Azərbaycan dövlətçiliyin möhkəmlənməsinə, milli maraqların müdafiəsinə istiqamətlənmiş siyasətini bundan sonra da davam etdirəcək

Respublikamızın dövlət müstəqilliyi qazandıqdan sonra beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmağa çalışması və bu istiqamətdə əldə etdiyi uğurlar danılmaz faktdır. Gənc respublika olmasına baxmayaraq, iqtisadi-siyasi sahələrdə ciddi inkişafa nail olması, beynəlxalq təhlükəsizlik və enerji təminatı məsələlərində oynadığı mühüm rol Azərbaycanın geosiyasi çəkisini artırır.

Ancaq son zamanlar Qərbin bəzi dövlətləri müstəqil siyasət yürütməyin tərəfdarı olan, bütün ölkələrlə münasibətlərin yaradılmasında bərabərhüquqlu faydalı əlaqələrə üstünlük verən  Azərbaycana qarşı qeyri-adekvat iddialara yer verir, rəsmi Bakının sülhpərvər siyasəti və millətlərarası dialoqun inkişafına müsbət təsir göstərən addımları ətrafında əsassız hay-küy qaldırmağa çalışırlar. Amma antiazərbaycan isteriyasını qaldırmağa can atanlar bilməlidirlər ki, xalqın iradəsini əks etdirən siyasi kurs, yəni Azərbaycan dövlətçiliyinin möhkənlənməsinə, milli maraqların müdafiəsinə istiqamətlənmiş siyasət bundan sonra da davam etdiriləcək.

“Soyuq müharibə”nin bitməsindən sonra yaranmış reallıq dünyanın aparıcı mütəxəssislərini Avrasiya məkanında baş verə biləcək geosiyasi və geoiqtisadi bloklaşmalar barədə, o cümlədən, materikin bir sıra regionlarında siyasi-iqtisadi landşaftı dəyişdirəcək böyük layihələrdən həvəslə danışmağa vadar etmişdi. Həqiqətən, SSRİ-nin dağılmasından sonra Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi karbohidrogen yataqları ilə zəngin ölkələrin beynəlxalq münasibətlərin subyektinə çevrilməsi böyük güc mərkəzlərinin diqqətini cəlb etmiş, Avrasiya materikinin yenidən formatlaşdırılması prosesinə start verilmişdi. Xüsusilə də neftlə-qazla zəngin Xəzər dənizi hövzəsində iri enerji layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımların atılması, Şərq-Qərb enerji dialoqunun yaradılmasında keyfiyyətcə yeni mərhələnin başlanmasına təkan verdi. Belə mühüm dialoqun yaradılmasında da məhz Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli siyasətin də Cənubi Qafqaz regionunda yeni geosiyasi mənzərənin formalaşmasında böyük rol oynaması tarixi gerçəklikdir.

Avrasiya məkanında həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin doğurduğu siyasi-iqtisadi inkişaf bu gün bölgədə tərəqqinin müşahidə edildiyi regionun  formalaşmasına gətirib çıxarmışdır.

Qərblə hərtərəfli münasibətlərini sürətlə inkişaf etdirən, insan hüquqlarının müdafiəsinə yönəlmiş addımları dəstəkləyən və bu istiqamətdə beynəlxalq institutlarla interqasiyaya gedən Azərbaycan dövləti son illər ərzində digər sahələrdə də uğurlar nümayiş etdirir. Geosiyasi ağırlığını hiss etdirən rəsmi Bakı regional müstəvidə həyata keçirdiyi vacib layihələrin fonunda beynəlxalq enerji təhlükəsizliyinin möhkəmlənməsinə, eləcə də, beynəlxalq terrorla mübarizə prosesində göstərdiyi hərbi-logistik dəstək də Azərbaycanın Avrasiya məkanında söz sahibi statusu qazanmasına imkan yaradır. Cənubi Qafqaz regionunu da əhatə edən mütərəqqi ideyaların və təkliflərin dəstəkləyicisi və hərəkətverici qüvvəsi rolunda çıxış edən Azərbaycan bu gün də bir sıra mühüm məsələlərdə etibarlı tərəfdaş kimi özünü göstərir. Şərqdə ilk demokratik respublikanın yaradıcısı kimi tarixi nailiyyətə imza atmış ölkəmiz mütərəqqi beynəlxalq institutlarla uğurla əməkdaşlıq etməklə yanaşı, əldə edilmiş demokratik inkişafın kənar təsirlər deyil, daxili inkişafdan doğan zərurət fonunda qazanılmış nailiyyət olduğunu da təsdiqləyir. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilmiş islahatlar, bu məsələdə beynəlxalq institutlarla faydalı əməkdaşlığın yaradılmasını Azərbaycan dövlətinin fəaliyyət mərkəzində dayanan insana verdiyi böyük dəyərin göstəricisi kimi önə çəkmək olar.

Bu ilin iyun ayının 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı”  işi ilə bağlı qəbul etdiyi mühüm qərarı da Azərbaycan ilə beynəlxalq institutlar arasında faydalı əməkdaşlığın yaranmasını bir daha təsdiqlədi. Xatıladaq ki, sözügedən iş Ermənistanın təcavüzü zamanı Azərbaycanın Laçın rayonu ərazisindən altı Azərbaycan vətəndaşının Ermənistana qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır. İddiaçıların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının, şəxsi həyata və ailə həyatına hörmət hüququ və səmərəli hüquqi müdafiə vasitələri hüququ Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirərək, məhkəmə iddiaçıların xeyrinə qərar verdi. Bundan əlavə, məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunun davamlı inkarına birdəfəlik son qoydu.  Məhkəmə xüsusilə qeyd edir ki, müharibəyə səbəb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları olmuş və bu bununla bağlı diqqəti Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ yerli şurasının 1989-cu ilin dekabrında “birləşməyə” dair birgə qərarın qəbul edilməsinə yönəltmişdir. Məhkəmə 1992-ci ilin may ayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini bildirmişdir. Məhkəmə bəyan etmişdir ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə “Quruda müharibə aparma qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyası və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cu il Cenevrə Konvensiyasının müvafiq müddəalarında təsbit olunmuş hərbi işğala dair beynəlxalq hüquq tətbiq edilir.

Göründüyü kimi, nüfuzlu beynəlxalq məhkəmənin bu qərarı Ermənistan tərəfinin illərdir uydurduğu “bitərəflik” iddialarını alt-üst edir. Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək, məhkəmə “Ermənistan Respublikasının hərbi müdaxilə və hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma ”DQR"-ın silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini" təsdiqlədi. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının qərarından belə qənaətə gəlmək olar ki, Azərbaycana qarşı başlayan və bugünədək davam edən təcavüz və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin (Dağlıq Qarabağ və ətraf ərazilər) hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşının işğal olunmuş ərazilərdən qovulması və bu ərazilərdə öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməyən Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.

Amma bəzi beynəlxalq təşkilatlardan belə adekvat reaksiya gözləmək olmur. Məsələn, uzun illərdir Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu günlərdə antiazərbaycan qərar qəbul etməsi böyük təəssüf doğurur. AŞPA-nın yay sessiyasında müzakirəyə çıxarılan məsələlər ətrafında bir sıra avropalı deputatların göstərdikləri canfəşanlıq təşkilat ilə Azərbaycan arasında münasibətlərə kölgə salır. Antiazərbaycan isteriyasına qapılmış bir qrup deputatın AŞPA-da səsvermə zamanı böyük dəstək almaması, lakin sonradan etirazlara rəğmən dəfələrlə səsvermə keçirməsi və dövlətimiz əleyhinə qətnamənin qəbul edilməsi Azərbaycana qarşı məqsədyönlü kampaniya aparıldığını bir daha təsdiqlədi. AŞPA, eləcə də Avropa İttifaqı tərəfindən göstərilən qərəzli münasibətlər, əlbəttə ki, qəbuledilməzdir və Qərb belə addımları ilə etibarlı və strateji tərəfdaşı olan Azərbaycanı siyasi kurs və inteqrasiya məsələlərində ciddi düşünməyə vadar edir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Twitter” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı fikirlər antiazərbaycan kampaniya iştirakçılarını ciddi düşündürməldir: “Avropa İttifaqının bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir”. Dövlət rəsmisinin sözlərinə görə , Avropanın bu təşkilatları üçün “biz necə istəyirik, o da olmalıdır” prinsipi əsasdır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur”. N.Məmmədov təəssüflənir ki, Avropada belə bir siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər. Prezident Administrasiyasının rəsmisi qeyd edir ki, Avropa Şurasının belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur. Avropa İttifaqı artıq BMT qurumlarını da Azərbaycana qarşı kampaniyaya qoşur və belə vəziyyət Azərbaycanı öz xarici siyəsət kursunu dəyişməyə məcbur edə bilər.

Göründüyü kimi, Avropanın sadalanan qurumları müstəqil siyasət kursu yürüdən Azərbaycana qarşı kampaniyasının coğrafiyasını genişləndirməyə çalışır və Cənubi Qafqaz kimi mühüm regionda güclü dayaqları olan Azərbaycanın tarazlı və qarşılıqlı hörmətə əsaslanan siyasətinə qarşı qeyri-adekvat cavab verməyə çalışır. Beynəlxalq terrorla mücadilədə ABŞ-la çiyin-çiyinə mübarizə aparan, vacib logistik marşrutların yaradılmasına kömək edən Azərbaycana Birləşmiş Ştatlar tərəfindən də analoji münasibətin göstərilməsinin uzun illərdir formalaşmış strateji tərəfdaşlığın ruhuna uyğun gəlmədiyini demək olar.

Okeanın o tayında hər gün zorakılıq, qətllər və bu qətllərdə polis əməkdaşlarının iştirakı ABŞ-da insan hüquqlarının vəziyyətinin düşünüldüyü kimi ideal olmadığını təsdiqləyir. Amma Birləşmiş Ştatlarda müşahidə edilən bu hüquq pozuntularının fonunda ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatla çıxış etməyə mane olmur. Ancaq rəsmi Vaşinqtonun bu addımı dünyada həmişə birmənalı qarşılanmır. Azərbaycan dövləti də düşünür ki, belə yanaşma səhvdir. Məlum hesabatla bağlı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikirləri maraq doğurur. Prezident Administrasiyasının rəsmisi deyir ki, heç bir ölkə hakim qismində çıxış edərək ayrı-ayrı dövlətlərdə bu və ya digər məsələləri öz maraqlarına uyğun şərh və təqdim etmək hüququna malik deyil. Ə.Həsənov bu baxımdan ABŞ Dövlət Departamentinin məlum hesabatını ciddi qəbul etməməyi məsləhət görür və əlavə edir ki, hesabatda əks olunmuş mülahizələrə münasibət bildirməmək də olardı. Prezident köməkçisinin sözlərinə görə, bu tipli açıqlamalar media tərəfindən yayıldığına və dünyada neqativ rəyin formalaşmasına səbəb olduğuna görə, Azərbaycanın da mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması zəruridir. Bütün bunları nəzərə alaraq Ə.Həsənov deyir ki, ABŞ Dövlət Departamentinin məlum hesabatında Azərbaycanla bağlı irəli sürülən iddialar yanlış məlumatlar əsasında hazırlanmış, subyektiv və qərəzli xarakter daşıyır.

Bir sözlə, son zamanlar Qərbin bəzi dövlətlərinin və beynəlxalq qurumların Azərbaycana qarşı ədalətsiz qərarlar qəbul etməsi ikitərəfli münasibətlər barədə ciddi düşünməyə vadar edir. Azərbaycan mütərəqqi ideya və təkliflərə açıq ölkə olduğunu həmişə göstərmişdir. İlk Avropa Oyunlarına ev sahibliyi etməsi və Avropa xalqlarının idman müstəvisində mübarizə aparması üçün ideal şərait yaratması Azərbaycanın ümumbəşəri ideyalara sadiq qaldığını ortaya qoyur. Amma bu sürətli inkişafdan hürkən və hər ötən gün daha da güclənən Azərbaycanın siyasi kursuna istənilən yolla təsir göstərməyə çalışan Qərb belə qərəzli münasibətlərlə ikitərəfli əlaqələrə ciddi zərbə vura biləcəyini göz önündə tutmalıdır. Antiazərbaycan isteriyasını qaldırmağa can atanlar bilməlidirlər ki, xalqın iradəsini əks etdirən siyasi kurs, yəni Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli maraqların müdafiəsinə istiqamətlənmiş siyasət bundan sonra da davam etdiriləcəkdir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında