Almaniya Qərbin riyakar siyasətinin sifarişli davamçısıdır

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqinin təsdiqi oldu. Artıq Azərbaycan belə mötəbər tədbirləri tam təhlükəsiz və yüksək səviyyədə keçirməyə qadir olduğunu dünya birliyinə də sübut etdi.

Bu möhtəşəm tədbirin xoş əks-sədası dünya miqyasında hələ uzun müddət eşidiləcək. Çünki müxtəlif qitələrin özünəməxsus oyunları olsa da, Avropa qitəsinin belə bir tədbiri yox idi. İlk dəfə keçirilən bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinə ölkəmizin iqtisadi qüdrətinin getdikcə artması və dünya birliyində reytinqinin yüksəlməsi  zəmin yaratdı.

İlk Avropa Oyunlarının proqramına daxil olan  Oyunlar əvvəldən axıradək çox yüksək səviyyədə keçirildi.  Bu Oyunlar həm təşkilatçılıq, həm təhlükəsizlik, həm də idmançılarımızın uğurlu çıxışı baxımından yüksək səviyyədə idi. Bir sıra bədxah qüvvələr müxtəlif vasitələrlə bu möhtəşəm tədbirin keçirilməsinə mane olmaq üçün cəhd etsələr də, xəbis niyyətlərinə çata bilmədilər. Onların ölkəmiz haqqında uydurduqları yalan və böhtanlara inanan olmadı. Onu da qeyd edək ki, birinci Avropa Oyunları ərəfəsində və yarışlar keçən müddətdə qarayaxma kampaniyaları daha geniş vüsət almışdı. Ancaq Bakıya gələn çoxsaylı turistlər əsl həqiqəti öz gözləri ilə gördülər.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovla söhbətimizdə son vaxtlar Azərbaycana qarşı Qərbin və Avropanın bir sıra ölkələrinin, xüsusilə Almaniyanın qarayaxma kampaniyasını genişləndirməsi barədə oldu.

Həmsöhbətim  dedi ki, Qərbin və Avropanın bir sıra dövlətlərinin ölkəmizə qarşı təzyiq vasitəsi kimi, əsasən insan hüquq və azadlıqlarının pozulmasından istifadə etməsi çox təəccüblüdür. Çünki həmin ölkələrin özlərində dinc əhali hər hansı bir qanunsuzluğa etiraz edəndə onlar rezin güllələrə tuş gəlir, polis atlarının  ayaqları altına atılırlar. Gəlin görək bu vaxta qədər Azərbaycanda belə bir hadisə baş veribmi? Bizdə  hər hansı bir etiraz aksiyası, mitinq və piket  keçirmək istəyənlərə dövlət xüsusi yer ayırır. Özü də şəhərin mərkəzində. Üstəlik, onların təhlükəsizliyi dövlət tərəfindən yüksək səviyyədə təmin olunur. Bunu ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının başında dayanan Qərb, həmçinin onların sifarişlərini yerinə yetirən bir sıra Avropa ölkələrinin rəhbərləri də  çox yaxşı bilirlər. Ancaq, özlərini demokrat və ədalət carçısı adlandıran belələri cəmiyyətin gözünə baxa-baxa yalan danışırlar. Almaniya Bundestaqında Azərbaycanda insan haqlarının pozulması barədə məsələ müzakirə olunması və bu  barədə qərar qəbul olunmasına münasibət bildirən V.Qədirov bunun Almaniyanın nüfuzuna böyük zərbə olduğunu dedi: “Çünki Avropada söz sahibi olan bir ölkə müzakirəyə çıxardığı məsələ ilə əlaqədar Azərbaycanda heç bir araşdırma aparmamış, monitorinq keçirməmiş və ”haqları pozulan insanlarla" görüşməmişdir.  Almaniyalı deputatlar, sadəcə olaraq, ABŞ dövlət katibi Con Kerrinin ofisində Azərbaycan əleyhinə hazırlanmış layihənin icraçılarından biridir. Bundestaqda müzakirəyə çıxarılan məsələdə isə  “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” kimi riyakar təşkilatların və onlara informasiya ötürən radikal müxalifət nümayəndələrinin “faktlarına” istinad edilib. Halbuki, həmin “faktlar” bir neçə il əvvəl də Almaniyanı gülünc vəziyyətinə qoymuşdu".

QHT rəhbəri  bir neçə il əvvəl AŞPA-da Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı almaniyalı deputatı Kristofer Ştrasserin  təqdim etdiyi qətnamə layihəsini xatırlatdı. O, həmin layihənin yalan  və böhtanla dolu olduğundan qəbul edilmədiyini vurğuladı: “Almaniyalı deputatın hazırladığı bu  qərəzli sənədin  əleyhinə səs verənlər, əslində, Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər. Almaniya rəsmiləri bu rüsvayçılıqdan nəticə çıxarmaq əvəzinə, yenə də qərəzli təşkilatların yalanlarına istinad edərək, özünü növbəti dəfə biabır etdi.  Bu dəfə Bundestaqda müzakirəyə çıxarılan sənəd Emin Milli, Arzu Qeybulla, Keti Pisr, Rebekka Vinsent kimi bir neçə milli və insani hisslərdən məhrum olmuş başıpozuq ünsürlərin ”faktları" ilə bir qədər də “zənginləşdirilib”. Göründüyü kimi, Avropada söz sahibi olan Almaniya kimi bir dövlət cılız, miskin və sözün əsl mənasında sifarişləri yerinə yetirən vəziyyətə düşüb".

V.Qədirov vurğuladı ki, ölkəmizə qarşı nə qədər qarayaxma kampaniyası aparılsa da, son anda haqq-ədalət öz yerini tapır. O, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarı diqqətə çatdıraraq dedi ki, bu, obyektiv hüquqi qiymətdir: “Göründüyü kimi, bu dəfə Azərbaycanın haqq işi qalib gəldi və Avropa İnsan Hüquqları Məhkəməsi obyektiv qərar qəbul etmək məcburiyyətində qaldı. Əslində, bu qərarın özü ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dövlətlərə tutarlı cavab oldu. Çünki bu qərar soydaşlarımızın hüquqlarının Ermənistan dövləti tərəfindən  kobud şəkildə pozulduğunu təsdiqləyən təkzibolunmaz faktdır. Təəssüf ki, nə Qərb, nə də Almaniya kimi dövlətlər Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına münasibət bildirmir, Ermənistanın 23 ildən  artıq davam edən işğalçılıq siyasətinin qarşısını almaqda heç bir təşəbbüs göstərmirlər. Əksinə, ATƏT-in  Minsk qrupunun amerikalı həmsədri C.Uorlik  Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarına çaşdırıcı, qeyri-müəyyən fikirlər bildirməklə, yenə də ölkəmizə qarşı qərəzli mövqeyini ortaya qoydu”.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı Ermənistanın işğalçı mahiyyətini hüquqi dəlillərlə sübut edən  rəsmi qərardır.   Hesab edirəm ki, bu qərar Azərbaycanın böyük hüquqi və siyasi qələbəsidir. Ermənistan  ikili standartlar nümayiş etdirən dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən nə qədər himayə olunsa da,  hüquqi baxımdan  ciddi zərbə aldı. Mən  Avropa tərəfdən belə hüquqi qərarın meydana çıxmasının ölkəmizə qarşı şər-böhtan atanlara layiqli cavab olduğunu hesab edirəm və Azərbaycanın haqq səsinin gec də olsa, eşidiləcəyinə, ədalətin qalib gələcəyinə əminəm. Ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Qərbin və Avropanın bir sıra dövlətləri də nəhayət ki, bu həqiqəti dərk etməlidirlər.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında