Almaniya tarixən olduğu kimi, indi də Avropada baş verən bütün proseslərin mərkəzində yer tutmaqdadır. Bu da təsadüfi deyildir. XX əsrdə Avropanın və eləcə də, bütün dünyanın tarixində dəhşətli iz qoyan I və II dünya müharibələri, habelə “soyuq müharibə” dövrü birbaşa Almaniya ilə bağlıdır.
Xüsusən 1990-cı ildə II dünya müharibəsində qalib gəlmiş dörd dövlətin-SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın “xeyir-duası” ilə Almaniya Demokratik Respublikasının (ADR) Almaniya Federativ Respublikasına (AFR) birləşdirilməsi “qoca qitə”də “cavan” güclü dövlətin yaranmasını şərtləndirsə də, eyni zamanda gələcəkdə məlum arealda yeni təhlükəli tendensiyaların yaranması üçün münbit şəraiti formalaşdırmışdır. Fikrimizi məntiqi ardıcıllıqla izah etməyə çalışaq.
1990-cı il sentyabrın 12-də Almaniyaya münasibətdə yekun tənzimlənmə müqaviləsi (“2+4" müqaviləsi və ya Moskva müqaviləsi”) AFR-in işğal statusunun qalıqlarını və ilk növbədə qalib dövlətlərin bu ərazidə hüquqlarını ləğv etsə də, hər halda bir sıra məhdudiyyətləri də qoruyub saxlamışdır.
Birincisi, Bundesver (AFR-in silahlı qüvvələri) ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdur. AFR-in silahlı qüvvələri 4 il ərzində 370 min nəfərə qədər ixtisar edilməli idi. 1954-cü il Paris protokollarında əks olunmuş kütləvi qırğın silahlarının istehsalı, saxlanılması və yayılmasından imtina etmək siyasətinə sadiqliyini təsdiqləyirdi. Müqavilədə göstərilirdi ki, Almaniya torpağından yalnız sülh təşəbbüsləri gəlməlidir. Almaniya silahlı qüvvələrindən yalnız BMT-nin razılığı əsasında istifadə oluna bilər.
İkincisi, Almaniyaya hərbi-siyasi məsələlər üzrə referendum keçirilməsi qadağan edən öhdəliklər bir daha təsdiqlənirdi.
Üçüncüsü, Moskva müqaviləsi birbaşa da olmasa, hər halda 1952-ci il Bonn müqaviləsi ilə müəyyən edilmiş mexanizmi qüvvədə saxladı. Başqa sözlə, Almaniya xarici siyasət məsələləri ilə bağlı qalib dövlətlərlə müntəzəm məsləhətləşmələr aparmalıdır. Düzdür, Moskva müqaviləsinin imzalanması ilə əslində Bonn müqaviləsi öz fəaliyyətini dayandırırsa da, məlum məhdudiyyət öz qüvvəsini saxlayırdı. Razılaşmaya görə, yalnız Almaniya ilə sülh müqaviləsi imzalanacağı təqdirdə həmin məhdudiyyət aradan qalxa bilərdi. Lakin Moskva müqaviləsi hüquqi baxımdan sülh müqaviləsi statusuna malik deyildi.
Nəhayət, AFR sülh müqaviləsi imzalanana qədər ərazisindən xarici silahlı qüvvələrin çıxarılmasını tələb edə bilməzdi. Bu öhdəlik 1952-ci il Bonn müqaviləsində də əks olunmuşdu. Moskva müqaviləsi Almaniya ərazisindən qalib dövlətlərin qoşunlarının çıxarılmasının müddətini, habelə bu məsələ ilə bağlı Almaniya tərəfindən qalib dövlətlərə müvafiq müraciətin ünvanlanması mexanizmini özündə ehtiva etmirdi. Yeri gəlmişkən, Sovet İttifaqı yalnız könüllü olaraq 1994-cü ilin avqust ayında qoşununu AFR-dən çıxarmışdır. Bu sahədə məhdudiyyət yalnız NATO qüvvələrinin keçmiş Almaniya Demokratik Respublikası ərazisində yerləşdirilməsinə qarşı tətbiq olunurdu. Sonradan bu məhdudiyyətin yalnız kağız üzərində qaldığı da bəllidir.
Vahid alman dövlətinin yaranmasına “soyuq müharibə”nin başa çatmasının indikatorlarından biri kimi yanaşanlarla yanaşı, bu hadisənin Avropa üçün qaranlıq perspektivlər vəd etdiyini bildirən məşhur düşuncə sahibləri də vardır.
1990-cı ilin may ayında məşhur ABŞ sosioloqu Daniel Bell “Dissent” jurnalında çap etdirdiyi “Almaniya-fasiləsiz qorxu” başlıqlı məqaləsini Osvald Şpenqlerdən gətirdiyi bir sitatla başlayır: “ Tarix-bu taledir”. Sonra fikrini davam etdirən ekspert ilk baxışdan təəccüblü görünən, lakin olduqca ibrətamiz bir tezis irəli sürür: “Əlbəttə, Almaniyanın birləşməsinə sevinmək lazımdır. Ancaq bu hadisənin nəticəsi olaraq meydana gələcək yeni və köhnə təhdidlər, çağırışlar tez bir zamanda əvvəlki pozitiv emosiyaların üstündən xətt çəkə bilər.”
Elə həmin ilin avqustunda digər tanınmış amerikalı alim Con Mirşaymer “Biz niyə tezliklə “soyuq müharibə” üçün darıxacağıq” adlı kifayət qədər ciddi siyasi rezonansa səbəb olan bir məqalə nəşr etdirdi. Bu müəllif də eyni narahatlığını ifadə etdi. Amerikalı mütəxəssisin mövqeyinə görə, Almaniyanın birləşdirilməsi Avropanın II dünya müharibəsinə qədərki dövr siyasətə qayıdışı riskini artırır. Həmin dövr siyasətinin mərkəzi elementi isə, heç kəsə sirr deyildir ki, faşist Almaniyası olmuşdur. Mirşaymerin 25 il əvvəl gəldiyi qənaətə görə, Almaniya millətçiliyin artması yoluna yuvarlana bilər. Bu gün “Avropanın lokomotivi” hesab olunan Almaniyada baş verən və əslində bütün qitə üçün təhlükə mənbəyi olan prosesləri izlədikdə yuxarıda fikirlərinə istinad etdiyimiz hər iki müəllifin siyasi erudisiyasına və öncəgörmə qabiliyyətinə heyran olmaya bilmirsən.
2014-cü ilin oktaybr ayında Almaniyanın Drezden şəhərində qatı irqçi B. Lults tərəfindən yaradılmış PEGİDA-Qərbin İslamlaşdırılması Əleyhinə Avropalı Vətənpərvərlər Hərəkatı “Qoca qitə”də şovinist qüvvələrin antiislam mübarizəsinin bayraqdarı roluna iddialıdır. Artıq hərəkat Almaniyanın bir sıra şəhərlərində öz şəbəkəsini və “brend”ini yaratmışdır: Düsseldorfda-DÜDİGA, Leypsiqdə-LEGİDA, Vyurtsburqda -WÜGIDA, Kölndə-KÖGİDA. Almaniya Kansleri Angela Merkel bir müddət öncə Berlində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birlikdə keçirdikləri mətbuat konfransında “İslam alman həyatının tərkib hissəsidir. PEGİDA-nın tərəfdarları ürəklərində nifrət bəsləyən insanlardır,”-fikrini səsləndirsə də, antiislam hərəkatın 2015-ci ilin yanvarın 12-də Drezdendə keçirdikləri yürüşdə 25 min nəfərdən artıq insanın iştirak etməsi artıq sivil dünya üçün həyəcan siqnalı kimi qəbul edilməlidir. Unutmaq olmaz ki, nasional-sosialistlər də XX əsrin 20-ci illərində Münhendə şovinist hərəkat formalaşdıranda almanların mütləq əksəriyyəti onları ciddi bir qüvvə kimi qəbul etməmişdi. Bu məsuliyyətsiz yanaşmanın bəşəriyyəti hansı fəlakətə sürüklədiyini isbat etməyə lüzum yoxdur. Sübuta ehtiyac olmayan digər həqiqət də ondan ibarətdir ki, Almaniyanın məlum tarixi və bugünkü təhlükəli reallıqları fonunda Azərbaycana qarşı qarayaxma və şər kampaniyasında yer alması gülünc görünür. Almaniya Bundestaqında hakim və müxalifət partiyalarının ümumalman xarakterli məsələlərində göstərdikləri barışmaz mövqe fonunda regionun lider dövləti olan, regionda sabitlik adası statusunu daşıyan Azərbaycana münasibətdə nümayiş etdirdikləri “unikal həmrəylik”yalnız ilk baxışdan təəccüblü görünür. Əslində ölkəmizə münasibətdə nəyin baş verdiyi sualına Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun cavabı kifayət qədər dolğun və ibrətamizdir: “Belə anda biz beynəlxalq islamafob qüvvələrlə üz-üzə gəlirik. Yəni antiazərbaycan kampaniyasının arxasında duran birinci amil, səbəb beynəlxalq islamafob qüvvələrin bir müsəlman dövləti olaraq Azərbaycanı özlərinə bərabər bir dövlət kimi öz sıralarında görmək istəməməsidir. Yəni müsəlman dünyasında onların təqdim etdiyi kimi həmişə xaos, anarxiya olmalıdır. Eyni zamanda insanlar bir-birini öldürməlidir. Gecə-gündüz partlayışlar olmalıdır - İraqda, Suriyada, Yəməndə, Misirdə, Liviyada baş verən proseslər bütün müsəlman dünyasına aid olunmalıdır. Nümunəvi modern müsəlman dünyası dünyada təqdir olunmamalıdır”.
Yuxarıda apardığımız təhlillərdən sonra gəldiyimiz nəticə sadə və məntiqidir. Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfra bərabərdir. Səbəbi isə aydındır. Azərbaycanda belə eksperimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası ölkədə, xalq-hakimiyyət vəhdəti vardır. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə kimi qalacaqlar.
“Ziyanın yarısından qayıtmağın özü bir xeyirdir” kəlamından çıxış edərək, Prezident İlham Əliyevin həmin antiazərbaycan qüvvələrə ünvanladığı olduqca ibrətamiz və xəbərdaredici fikirləri ilə yazıya yekun vururam: “Əlbəttə, antiazərbaycan qüvvələr bizə qarşı durmadan fəaliyyət göstərirlər. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər. Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik.”
Elman NƏSİROV,
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar
İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının
beynəlxalq əlaqələr komissiyasının katibi,
siyasi elmlər doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.