Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artıracaqdır

Ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu aprelin 14-də Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropanın 47 ölkəsini əhatə edən mötəbər bir beynəlxalq təşkilatın rəhbəri olan Türkiyə vətəndaşını Azərbaycanda görməkdən məmnunluğunu ifadə etmişdir. O bildirmişdir ki, qardaş ölkənin nümayəndəsinin belə bir təşkilata rəhbərlik etməsindən bütün türk dünyası qürur duyur. Əminik ki, Türkiyə ilə Azərbaycanın AŞPA-dakı əməkdaşlığı bundan sonra yeni mərhələyə qədəm qoyacaq və daha yaxşı nəticələr verəcəkdir.
M.Çavuşoğlunun AŞPA-da obyektiv və ədalətli şəxs kimi tanındığını deyən S.Seyidov onun məhz bu yüksək keyfiyyətləri sayəsində belə məsul vəzifəyə seçildiyini xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, Türkiyə vətəndaşının AŞPA-ya sədrlik etməsi Azərbaycanın hüquqlarının bu beynəlxalq təşkilatda daha yaxşı qorunacağına, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın pozulan haqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına böyük ümidlər yaradır.
Sonra Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin üzvü Əli Hüseynov, nümayəndə heyətinin üzvləri Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Sabir Hacıyev çıxış edərək AŞPA-nın yeni sədrinin Türkiyə vətəndaşı seçilməsini qardaş ölkədə gedən demokratikləşmə prosesinə verilən qiymətin təzahürü kimi dəyərləndirmiş, onun rəhbərliyi dövründə Avropa dəyərlərinin daha çox yayılmasına, əlaqələrimizin genişlənməsinə, Avropa Şurasının qərarlarının, o cümlədən 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş 1416 saylı qətnamənin həyata keçiriləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Mövlud Çavuşoğlu yenidən Azərbaycanda olmasından məmnunluğunu bildirmiş, təşkilata sədr seçilməsi zamanı göstərilən dəstəyə görə minnətdarlıq etmişdir.
AŞPA-nın sədri kimi gələn ay Ermənistana, sonra isə Rusiyaya və Gürcüstana, eləcə də digər üzv dövlətlərə səfər edəcəyini vurğulayan M.Çavuşoğlu keçirəcəyi görüşlərdə, demokratikləşmə, insan haqları, eləcə də regional münaqişələrin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələlərini diqqət mərkəzində saxlayacağını bildirmişdir.
O demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ AŞPA-nın sabiq sədri Terri Devis tərəfindən gündəmə gətirilmişdir. Ondan sonrakı sədr də bu məsələyə diqqət ayırmışdır. Biz də bu məsələni diqqət mərkəzində saxlayacağıq. AŞPA-nın siyasi komitəsində Dağlıq Qarabağla əlaqədar alt komitənin fəaliyyəti məsələsi bu gün də aktuallığını saxlayır. Apreldə Ermənistan və Azərbaycan nümayəndə heyətləri rəhbərlərinin görüşü nəzərdə tutulmuşdur. Biz münaqişənin həlli istiqamətində səylərimizi davam etdirəcəyik və mən bir sədr kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirəcəyəm. Ümid edirəm ki, bu istiqamətdə önəmli addımlar atılacaqdır".
M.Çavuşoğlu onu da bildirmişdir ki, Avropa Şurasına üzv ölkələr təşkilatın qərar və qətnamələrinin yerinə yetirilməsi barədə öhdəlik götürmüşlər. Təşkilat onların bu qərarları yerinə yetirmələrinə, həmin ölkələrdə demokratiyanın inkişafına, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına və Avropaya inteqrasiya məsələlərinə kömək göstərəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında