“Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkədə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. İlk Avropa Oyunları özündən sonrakı oyunların keçirilməsi üçün mühüm nümunə olacaq”... Bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 11-də birinci Avropa Oyunları ilə bağlı keçirdiyi mətbuat konfransında demişdi. Bəli, elə də oldu, ilk Avropa Oyunlarının açılış mərasimi gözlənildiyindən də möhtəşəm təşkil olundu və fantastik açılış mərasimi baş tutdu.
Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işlərinin başlanması və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə birinci Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən bu tədbirin yüksək səviyyədə təşkil edilməsi üçün çox böyük işlər görüldü. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən qurularaq hazırlıq vəziyyətinə gətirildi. Beləliklə, bu mühüm idman tədbirinin ev sahibi kimi ölkəmiz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini açılış mərasimi zamanı sübuta yetirdi.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanın ciddi səylə hazırlaşdığı birinci Avropa Oyunları tarixə düşdü. Bunun əsas səbəblərindən biri avropalı mütəxəssislərin dediyi kimi, Bakıda keçirilən bu möhtəşəm tədbirin Avropa idman hərəkatında yeni dövrün başlanğıcını qoymasıdır. Avropalı idmansevərlər dəfələrlə kütləvi informasiya vasitələrinə müsahibələrində qeyd ediblər ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanın adı tarixə qızıl hərflərlə yazılacaq.
Qeyd edək ki, Azərbaycan son illərdə çoxsaylı siyasi, iqtisadi, mədəni, idman və digər səpkili beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bütün bunlar respublikamızın beynəlxalq imicini yüksəldib, sosial-iqtisadi inkişafını sürətləndirib, ölkəmizə daha çox turistin cəlb edilməsinə müsbət təsir göstərib.
İyun ayının 12-dən start götürən ilk Avropa Oyunları öz möhtəşəmliyi ilə fərqlənir. Tədbirdə iştirak edən idmançılar, qonaqlar Vətənimizlə, onun füsunkar gözəlliyi ilə tanış olur və Azərbaycan həqiqətlərini dərk edirlər. Ona görə də tam əminliklə deyə bilərik ki, çoxsaylı Avropa xalqlarının nümayəndələrinin bir araya gəldiyi, bütün Dünyanın yaxından izlədiyi ilk “Bakı-2015” Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına mühüm töhfələr verəcək.
Ümumiyyətlə, birinci Avropa Oyunlarının əhəmiyyətini, onun ölkəmizə qazandıracağı dividendləri diqqətə çatdırmaq üçün bir sıra incə məqamlara toxunmaq yerinə düşərdi. Məsələn, “Bakı-2015” Avropa Oyunları ölkəmizin malik olduğu milli - mənəvi dəyərlərin dünyada təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, birinci Avropa Oyunlarına hazırlıq məqsədilə yaradılan idman və digər infrastruktur obyektlərinin uzun illər bundan sonra da xalqımıza xidmət edəcəyini xüsusi vurğulamaq yerinə düşər. Bundan başqa, Avropa idman ailəsinin tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi hüququnu rəsmi Bakıya həvalə etməsi adi bir hadisə deyil. Bu, ilk növbədə, ölkəmizin qazandığı uğurlarla, yəni Azərbaycanın dünya miqyasında artan nüfuzu, sürətlə inkişaf edən iqtisadiyyatı, demokratikləşməyə doğru atılan addımlarla birbaşa bağlıdır. Tam əminliklə deyə bilərik ki, birinci Avropa Oyunları heyrətamiz hadisə kimi hələ uzun müddət dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldəcək
Lakin çox təəssüflər olsun ki, ilk Avropa Oyunları ərəfəsindən başlayaraq indiyədək ermənipərəst dairələr, o cümlədən ölkəmizdəki “beşinci kolon” nümayəndələri Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar...
Dinamik inkişafa, əsaslı ictimai-siyasi sabitliyə, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana qarşı “qara piar” kampaniyasına bundan öncə də dəfələrlə rast gəlmişik. Xatırladaq ki, hələ “Eurovision-2012” mahnı müsabiqəsi zamanı da biz bu cür hallara rast gəldik və o zaman istər antiazərbaycan dairələr, istərsə də ölkə daxilindəki ”beşinci kolon" nümayəndələri canfəşanlıq edirdilər. Bu, olduqca təəssüf doğursa da, əslində, heç də təəccüblü deyil.
Bu gün Azərbaycana, onun ürəkaçan uğurlarına qarşı böhtan atmaqla bədxahlarımız təbliğat və “qara piar” kampaniyası kimi vasitələrlə ölkəmizə təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. İlk Avropa Oyunlarının start götürdüyü 12 iyun tarixindən sonra isə bu kampaniya daha da güclənmişdir. Lakin əminliklə deyə bilərik ki, bu cür cəhdlər birmənalı olaraq heç bir nəticə verməyəcək. Azərbaycan bu mötəbər idman tədbirini də uğurla başa vuracaq. İdmançılarımızın yarışlarda hər gün yeni-yeni uğurlar və medallar qazanması ilk Avropa Oyunlarının möhtəşəm sonluqla bitəcəyini vəd edir. Sonda qeyd edək ki, ölkəmizin də böyük uğurlar qazandığı “Bakı-2015" ilk Avropa Oyunları Olimpiya səviyyəli mötəbər bir idman yarışıdır. Bu yarışlarda Azərbaycan da daxil olmaqla, Avropanın 50 ölkəsindən 6 mindən artıq atlet idmanın 20 növündə mübarizə aparır və yüksək nəticələr göstərir.
Elçin ABBASOV,
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.