azərbaycan tarixə daha bir “ilk”in adını yazdı, özü də öz sönməz odu, alovu ilə. Azərbaycan bir daha sübut etdi ki, o, təkcə enerji resursları ilə zəngin ölkə deyil, həm də yüksək təşkilatçılığa, mədəniyyətə, qonaqpərvərliyə malik olan dövlətdir. Olimpiya Oyunları deyəndə hamı ilk növbədə Yunanıstanı fikirləşdiyi kimi, bundan sonra Avropa Oyunları deyəndə artıq Azərbaycan yada düşəcək. O da yada düşəcək ki, Azərbaycan ilk Avropa Oyunlarında 50 ölkənin arasında ikinci oldu. Bu, çox qürurverici göstəricidir.

İstər vətəndaşlarımızın, istər ölkəmizə təşrif buyurmuş xarici qonaqların müşahidələrinə, sözlərinə istinad edərək əminliklə vurğulamaq olar ki, Avropa Oyunları birinci olsa da, tam mükəmməlliyi ilə təşkil edildi, onun standartları yaradıldı, bəzi qüvvələrin Azərbaycana qarşı apardığı “oyunlar” isə həmişə olduğu kimi, yenə də iflasa uğradı.

Bu qeydləri Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Oyunlarda qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və yarışların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdəki çıxışında dövlətimizin başçısı İlham Əliyevə xitabən dediyi, qəlbimizi riqqətə gətirən sözləri ilə tamamlamaq istərdik: ”Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir”.

Vüqar ƏLİYEV
AZƏRTAC-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında