Azərbaycan Ordusu istənilən vəzifəni həll etməyə hazırdır və buna qadirdir

Azərbaycan Ordusu bu gün nəinki bölgədə,
dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına,
həm döyüş qabiliyyətinə, həm də təchizata görə.
Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir.
Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir.
Mən Ali Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna,
ordunun inkişafına öz dəstəyimi verəcəyəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı


 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə başladığı gündən qarşıya qoyduğu prioritet məsələlərdən biri  Milli Ordunun yaradılması oldu. Ulu öndər ilk gündən ordu quruculuğu prosesinə başladı. Başıpozuq, yarımhərbi birləşmələr, ayrı- ayrı qruplara xidmət edən özünümüdafiə batalyonları ləğv edildi. Vahid komandanlıqdan idarə edilən nizami ordunun formalaşdırılması prosesi uğurla həyata keçirildi.

Qısa bir vaxtda hərbi birləşmələr komplektləşdirildi, Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırıldı. Ordu müasir hərbi texnika, silah-sursatla təchiz edilir, milli zabitlərin hazırlanması istiqamətində bütün imkanlardan istifadə olunurdu.

Hələ SSRİ dövründə ümummilli lider Heydər Əliyev İttifaq rəhbərliyinin razılığını alaraq,  respublikamızda  hərbi təhsil sisteminin yaradılmasına başlamışdı. Ulu öndərin səyi nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb fəaliyyətə başladı. Azərbaycanda  hərbi təhsilə maraq getdikcə artırıldı. Müdrik şəxsiyyət  bu işləri həyata keçirərkən Azərbaycanın nə vaxtsa müstəqil ölkə olacağını düşünmüşdü. İndi ordumuza rəhbərlik edən generallar, yüksək rütbəli zabitlər  ulu öndərin bünövrəsini qoyduğu hərbi məktəblərimizin yetirmələridir.

 Müstəqil Azərbaycana rəhbərlik edən ulu öndər  cəmiyyətdəki ruh düşkünlüyünü aradan qaldırmaq, gənclərin vətənpərvərlik tərbiyəsini möhkəmləndirmək məqsədilə gənclərin hərbi peşəyə cəlb edilməsi sahəsində böyük işlər gördü. Nəticədə hərbi məktəblərdə təhsil almaq istəyən gənclərin sayı dəfələrlə artdı. Həmçinin yüzlərlə gənc hərbi təhsil almaq üçün dünyanın ən qabaqcıl hərbi məktəblərinə göndərildi. Bununla yanaşı, ölkəmizdəki hərbi təhsil müəssisələrində əsaslı dəyişikliklər həyata keçirildi. Bu çərçivədə görülmüş işlərin davamı olaraq 1997-ci ildə hərbi təhsil müəssisələrində NATO standartları tətbiq edilməyə başlandı. Nəticədə gələcək zabitlərin daha peşəkar, müasir hərbi texnikanı, silahları daha mükəmməl öyrənməsi üçün hər cür şərait yaradıldı. Ulu öndər Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əməkdaşlığının sürətləndirilməsi istiqamətində mühüm addımlar atdı.

Silahlı Qüvvələrin dünya standartları səviyyəsində formalaşdırılması üçün  NATO ilə əlaqələri genişləndirildi. Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildə “Planlaşdırma və analiz” proqramına, 2001-ci ildə “Fərdi tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. Azərbaycan sülhməramlıları Kosovo, Əfqanıstan və İraqda dövlətimizi ləyaqətlə təmsil etməklə ordumuzun qüdrətini bir daha sübut etdilər. Ordu quruculuğu sahəsində aparılan islahatlar, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda güclü, qüdrətli Milli Ordu formalaşdı. Milli Ordumuz tədricən Cənubi Qafqazın ən güclü ordusuna çevirdi.

Ulu öndərin siyasi xəttini  inamla davam etdirən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən  Silahlı Qövvələrin  daha da inkişaf etdirilməsini diqqət mərkəzində saxladı və bu sahədə  həlledici uğurlara imza atdı. Azərbaycan  Prezidenti İlham Əliyev hələ 2003-cü ildə, dövlət başçısı postunda fəaliyyətə başladığı ilk günlərdə bəyan etmişdi ki, ordu quruculuğunun inkişaf etdirilməsi onun fəaliyyətində prioritet istiqamətlərdən biri olacaqdır. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü və döyüşkən bir ordunun yaranmasına səbəb oldu. Artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər.

Ölkəmizin son illərdə iqtisadi qüdrətinin artması Silahlı Qüvvələrimiz üçün ayrılan büdcənin dəfələrlə artmasına zəmin yaradıb. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2010-cu ildə 2,7 milyard ABŞ dolları, 2011-ci ildə 3,413 milyard ABŞ dolları, 2012-ci ildə 3,474 milyard ABŞ dolları, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib.

Azərbaycan 2015-ci ildə isə dövlət büdcəsindən hərbi qurumların (Fövqəladə Hallar Nazirliyi istisna olunmaqla) saxlanılmasına  4  milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bu da səbəbsiz deyildir. Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin dayağıdır.

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə Milli Ordunun  müasirləşdirilməsı, maddi-texniki bazasının gücləndirilməsi dövlətin həyata keçirdiyi siyasətin prioritetidir. Ali Baş Komandan İlham Əliyevin və ordu rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da güclənmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Hazırda  Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir. Son illər formalaşan hərbi sənayemizin hesabına biz nəinki öz ordumuzu müasir silah-sursatla təmin edirik, hətta bir çox xarici ölkələrə öz məhsullarımızı ixrac etməyə başlamışıq. Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, müdafiə sənayesi potensialının artırılması istiqamətində atılan addımlar da ordumuzun gücünə güc qatır.Bunu şərtləndirən ən mühüm amillərdən biri də 2005-ci ildə  Azərbaycan Prezidentinin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başlamasıdır. Qısa vaxtda nazirliyin tabeliyinə verilən müəssisələrdə yenidənqurma işlərinə başlanılması və son illərdə dövlətimizin başçısının iştirakı ilə nazirliyin 30-a yaxın müəssisəsində yeni istehsal sahələrinin istifadəyə verilməsi bu gün ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsində çox mühüm rol oynayır.

 2008-ci və 2011-ci illərdə keçirilən möhtəşəm hərbi paradlar, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunan hərbi parad bir daha təsdiqləyir ki, Azərbaycan özünün hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub. Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədədir, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilir.

Ötən illər ərzində ordu quruculuğu sahəsində həyata keçirilən mühüm  tədbirlər  nəticəsində Azərbaycanda müdafiə sənayesi sahəsində əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, Müdafiə Sənayesi Nazirliynin tabeçiliyində olan strateji müəssisələrin yenidən qurulması, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən qabaqcıl texnologiyalarla təchiz edilməsi çeşidli hərbi məhsulların hazırlanması ilə yanaşı, yeni nəsil silah, sursat və digər avadanlıqların istehsalına zəmin yaranmışdır. Son illər bu müəssisələrdə silsilə yenidənqurma tədbirləri həyata keçirilmiş, dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunmuş dəzgah və avadanlıq quraşdırılmışdır. Məsələn, “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron hesablayıcı maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk” zavodları bu gün hərbi müdafiə sənayesinin əsas sütunları kimi dəyərləndirilməlidir. Bu müəssisələrdə aviasiya, naviqasiya, neft sənayesi, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə həm təkmilləşdirilir, həm də ən yeni nəsil müasir texnologiyalar istehsal olunur.

Eyni zamanda, respublikamızda hərbi-sənaye təyinatlı məhsulların istehsalı üçün strateji müəssisələrin texniki imkanlarının daha da gücləndirilməsi və modernləşdirilməsi ilə bağlı davamlı tədbirlər görülür. Məsələn, “İqlim” və “Dalğa” kimi elm-istehsalat müəssisələrinin fəaliyyətə başlaması müdafiə sənayesi sektorunda dinamizmin daha da yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edib. Bu strateji obyektlər quraşdırılan modern avadanlıq və tətbiq edilən yeni texnologiyalar hesabına ən müasir standartlara cavab verən müdafiə təyinatlı məhsulların istehsalına görə mühüm əhəmiyyətə malikdir

Bu gün Silahlı Qüvvələrimizin hərbi arsenalında T-72, T-80 və T-90 tankları, Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlər, MiQ-29 “Fulcrum”  və  Pakistan istehsalı olan JF-17 döyüş təyyarələri, “Orbiter”, “Aerostar”, “Seacher”, “Hermes-450", ”Heron" tipli pilotsuz kəşfiyyat təyyarələri, Rusiya istehsalı olan S-300 PMU-2 “Favorit” və İsrail istehsalı olan “Barak-8" zenit-raket kompleksləri, ”Green Pine" radarları və digər müasir silah növləri mövcuddur.

Hazırda Azərbaycan müdafiə sənayesi sahəsində 40 ölkədən 70 şirkətlə əməkdaşlıq edir. Bu gün fəaliyyətdə olan onlarca hərbi zavodda 750 adda hərbi təyinatlı silah-sursat, məhsul istehsal edilir. Respublikamızda istehsal olunan müdafiə təyinatlı məhsullar beynəlxalq sərgilərdə maraqla qarşılanır və diqqəti cəlb edir.

1997 - ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə, sülhməramlı tabor NATO xəttilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir.  Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən orduları ilə bir sırada dayanır.

Azərbaycan postsovet məkanının ən güclü 4-cü ordusuna malikdir. Bunu beynəlxalq səviyyədə keçirilən sorğuların nəticələri də təsdiqləyir. “Global Firepower” saytının hər il tərtib etdiyi dünyanın ən güclü orduları siyahısında da bunun şahidi oluruq. Bu siyahıda Azərbaycan ən güclü ordular siyahısında yer aalıb. 106 ölkənin yer aldığı siyahıda ölkənin ümumi iqtisadi gücü və strateji qaynaqlara yaxınlığı kimi bir çox amillər nəzərə alınıb.

Göründüyü kimi, ölkəmizin hərbi-sənaye potensialı ildən-ilə güclənir, Milli Ordunun daha da gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün güclü, qüdrətli, işğal altında olan ərazilərimizi hər an düşməndən azad etməyə qadir olan mətin ordu formalaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Güclü və qüdrətli ordu potensialımız bizi əsas məqsədimizə, işğal edilən torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında