Mədəniyyət siyasətində yeni prioritetlər

Beynəlxalq proseslər, qlobal xarakterli tendensiyalar, informasiya müharibəsi, habelə beynəlxalq münasibətlər sistemində hökm sürən ikili standartlar dövlətin daxilində konkret siyasi istiqamətlərin məzmununa mütəmadi olaraq müvafiq dəyişikliklərin edilməsini zərurətə çevirir. Unutmaq olmaz ki, çeviklik və yeniləşmə, eyni zamanda, hər hansı bir konkret sahənin adekvatlığını təmin edən əsas amillərdəndir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi fəal beynəlxalq inteqrasiya siyasəti də ölkə ictimaiyyətindən qlobal xarakterli sosial-siyasi və mədəni tendensiyaların nəzərə alınmasını tələb edir. Belə ki, mövcud tendensiyaların nəzərə alınması bəzi neqativ halların qarşısını almağa və onları nəzarət altında saxlamağa imkan verəcəkdir.

Bu kontekstdə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” məqaləsi olduqca böyük əhəmiyyət kəsb edir. Əyanilik üçün sözügedən məqalədən bir neçə sitat gətirmək istərdik: “Aparılan təhlil göstərir ki, əslində xaricdəki müvafiq strukturlar ”Amerika demokratiyası"nın irəlilədilməsi üzrə potensial baxımdan fəal agentə çevrilə biləcək hər kəsin qeyri-hökumət təşkilatları çərçivəsində dəstəklənməsi, öyrədilməsi və təşkil edilməsi ilə məşğul olurlar";  “Beşinci kolon - birbaşa və ya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullar və metodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır”; “Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri tərəfindən radikal müxalifət fəallarının və QHT-lərin dəstəklənməsi, bu təşkilatların qeyri-qanuni maliyyələşdirilməsi, onların köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq cəhdləri ilə bağlıdır.”

Fikrimizcə, akademik Ramiz Mehdiyevin mühakiməsinin kəskinliyi beynəlxalq münasibətlərin sərt xarakteri və beynəlxalq münasibətlər sisteminin əsas oyunçularının son zamanlar daha çox müraciət etdikləri “ikili standartlar” siyasəti ilə diktə edilib. Qismən məhz buna görə dövlət orqanlarının ölkənin qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı strateji xarakter daşıyır. Çünki bu əməkdaşlıq sayəsində QHT-lər ölkənin siyasi sisteminin zəif halqası olmaqdan çıxacaq və onların kənardan idarə olunması imkanı əsaslı şəkildə məhdudlaşacaqdır. Beləliklə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin bizi xəbərdar etdiyi ehtimal: “QHT-lərin köməyi ilə ölkəmizdə hakimiyyətə təzyiq göstərmək, hərc-mərclik və qanunsuzluq şəraiti yaratmaq” da məhdudlaşacaqdır.

Əslində Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratik dəyərlərin inkişafı naminə, habelə milli birliyin təmin olunması məqsədilə ölkəmizin siyasi sisteminin bütün təsisatlarının səfərbər olmasının və onların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmələrinin zəruriliyini respublikamızın Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır. Ölkə başçısının müəyyən etdiyi bu mühüm məqsədlərə nail olunması prosesindən heç bir dövlət qurumu və heç bir sahə kənarda qalmamalıdır. Məhz bu məqamda ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin yeni strateji əhəmiyyətli istiqamətinə keçmək istərdik.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyində baş vermiş funksional islahatlardan  sonra digər struktur bölmələri ilə yanaşı, bilavasitə qeyri-hökumət təşkilatları ilə iş və əməkdaşlığa dair cavabdeh olan sektor yaradıldı. Nazir Əbülfəs Qarayevin sözləri ilə desək, bu islahatlar “təkcə qurumun işini təkmilləşdirmək istəyi ilə deyil, həm də informasiya müharibəsi, ölkənin fəal xarici təbliği, respublikamızın pozitiv beynəlxalq imicinin formalaşdırılmasının əhəmiyyəti, mədəniyyət siyasəti potensiallarının tətbiqi prosesinin genişləndirilməsi, Ermənistanın Azərbaycan xalqının mədəni irsini “özəlləşdirməsi” faktlarının qarşısını almaq zərurəti və s. bu kimi vacib siyasi amillərlə diktə edilmişdir.

Hesab edirik ki, qeyd olunan bölmənin yaradılması və QHT sektorunun Nazirliyin prioritet fəaliyyət dairəsinə salınması, eyni zamanda mədəni təzahürlərin cəmiyyətimizin daha geniş hissəsini əhatə etməsinə səbəb olacaqdır.

Beləliklə, bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda mədəniyyət siyasəti mexanizmlərinin tətbiqinə tələbat yalnız həmin sahənin bilavasitə özü ilə məhdudlaşmır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yuxarıda qeyd olunan məqaləsinin kontekstini nəzərə alaraq demək olar ki, mədəniyyət siyasəti ölkənin milli təhlükəsizliyinin təmin olunmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına da kömək edir. Bu isə mədəniyyət məfhumunun tamamilə yeni siyasi əhəmiyyətinin formalaşmasından xəbər verir. “Mədəniyyət” bu gün sadəcə rəmzi, bilavasitə atributiv məzmunundan qaçaraq, effektiv siyasi alətə çevrilməkdədir. Mədəniyyətin bu cür mahiyyətinin formalaşmasını yuxarıda qeyd etdiyimiz siyasi təzahürlər və beynəlxalq münasibətlərin sərt xarakteri tələb edir. Odur ki, mədəniyyət siyasətinin kreativ potensialı sayəsində və informasiya müharibəsi kontekstində ölkəmizin müsbət beynəlxalq imicinin formalaşması zərurəti səbəbindən, “mədəniyyət” öz aktuallığını təkcə təqvimdə əks olunmuş qırmızı günlərinin (bayram tarixlərinin) qeyd olunması ilə göstərmir. “Mədəniyyət” bu gün eyni zamanda mühüm dövlət əhəmiyyətli strateji vəzifələrin həllinə xidmət edən effektiv siyasi alətdir.

Vətəndaş cəmiyyətinin əsas institutlarından birinin  QHT-lərin olması amili sübut tələb etməyən siyasi aksiomdur. Məhz buna görə də QHT sektorunun inkişafı prosesinə istənilən yardım, əslində, bizdə vətəndaş cəmiyyətinin formalaşmasına yardım deməkdir.Qismən ona görə deyə bilirəm ki, bu gün ölkəmizdə mədəniyyət siyasətinin potensiallarının tətbiqi yalnız mədəniyyət sahəsinin özü ilə məhdudlaşmır.

Odur ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi ölkənin QHT nümayəndələri ilə zona iclasını əlamətdar hadisə hesab etmək olar. Nazirliyin rəsmi saytının məlumatına görə, mayın 29-da Mingəçevir şəhərində keçirilmiş bu görüşdə QHT nümayəndələri ilə yanaşı, yerli mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak etmişlər. Bu fakt onu göstərir ki, belə  təşəbbüslər vasitəsilə nazirlik milli mədəniyyətin inkişafı və təbliği işinə QHT-lərin kreativ və yenilikçi potensialını cəlb etməklə birlikdə, həm də dövlət sektorunun qeyri-hökumət qurumları ilə funksional və ideoloji baxımdan yaxınlaşmasına kömək edir.

Prinsip etibarilə vurğulamaq lazımdır ki, bu cür təşəbbüslər  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş cəmiyyətinin formalaşdırılmasına yönəlmiş siyasətinin davamı və tərkib hissəsi kimi qiymətləndirilməlidir. Deyilənlərlə yanaşı, bu  nazirlikdə aparılan struktur islahatlarının strateji məqsədlərindən birinin informasiya təbliğatı prosesinin aktivləşdirilməsi olduğunu xatırlatsaq, heç şübhəsiz, vacib dövləti məsələlərin həyata keçirilməsində mədəniyyət mexanizmlərinin siyasi əhəmiyyətinin obyektiv olaraq xüsusiləşdirilməsindən danışa bilərik.

Asif  USUBƏLİYEV,
siyasi elmlər üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında