İyunun 7-də Türkiyədə keçirilən parlament seçkiləri baş tutdu. Olduqca gərgin və maraqla keçən seçkilərdə Ədalət və İnkişaf Partiyası (AKP) 40,9 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 25 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,3 faiz, Xalqların Demokratik Partiyası (HDP) isə 13,1 faiz səs toplayıb. Beləliklə AKP - 258, CHP - 132, MHP və HDP hərəyə 80 millət vəkili mandatı qazanmış oldu.
Əlbəttə, seçkilərin bu cür nəticələnəcəyi barədə, bəlkə də, əvvəlcədən proqnoz vermək olardı. Məsələn, AKP-nin bu seçkidə səs itirəcəyindən daha çox, HDP-nin və MHP-nin güclənəcəyi təxmin edilirdi. AKP Rəcəb Tayyib Ərdoğanın sırf xarizmatik liderliyi və keçirilən bir sıra uğurlu iqtisadi islahatlar fonunda ölkə daxilində ciddi nüfuza malik partiyadır. Lakin bu, o demək deyil ki, AKP-nin problemləri yoxdur. Türkiyənin siyasi gələcəyinin qurulmasında AKP-nin gətirdiyi müəyyən yeniliklər ölkə daxilində birmənalı qarşılanmır. Əlbəttə, tərəfdarlar çoxdursa, əleyhdarlar da az deyil. Bundan əlavə, ölkədə PKK problemi və bu problemin həllinə özünəməxsus yanaşma var. Bu yanaşma AKP siyasilərinin dili ilə desək, “çözüm” adlanır. Lakin bu “çözüm” hələ ki, PKK-nın müvəqqəti də olsa, silahı yerə qoyması ilə nəticələnib. Heç kim zəmanət verə bilməz ki, siyasi vəziyyət dəyişdikdə PKK silahlıları yenə dağlara çəkilməyəcək, türk əsgərinə atəş açmayacaq.
Bundan əlavə, ölkədə təqribən 5 milyondan çox ələvi təriqətinə mənsub vətəndaş vardır ki, bu da zaman-zaman yığılıb qalan, lakin son illərdə nisbətən fəallaşan sünni-ələvi anlaşılmazlığını yenidən qızışdırmaqdadır. Əlbəttə, ələvilər Türkiyənin ictimai-siyasi sferasında kifayət qədər təmsil olunsalar da, bəzi xarici qüvvələr, xüsusilə bölgənin əsas aktor dövlətləri AKP-nin yürütdüyü dinə yönəlik bəzi siyasi gedişlərdə məhz ələvili dərnəklərinin əli ilə hökumətlə xalqın arasında nifaq toxumu səpməyə çalışırlar. Əlbəttə, üst-üstə yığılanda kifayət qədər ciddi əhali nüfuzu ortaya çıxır. Bundan əlavə, CHP-nin tam əks siyasəti və MHP-nin AKP-nin islahatları ilə uzlaşmayan baxışları bu ziddiyyətləri daha da körükləyir. Bunun da nəticəsi kimi, 13 ildir təkbaşına iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AKP) bu il seçkidə aşağı faizlə qələbə qazandı. Seçkilərdə bütün partiyalardan çox səs toplasa da, təkbaşına iqtidar ola bilmədi. Səslərin yetərincə olmaması, eləcə də, milliyyətçilərin və daha çox etnik kürdlərin siyasi hərəkatına çevrilən HDP-nin uğuru buna imkan vermədi.
AKP-MHP koalisiyası
baş tutacaqmı?
Əlbəttə, sual yarana bilər ki, milliyyətçilərin lideri Dövlət Baxçalı seçkiöncəsi təşkil olunan bütün mitinqlərdə R.T.Ərdoğanı şiddətlə tənqid edən müxalifət lideridi. MHP, demək olar ki, bütün yürüş, aksiya və mitinqlərində ən çox AKP-ni hədəfə alır. AKP lideri də ara-sıra Dövlət Baxçalını və partiyasını “ana müxalifət” partiyası sayılan CHP-dən heç də az tənqid etmir. Lakin bugünün variantları, nədənsə bəzi ekspertlərin və xalqın əhəmiyyətli hissəsinin istəyi AKP və MHP liderlərinin dil tapması və hökuməti birgə təşkil etməsidir. Çünki, burada milli dövlətçilik məsələsi ön plana keçir.
Məlum olduğu kimi, 2013-cü ildə İstanbulun mərkəzi Taksim meydanından start götürən Gezi parkı olayları kütləvi mitinqlərə və hətta qarışıqlığa çevrilmişdi. Burada bütün qüvvələr CHP, HDP, kommunist-sosialist qüvvələrin hamısı R.T. Ərdoğanın istefasını tələb edirdilər. Yaxın Şərqdə baş verən domino effektli dövlət çevrilişlərini Türkiyəyə keçirmək istəyən bəzi qüvvələr bununla, hətta iğtişaşlar bahasına olsa da, Ərdoğanı devirməyi başlıca hədəf götürmüşdülər. Lakin bir partiya–məhz MHP bu etirazlarda iştirak etmədi. Dövlət Baxçalı - “Biz o yürüşlərdə yoxuq !”– deyə fikrini qəti ifadə etdi. O, bununla küçələrə çıxan milliyyətçiləri də aksiyalardan geri çəkmiş oldu. Bu, nə demək idi ? Bu, dövlətçiliyin qorunması, sağlam seçkinin keçirilməsi, iğtişaşların ölkə iqtisadiyyatına və əhalisinə ciddi zərbə vuracağını əvvəlcədən hiss edən uzaqgörənlik idi. Milliyyətçilərin lideri bir növ siyasi iradə göstərərək öz təbirincə desək, qırmızı cizgiləri tapdalamadı. Bunu hətta MHP-nin AKP-ni xilası kimi də dəyərləndirənlər oldu. Bu, həm də Türkiyəni parçalamaq istəyən kürd terrorçularına və onların siyasi qanadı olan HDP-yə və ölkənin dövlət quruluşunu dəyişib kommunistləşdirmək istəyən qüvvələrə də bir mesaj idi ki, dövlətçilik məsələsində alış-veriş etmək olmaz. Parlament seçkilərindən sonrakı vəziyyət nəinki Ərdoğanı, hətta Türkiyə dövlətçiliyini xoşagəlməz vəziyyətdə qoya bilər. İdeoloji baxımdan bir-birindən kəskin şəkildə fərqlənən partiyaların səs toplaması və xüsusilə, HDP-nin 75 millət vəkili ilə Böyük Millət Məclisində mandat əldə etməsi dövlətin gələcək siyasi gedişlərində təlatümlər yarada bilər. Çünki HDP Şimali İraqda fəaliyyət göstərən, demək olar ki, defakto müstəqillik əldə edən kürd müxtariyyatı və ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının lideri Abdullah Öcalanla əlaqədədir. Daha doğrusu, onların tapşırıqlarını sivil formada yerinə yetirən partiyadır. Bu baxımdan Türkiyə ekspertləri AKP-nin HDP ilə anlaşmaya getməsini dövlət üçün böyük risk hesab edirlər. Hətta bunun Türkiyənin şərqinin Kürdüstan elan olunmasına qədər gətirib çıxaracağını düşünənlər də var. CHP ana müxalifətdir və onunla gedilən yol AKP-nin bir partiya kimi tədricən uduzmasına gətirib çıxara bilər. Çünki, hər iki partiyanın elektoratı çoxdur və baxışları fərqlidir. CHP-nin Avropapərəst siyasəti ilə, AKP-nin nisbətən mühafizəkar, İslami dəyərlərə üz tutan siyasəti uzlaşmır. Yerdə qalır milliyyətçilərin partiyası. Bu partiya isə dövlətçiliyin təməl prinsiplərini heç bir halda güzəştə getməyən hərəkat təsiri bağışlayır. Bu baxımdan belə dar siyasi məngənədə son qərar yalnız AKP və MHP liderlərinin kompromisə gedərək koalisyon hökuməti formalaşdırmasına qalır.
Azərbaycan və Ermənistanla
münasibətlərin perspekltivi
Əvvəla, onu deyək ki, əsasən etnik kürdlərin siyasi hərəkatına çevrilən HDP-nin başqanı S. Dəmirtaş HDP-nin hakimiyyətə gələcəyi və ya koalisyon hökumətdə iştirak edəcəyi təqdirdə Ermənistanla sərhədlərin açılacağı üçün çalışacaqlarını bildirmişdi. Bu isə, avtomatik olaraq, Türkiyə-Azərbaycan münasibətlərində yeni xoşagəlməz səhifənin açılmasına gətirib çıxarar. Üstəlik, Türkiyənin öz daxilində mühafizəkar, milliyyətçi kəsimin kütləvi etirazları ilə qarşılaşar. AKP hakimiyyətdə olduğu illər ərzində bir dəfə buna cəhd edib, lakin istər daxildə müxalifət partiyalarının, istərsə də Azərbaycanın haqlı etirazları nəticəsində bu məsələni dayandırmışdı. Hazırda AKP ilə Azərbaycan hökuməti arasında sıx tellər mövcuddur. Hər iki dövlət qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün xeyli iş görmüşdür. AKP iqtidarı və şəxsən R. T. Ərdoğan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq tribunalarda dəstəkləmiş və hətta Ermənistan rəhbərliyini ittiham etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev də həmçinin R.T.Ərdoğana və Türkiyəyə ittihamlar yağdıran və qondarma erməni soyqırımını dilə gətirən Ermənistan rəhbəri Serj Sarkisyanın Davos forumunda layiqli cavabını vermişdi. Bütün bunlar hər iki iqtidarın sıx təmasda olduğunu bir daha sübut edir.
MHP isə Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər ölkəmizə bütün sahələrdə, hətta hərbi cəhətdən dəstək olmağını dilə gətirən, bunun üçün könüllülər toplayan yeganə partiyadır. Təməl prinsipləri Türk xalqlarının birliyi olan bu partiyanın səmimiliyi heç bir şəkk-şübhə doğurmur. Hətta onu da xatırlamaq yerinə düşər ki, milliyyətçilərin nüfuzlu keçmiş lideri, bu partiyanın qurucusu, mərhum Alparslan Türkeş Xocalı faciəsində Ermənistanı açıq-aşkar hədələmişdi. Bir sözlə, hər iki partiyanın koalisyon hökumət qurması Azərbaycan dövləti ilə münasibətlərə daha da güc qatacaq. Hətta ehtimal etmək olar ki, Türkiyənin Ermənistanla münasibətlərində daha sərt, daha barışmaz xəttin önə çıxacağı gözlənilir. Son proqnozlarda isə MHP-yə 8 nazir postunun veriləcəyi və MHP-nin irəli sürdüyü bir sıra şərtlərin həyata keçiriləcəyi təqdirdə Dövlət Baxçalının koalisiyaya “hə” deyəcəyi bildirilir. Qalır yalnız son qərarı gözləmək. Əgər son qərar verilməzsə yenidən seçki keçiriləcək. Bu da asan çıxış yolu deyil.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.