Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq dövründə və Oyunların möhtəşəm açılış mərasimindən sonra ölkəmizə xaricdən edilən təzyiqlər, xüsusən, Almaniya parlamentinin məlum qərarı barədə mətbuatda verilmiş məlumatları oxuyarkən yadıma düşən ilk hadisə “Eurovision-2012” mahnı müsabiqəsi günlərində iştirakçısı olduğum bir tədbir oldu.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu deyilən təşkilatın (RATİ) indi Vətəni satıb xaricə sığınmış nümayəndəsi Emin Hüseynovla ABŞ - ın vəsaiti və fitvası ilə fəaliyyət göstərən Milli Demokratiya İnstitutunun Bakıdakı nümayəndəsi, hazırda Vətənə xəyanət ittihamı ilə saxlanılmış Leyla Yunusun təşkil etdiyi antiazərbaycan əhval-ruhiyyəli həmin toplantıda elan etmişdilər ki, burada bir çox xarici ölkələrin jurnalistləri iştirak edirlər. Biz də inanmışdıq. Çünki Bakıda bütün Avropa ölkələrini təmsil edən mahnı ifaçılarının yarışı keçirildiyinə görə çoxsaylı əcnəbi jurnalistlər gəlmişdilər. Sonra məlum oldu ki, oradakı 20-yə qədər əcnəbi mətbuat təmsilçisinin təxminən 15 nəfəri almandır. Xeyir ola, yəni almanlar bizi o qədər çox sevirlər?
Həmin jurnalistlərin Azərbaycana və dövlətimizə olan “sevgisini” elə tədbirdəcə hiss edəndə mən dövlət rəsmilərimizin, deputatların, ictimaiyyət nümayəndələrinin və 50-dən çox Azərbaycan jurnalistinin yanında Leyla Yunusla Emin Hüseynovu “alman casusu” adlandırmışdım ki, öz paylarını götürsünlər. Yəni almanların Azərbaycana qərəzli, məkrli və hətta riyakar münasibəti yeni məsələ deyil. Yeni əsrin ilk illərindən, Prezident İlham Əliyevin Azərbaycanı sürətli inkişaf yoluna çıxardığı tarixdən biz almanların ölkəmizə qarşı soyuq münasibətlərinin şahidiyik. Bu münasibət haradan yaranırdı? Məhz həmin tarixdən, əsrin ilk illərindən etibarən Almaniya Avropada yeganə söz sahibi olmaq üçün qitənin bütün ölkələrinə total təzyiqlər göstərməyə, hamını gözüqıpıq eləməyə çalışırdı. Elə bir istəyin “çiçəkləndiyi” zamanda gənc müstəqil dövlət olan Azərbaycanın qitə miqyasında söz sahibinə çevrilməsi Berlinə qətiyyən sərf etməzdi. Ona görə də Azərbaycandakı insan hüquqları məsələsi onları bərk “narahat etməyə” başlamışdı. Həmin “narahatlıqlar” isə sonradan ölkəmizə qarşı genişmiqyaslı təzyiqlərə çevrilmişdi.
Sual yaranır: Doğrudanmı, biz onların dostu deyilik? Əgər aramızda dostluq münasibətləri varsa, onda ortadakı riyakarlıqlar haradan qaynaqlanır? Doğrudanmı, Almaniya Azərbaycanın geosiyasi imkanlarından və təbii sərvətlərindən kifayət qədər bəhrələnmək istəyindən geri çəkilir? Yox, elə bir fakt yoxdur. Bəs elə isə bu absurd və bir çox hallarda məkrli bəyanatlar kimə və nəyə xidmət edir? Fakt odur ki, Qərb hər bir addımı ilə təsdiq edir ki, Britaniya imperiyasının “bizim əbədi dostlarımız yoxdur, əbədi maraqlarımız vardır” siyasi prinsipi bu gün də onun üçün aktualdır və geniş tətbiq edilir. Xüsusilə, bu prinsip ABŞ-ın, Almaniyanın və Böyük Britaniyanın siyasətində açıq şəkildə müşahidə olunur.
Təkcə birinci Avropa Oyunları zamanı əsasən bu ölkələrdən Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili həmin prosesin necə həyata keçirildiyi, onun aktorları, hədəfləri barədə dolğun təsəvvür formalaşdırmaq imkanı yaratdı. Antiazərbaycan kampaniyası beynəlxalq QHT-lərin bəyanatları, mediada gedən hədəf yazıları ilə başladı. Bir sıra ölkələri əhatə edən media infrastrukturuna eyni tezislər əsasında materiallar vermək tapşırıldı. Buna görə də Britaniyada BBC, “Reuters”, “The Guardian”, “The İndependent”, “The Telegraph”, Almaniyada “Der Shpiegel”, “Shtern”, “Deutche Welle”, Fransada “Le Monde”, “Frans Press” və digər ölkələrdə aparıcı media qurumları bir -birini təkrarlayan materiallar verdilər.
Adıçəkilən materialların əsas məğzini konkret cinayət əməllərinə görə həbs olunmuş ABŞ-ın Azərbaycandakı “5-ci kolon” üzvlərinin azadlığa buraxılmasına dair çağırış-tələblər təşkil etdi. Bu kampaniya beynəlxalq təşkilatların ABŞ-ın təsiri altında olan məsul işçilərinin Azərbaycana qarşı çıxışları ilə möhkəmləndirildi (Nils Mujnieks, Dünya Miyatoviç, Ulrike Lunaçek, Mişel Forst, Vilfrid Lemke, Elmar Brok, Zeyd Raat əl Hüseyn və b.). Prosesin gedişində materiallar yerlərdə vəziyyətin təsviri, yerli fəalların danışdırılması, beynəlxalq QHT-lərin kampaniyada iştirak edən nümayəndələrinin (Rebecca Vinsent, Ketty Pearce, Georgi Gogia, Emma Hughse və b.), həmçinin xaricdə yaşayan kosmopolit azərbaycanlıların (Arzu Qeybulla, Emin Milli, Gülnarə Axundova, İdrak Abbasov və b.) məqalələri və müsahibələri ilə “zənginləşdirildi”.
Bundan başqa, həmin materiallarla paralel olaraq sosial şəbəkələrdə Azərbaycan haqqında mənfi rəyin formalaşdırılmasına cəhd olundu, Avropanın müxtəlif paytaxtlarında etiraz aksiyaları təşkil edildi. Çox maraqlıdır ki, ABŞ-dan idarə olunan bu prosesdə cəmi bir neçə adam iştirak etdi. Ortada yalnız illərlə yaradılmış infrastrukturdan başqa heç nə yox idi: tanınmış beynəlxalq QHT-lər və ayrı-ayrı ölkələrin aparıcı mediası. Sonrakı mərhələdə isə nüfuz agentləri işə salındı: U2, CNN-də Kristin Amanpur, Britaniyadan şou aparıcısı Con Olivyer və başqaları. Dünya mətbuatında “beynəlxalq ictimai rəy” kimi təqdim olunan bu məfhum, əslində, insan resursunun olmadığı böyük adlar toplusundan başqa bir şey deyil. Bu, adi sabun köpüyüdür ki, Azərbaycan da buna həm layiqli müqavimət göstərdi, həm də onu açıb bütün dünyaya nümayiş etdirməyi bacardı.
Bütün dünyanın gözünün qabağında olduğuna görə hamı bilir ki, alman mediası 2012-ci ildə olduğu kimi, I Avropa Oyunları ərəfəsində də Azərbaycana qarşı hücum kampaniyasının mərkəzi fiqurlarından birinə çevrilmişdir. Təkcə onu demək kifayətdir ki, iyunun 1-dən 15-dək bu ölkənin mediası Azərbaycanla bağlı 30-a yaxın tənqidi material vermişdir. Guya, onlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmadığından narahatdırlar. Əslində isə insan hüquq və azadlıqları dünyanın bütün ölkələrinə nisbətən ABŞ və Almaniyada daha çox pozulur. Kütləvi informasiya vasitələri yazırlar ki, 2013-cü il aprelin 25-də Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında müzakirəyə çıxarılan hesabat, sözün əsl mənasında, Almaniya hökuməti üçün ciddi zərbə, “qara cümə axşamı” olmuşdu. İnsan hüquqları üzrə müvəkkil Markus Löninq başda olmaqla bu ölkənin nümayəndə heyəti Almaniyada insan haqlarının nəyə görə bu qədər faciəvi duruma düşməsinə dair BMT-nin üzvü olan 100-ə yaxın ölkə qarşısında cavab verməyə məcbur edilmişdi.
Həmin tədbirdə Türkiyənin BMT-dəki nümayəndəsi Oğuz Dəmiralp Almaniyada əcnəbilərə münasibətdə düşmənçilik təzahürlərinin geniş vüsət almasından, hakimiyyətin fəaliyyətsizliyi səbəbindən bu ölkədə yaşayan 3 milyon türkün həyatı üçün ciddi təhlükə yaranmasından geniş danışmışdı. Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Qoltyayev isə Almaniyada milli azlıqlara və miqrantlara münasibətdə düşmənçilik təzahürlərinin artmasından narahatlığını ifadə etmişdi. Almaniyanın ombudsmanı M.Löninq faktlara əsaslanan bütün ittihamlara əvvəlcədən hazırlanmış standart frazalarla münasibət bildirərək demişdi ki, Almaniya nasistlər tərəfindən təşkil edilmiş bu cür qətllərin bir daha təkrarlanmaması üçün əlindən gələni edəcəkdir.
Öz ölkəsində insan hüquqlarının kobud şəkildə pozulmasını etiraf etməli olan alman siyasətçisi dünya qarşısında pis vəziyyətə düşmüşdü. Daha doğrusu , Almaniyanın bir nömrəli hüquq müdafiəçisi ölkə müstəntiqlərinin yol verdiyi məşum səhvləri etiraf etməli və öz ölkəsi adından Türkiyədən və BMT-dən dönə-dönə üzr istəməli olmuşdu. Hətta Böyük Britaniya və Fransa da Almaniya hökuməti qarşısında ciddi tələblər irəli sürmüş, bu ölkədə irqçiliyin genişlənməsini tənqid etmişdilər. Qeyd olunmuşdu ki, Almaniya polisi güc tətbiq edilməsində ifrata varır, öz səlahiyyətlərindən sui-istifadə edir və baş vermiş cinayət hadisələrini lazımi qaydada araşdırmır.
Bu gün ABŞ və Almaniya siyasətçilərinin əsassız yerə tənqid etdikləri Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar yüksək səviyyədə fəaliyyət göstərirlər. Bəs Almaniyada vəziyyət necədir? Bu ölkənin “Bertelsmann” Fondunun apardığı sorğunun nəticələrinə əsasən, hər 2 almandan biri İslam dinini təhlükə mənbəyi hesab edir. Hüquq-mühafizə orqanları isə irqi zəmində baş verən cinayətləri faktiki olaraq araşdırmırlar. Buna görə də təəccüblü deyil ki, Berlində Burak Bektaş adlı 22 yaşlı türkün güllələnməsi, onunla olan 16 yaşlı rusun və 17 yaşlı ərəbin isə ağır yaralanması polisin diqqətindən kənarda qaldı və müqəssirlər tapılmadı. Maastrixt Universitetinin apardığı araşdırma nəticəsində Almaniya şirkətlərinin dünya üzrə insan hüquqlarını ən kobud şəkildə pozduqları müəyyən edilib. Nəticəyə əsasən, 1800 insan hüququ pozuntusu faktının 87 faizi Almaniyanın payına düşür.
Avropa mətbuatı yazır ki, korrupsiya Almaniyada biznes fəaliyyəti ilə məşğul olmaq üçün maneə hesab edilmir. Saxtakarlıq və korrupsiya riskləri tikinti, səhiyyə və dövlət xətti ilə satınalmalar sektorunda daha qabarıq şəkildə özünü göstərir. Almaniya Cinayət Məcəlləsində rüşvətxorluq maddəsi şirkətlərə deyil, fərdlərə tətbiq edilir. Belə ki, fərdlər tərəfindən rüşvətin verilməsi, ödənilməsi və qəbul edilməsi qeyri-qanunidir. Nəticə etibarilə, şirkətlər səviyyəsində korporativ qaydada rüşvətin alınması üçün geniş imkanlar vardır. Bununla yanaşı, korrupsiya halları Almaniyanın dövlət orqanlarında da geniş yayılmış haldır.
Bildirilir ki, ölkədə insan haqlarının pozulması, korrupsiya və digər neqativ hallara qarşı keçirilən etiraz aksiyalarının qarşısı polis tərəfindən qəddarcasına alınır. Buna misal kimi hakimiyyətin bu yaxınlarda Frankfurt və Hamburqda keçirilmiş aksiyalara qəddar münasibətini göstərmək olar. Həmin vaxt təkcə aksiya iştirakçıları deyil, həm də hüquq müdafiəçiləri və jurnalistlərə qarşı zorakılıq tətbiq olunmuşdu. Bu, eynilə ABŞ-ın Ferqyuson və Baltimor şəhərlərində qaradərili etirazçılara, onları müdafiə edən QHT nümayəndələrinə, hadisələri işıqlandıran jurnalistlərə göstərilən münasibətin analoqu idi. Əslində, ardıcıl şəkildə baş verən belə hüquq pozuntuları Qərbdə hakim dairələrin sərbəst toplaşmaq, ifadə azadlığına dözümsüzlüyünü, demokratik dəyərlərə etinasız yanaşdığını göstərir.
Bütün bunlar dünya mətbuatının və beynəlxalq ekspertlərin gözünün qarşısında ola-ola, Almaniya siyasətçiləri Azərbaycanda hansısa eyib axtarmağa cəhd edirlərsə, bunun bir adı var: riyakarlıq.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.