“Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma,
anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır...
Multikulturalizmin alternativi yoxdur”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasıın Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi və məqalənin əsas qayəsini müəyyənləşdirəcək fikir təsadüfən seçilməyib. İkinci Bakı Beynəlxalq Humanitar Forumda dövlət başçımız tərəfindən bildirilən bu fikir, əslində, tam həqiqəti əks etdirirdi. Bakıda keçirilən mötəbər tədbir iştirakçıları da, şübhəsiz,
Azərbaycan Prezidentinin bu fikirləri ilə razı idilər. Çünki, onlar multikultural dəyərlərin təcəssümünü Azərbaycanda gördülər. O zaman bəlkə də bu terminlə çoxları tanış olmasa da, əslində, bu hər gün qarşılaşdığımız və bəhrəsini gördüyümüz həyat tərzidir. Məsələn, hər hansı bir əcnəbi Azərbaycan haqqında fikir söyləyərkən ilk olaraq buradakı ideal tolerantlıq mühitindən, qarşılıqlı anlaşma və qonaqpərvərlikdən danışır. Bütün bunlar multikulturalizm nümunəsidir.
Əlbəttə, bu baxımdan Azərbaycan şanslı ölkədir. Çünki, ölkəmizdə dialoq üçün geniş əsaslar və tarixi ənənələr var ki, bu da bizə öz imkanlarımızı genişləndirmək, dünyada sülhün təbliğatçısı qismində çıxış etmək üçün əlavə imkanlar verir. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitindədir, torpaqları işğal olunub, lakin dünya ölkəmizin mədəni dəyərlərə sahib çıxdığını, bütün addımlarında dialoq prinsiplərini gözlədiyini görür.
Tolerantlıqdan azərbaycançılığa və multikulturalizmə gedən yol
Dialoq üçün ilk lazım olan nədir ? Əlbəttə, bu sualın ən doğru cavabı tolerantlıq, multikultural dəyərlərə sadiqlikdir. Lakin problem bu tezislərin praktikada çətinliklə tətbiq olunmasıdır. Doğrusu, əksər ölkələrdə bunun tətbiqinin izahı yoxdur. Nəzəriyyələrdən çox danışmaq, bunun gözəl praktiki imkanlarının olması anlamına gəlmir. Görünən odur ki, tolerantlıqdan, multikultural dəyərlərdən, mədəniyyətlərarası dialoqdan danışan kifayət qədər ölkə var ki, orada bu sahədə əməli işdən əsər-əlamət yoxdur. Bunun üçün ilk vacib olan amil tolerantlıqdır. Bu, bir termin olaraq dini dözümlülüyü, dinin sülh konsepsiyasının müddəalarını və fərqlilik şəraitində olan yumşaq münasibəti ifadə edir. Bu, müasir dövrdə dünyanın ictimai-siyasi ab-havasında daha çox ehtiyac duyulan və əhəmiyyət verilən fəaliyyətdir. Bu yanaşma hər cür irqçiliyi, ksenofobiya və anti-semitizm kimi ayrı-seçkiliyi qəbul etmir.
Tədqiqatçı Susan Mendus bildirmişdir ki, “dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməyi və ya bu hərəkətin qarşısını almamasıdır”. O, daha sonra əlavə edir ki, “dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir”. Təbii ki, tədqiqatçının fikirləri ilə razılaşmamaq da olar. Əgər hər hansı bir mədəniyyətin daşıyıcısı olan insan qarşısındakı yad millətin dəyərinə hörmət etmirsə o, fərdi olaraq yox, qanunla cəzalandırılmalıdır. Və dünyanın hər bir yerində yad miqrant və ya yad etnosa məxsus vətəndaş ictimaiyyətin rahatlığını pozan hallara yol verərsə və bu, xüsusilə tarix, din, mədəniyyət kimi həssas mövzulara aid olarsa, ona dərhal reaksiya verilməli və bu, təbii hal kimi qiymətləndirilməlidir. Praktika sübut edir ki, hansı ölkədə ictimai qınaq güclüdürsə, həmin dövlət öz dəyərlərinə daha çox sadiq olur və inkişafa doğru yolda daha inamlı təsir bağışlayır. Sadəcə, tolerantlığın özəlliyi ondadır ki, hər hansı neqativ hala qarşı maksimum dözümlülük göstərməklə yanaşı, bunu qanun çərçivəsində və ya qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışır. Daha doğrusu, həmin müxtəlif konfessiyalar neqativ hallara qarşı birgə mübarizə ortaya qoyur və fəqlilikdən yaranan hər hansı bir narazılığın qarşısını almağa çalışır. Təbii ki burada əsas məsuliyyət din xadimlərinin, ruhanilərin, ziyalıların üzərinə düşür.
Böyük mütəfəkkir Mahatma Qandi qeyd edir ki, “ Yalnız bir dinin deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı hörmət və dözümlülük göstərilməlidir.” Bu baxımdan dinlər arasında dialoqun yaradılması, qarşılıqlı əməkdaşlıq və anlaşmanın qurulması istənilən müasir cəmiyyətdə demokratik dəyərlərin qorunmasına və inkişafına xidmət etməklə yanaşı, daxili sabitliyin təminatına da şərait yaradan amillərdəndir. Azərbaycanda tolerantlığın tarixi çox qədimdir. Belə ki, hələ eramızdan əvvəl ölkəmizdə yaşayan xalqlar müxtəlif dinlərə sitayiş etmişlər. Əhalinin bir hissəsi təktanrılığa, bir hissəsi xristianlığa, digər hissəsi zərdüştlüyə mənsub olmuşdur. Bununla belə, o dövrün tarixində kiçik istisnalar nəzərə alınmasa, dini zəmində müharibələrə rast gəlmək çətindir. Hələ Babil hökmdarlarının Yerusəlimi zəbt etmələri nəticəsində İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. Bundan savayı, xalqımızın etnogenezində yaxından iştirak etmiş xəzər-türk tayfalarının müəyyən bir qismi yəhudi dinini qəbul etmiş və ölkəmizdə məskunlaşmışlar. Daha bir tarixi xalqlarımızdan olan albanlar xristian dininə bağlı olmuş və onların məbədləri günümüzədək gəlib çatmışdır. Bundan əlavə, ölkəmizdə atəşə inanan bir qrup zümrə də olmuşdur ki, bu da fars Əhəməni imperiyasının təsiri nəticəsində yaranmışdı. Hazırda Suraxanı qəsəbəsində yerləşən və bu günə qədər gəlib çatmış Atəşgah məbədinə istər yerli, istərsə də uzaq Hindistandan belə zəvvarlar gəlmiş və ibadət etmişlər.
Lakin VII əsrdə yaranmış İslam dini bu coğrafiyaya gəlib çıxdıqdan sonra Azərbaycanda etnik və dini mənzərə xeyli dərəcədə dəyişdi. İlk ərəb orduları ölkəmizə daxil olduqda onlara tapşırılmışdı: Qocalarla, qadınlarla, uşaqlarla pis davranmayın. Ağacları kəsməyin, tarlaları dağıtmayın. Dini məbədləri sökməyin.Əhalini dinini dəyişməyə zorla məcbur etməyin...
İslamın ilk fəthlər dövründə göstərilən belə səmimi münasibət, əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da rəğbətlə qarşılandı. Və onların İslamın əxlaq və mərhəmət kodeksinə məhəbbəti getdikcə artmağa başladı. Beləcə üstündən 100 il keçdikdən sonra Azərbaycanda mütləq əksəriyyət müsəlman idi. Bu hadisə Azərbaycanda vahid dövlətin və vahid xalqın yaranması baxımından olduqca əlverişli oldu. Eyni zamanda, bu, düşmən hücumuna qarşı mübarizə əzmini artıraraq daxili birliyi təmin etdi.
Lakin bütün bu dəyişikliklərə baxmayaraq Azərbaycanda İslam dini mənsubları ilə digər dinlərin ardıcılları arasında kütləvi qarşıdurmalar, demək olar ki, baş verməmişdir. Xilafət dağıldıqdan sonra qurulan müsəlman dövlətlərində kifayət qədər gürcü, erməni, yəhudi tamamilə əmin-amanlıq içərisində yaşamış, onların hüquqları dövlət səviyyəsində həmişə qorunmuşdur. Əgər başqa müsəlman məmləkətlərində İslam dininin cihad və ya şəriət ehkamlarına əsas diqqət ayrılırdısa, Azərbaycanda vəziyyət nisbətən başqa cür idi. Burada dinin əsas ehkamları ilə yanaşı, onun əsas fəlsəfəsi olan elm öyrənməyə təşviq və sülh prinsiplərindən insanlarımız xeyli bəhrələnmişdir. Orta əsrlərdəki İslam intibah dövründə Azərbaycandan çıxmış böyük alimlərin olması və qarşıdurmalar olan yerlərdən qaçan insanların məhz bu ölkədə sığınacaq tapması buna əyani sübutdur.
Müqəddəs Qurani-Kərimin “əl-Bəqərə” surəsinin 256-cı ayəsində deyilir: “Dində məcburiyyət yoxdur”. Azərbaycanda bu müqəddəs ayəyə bütün dövrlərdə xalq tərəfindən riayət olunmuş, hətta tarix səhnəsinə gəlib-getmiş müsəlman sülalələri də İslamın bu şərtinə əməl etmişlər. Yəhudilər, xristianlar tarix boyu bu məmləkətdə sülh və əmin-amanlıq içərisində yaşamışlar. Bəzən hətta elə məqamlar olmuşdur ki, yerli əhalidən, müsəlmanlardan daha çox digər din mənsublarına qayğı ilə yanaşılmışdır.
Bundan əlavə, mədəniyyətlərarası dialoqu formalaşdıran ən böyük amillərdən biri azərbaycançılıqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir. Bu, həm də onlarca etnik qrupun ölkəmizdə sağlam münasibətlər əsasında birgəyaşayış prinsiplərinə əməl etməsi ilə izah olunur. Qohumluq, qarşılıqlı isti münasibətlər, adət-ənənə oxşarlığı və s. Bu barədə Akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində müstəqilliyimizin bərpasının ilk illərində azərbaycançılıqla bağlı fikirləri də yerinə düşür. Akademik azərbaycançılığı şərh edərkən yazır: “O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinizm və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi “azərbaycançılıq” artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”.
Bəzi Qərb tədqiqatçıları, xüsusilə məşhur siyasi nəzəriyyəçi Samuel Hantinqton “Sivilizasiyaların toqquşması” əsərində gələcəkdə mədəniyyətlərin toqquşmasını labüd sayaraq, burada əsas amilin dinlər, daha doğrusu, xristianlıq və İslam olduğunu nəzərə çatdırırdı. O hesab edirdi ki, İslam və xristianlıq tarixən bir-birini heç bir şəkildə qəbul etməmiş, müharibələr aparmış və təşəbbüs birindən digərinin əlinə keçmişdir. Biz tanınmış politoloqun əsərinə şərh vermək niyyətində deyilik, çünki Hantinqtonun nəzəriyyəsində haqlı müddəlar da yer almışdır və bu əsərdə tarixi baxımdan əsaslandırılmış dəlillər vardır. Lakin əminliklə deyə bilərik ki, dünyada müsəlman və xristian imperiyalarının bir-biri ilə savaşdığı dönəmlərdə də Azərbaycanda xristianlar və müsəlmanlar dostluq və mehriban qonşuluq prinsipləri ilə yaşamış və bəzi hallarda hətta müttəfiq də olmuşlar.
Bütün bu sadaladıqlarımız - etnik rəngarəngliyin və çoxkonfessiyalı sistemin qorunması Azərbaycanda tolerantlığın uğurlu təntənəsi və multikulturalizmin təcəssümü kimi qəbul olunmalıdır. Bu gün bu terminin bütün parametrlərdə izahı Azərbaycan praktikasında mümkündür. Belə olan təqdirdə dünyaya sülhün və barışın məhz Azərbaycandan ixrac olunması kimi, bəlkə də bəzilərinə fantasmaqoriya kimi görünə biləcək iddiaya heç bir inamsızlıq qalmır.
Bakı dünyanın dialoq mərkəzi kimi
2008-ci ildə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bakı prosesi həmin ildə Bakıda keçirilmiş Avropa Şurası mədəniyyət nazirlərinin toplantısında İslam Əməkdaşlıq Təşkilatının nümayəndələrinin iştirakı ilə başlamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu müsbət təcrübə artıq ona gətirib çıxardı ki, Bakı prosesi başlandı. Ondan sonrakı dövrdə digər beynəlxalq tədbirlər keçirilmişdir və nəhayət, Beynəlxalq Bakı Forumu artıq ənənəvi bir forum kimi formalaşmış və indi bu proses uğurla davam edir.
Artıq ötən yeddi il ərzində Bakı çoxsaylı tədbirlərə ev sahibliyi etdi. Humanitar forumların məhz Bakıda keçirilməsi bu təcrübənin müsbət tərəflərinin qiymətləndirilməsidir. Baxmayaraq ki, Azərbaycan özü humanitar fəlakətlə üzləşmişdir. Uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqları işğal altındadır. Əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və onun ətraf rayonları erməni işğalçı qüvvələri tərəfindən zəbt olunmuşdur. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə salınmışdır. Torpaqlarımızın 20 faizi işğal altındadır. İşğal edilmiş bölgələrdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıbdır. Prezident İlham Əliyevin də çıxışlarında bildirdiyi kimi, beynəlxalq təşkilatlar, xüsusilə, ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir və onların məruzələrində açıq-aydın göstərilmişdir ki, bu regionda hər şey məhv edilmişdir. BMT Təhlükəsizlik Şurasının erməni işğalçılarına qarşı qəbul etdiyi dörd qətnaməsinə bu gün Ermənistan rəhbərliyi tərəfindən əməl olunmur. Baxmayaraq ki, Azərbaycan belə dözülməz halla qarşı-qarşıyadır. Lakin ardıcıl olaraq Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlərə ev sahibliyi etməyimiz xalqımızın multikulturalizmə dərin köklərlə bağlı olduğunu bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan Respublikası qonşu dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan sıx münasibətlərə malikdir. Burada iqtisadi və siyasi, eyni zamanda mədəni münasibətləri qeyd etmək olar. Azərbaycanın Türkiyə, Rusiya, ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya və sair Avropa və Asiya ölkələri ilə geniş müstəvidə ciddi əlaqələri və sağlam münasibətləri mövcuddur. Bütün bunların hamısı Azərbaycan dövlətinin balanslaşdırılmış siyasətə sadiq qaldığının və mehriban qonşuluq prinsiplərinə həssaslıqla yanaşdığının göstəricisidir. Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi və dünyanın müxtəlif ölkələrindən qonaqların təşrif buyurması da buna nümunədir. Forumun əsas mövzularından biri də iqtisadi inkişafın humanitar aspektləridir. Azərbaycanın torpaq işğalına və etnik təmizləməyə məruz qalmasından asılı olmayaraq, bu gün ölkəmiz 10 il ərzində aparılan islahatlar nəticəsində iqtisadiyyatını 3,4 dəfə artıra bilmişdir. Ölkəmiz bu 10 il ərzində qarşıya bir sıra hədəflər qoymuşdu. Bu hədəflərdən biri də qeyri-neft sektorununun inkişafını təmin etmək idi. Bu proses indi də yüksək templə davam etdirilir. Ümumi daxili məhsulumuzda hazırda qeyri-neft sektorunun üstünlük təşkil etməsi də buna əsaslanır.
Dünyada sivilizasiyaların azsaylı qovşaqlarından hesab olunan ölkəmizdə bu forumların Bakı prosesinin əsasını təşkil etməsi danılmazdır. Bu tədbirlər olduqca mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, son on ildə Azərbaycan bu kimi beynəlxalq əhəmiyyətli nəhəng tədbirlərə ev sahibliyi edir. Cənubi Qafqazda və Mərkəzi Asiyada ilk dəfə olaraq Bakıda Davos Ümumdünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı keçirilmişdir. Eyni zamanda üç dəfə Mədəniyyətlərarası Dialoq Forumu baş tutmuşdur. Bunun səbəbi şübhəsiz ki, Azərbaycanın son on il ərzində yüksək iqtisadi yüksəliş yolu keçməsi və regionda bütün sahələrdə təşəbbüsü ələ alması ilə izah oluna bilər. Bu il Bakıda möhtəşəm idman yarışlarının, ilk Avropa Oyunlarının keçirilməsi də ölkəmizə olan etimadıntəzahürüdür. Yenə də, əlbəttə, dayanırıq dialoq üzərində. Uğurlu dialoq qurulmasaydı, bunların heç birini reallaşdırmaq mümkün olmazdı. Dialoq prinsipləri uğurlu təməllərə söykənməsə, heç bir iqtisadi və siyasi maraqların müdafiə edilməsindən, heç bir maliyyə, siyasi mövqe, diplomatik uğurdan söhbət gedə bilməz. Bu yalnız çoxkonfessiyalı, çoxmillətli dünyada güclü dialoq aparma sayəsində baş tuta bilər. Bu baxımdan bu gün ölkəmizi dünyanın humanitar mərkəzlərindən hesab etməkdə ekspertlər haqlıdır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan ölkəmiz bu formatda tədbirlərə ev sahibliyi edilməsi üçün ideal məkandır.
Şübhəsiz ki, bütün bu mədəni uğurlar Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin labüdlüyünü artırdı və ölkəmiz bu möhtəşəm tədbirin təşkilinin təşəbbüskarı kimi çıxış etdi. Terrorun, işğalın, təhdid və təzyiqlərin baş alıb getdiyi müasir dünyamızda belə arqumental təklif, əlbəttə, bəyənilməyə bilməzdi. Və bu gün həm ölkəmiz, həm də dünyanın ən mötəbət beynəlxalq təşkilatları Bakıda keçiriləcək bu tədbirə hazırlaşır. Çox istərdik ki, Bakının multikultural ahəngini dünyaya göstərmək üçün istifadə etdiyimiz vasitələrdən biri də Multikulturalizm Muzeyinin yaradılması olsun. Muzeydə tariximizdə multikulturalizmə əsaslanan münasibətləri əks etdirən nümunələr, sənədlər, əsərlər, hətta ən kiçik şeir belə nümayiş etdirilsin. Azərbaycan dövlətlərinin başqa dinlərə, digər millətlərə mənsub qonşu dövlətlərilə olan xoş münasibətlərini əks etdirən sənədlər nümayiş etdirilsin. Bundan əlavə Multikulturalizm Mərkəzində Azərbaycanda mövcud olan bütün dinlərin ən azı bir nümayəndəsi təmsil olunsun. Bundan sonra ümumdünya mədəniyyətlərarası dialoq forumuna qədər bu dialoqun məzmunu, qazandığımız uğurlar və gözləntilərimizlə bağlı konkret kitab yazılaraq forum iştirakçılarına paylanılsın.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xoşməramlı siyasət, həmçinin müxtəlif mədəniyyətlərin və qitələrin qovuşuğunda yerləşən ölkəmizin həm geosiyasi vəziyyəti, həm də mədəni zənginliyini “Bakı prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və ona qonşu regionların hüdudları çərçivəsindən çıxararaq daha qlobal səviyyəyə yüksəltməyə nail olmuşdur. Bu da istənilən rakursdan baxanda Azərbaycan üçün böyük dividenddir. Təbii ki, ötən forumlarda iştirak edən dünyanın tanınmış alimləri və siyasətçilərinin bəyanatlarında, açıqlamalarında Azərbaycana olan ən yüksək münasibət özünü göstərdi. Onlar Bakını dünyanın dialoq mərkəzi kimi gördülər və bunu etiraf etdilər. Bütün bunlar onu deməyə əsas verir ki, “Bakı prosesi”nin ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edəcəyini indidən təxmin etmək olar. Dünyanın dialoq məkanı missiyasının Bakıya veriləcəyinə bununla heç bir şübhə qalmır. Bu isə yalnız Azərbaycan dövlətinin, xalqımızın gələcək qələbələrinin yeni erası kimi qəbul olunmalıdır.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.