Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil,
peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır.
Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir
dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli,
cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu il iyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, hazırda Azərbaycanda 200-dən artıq qəzet, 100-ə yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. Həmçinin, qeyd edilir ki, internetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olub, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatıb, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşıb.
2008-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Dövlət başçısının həmin sərəncamının icrası istiqamətində çoxsaylı tədbirlər reallaşdırılır. Belə tədbirlərdən biri isə qəzet redaksiyalarının maddi-texniki bazalarının möhkəmləndirilməsinə xidmət etdiyi üçün jurnalistlər tərəfindən daha böyük maraqla qarşılandı. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının mətbuatın 140 illiyinə həsr olunmuş iclasında 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin müzakirəsi aparılıb. Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Dövlət yardımının ümumi məbləği 1 milyon 243 min manatdır.
Qeyd edək ki, dövlətin mətbuata göstərdiyi qayğıdan söz açarkən mətbuatın xalq qarşısında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini də yada salmaq zərurəti var. Çünki Azərbaycan mətbuatı mövcud olduğu bütün dövrlərdə xalqın və milli dövlətçiliyin yanında olmuşdur. Təbii ki, müəyyən dövrlərdə az da olsa istisnaların şahidi olmuşuq. Ancaq bütövlükdə mətbuatımız həmişə xalqın sözünü deyib. Ötən ay ölkəmizdə başa çatan birinci Avropa Oyunlarına hazırlıq dövründə və yarışların davam etdiyi günlərdə Azərbaycan mətbuatı, sözün həqiqi mənasında, səfərbər olunaraq milli mənafe baxımından böyük əhəmiyyət kəsb edən həmin möhtəşəm tədbiri yüksək səviyyədə işıqlandırdı və təbliğ etdi. Mətbuat ekspertlərinin fikrincə, jurnalistlərimizin adı çəkilən beynəlxalq tədbir ətrafında o şəkildə səfərbər olmasının əsas və bəlkə də yeganə səbəbi mətbuat - dövlət və dövlət - mətbuat münasibətlərindəki şəffaflıq, aydınlıq, qarşılıqlı anlaşmadır.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi olaraq bir neçə dəfə sorğu nəticələrinə görə “Jurnalistlərin dostu” elan edilsə də, əslində o, daim jurnalistlərin dostudur və həmişə yanımızdadır. Ulu öndərin dediyi kimi “Jurnalistlərin dostu” olmaq isə o qədər də asan iş deyil. Prezident İlham Əliyev verdiyi sözə əməl etməklə, bütün vədlərini reallaşdırmaqla xalqın, o cümlədən, jurnalistlərin inamını qazanmışdır. Dövlət başçımız hələ 2003-cü ilin yayında, prezidentliyə namizəd olarkən görüşlərin birində demişdi ki, mən seçkidə qalib gələcəyim təqdirdə hər bir azərbaycanlının Prezidenti olacağam. Birinci Avropa Oyunları çərçivəsində keçirilən tədbirlərdə dəfələrlə eşitdik ki, o, həqiqətən bütün azərbaycanlıların prezidentidir.
2003-cü ildən etibarən hər il iyulun 22-də, Milli Mətbuat Günü münasibətilə ölkəmizdə keçirilən bütün tədbirlərdə dövlət başçımızın bu sahənin inkişafına göstərdiyi qayğı və diqqətin ən müxtəlif məqamları barədə çoxsaylı faktlar söylənilir, rəqəmlər yada salınır. Bilavasitə jurnalistlər üçün tikilmiş möhtəşəm yaşayış binasının önündə cənab Prezidentin iştirakı ilə keçirilən unudulmaz tədbirdə isə daha əhatəli, daha dəqiq fikirlər səsləndirildi. Qeyd olundu ki, Azərbaycan mətbuatı XXI əsrin ilk onilliyindən başlayaraq özünün inkişaf tarixinin yeni mərhələsini yaşamaqdadır.
Mətbuatın yeni inkişaf mərhələsində reallaşdırılan bir neçə layihədən bəhrələnmiş qələm sahibi kimi yada salmaq istəyirəm ki, 2005-ci ildə dövlət başçımız jurnalistlərin arzu və təkliflərini nəzərə alaraq “Əməkdar jurnalist” fəxri adını bərpa etmişdi. Milli mətbuatımızın 130 illiyi münasibətilə 37 həmkarımız bu ada layiq görüldü. Həmin gün daha 96 jurnalist orden, medal, “Əməkdar mədəniyyət işçisi” fəxri adı və Prezident təqaüdü ilə təltif olundu. Bu, bir zamanlar aşağılanan Azərbaycan mətbuatının dirçəldilməsi istiqamətində atılmış çox uğurlu addım idi. Özü də bu, təsadüfi deyildi, məlum bir siyasi kursun mükəmməl şəkildə davam etdirilməsi demək idi. Belə ki, hələ 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq məhz Azərbaycanda kütləvi informasiya vasitələri üzərindən senzura tamamilə götürülmüşdü. Həmin tarixi hadisədən 10 il sonra - 2008-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildi və müvafiq fond yaradıldı. Bununla da mediaya yardım ardıcıl, şəffaf bir sistemə çevrildi. Yəni, Azərbaycan dövləti mətbuatın inkişafındakı marağını ən müxtəlif tədbirlərlə konkret və prinsipial şəkildə ortaya qoyur. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması isə bu sahənin inkişafının əvəzsiz bir stimuluna çevrildi. Daim mətbuatın və jurnalistlərin yanında olan Prezident İlham Əliyev 2010-cu ilin iyulunda — Milli Mətbuat Günü Mətbuat Şurasının yeni binasının açılışına gəlməklə yanaşı, həmkarlarımızın böyük bir qrupunu da mükafatlandırmışdı. Həmin görüşdə jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə dərindən maraqlanan dövlət başçısı dərhal onlara mənzil tikilməsini nəzərdə tutan sərəncam imzaladı. 2013-cü ilin 22 iyulunda isə biz həmin sərəncamın bəxş etdiyi sevincə şahidlik etdik. 156 həmkarımız illərdən bəri arzusunda olduğu bir məsələnin həll olunmasının - mənzil şəraitinin yaxşılaşdırılmasının sevincini yaşadı. Hər dəfə işdən və ya hansısa tədbirdən evə qayıdarkən, jurnalistlər binasının yanına çatanda bu binanın açılış mərasimində nitq söyləyən dövlət başçımızın səsləndirdiyi fikirlər yadıma düşür: “Burada jurnalistlər şəhərciyi salınacaq”. Həmin fikirdən sonra əksər həmkarlarımız internet vasitəsilə çoxsaylı axtarışlar aparsalar da, dünyanın heç bir ölkəsində “jurnalistlər şəhərciyi” adlı məfhum tapa bilməmişdilər. Ən xoş olanı o idi ki, həmin gün mənzil alan biz qələm sahibləri dünyada ilk dəfə reallaşdırılan bir layihənin iştirakçısına çevrilirdik. Həmin məqamı dövlət başçımız bu şəkildə ifadə etdi: “Deyə bilərəm ki, bu təşəbbüs dünya praktikasında ilk dəfədir ki, reallaşır. Şadam ki, Azərbaycan bu sahədə də öz liderliyini göstərir. Çünki bildiyiniz kimi, jurnalistlərin peşəsi çox ağırdır, məsuliyyətlidir. Ancaq jurnalistlərin əksəriyyəti aldıqları maaşla bu cür evdə mənzil ala bilməzdi. Bu məqsədlə və eyni zamanda, öz sahəsində peşəkarlıq göstərmiş, uzun illər mətbuatda çalışmış jurnalistləri mükafatlandırmaq üçün hesab edirəm ki, bu təşəbbüs ən məqbul yol idi. Mətbuat işçiləri ilə görüşlərimin birində jurnalistlər tərəfindən irəli sürülmüş bu təşəbbüsə dərhal dəstək verildi və qısa müddət ərzində belə gözəl, yaraşıqlı bina tikilmişdir. Əminəm ki, bu binanın ətrafında gələcəkdə böyük bir kompleks yaranacaqdır”.
Bu gün Avropanın və Amerikanın bir çox ağzıgöyçəkləri harada gəldi zəvziyirlər ki, Azərbaycanda insan hüquqları qorunmur, söz azadlığı yoxdur, azad mətbuat yoxdur və sair. Mən qətiyyətlə həmin adamlara deyə bilərəm ki, bizdə siyasi baxışlarından asılı olmayaraq, istənilən mətbuat vasitəsi və ya istənilən jurnalist Azərbaycan dövləti üçün önəm kəsb edir. Həmin fikirlərimi dövlət başçımızın jurnalistlər üçün tikilən binanın açılışındakı nitqindən seçdiyim bir sitatla davam etdirsəm, daha konkret olar: “Bildiyiniz kimi, bu evdə mənzil alan jurnalistlərin arasında müxtəlif mətbu orqanların nümayəndələri, müxtəlif siyasi baxışlara malik olan insanlar vardır. Bu da təbiidir və bu təşəbbüs, burada aparılan bölgü bir daha göstərir ki, Azərbaycanda heç bir sahədə ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə hesab edirəm ki, cəmiyyətdə çox sağlam mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti bu sağlam ab-havanı daha da sağlam edəcəkdir”. Bəli, mən o binada Müsavat və Xalq Cəbhəsi də daxil olmaqla 7 partiyanın təmsilçiləri ilə gor qonşusuyam. İndi ölkədə elə bir adam tapmaq olmaz ki, respublikamızın inkişafını arzulamasın. Üstəlik, hamı bu istiqamətdə bir iş görmək istəyir. Prezident İlham Əliyev isə dəfələrlə qeyd edib ki, ölkənin hərtərəfli inkişaf etdirilməsində mətbuatın xüsusi rolu vardır: “Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu vardır və bu rolu mən yüksək qiymətləndirirəm. Əminəm ki, gələcəkdə də Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar təmin ediləcəkdir. Azərbaycanda demokratiyanın inkişafında böyük addımlar atılır, bütün azadlıqlar vardır - söz azadlığı, sərbəst toplaşmaq azadlığı... Yəni, müasir dövlət prinsipləri elə olmalıdır ki, biz hər bir sahədə qabağa gedək, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək və ölkəmizi inkişaf etdirək. Bu gün müstəqil Azərbaycan dövləti, sözün əsl mənasında, hərtərəfli inkişaf edir və ictimai proseslərin müsbət istiqamətdə getməsi, əlbəttə ki, bizim gücümüzü artırır”.
Əlbəttə, bayram günlərində ancaq xoş məqamlardan, ürək açan faktlardan danışılar. Biz bunu etdik. Dövlətin mətbuata qayğısını və mətbuatın milli mənafelərə bağlı olan hissəsinin vətəndaşlıq təəssübkeşliyini yada saldıq. Ancaq dövlət başçımız bizim hamımızı məhz belə — milli təssübkeşlik keyfiyyətlərinə sədaqətli görmək istəyir: “Jurnalistlərin məsuliyyəti də, əlbəttə ki, daim müzakirə mövzusudur. Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Mən şadam ki, son illər ərzində bu istiqamətdə də müsbətə doğru irəliləyiş vardır, jurnalistlər öz məsuliyyətini daha da dolğun şəkildə dərk edirlər, mətbuatda gedən, həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlmək olur. Bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir. Eyni zamanda, müasir cəmiyyətdə, internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə, jurnalistlərin məsuliyyəti hesab edirəm ki, gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Bilirəm ki, jurnalist ictimaiyyəti, Mətbuat Şurası bu məsələləri daim diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.