Ermənistanda etiraz dalğası getdikcə böyüyür. Aksiya iştirakçıları bir neçə gündür ki, gecəni Baqramyan prospektində keçirirlər. Hazırda mitinq Yerevanın digər mərkəzi hissəsinə - Maştosa prospektinə doğru genişlənir. Polis isə vəziyyəti küçələrdə hərəkəti məhdudlaşdırmaqla nəzarətdə saxlamağa çalışır. Elə buna görə də dünən gecə saatlarında adıçəkilən prospektləri birləşdirən Fransa meydanı, Sayat Nova küçəsi tam bağlanılıb.
“NEWS.am” saytının məlumatında bildirilir ki, aksiyanın iştirakçıalrı Baqramyan prospektinə 100 metr uzunluğunda bayraq gətiriblər. Mitinqçilər həmin bayrağı polislə aralarındakı bufer zonada yelləyir, “Hayastan”, “Biz qalib gələcəyik” “Ölkəmizin sahibi bizik” şüarlarını səsləndirirlər.
Artıq aksiya iştirakçılarına sürücülər də qoşulub. Onlar siqnallar verməklə öz həmrəyliklərini nümayiş etdirirlər. Bu, Ermənistan rəhbərliyini ciddi təşvişə salıb. Şəhər polis idarəsinin rəisi Aşot Karapetyan aksiya iştirakçılarına yalvarmağa başlayıb ki, onlar bu fikirlərindən daşınsınlar və mərkəzi prospektləri bağlamasınlar.
Ermənistanın “UNN” agentliyinin yaydığı məlumata görə, aksiya keçirilən əraziyə xeyli sayda polis qüvvələri yeridilib, artıq onlar xüsusi hazırlıq vəziyyətinə gətirilib. Avtobuslarla Baqramyan prospektinə göndərilən əlavə polis qüvvələri tərəfindən nümayişçilər mühasirəyə alınıb. “Novosti Armeniya” agentliyi xəbər verir ki, Ermənistan polisinin rəhbəri Vladimir Qasparyan, polis qüvvələri komandanı Levon Yeronosyan və digər yüksək rütbəli zabitlər də ərazidədirlər.
“Jane’s Defence Intellegence” toplusunun Facebook səhifəsində Qərb hərbi kəşfiyyat mənbələrinə istinadla bildirilir ki, Dağlıq Qarabağda dislokasiya olunmuş bir neçə hərbi hissə də Yerevana aparılıb. Həmin birləşmələrin şəxsi heyətinin əsasən Dağlıq Qarabağ ermənilərindən ibarət olduğu vurğulanıb. Mənbənin məlumatına görə, bu bölmələrin Laçın dəhlizi istiqamətində hərəkəti Qərb ölkələrinin hərbi kəşfiyyat peykləri tərəfindən qeydə alınıb. Məxfiliyi qorumaq və əhali arasında təşviş yaratmamaq üçün qoşunların hərəkəti gecə saatlarında, bütün texnikanın işıqlarının tam söndürülməsi şəraitində reallaşdırılıb. 2000-2500 nəfərdən ibarət şəxsi heyəti olan bu birləşmələrin əsas hissəsi Yerevan şəhərinin, digər hissəsi isə Gümrünün ətrafında yerləşdirilib.
“Jane’s Defence Intellegence” toplusunun Facebook səhifəsində, həmçinin vurğulanır ki, Yerevanda baş verən etirazların fonunda prezident Serj Sarkisyan Ukraynadakı məlum hadisələrinin Ermənistanda təkrarlana biləcəyindən artıq təşvişə düşüb. Ona görə də şəxsi heyəti Ermənistan ermənilərindən ibarət hərbi hissələrə, necə deyərlər, bel bağlaya bilməməsi səbəbindən həmyerliləri saydığı Dağlıq Qarabağdakı hərbi birləşmələrə etibar edib.
Rusiyanın Gümrüdəki hərbi bazası da birinci dərəcəli hazırlıq vəziyyətinə gətirilib. Əlavə qüvvələrin yerləşdiriləcəyi barədə də məlumatlar yayılıb.
Gürcüstanda yaşayan bir qrup erməni də Ermənistanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib. Məqsəd Ermənistan hökumətinin elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarına etiraz etmək, Yerevanda keçirilən aksiyalara dəstək vermək olub. Aksiya iştirakçıları “Sarkisyan hakimiyyətinə yox deyirik”, “Hökumət elektrik enerjisinin qiymətini artırmamalıdır”, “Yerevanda keçirilən etiraz aksiyalarında saxlanılanlara azadlıq”, “Əmək haqları artırılsın”, “İnsanlara azadlıq” şüarları səsləndiriblər.
Hazırda ABŞ, Fransa, Almaniya və digər ölkələrdə yaşayan ermənilər də Ermənistanın bu dövlətlərdəki səfirlikləri qarşısında aksiyalar təşkil edir, sadə Ermənistan vətəndaşlarının səsinə səs verib, hökumətin məlum qərarına etirazlarını bildirirlər.
Ermənistanda yaranan vəziyyəti normal məcraya yönəltmək üçün hökumət müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Məsələn, baş nazir Hovik Abramyan aksiya iştirakçılarına 105 min təminatsız ailənin aylıq müavinətini 2000 dram (təxminən 4,2 dollar) artırmaq haqqında qərar qəbul olunduğunu bildirib. Ancaq bu, etirazla qarşılanıb. “Talana yox!” təşəbbüs qrupunun fəalları baş nazirin bu cür izahatını əsassız adlandırıblar və tələbləri yerinə yetirilməyincə etiraz aksiyalarını davam etdirəcəklərini diqqətə çatdırıblar.
Maraqlı məqam həm də odur ki, indiyədək aksiya iştirakçıları ilə görüşməkdən yayınan Ermənistan prezidenti Serj Sarkisyan hazırda mitinqçilərin bir qrupunu qəbul etməyə hazır olduğunu bildirir. Amma “Talana yox!”un fəalları öz nümayəndələrini Sarkisyanla görüşə göndərmək barədə belə fikirləşmirlər. Fəallardan Maksim Sarkisyan deyir ki, onların görüşdən qabaq təklif etdiyi şərtlər yerinə yetirilməyib. Belə ki, onlar prezidentlə görüşün canlı efirdə yayımlanacağı, aksiya iştirakçılarının prezident administrasiyası binasının yanına buraxılmasını istəyiblər.
“Talana yox” aksiya iştirakçıları avqustun birindən qüvvəyə minəcəyi gözlənilən elektrik enerji tariflərinin qaldırılması haqqında qanunun dondurulmasını, tariflər məsələsi ilə bağlı fəallarla danışıqlara başlamağı və iyunun 23-də səhər aksiya iştirakçıları və jurnalistlərə qarşı zorakılıq edən mülki geyimli polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Bu arada Ermənistan mətbuatında baş verən hadisələrlə bağlı müxtəlif rəylər bildirilir. ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “1 in.am” saytına müsahibəsində bu ölkədə davam edən oturaq aksiyanı “ictimaiyyətin kortəbii reaksiyası” adlandırıb. Səfirin bu fikrinin həqiqətdən kənar olması ilə bağlı siyasi analitiklərin fikirlərinə diqqət yetirək. Təhlilçilər qeyd edirlər ki, Ermənistanın forpost dövlət olması, bu səbəbdən müstəqil xarici siyasət yürüdə bilməməsi, ölkədə sosial-iqtisadi böhranın gündən-günə dərinləşməsi xalq hərəkatının baş verəcəyini göstərirdi. Yerevanda elektrik enerjisinin bahalaşması ilə start götürən daxili təlatüm və çaxnaşmalar isə bu prosesi daha da sürətləndirdi.
Bəli, işğalçı respublikanın üzləşdiyi ağır iqtisadi problemlər və son 20 ilin bütün iri energetik-kommunikasiya layihələrindən kənarda qalması, habelə təcrid olunması ona gətirib çıxarıb ki, Ermənistan iqtisadiyyatı tamamilə çöküb, ölkədə güclü emiqrasiya baş verib, yerdə qalan əhali isə ac-yalavac gündədir.
Politoloqlar hesab edirlər ki, burada sosial-iqtisadi şərait yalnız Ermənistan ordusunun işğal altındakı Azərbaycan torpaqlarından, eləcə də onun ayrılmaz parçası olan Dağlıq Qarabağdan çıxacağı təqdirdə normallaşa bilər.
Bu gün Ermənistan dövlətçiliyi süquta doğru gedir, erməni xalqı isə sosial-iqtisadi problemlərin girdabındadır. Hazırda sirr deyil ki, erməni xalqının başına gələn faciələrə Sarkisyan hökuməti ilə yanaşı, Qərb də məsuliyyət daşıyır. Xüsusilə ABŞ Ermənistanla bağlı paradoksal siyasət aparır. Belə ki, sözdə özünü Ermənistanın müstəqilliyinin, Rusiyadan ayrılmasının tərəfdarı kimi göstərir, reallıqda isə onun Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşmasına heç bir dəstək vermir və bununla da Ermənistanı Rusiyanın forpostu olmağa itələyir. Analtiklərin qənaətincə, Ermənistan regional iqtisadi layihələrə qoşulsaydı, Azərbaycandan neft-qaz məhsulları ala, elektrik enerjisini Türkiyəyə sata bilsəydi, bu ölkənin dövlətçiliyi möhkəmlənər, əhalinin sosial- iqtisadi vəziyyəti yaxşılaşardı.
Maraqlı məqam həm də odur ki, Qərb Ermənistan hadisələrinə kifayət qədər soyuqqanlı yanaşır. Sanki Ermənistanda heç nə baş vermir. Əslində burada da Qərbin ikili standartları açıq-aydın nəzərə çarpır. Ermənistanı həmişə olduğu kimi, indi də müdafiə etməsi diqqətdən yayınmır. Halbuki Ermənistandakı hazırkı kütləvi aksiyalar erməni xalqının cinayətkar və antixalq Serj Sarkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial-iqtisadi problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, antidemokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı üsyanıdır.
Etiraz aksiyasının hakimiyyət qüvvələri tərəfindən sərt şəkildə və xüsusi amansızlıqla dağıdılması işğalçı ölkədə antidemokratik durumun əyani göstəricisidir. Belə ki, Yerevanda yüzlərlə insan döyülüb, onlara fiziki xəsarət yetirilib, zorakılıq tətbiq olunub. Aksiyanın dağıdılması üçün xüsusi texniki vasitələrdən geniş istifadə edilib. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalıb və həbs olunublar. Ermənistan hakimiyyəti xalqın qəzəbindən qorxaraq ən qəddar vasitələrə əl atıblar.
Azərbaycanda hansısa kiçik bir məsələyə ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ayrı-ayrı Avropa dövlətlərinin rəsmi qurumları səviyyəsində münasibət bildirən Qərbin Ermənistanda baş verən ciddi qanun pozuntularına, vətəndaşlara, KİV nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı qəddar davranışa dair davamlı susqunluğu təəccüb doğurur. Azərbaycanda konkret cinayət əməli törətmiş hansısa şəxsin həbsini Dövlət Departamenti səviyyəsində tənqid edən ABŞ hökuməti Ermənistandakı hadisələrə bu ölkədəki səfirliyi vasitəsilə qəribə münasibət bildirir və həmin münasibətin özü də daha çox beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyil.
Bəli, təəssüfləndirici haldır ki, bütün bunlar Qərbin ikili standartlar, ayrı-seçkilik siyasətinin göstəricisidir. Bir ölkəyə qarşı planlı şəkildə, davamlı olaraq qarayaxma kampaniyası təşkil olunur, digər qonşu ölkədə etiraz aksiyasının amansız şəkildə dağıdılmasına, insan haqlarının tapdanmasına isə göz yumulur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.