Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərin müzakirəsi ilə əlaqədar təqdim olunan məruzələr hər dəfə böyük maraq və geniş diskussiyalar doğurur.
Yay sessiyasının ikinci iş günündə müzakirəyə çıxarılmış və ölkə üzrə məruzəçilər, ispaniyalı və polşalı deputatlar Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzə də bu baxımdan istisna təşkil etmədi. Qırxa yaxın deputatın müzakirələrdə fikirlərini bölüşmək üçün çıxışa yazılması bunun əyani sübutudur. Natiqlərin əksəriyyəti Azərbaycanda demokratik islahatlar istiqamətində aparılmış böyük işləri və həmin istiqaməti davam etdirmək səylərini yüksək qiymətləndirdilər.
Diskussiyalarda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək son dövrlərdə xarici mətbuatda və bir sıra beynəlxalq təşkilatlarda ölkəmizə qarşı aparılan çirkin kampaniyaların mahiyyəti barədə danışdı: “Bir xalq və ölkə üçün ən mühüm nailiyyət sayılan müstəqilliyi qazanmaq da, onu qoruyub saxlamaq da çox çətindir. XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublikanı qurmuş Azərbaycan təəssüf ki, xarici qüvvələrin təsiri ilə az sonra bu müstəqilliyi itirmiş, sonra 70 il onu yenidən bərpa etmək üçün mübarizələr aparmışdır. Ona görə də indi yeni müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan bu istiqlalın qədrini bəlkə də eyni faciəni yaşamamış köhnə Avropa ölkələrinin əksərindən daha həssaslıqla duyur. Azərbaycan kimi mühüm geostrateji məkanda yerləşən, zəngin enerji ehtiyatlarına malik, bir sıra ölkələrin daimi maraq dairəsinə daxil olan ölkələr üçün müstəqil qalmaq nə qədər müşküldürsə, müstəqil siyasət apara bilmək bundan dəfələrlə qəlizdir. Elə həmin Cənubi Qafqaz regionunda müstəqilliyi formal səciyyə daşıyan, xarici ölkənin forpostu sayılan, başqa dövlətin ixtiyarı öz əlində olmayan bir quberniyası kimi asılı olan ölkənin varlığı Azərbaycanın nə qədər mürəkkəb bir şəraitdə yaşayıb inkişaf etdiyinə əyani göstəricidir. Bu gün Azərbaycan çiçəklənən, sürətlə inkişaf edən, öz sözü, öz müstəqil siyasəti olan bir dövlətdir və buna mane olmaq istəyənlər də az deyil. Maraqlıdır ki, Azərbaycana qarşı böyük xarici dövlətlərin bilavasitə və ya bir sıra beynəlxalq təşkilatlar vasitəsilə apardığı gizli mübarizə çox zaman insan hüquqları, demokratiya pərdəsi altında həyata keçirilir. Gizlətməyə ehtiyac yoxdur. Azərbaycanı təsir dairəsinə daxil etmək niyyətində olan böyük güclər ölkəmizdə indiki kimi güclü deyil, öz qətiyyəti, iradəsi olmayan, kənardan asanca idarə edilə, yönəldilə bilən bir dövlət başçısı və hakimiyyətin varlığında maraqlıdırlar. Demokratiya, söz azadlığı, insan haqları kimi ciddi dəyərlər təəssüf ki, bu zaman həmin xəbis niyyətləri gerçəkləşdirmək üçün möhtəkirlik vasitəsinə çevrilir. Xarici qüvvələrin belə addımlarla nəzərəçarpacaq uğur əldə edə bilməməsinin əsas səbəbi odur ki, Azərbaycan müxalifəti də, geniş kütlələr də bu cəhdlərin səmimiyyətdən uzaqlığını, mahiyyətcə Azərbaycanın milli mənafeyinə zidd olduğunu anlayır. Bəli, bu gün Azərbaycanda həbsdə ”vicdan məhbusu", “siyasi məhbus” kimi qələmə verilən bir sıra şəxslər var. Onların xeyli hissəsi savadlı, qabiliyyətli, Avropa dillərinə bələd olan insanlardır. Qətiyyən istəməzdik ki, onlar məhbus həyatı yaşasınlar. Lakin istintaq materialları onların bir hissəsinin xarici xüsusi xidmət orqanları tərəfindən ələ alındığını, bir qisminin iqtisadi cinayətlər törətdiyini danılmaz faktlarla sübut edir. Azərbaycana qarşı işləyən iri xarici güclərin son illərdə yürütdüyü siyasətin başlıca elementlərindən biri o qəbildən olan müxtəlif üsullarla ayrı-ayrı zəif iradəli şəxsləri təsir dairəsinə salmasıdır. Çünki casusluğa cəlb edilmiş az-çox tanınmış bir hüquq müdafiəçisinin, bloggerin, jurnalistin ifşa edilərək həbs olunmasından sonra bu adlarla spekulyasiya və manipulyasiyalar etmək asandır. Onların casusluğa görə yox, guya məhz siyasi baxışlarına görə həbs edildiyini aləmə car çəkməklə Azərbaycana qarşı işləyən məkrli qüvvələr əlavə əks-təbliğat imkanı qazanmış olurlar. Azərbaycanda demokratik təsisatların bugünkü vəziyyəti ilə əlaqədar irəli sürülən bir çox tənqidi fikirlərin arxasında ya bu ümdə həqiqəti bilməmək, ya da bilib dilə gətirməmək dayanır. Azərbaycan demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyir və belə süni maneələrlə, demoqogik təzyiqlərlə onu düz yolundan sapdırmaq mümkün deyil. Elə burada, Avropa Şurası məktəbində demokratik dəyərlərə sadiqlik təcrübələri qazanmış Azərbaycan Prezidenti İlham Əliyev də, həmin ideallara sadiq olan bizlər də həmişə ölkəmizə qarşı tətbiq edilən bu qəbil əsassız, qərəzli, saxta siyasət və cəhdləri rədd edəcək, onlara qarşı ardıcıl mübariz olacağıq. Bu model artıq ifşa edilib. Yaradıcı olun, başqa yollar axtarın!”
Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi məsələsinə də toxunan Rafael Hüseynov müəyyən qüvvələrin bu yarışların təşkilinə maneçilik törətmək istəməsinin arxasında məkrli siyasətlərin dayandığını vurğulayaraq dedi: “Hər kəsə bəlli olan təməl həqiqətlərdən başlamaq istəyirəm. İncəsənət incəsənətdir, musiqi musiqidir, idman idmandır, siyasət də siyasət. Amma çox zaman bunun şahidi oluruq ki, incəsənət də, musiqi də, idman da siyasətə çevrilə bilir. Yaxud onlardan ciddi siyasi vasitələr kimi istifadə etməyə çalışırlar. Bu günlərdə Azərbaycanda müasir Avropa tarixinin ən əlamətdar hadisələrindən biri baş verir. Qitənin tarixində ilk dəfə olaraq Avropa Oyunları keçirilir. Qəribədir ki, Panamerika, Asiya, Afrika Oyunlarının keçirilməsinin artıq xeyli yaşı və təcrübəsi olsa da, “köhnə dünya” - Avropa bu Oyunları gerçəkləşdirməyə ilk dəfə qərar verib. Əlli ölkədən 6 min nəfərdən artıq idmançı neçə gündür ki, müştərək bir Olimpiya Kəndinin sakinlərinə çevrilərək başlıca ideyası dostluq, əməkdaşlıq, sülh olan bu mühüm yarışa qatılıb. Mən bir azərbaycanlı olaraq iftixar duyuram ki, Avropa tarixinə “ilk” deyə yazılan bu hadisəyə imzanı Azərbaycan atır. Bənzəri olmayan açılış mərasimini dünyanın onlarca ölkəsində izləyən yüz milyonlarla insan Azərbaycanın bu yarışları necə gözəl təşkil etməsini, ölkəmizin hansı zövqün, hansı yüksək səviyyənin, hansı mütəşəkkilliyin sahibi olduğunu əyani şəkildə gördü. İlk Avropa Oyunlarının möhtəşəm bir Avropa bayramına çevrilən füsunkar açılış mərasiminin insanı valeh edən kadrlarını nümayiş etdirən “Euronews” bunları vəsf etməyə sözlərin aciz olduğunu duyaraq heyranlığını belə ifadə edirdi: “Şərhsiz”. Lakin bu yarışlar ərəfəsində bəzi Avropa ölkələrində və müəyyən beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ifrat qərəzli mövqe tutan bir qisim üzdəniraq siyasətbazlar müxtəlif böhtanlar, yalanlar uyduraraq xoşagəlməz kampaniyalar aparırdılar. Yarışların Bakıda keçirilməsinə qarşı çıxırdılar, ölkələrə müraciət edərək ilk Avropa oyunlarını boykota çağırırdılar. Amma nəticədə iflasa və boykota uğrayan elə özləri oldular. Bu cür cılız vasitələrlə Azərbaycana və eyni xoşməramlı yolda olan digər ölkələrə maneçilik törətmək istəyənlər anlamalıdırlar ki, belə qərəzli, riyakar, xəbis səylərin nəticəsi həmişə iflas olacaq və konkret olaraq Azərbaycanı belə fitnəkar həmlələrlə müvazinətdən çıxarmaq mümkünsüzdür. Bəs o qara qüvvələr niyə insan haqlarının vəziyyəti ilə həqiqətə zidd olan nağıllar uyduraraq ilk Avropa Oyunlarının Bakıda keçirilməsinin əleyhinə çıxırdılar? Çünki bilirdilər ki, Azərbaycana gələnlər onların yalanlarının, saxta bəyanatlarının əksinə olaraq iqtisadi cəhətdən güclü, inkişaf edən, əhalisi rifah içərisində olan, demokratik dəyərlərə sadiq, dünyaya açıq müasir bir Avropa ölkəsini görəcəklər. Görəcəklər və uydurmalar, yalanlar puça çıxacaq, gələnlərin, həqiqətləri öz gözləri ilə müşahidə edənlərin Azərbaycana rəğbətləri artacaq. Eyni qərəzli yanaşmalara biz Azərbaycanda “Eurovision” müsabiqəsinin keçirilməsi ərəfəsində də şahid olmuşduq. O cür cəhd edənlər hətta burada, Assambleyada da var idi. Nəticə necə oldu? Şərə xidmət edənlər növbəti dəfə onlara çox yaraşan acı məğlubiyyətə düçar oldular. Azərbaycan bütün müqavimətlərə, maneələrə, törədilən əngəllərə baxmayaraq hamımızın ortaq Avropa Evimizin daha bütöv, daha cazibədar olmasına öz növbəti töhfələrini verməyi bacardı. Bütün bunlar bir daha danılmaz şəkildə sübut edir ki, musiqi, incəsənət, idman və digər belə sahələr həm də fəal siyasətdir, iki üzü olan siyasət, müsbət enerjili qüvvələrin təqdimatında ikən birləşdirən, yaxınlaşdıran, həmrəy edən, inkişafa aparan siyasət, mürtəce qüvvələrin önə çıxdığı halda parçalamağa, qarşıdurmalar və nifaq yaratmağa köklənmiş siyasət. Bu günlər Bakıdan, ilk Avropa Oyunlarından hər gün yeni qələbələrin sorağı gəlir. Yarış varsa, təbii ki, orada həmişə qələbə də var. Arzu edək ki, mütərəqqi siyasətlə mürtəce siyasətlərin mübarizəsində zəfər daim birincinin – ədalətin, haqqın olsun! Həyat göstərir ki, belə olur və həmişə də belə olacaq”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.