Son vaxtlar dünyanın diqqəti yenidən Azərbaycana yönəlib. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə ölkəmiz bir daha öz iqtisadi qüdrətini, gücünü otraya qoydu, siyasi və mədəni sahələrdə qazandığı uğurların təsadüfi olmadığını təsdiqlədi. Belə bir möhtəşəm idman tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsi ölkəmizin beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsinin bariz nümunəsidir .
“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi, qədimliyin və müasirliyin bənzərsiz vəhdət təşkil etdiyi ölkəmizin coğrafi mövqeyi ilə dünyanın diqqətini Azərbaycana yönəltdi. Açılş mərasimində ən yüksək Olimpiya standartlarının nümayiş etdirilməsi dünyanın idman tarixində mühüm hadisə kimi yadda qaldı. Artıq birinci Avropa Oyunları dünyanın aparıcı kütləvi informasiya vasitələrinin baş xəbərlərinə çevrilib. Bu tədbir beynəlxalq media məkanında nadir idman hadisəsi adlandırılır. Birinci Avropa Oyunlarının açılış mərasimində dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin, tanınmış mədəniyyət və idman xadimlərinin iştirak etməsi ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasını bir daha təsdiqlədi. Bu tədbir öz milliliyi, eyni zamanda, müasirliyi və qeyri-adiliyi ilə milyonlarla tamaşaçını heyran qoydu.
Azərbaycan müstəqilliyinin 24 ili ərzində bütün sahələrdə–iqtisadi, siyasi və mədəni istiqamətlərdə qazandığı uğurları bu açılış mərasimi ilə bir daha bütün dünyaya təqdim etdi. Söz yox ki, son illər Bakıda bir-birinin ardınca nüfuzlu beynəlxalq qurumların tədbirləri, humanitar forumlar və digər tədbirlər keçirilmişdir. Bir sözlə, Bakı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, 24 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan sürətlə inkişaf edir. Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı, tolerantlıq müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq, ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan respublikamızın dinamik inkişafı, bəşəri düşüncələr haqqında azad fikirlərin səslənməsi dünya ölkələri tərəfindən Azərbaycana olan marağı gündən-günə artırır. Azərbaycan artıq qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilmişdir.
Bu gün Azərbaycan və paytaxt Bakı dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Respublikamız Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi etməklə güclü və qüdrətli dövlət olduğunu dəfələrlə təsdiqləyib. Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm amillərdəndir. Azərbaycan artıq müxtəlif xarakterli beynəlxalq tədbirlərin– siyasi, iqtisadi, mədəni, səhiyyə və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Məhz bütün bunları nəzərə alaraq, Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə obyektiv və tarixi qərar qəbul etdi. Azərbaycan isə Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin ümumi rəhbərliyi ilə Mehriban xanım Əliyevanın sədrlik etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq işləri cəmi 2 il yarım ərzində ən yüksək səviyyədə yerinə yetirildi. Bütün idman obyektləri, ümumilikdə Oyunların keçirilməsi ilə bağlı bütün infrastruktur çox yüksək səviyyədə yaradıldı. Yarışların yüksək səviyyədə təşkili, dünya standartlarına cavab verən yeni idman qurğularının, stadionların yaradılması bir daha təsdiqləyir ki, Azərbaycan, həqiqətən, idman ölkəsinə çevrilib. Respublikamızda bütün beynəlxalq səviyyəli idman tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.
Birinci Avropa Oyunlarının açılış mərasiminin kompozisiyasının sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirməsi artıq “Avropa Oyunları”nın Azərbaycan standartlarını müəyyənləşdirilib. Ölkəmizdə olan çoxsaylı turistlər, idmançılar, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri birinci Avropa Oyunlarının açılış mərasiminin təşkilini yüksək dəyərləndirmiş və bunun ən yüksək standartlara cavab verdiyini bildirmişlər. Bütün bunlar hər bir azərbaycanlının qürur mənbəyidir.
İlk Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın birinci xanımı, “Bakı 2015”-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da bu möhtəşəm idman tədbirinin ilk dəfə məhz bizim ölkəmizdə keçirilməsini yüksək qiymətləndirmişdir: Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır! Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun! Bu axşam biz Avropanın idman tarixində yeni fəsilə başlayırıq. Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda keçirilir”.
Mehriban xanım Əliyeva qeyd etmişdir ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015”in parlaq ruhunun atəşi orada olacaq.
Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin ciddi narahatlığına səbəb olub. Ona görə son vaxtlar, xüsusilə də, ilk Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları qarşı genişləndı və bu möhtəşəm tədbirin siyasiiləşdirilməsi kampaniyası istiqamətində fəaliyyət daha da gücləndirildi. Bu məkrli kampaniyanın təşkilatçıları sanki unudurdular ki, birinci Avropa Oyunlarının siyasiləşdirilməsi təkcə Azərbaycan üçün deyil, qitənin bütün idman ictimaiyyəti üçün zərbədir. Qərbin bəzi dairələrinin və qeyri-hökumət təşkilatlarının təşkilatçılıq etdikləri antiazərbaycan kampaniyasında ölkəmizdə mətbuat azadlığının, azad medianın olmamasını, insan haqlarının pozulması və siyasi məhbus amili əsas gətirilsə də, son anda bu iddiaların əsassız olduğu öz təsdiqini tapdı. Görünür, belə dairələr unudurlar ki, Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Azərbaycan hüquqi dövlət normalarına uyğun şəkildə fəaliyyət göstərir. Yerli məhkəmələrin qərarından narazı qalanlar Avropa Məhkəməsinə müraciət edə bilirlər. Ona görə də Azərbaycan hakimiyyəti bu fikirdədir ki, ölkədə siyasi məhbus yoxdur, sadəcə, ayrı-ayrı cinayətlərə görə məhkum olunmuş şəxslər var. Onlar insan hüquq və azadlıqları adı ilə alver edən bəzi üzdəniraq hüquq müdafiəçilərinin tərtib etdikləri siyahıda “siyasi məhbus” və ya “vicdan məhbusu” hesab olunurlar. Azərbaycan hüquqi dövlətdir. Ölkədə tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Ona görə Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur.
Azərbaycanın doğru yolda olması beynəlxalq ictimaiyyətə, elə antiazərbaycan kampaniyası aparan qüvvələrə də bəllidir. Təəssüf ki, ölkəmizin dünya birliyinə sürətli inteqrasiyası ermənipərəst dairələrin ciddi qısqanclığına səbəb olur və onlar da ümid yeri kimi qarayaxma kampaniyasına əl atırlar. Dünya birliynə də bəllidir ki, Azərbaycanın mövqeyi, tutduğu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır. Dövlət başçımız İlham Əliyev həmişə vurğulayıb ki, məqsədimiz müstəqil siyasətimizi davam etdirmək, Azərbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgədə sülh siyasətinin yönləndirilməsi, dövlətlər arasında sivil münasibətlərin formalaşdırılmasıdır. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şəkildə birgəyaşayışdan ibarətdir.
Birinci Avropa Oyunlarının açılış mərasimi ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələr üçün ən tutarlı cavab oldu. Bu mərasim müəyyən mərkəzlərdən idarə olunan antiazərbaycan kampaniyasının tam iflasa uğradığını göstərdi. Kimlərinsə tapşırıqlarını yerinə yetirməklə birinci Avropa Oyunlarını gözdən salmağa çalışan xarici ünsürlər və onların yerlərdəki əlaltıları bayağı, gülünc və ikrah hissi doğuran primitiv iddialar irəli sürməkdən başqa heç nə edə bilmədilər. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərmək istəyən həmin məkrli dairələr öz “faktlarını” Emin Milli, Arzu Qeybulla və bunlar kimi bir neçə milli və insani hisslərdən məhrum olmuş başıpozuq ünsürlərin dedikləri əsasında formalaşdırırlar. Belə yerdə deyiblər ki, “taylı tayını tapar” və ya “dostunu göstər, sənin də kim olduğunu deyim”.
Artıq onların bundan sonra deməyə sözləri qalmayıb. İndi onlar cılız, miskin və sözün həqiqi mənasında, çaşmış duruma düşüblər.
Dünya birliynə də bəlli oldu ki, Azərbaycan müstəqillik tarixinin ən mühüm günlərindən birini yaşadı. Ən başlıcası isə birinci Avropa Oyunlarının belə bir möhtəşəm səviyyədə keçirilməsi Azərbaycan xalqını daha da ruhlandırdı və hər birimizə yeni güc, qüvvə və gələcəyə inam verdi. İndi dünyanın bütün idmansevərləri bu möhtəşəm tədbirin yüksək səviyyədə keçməsindən danışır.
İdmançılarımız da bu bayram əhval-ruhiyyəsini böyük coşqu ilə davam etdirirlər. Hər gün yeni-yeni qələbə xəbərlərini eşidirik, qazandığımız medalların sayı getdikcə artır. Artıq Azərbaycanın birinci Avropa Oyunlarında ilk yerlərdən birini tutacağı barədə inamımız var. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən, hərtərəfli düşünülmüş, hər zaman Azərbaycanın milli maraqlarına cavab verən siyasətinin, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir.
Bu gün dünyada inkişafın “Azərbaycan modeli” ifadəsi öz yerini tutmaqdadır. Respublikamızın müstəqillik yolunu uğurla davam etdirərək yeni-yeni zəfərlərə nail olacağı barədə hər birimizdə böyük inam vardır.
Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.