Azərbaycanın dünya birliyindəki mövqeləri gücləndikcə və dövlətimiz söz sahibinə çevrildikcə ölkəmizin inkişafını gözü götürməyən qüvvələr təşviş keçirir və qarayaxma kampaniyalarına əl ataraq beynəlxalq aləmdə getdikcə artan nüfüzumuza xələl gətirmək istəyirlər.
Öz ölkələrində hər addımbaşı baş verən insan haqlarının kobud şəkildə pozulduğunu “görməyən” bir sıra Qərb və Avropa dövlətləri Azərbaycanda nöqsan axtarır, “milçəkdən fil düzəltməyə” çalışırlar. Təəssüflə qeyd edək ki, özlərini dünyanın inkişaf etmiş demokratik dövlətləri kimi təqdim edən belələri antidemokratik əməllərdən əl çəkmir, Azərbaycana qarşı qarayaxma kampaniyasında “Freedom House”, “Human Rights Watch”, “Amnesty İnernational” kimi qərəzli beynəlxalq təşkilatların yalanla dolu hesabatlarına istinad edirlər. Həmin təşkilatların hazırladıqları hesabatlar bir neçə il əvvəl AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasseri də rüsvay etdi. Çünki K.Ştrasserin təqdim etdiyi “siyasi məhbus”ların bir neçəsinin dünyasını dəyişdiyi, bəzilərinin isə həbsdən vaxtından əvvəl azad olunduğu bəlli oldu. İndi isə almaniyalı deputatın yalan və iftiralarını həmin ölkələrin rəsmi dairələri davam etdirirlər. “Faktlar” isə yenə də eyni mənbədən, beynəlxalq aləmdə qərəzli və böhtançı kimi ad qazanmış QHT-lərin yalan və iftira ilə dolu hesabatlarından götürülüb.
Qərbin və Avropanın bir sıra dövlətlərinin, xüsusilə Almaniyanın ölkəmizə qarşı qarayaxma kampaniyası Azərbaycan ictimaiyyətinin, hüquq müdafiəçilərinin, QHT rəhbərlərinin və tanınmış ictimai-siyasi xadimlərin ciddi narazılığına səbəb olub.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən bunu Azərbaycanın getdikcə artan nüfuzu ilə əlaqələndirdi. Bildirdi ki, Azərbaycan artıq dünya birliyinə sürətlə inteqrasiya olunur və son illər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilib. Hüquq müdafiəçisi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini xüsusi vurğulayaraq dedi ki, Avropa Olimpiya Komitəsinin bu möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi barədə qərarından sonra antiazərbaycan qüvvələrin yuxusu sanki ərşə çəkilib. Onların ölkəmizə böhtan atmaları bir daha təsdiqləyir ki, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsini və postsovet ölkələri ilə müqayisədə sürətli inkişaf yoluna qədəm qoymasını heç cür qəbul edə bilmirlər.
Ç. Qənizadə Almaniyanın bəzi dairələrinin Azərbaycana qarşı qarayaxma kampaniyasını ölkəmizə bir təzyiq vasitəsi kimi dəyərləndirdi: “Xeyli müddətdir ki, Almaniyadan Azərbaycana qarşı xoşagəlməz təhdid və bəyanatların şahidi oluruq. Eyni zamanda, Almaniyadan olan deputatlar və onların əhatə dairəsinə daxil olan digər şəxslər tərəfindən də beynəlxalq təşkilatlarda ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılır. Bu, çox təəssüfedici haldır. Qeyd edim ki, Azərbaycan- Almaniya münasibətləri bizim tərəfimizdən daim dəstəklənib. Ölkəmiz bu əməkdaşlığın inkişafında həmişə maraqlı olub və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edib. Təəssüf ki, alman təbligat maşını, bir neçə ildir Azərbaycanın əleyhinə işləyir, özü də qeyri-obyektivcəsinə”.
Hüquq müdafiəçisi iki il öncə bir qrup deputatla birlikdə Berlində Almaniya Bundestaqının üzvləri ilə görüşü xatırlayaraq dedi ki, orada sağlam düşüncəli, Azərbaycanın inkişafını obyektiv qiymətləndirən deputatlar da var idi: “Təəssüf ki, ölkəmizə qarşı öz qərəzlərini, ikili mövqelərini açıq şəkildə ortaya qoyanlar da oldu. Məsələn, Bundestaqda Yaşıllar fraksiyasından və digər qurumlardan olan deputatların mövqelərini başa düşə bilmədik. Müzakirələr zamanı bizə aydın oldu ki, Azərbaycanın TAP və TANAP layihələrinə dəstək verməsindən sonra almaniyalı deputatlar və siyasi xadimlər bizə qarşı aqressiv olublar”.
Ç. Qənizadə dedi ki, Almaniyada müəyyən qurumlar bilavasitə, “Qazprom”la əlaqəlidir və onların görünən, görünməyən tərəfləri var. Təbii ki, bu məsələdə kənardan da müəyyən təsirlər olur: “Amma, son günlər Bundestaqda Azərbaycanla bağlı dinləmələrin keçirilməsi, məsələ müzakirə olunması və qətnamə qəbul olunması qərəzdən və təzyiq vasitəsindən başqa bir şey deyil. Prezident Administrasiyasının rəsmiləri Əli Həsənov və Novruz Məmmədov da bu böhtan və yalanlara obyektiv fikirlərini bildirdilər. Azərbaycan parlamentarilərinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qarayaxma kampaniyasının təşkilatçılarına və icraçılarına müraciətlə bildirdi ki, öncə özünüzə, ölkənizdə baş verən qanunsuzluqlara, insanların haqlarının kobud şəkildə tapdalanmasına baxın, sonra digər ölkələrdə nöqsan axtarın”.
Hüquq müdafiəçisi bildirdi ki, Almaniyada baş alıb gedən özbaşınalıq, günahsız insanlara qarşı kobud rəftar, zorakılıq və digər hüquq pozuntuları ilə bağlı kifayət qədər fakt var. O, Frankfurtda baş verən hadisələri xatırlayaraq dedi ki, bankın tikintisi zamanı baş vermiş korrupsiya hallarına etirazla əlaqədar küçələrə çıxmış insanlara qarşı zorakılıq, işgəncə halları, günahsız insanların həbs edilməsi, döyülməsi, etirazçıların polis atlarının ayaqları altına salınması faktları niyə görməzliyə vurulur? Məgər Almaniyanın dövlət rəsmiləri bu biabırçılıqdan xəbər tutmayıblar? Öz ölkələrində baş vermiş belə rüsvayçı halları qoyub, başqa ölkələrdə nöqsan axtarmaq hansı demokratiyanın təzahürüdür? Sözsüz ki, bütün bunlar ölkəmizin inkişafını gözü götürməyənlərin işidir və bu yolla Azərbaycanın siyasi kursunu dəyişməyə cəhd edirlər. Almaniyanın belə çirkin işlərdə öndə getməsi təəssüf doğurur.
Komitə sədri Avropa Şurasındakı dinləmələrə də münasibət bildirdi. Dedi ki, həmin dinləmələrdə ikili mövqe nümayiş etdirən, əsl həqiqəti deməyə cürət etməyən, riyakar siyasət yürüdən deputatların səyi nəticəsində “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və yeddi rayonunun işğalı” ifadəsi müzakirəyə təqdim olunan sənədlərdən çıxarılmışdı. Təəssüf ki, Azərbaycanla əməkdaşlıq edən, bizim təbii sərvətlərimizdən yararlanan Avropanın bir sıra dövlətləri, o cümlədən Almaniya da bu ədalətsizliyə göz yumur, əlavə olaraq, ölkəmizə qarşı böhtan xarakterli kampaniyalar aparırlar. Ç. Qənizadənin qənaətinə görə, bu cür ikili münasibətlər Avropanın bir sıra dövlətləri ilə münasibətlərinə Azərbaycanın yenidən baxılmasına gətirib çıxara bilər.
Ç.Qənizadə qeyd etdi ki, Avropada Azərbaycana qarşı nə qədər təzyiq vasitələrindən istifadə olunsa da, həmin qərəzlərin müəllifləri bir sıra hallarda faktlar qarşısında acizləşir və bəzi hallarda obyektiv qərarlar qəbul etmək məcburiyyətində qalırlar: “Mən bunu dövlət başçımızın düzgün müəyyənləşdirilmiş siyasi kursunun uğurlu nəticəsi hesab edirəm. Məsələn, yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar obyektiv hüquqi qiymətdir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Uorlik dərhal Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar Ermənistana qarşı” qərarını neytrallaşdırmağa çalışdı. Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı bu qərarın Dağlıq Qarabağın tənzimlənməsi formatına təsir etməyəcəyini bildirdi. Görürsünüzmü, necə çaşdırıcı, qeyri-müəyyən bu diplomatik fikirdir? Belə qərəzli fikirlər bir daha təsdiqləyir ki, Azərbaycanın inkişafı böyük gücələrin marağından kənardadır və onlar Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edə bilmirlər. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycanla bəyanatla və ya ultimatum yolu ilə danışmaq yolverilməzdir. Bunun mənası yoxdur. Çünki Azərbaycan seçdiyi siyasi yola sadiqdir və bu yolu davam etdirəcək".
Komitə sədri dedi ki, son vaxtlar antiazərbaycan kampaniyasının belə geniş vüsət almasının əsas səbəblərindən biri də ölkəmizin ilk Avropa Oyunları kimi möhtəşəm idman tədbirinə ev sahibliyi etməsi və bu tədbiri yüksək səviyyədə keçirməsidir. Xatırlayırsınızsa, hələ birinci Avropa Oyunlarının başlanmasına xeyli vaxt qalmış antiazərbaycan kampaniyasının ABŞ-ın dövlət katibi Con Kerrinin ofisində hazırlanması bəlli oldu. Bu çirkin kampaniyanın Avropada reallaşdırılması üçün, təbii ki, bir neçə dövlət seçilmişdi: “Böyük Britaniyada, Almaniyada və digər dövlətlərdə ölkəmizin əleyhinə dinləmələrin keçirilməsi də həmin ssenarinin qarşıya qoyduğu vəzifələrdən biri idi. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasının başında ABŞ dayanır və bu kampaniya Avropanın güclü dövlətləri vasitəsilə həyata keçirilir. Məlumdur ki, Almaniya Avropanın ən güclü dövlətlərindən biridir. Bu dövlətin razılığı olmadan bəzi məsələlərin reallaşdırılması mümkün deyil. Bu qarayaxma kampaniyalarının əsas məqsədi Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzunu zəiflətməkdir. Azərbaycanın tərəfdaş kimi tanınması və iqtisadi qüdrətinin getdikcə artması bəzi dövlətlərdə qısqanclıq yaradıb. Ancaq unudurlar ki, bu gün Azərbaycan Avropaya daha çox lazımdır”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.