Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik.
Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi.
Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı, biz yaratmışıq.
Cəmi 24 il ərzində Azərbaycan elə zirvələrə qalxıb ki,
bəzi ölkələrə bu səviyyəyə qalxmaq üçün bəlkə yüzilliklər lazımdır.
Bu Oyunlar, sadəcə olaraq, bizə imkan verdi ki, bu potensialı dünyaya,
Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək.
Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı,
həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik,
milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik – məhz
budur bizim uğurlarımızın əsas şərtləri.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Mən idman leksikasından istifadə etsəm, deyə bilərəm ki,
bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və
Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə,
qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək
ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.
Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və
Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.
Mehriban ƏLİYEVA,
I Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir.
Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla,
ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox,
daha çox birləşdirən məkana aparır. Bu inam ondan ibarətdir ki,
biz – Avropanın 50 ölkəsi hər dörd ildən bir iki möhtəşəm həftə ərzində birgə ola bilərik.
Bu, bütün gələcək Avropa Oyunlarının əsaslanacağı Oyunlar oldu.
Bu cür tədbirin sarsılmaz və ilhamlandırıcı əsası qoyuldu.
Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm:
Azərbaycanın gələcəyi parlaqdır.
Avropa Oyunlarının gələcəyi parlaqdır. Avropanın gözəl atletləri üçün gələcək parlaqdır.
Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!
Patrik HİKKİ,
Avropa Olimpiya Komitəsinin prezidenti
Otuz ay cidd-cəhdlə, böyük məsuliyyətlə hazırlaşdığımız, iyunun 12-dən 28-dək isə həyəcanlarını yaşadığımız birinci Avropa Oyunları müstəqillik dövrümüzün ən əlamətdar hadisələrindən biri oldu. Atletlərimizin qazandığı 21 qızıl, 15 gümüş və 20 bürünc medal idman tariximizə yeni səhifələrin yazılması demək idi. İdmançılarımızın ən uğurlu günlərindən biri isə iyunun 26-na – Silahlı Qüvvələr Gününə təsadüf etdi. Əlbəttə, Birinci Avropa Oyunlarının bütün günləri xalqımız, idmançılarımız və azarkeşlərimiz üçün uğurlu olsa da, həmin gün keçirilən yarışlar daha çox sevincli, məhsuldar və əhəmiyyətli oldu.
Çünki iyunun 26-da paralimpiyaçı cüdoçular mübarizəyə qoşuldular və yarışların favoriti olan İlham Zəkiyev yenə də xalqımıza qələbə sevinci yaşadaraq, Azərbaycana daha bir qızıl medal qazandırdı. Bilavasitə Silahlı Qüvvələr Günü, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ uğrunda müharibədə gözlərini itirərək əlil olan Qarabağ qazisinin bütün rəqiblərini üstələyib qızıl medal qazanmasını Azərbaycan Respublikasının Prezidenti, Siahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, xanımı, “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvlərinin izləməsi və dövlət başçımızın mükafatları qalib idmançılara təqdim edərkən paralimpiyaçı pəhləvanımızla eyni podiumda dayanaraq məxsusi şəkil çəkdirməsi dünya mətbuatının nəzərindən yayınmadı. Bu, bir təsadüf idimi ki, Qarabağ əlili həmin gün Avropanın birincisi olurdu?
Azərbaycan rəhbərliyinin birinci Avropa Oyunlarına hazırlıq mərhələsində öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməsi, Oyunların Təşkilat Komitəsinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə bu mühüm tədbirin əhəmiyyətini göstərən çoxsaylı təqdimat mərasimləri keçirməsi, dünyanın Olimpiya hərəkatının bütün üzvləri üçün qeyri-adi təsir bağışlayan təntənəli açılış mərasimi, idmançıların və rəsmi qonaqların ən ali səviyyədə yerləşdirilməsi, dünya idman tarixində heç zaman qeydə alınmayan könüllülər ordusunun mükəmməl fəaliyyəti və bu qəbildən olan onlarca digər məqamlar “Bakı-2015”ə olan marağı qat-qat artırmışdır. Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və Portuqaliyanın milli olimpiya komitələrinin rəsmiləri hələ ilk oyunlar başa çatmamış Azərbaycan mətbuatının təmsilçiləri ilə söhbətdə deyiblər ki, biz növbəti Avropa Oyunlarının öz ölkəmizdə keçirilməsini böyük səmimiyyətlə arzulayırıq. Britaniya Milli Olimpiya komitəsi isə üçüncü Avropa Oyunlarının Mançesterdə keçirilməsi barədə təkliflə çıxış edib.
Təbii ki, bu məsələni həmin adamlar deyil, adıçəkilən ölkələrin dövlət rəsmiləri həll edəcəklər. Fakt isə ondan ibarətdir ki, ənənəvi idman ölkələri kimi tanınan həmin dövlətlərin Olimpiya qurumlarına rəhbərlik edənlər Bakıda şahidi olduqları təntənəni öz ölkələrində də görmək istəyirlər. Doğrudur, polşalı məşqçilərdən biri Bakıda gördükləri yüksək hazırlığı və xüsusən, könüllülərin fəaliyyətini başqa heç bir ölkədə görə bilməyəcəklərini söyləmişdi. Ancaq əlavə etmişdi ki, bizim təsəllimiz növbəti oyunların hamısının məşəlinin məhz Bakıda yandırılması olacaq. Bir sözlə, biz Avropa miqyaslı mötəbər tədbirlər silsiləsinin təməlini qoymaqla yanaşı, həm də Avropa Oyunlarının standartlarını yaratmış olduq.
Azərbaycan dövləti gərgin çalışdı, paytaxtımızda sakinlərimizin, qonaqlarımızın və bütün Avropanın yaddaşında uzun illər qalacaq səviyyədə Oyunlar təşkil edildi. Sevindiricidir ki, idmançılarımız da dövlətimizin və xalqımızın adına layiq uğurlara imza atırlar. Fəxr edirik ki, Azərbaycan idmançıları artıq 21-i qızıl olmaqla 56 medal qazanıblar. İyirmi dörd ildən bir qədər az müddətdə müstəqil olan gənc ölkə üçün bu möhtəşəm idman tədbirinin nə dərəcədə əhəmiyyətli olduğunu anlamaq çətin deyil. Mütəxəssislərin dediyi kimi, idman yarışları sülh, barışıq, dostluq tədbiridir. Bizim üçün isə bu, avropalılara tariximizi, ənənələrimizi, ədəbiyyatımızı, musiqimizi nümayiş etdirmək fürsəti verir. Rəsmilərimiz bu fikirdədirlər ki, Oyunlardan sonra Avropadan Azərbaycana daha çox qonaq və turistlər təşrif buyuracaq və dünya Azərbaycan haqqında daha dolğun məlumat alacaq.
Əlbəttə, bu gün ilk Avropa Oyunlarının uğurlarını təkcə biz yada salmırıq. Dünyanın əksər ölkələrindəki mütərəqqi düşüncəli insanlar “Bakı-2015”in uğurlarından danışırlar. Azərbaycanlıların sülhsevərliyindən, insanpərvərliyindən, qonaqpərvərliyindən söz açan qəzet, jurnal məqalələri, radio-televiziya reportajları yüzlərlədir. Fikrimizcə, bunun səbəbi təkcə Avropa Oyunları deyil. Bu məntiqi dövlət başçımız İlham Əliyevin fikirləri ilə tamamlamaq daha yaxşı yerinə düşər: “Bizim ölkənin qədim ənənələri, böyük tarixi və tarixi şəxsiyyətləri var. Lakin müstəqil ölkə kimi, biz yalnız 24 ildir ki, mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu isə bütün müsəlman dünyasının ilk demokratik respublikası idi. Azərbaycanda məhz respublika idarəçilik sisteminin tətbiq olunması o zaman respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ verilmişdir ki, bu, bir çox Avropa ölkələrindən əvvəl olmuşdur. Müsəlman dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda yaradılmışdır və biz bununla fəxr edirik.
Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, multikulturalizm, etnik və dini müxtəliflik məkanı olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib hissəsi olub. Müstəqillik illərində isə dünyanın ehtiyac duyduğu bu müsbət trendlər daha da güclənmişdir və mən bununla fəxr edirəm".
Daha bir məqamı yada salaq. Adından və məzmunundan da göründüyü kimi, Bakıda reallaşdırılan möhtəşəm beynəlxalq tədbir ancaq Avropa qitəsini əhatə edir. Lakin müxtəlif yarışların hakimlərinin sırasında dünyanın hər yerindən olan məşhur hakimlər də iştirak edirdilər. Onlar isə adi turist və ya sıravi idmançı deyil, dünya miqyasında tanınmış nüfuzlu adamlar olduqlarına görə Azərbaycanın həm Avropa miqyasında, həm də bütün dünyada təbliğində həmin hakimlərin istənilən sözünün və ya fikrinin kifayət qədər səmərəli olacaqdır. Yeri gəlmişkən, Bakıda batut idman növündə yarışan polşalı atletlərdən birinin havada olarkən müvazinətini itirərək yerə yıxılması zamanı azərbaycanlı könüllü Elçin Əlibəylinin çeviklik və fərasət nümayiş etdirməsi, qonaq idmançını hansısa xəsarətdən xilas etməsi ilk baxışda adi bir insanlıq nümunəsi kimi qiymətləndirilirdi. Ancaq oyunçulara və xüsusən, qeyd olunan məqama daha yaxın olan hakimin bizim könüllünün mərdlik keyfiyyətini təqdir etməsindən sonra az qala dünyanın bütün internet saytları və televiziyaları həmin anın videogörüntüsünü yaydılar.
Könüllülərdən söz düşmüşkən, şəxsən özümün şahidi olduğum iki məqamı da yada salmaq istəyirəm. İyunun 20-də axşam Avropa Oyunları parkının Bakı Su İdmanı Mərkəzində suyatullanma yarışlarına baxırdıq. Bizim əyləşdiyimiz yerdən bir az aşağıda əlillər üçün yer ayrılmış və xüsusi işarələnmişdi. Üstəlik, həmin yer elə hazırlanmışdı ki, əlil arabası ilə birbaşa ora qədər gəlmək mümkün idi. Oyunların başlanmasına bir neçə dəqiqə qalmış azarkeşlərdən ikisi həmin yerləri boş görüb orada oturdular. Yanımızdakı gənc jurnalist həmin oğlanlara etirazını bildirmək üçün ayağa qalxınca könüllülər səhv etmiş gəncləri oradan durğuzub oturacaqları yeri göstərdilər və bu zaman kürəyinə “Portuqal” yazılmış sarı idman köynəyində olan on-on iki nəfər əcnəbi bizim könüllülərin həmin addımını əl çalaraq alqışladı. Zalın başqa sektorundakılar bizim tərəfə baxır və portuqalların nəyi alqışladığını bilmədən onlara qoşulurdular. Portuqallar isə Azərbaycanda əlilə göstərilən ehtiramı, hətta, boş qalmış əlil yerində kiminsə oturmasına icazə verilməməsini alqışlayırdılar.
İkinci faktla isə iyunun 23-də, “Bakı Kristal Zalı-3” idman qurğusunda qılıncoynatma yarışlarına baxandan sonra rastlaşdıq. Gənc bir xanım əlil arabasında oturmuş qadını stadiondan çıxarırdı. Mən fikirləşdim ki, bu qız Kristal Zaldan magistral yola qədər olan uzun yol boyu arabanı necə sürəcək. Amma onlar idman obyektinin əsas qapısından çıxan kimi əlillərin daşınması üçün xüsusi hazırlanmış elektromobil yanlarında dayandı. Görünür, bu əlil soydaşımızı yarışa gətirəndə də həmin nəqliyyat vasitəsindən istifadə ediblər və indi də zaldan çıxdıqları barədə həmin xidməti məlumatlandırıblar. Elektromobili idarə edən 18-20 yaşlı qız (çox arzu edərdim ki, bizim könüllülər üçün hazırlanmış xüsusi gözəlliyə malik uniformadan növbəti Avropa Oyunlarında da istifadə edilsin) nəqliyyat vasitəsinin sağ böyründəki xüsusi qapını açdı və “qapı” əlil arabasının təkərlərinin altına qədər uzanıb körpü oldu. Arabanı maşına doğru sürdülər və mən bu qısa prosesə baxdığım müddətdə 6 - 7 dəfə fotoaparat şaqqıltısı eşitdim. Əcnəbi azarkeşlər ( bəlkə də, jurnalistlər idi) əlil azarkeşin idman sarayına gəlib-getməsi üçün yaradılmış şəraitin bir fraqmentini fotolentə çəkirdilər. Həmin an yadıma ulu öndərin bir deyimi düşdü və ürəyimdə təkrarladım: ...Fəxr edirəm ki, mən azərbaycanlıyam.
Bütün bunlar müasir Azərbaycanın və azərbaycanlıların yaratdığı standartlar idi. Biz onları Azərbaycan standartları adlandırsaq da, Avropa üçün formalaşdırmışıq. Həmin həqiqəti Prezident İlham Əliyev daha əhatəli ifadə edib: “Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib. Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks etdirsin”.
Bəli, birinci Avropa Oyunlarının yarışları keçirilən istənilən zala, stadiona, idman kompleksinə baş çəkərkən və ya, sadəcə, paytaxtımızda gəzərkən, ilk növbədə, Azərbaycan standartları və ölkəmizin dinamikliyi ilə rastlaşdıq. Bizimlə bərabər, bütün Avropa təmsilçiləri də həmin standartları və dinamikliyi alqışladılar, alqışlayırlar və alqışlayacaqlar.
Bir sözlə, “Bakı-2015” xalqımızın və dövlətimizin qüdrətini bir daha dünya miqyasındakı bütün dostlarımızın və bədxahlarımızın nəzərinə çatdırdı. Həmin məqamı birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarla görüşdə nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev daha ətraflı və daha qabarıq ifadə etmişdir:
“Bu Oyunlar imkan verdi ki, biz özümüzü göstərək. Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.