“Bakı – 2015” təkcə idmançılarımızın deyil, Azərbaycan gəncliyinin potensialını ortaya qoydu

Mən bu sətirləri qələmə alarkən, bir insan kimi, ölkəmizin dünyadakı sülhə verdiyi töhfələrlə fəxr etdiyimi bildirirəm. Bir vətəndaş kimi, Azərbaycan dövlətinin və xalqımızın dünya miqyasında imza atdığı möhtəşəm uğurlardan məmnunluğumu ifadə etməyə çalışıram.

Eyni zamanda, bir müəllim kimi, deməli sözüm daha çoxdur. Çünki bu miqyaslı möhtəşəm beynəlxalq  tədbirdəki qələbələrimizin əsas yükünü çəkən qüvvələrdən biri də gənclərimiz idi. Azərbaycan gənclərinin idman uğurlarına görə Avropada ikinci yeri tutmasından başqa, bütövlükdə gəncliyimizin ilk Avropa Oyunlarına verdiyi töhfələr mütləq və hər zaman yada salınmalı, qeyd olunmalı və fəxr edilməlidir.

Bu sətirləri qələmə almağımın  əsas  səbəbi də elə Oyunların bağlanış mərasiminin  ertəsi günü qalib  idmançılar, onların məşqçiləri və xarici tərəfdaşlarla görüşdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyevin ölkə gəncliyinə verdiyi qiymət oldu. Dövlət başçımız dedi :  “Könüllülərin  fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Oyunların keçirilməsinin yükünün böyük hissəsi onların üzərinə düşmüşdür. Konüllülər bir daha onu göstərdilər ki, ölkəmizin çox böyük potensialı, insan kapitalı var. Mən 2003-cü ildə Prezident kimi fəaliyyətə təzə başlayanda demişdim ki, bizim əsas vəzifəmiz iqtisadi kapitalı, daha doğrusu, ”qara qızıl"ı insan kapitalına çevirməkdir. Bugünkü gənclər —  müstəqillik dövründə böyümüş, tərbiyə almış gənclər bizim üçün qürur mənbəyidir. İyirmi minə yaxın könüllü, — onların böyük əksəriyyəti yerli uşaqlardır, insanlardır, gənclərdir, — gecə-gündüz çalışmışdır. Onlar gecə-gündüz peşəkarlıqla, ustalıqla, məharətlə çalışaraq idmançılara, qonaqlara böyük mədəniyyət, hörmət, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və mehribanlıq göstərmişlər. Bu günlər ərzində xarici qonaqlarla təmaslar əsnasında könüllülər haqqında daim bu xoş sözləri eşidirəm. Doğrudan da, bizim gələcəyimiz etibarlı əllərdədir. Könüllülər bu Oyunlardan sonra əminəm ki, cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar. Onlar bizim gələcəyimizdir. Azərbaycanın gələcək inkişafı gənclərin əlində olmalıdır. Gənclər bilikli, savadlı, peşəkar və vətənpərvər olmalıdırlar. Necə ki, bizim könüllülərimiz peşəkar, bilikli və vətənpərvərdirlər".

Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də birinci Avropa Oyunlarının bağlanış mərasimindəki çıxışında qeyd etmişdi ki, yeni gənc qəhrəmanlardan ibarət komandanı Azərbaycanın gözəl könüllüləri formalaşdırılmışdı. Bundan başqa, Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Janez Kosijancic də Prezident İlham Əliyevlə görüşündə Azərbaycan gənclərinin ünvanına dəyərli fikirlər səsləndirmişdi: “ Xalqınızın əməyini, xüsusilə də gənclərin fəaliyyətini yüksək qiymətləndiririk. Biz hamımız bilirik ki, Azərbaycan Odlar ölkəsi, Bakı küləklər şəhəridir. Lakin mən buraya ”gülər üzlü insanlar ölkəsi" ifadəsini də əlavə etmək istərdim. Bütün həyatım boyu bu qədər gülər üzlü gənc insan görməmişdim. Onların dostcasına münasibətinin və ruh yüksəkliyinin şahidi olduq".

Dövlət başçımızın  və Avropa rəsmilərinin  bizim gənclərin   fiziki və intellektual potensialına  yüksək qiymət verən bu fikirləri bir pedaqoq, ali məktəb müəllimi kimi, məni  hədsiz dərəcədə məmnun etdi. Çünki həmin gənclər arasında bizim əməkdaşlarımız, tələbələrimiz və məzunlarımız da istənilən qədərdir.

Əlisa ƏHMƏDOV,
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında