Avropada yenə bir kabus dolaşır...

Avropa tarixinin ən mürəkkəb dövrünü yaşayır. Bir tərəfdən avrozonada müşahidə edilən böhran, digər tərəfdən Ukrayna məsələsində Rusiya ilə münasibətlərin gərginləşməsi “Köhnə dünya”nın çətin dövrə qədəm qoyduğunu göstərir. Amma avropalı siyəsətçiləri və sıravi vətəndaşları təkcə sadaladığımız problemlər deyil, həm də Almaniyanın iqtisadi hökmranlığı narahat edir. Buna görə də, təsadüfi deyil ki, Almaniyanı birləşdirməyi bacarmış Otto fon Bismarkın 200 illik yubileyinin qeyd olunması ərəfəsində - cari ilin fevral ayında, indiki kansler Angela Merkelin yürütdüyü xarici siyasət barədə müzakirələr geniş vüsət almış və rəsmi Berlinin artan ambisiyalarının Avropa, eləcə də digər regionlar üçün yaxşı heç nə vəd etmədiyi vurğulanmışdı.

Kansler Otto fon Bismark haqqında geniş yazmağa ehtiyac yoxdur. Dövrünün təcrübəli, ancaq təkcə öz ölkəsinin maraqları naminə hərəkət etmiş bir siyasi xadim olduğunu hamı bilir. Bismarkın Almaniyanı vahid dövlət altında birləşdirməyə nail olması dövlətçilik baxımından politologiyada özünəməxsus yer tutur. Amma “dəmir kansler”in siyasətinin Avropa xalqları tərəfindən heç də birmənalı qarşılanmadığı da məlumdur. Buna görə də bu il iyulun 20-də 200 yaşı tamam olacaq Otto fon Bismarkın yubileyi Avropada xoş təəssürat oyatmır. Çünki almaniyalı dövlət xadimi ilk olaraq Almaniyanın kontinentdə dominantlığını nəzərdə tutan “alman arzusu”nun əsasını qoymuş insandır. Bu gün avropalı şagirdlərə də məlumdur ki, almanlar arasında ilk dəfə məhz Bismark “Böyük Almaniya” arzusunu sərt şəkildə və ardıcıl həyata keçirməyə başlamışdı.

İndi Almaniyaya Angela Merkel rəhbərlik edir və rəsmi Berlinin son illər izlədiyi siyasi kursu dəyərləndirənlər də xanım kansleri “Bismarkın varisi” adlandırırlar. Təbii ki, bu gün Almaniyanın Avropada dayaqları XİX əsrlə müqayisədə daha güclüdür. O zaman Almaniya imperiyasının Böyük Britaniya, Fransa, Rusiya və Avstriya kimi ölkələrin simasında güclü rəqibləri var idi. İndi vəziyyətin dəyişdiyini hamı bilir, “soyuq müharibə”nin bitməsindən sonra Avropada iqtisadi dayaqlarını gücləndirməyi bacaran Almaniya bu gün “Köhnə dünya”da siyasi hegemonluğunu da gücləndirməyə çalışır. Avropanın “iqtisadi lokomotivi” ifadəsini ortalığa atan almanlar da iddia etməyə başlayırlar ki, bu gün qitədə rəsmi Berlinin ambisiyalarına əlcək atacaq ölkə yoxdur. Hətta “Günəşi heç vaxt sönməyən” Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq istəyinin arxasında da, məhz “dəmir kansler”in “alman arzusu”nun arxasınca qaçan Angela Merkelin hegemonluq siyasətinə qarşı etirazın dayandığı iddia edilir.

Əslində, adalara sığınmağı və başqalarının işlərinə uzaqdan “barmaq eləməyi” sevən ingilislərdən fərqli olaraq, fransızların Almaniyanın yürütdüyü siyasət fonunda daha çox narahat olduqları məlumdur. Bu gün Avropa İttifaqında Almaniya  və Fransa arasında gizli rəqabətin getdiyi də heç kimə sirr deyil. Halbuki, Aİ-nin təsisçilərinin məhz bu iki ölkənin olduğunu nəzərə alsaq, o zaman almanlarla fransızlar arasında rəqabətdən çox, ortaq maraqların olduğunu qeyd etmək lazımdır. Ancaq son illər rəsmi Berlinin özünün təsir dairəsini artırmağa çalışması və Aİ ölkələrində ümumi siyasət aparılmasında öz ağırlığını hiss etdirməsi, hətta maraqlarına cavab verməyən addımları geri çevirməsi Fransanı xeyli əndişələndirir. Əslində, buna əsas da var. V Respublikanın təbəələri çox yaxşı bilirlər ki, “dəmir kansler” Fransanın təcridini Almaniya xarici siyasətinin əsas istiqaməti hesab edirdi. Fransızlara bu da məlumdur ki, 1870-1871-ci illərdə Otto fon Bismark Almaniyanın birləşməsində son maneə olan Fransanı müharibə teatrında darmadağın etmiş və alçaltmışdı. Bundan başqa, fransızlar Elzas-Lotaringiyanın anneksiyasını da yaxşı xatırlayırlar.

Həmin dramatik hadisələrdən uzun illər keçməsinə baxmayaraq, iki ölkə arasında müasir münasibətlərin də ideal olmadığı bəllidir. Fransızlar istər Birinci, istərsə də İkinci dünya müharibələrində almanlardan revanş almağa müvəffəq olsalar da, iqtisadi cəbhədə məğlubiyyətə uğradıqlarını etiraf edirlər. Hazırda Fransada durğunluq və ciddi iqtisadi problemlər müşahidə edilir və belə bir vəziyyətdə Almaniyanın iqtisadi üstünlüyü daha qabarıq görünür. Bu üstünlüyün almanlara qitədə tarixi revanş almağa şərait yaratdığını düşünmək olar. Zəmanənin dəyişdiyini anlayan alman siyasətçilərin də kansler Angela Merkelin rəhbərliyi altında “Böyük Almaniya” arzusunun təsiri altına düşdüklərini anlamaq çətin deyil. Avropa İttifaqı ölkələrində müşahidə edilən iqtisadi problemlər fonunda Almaniyanın şərtlərini diktə etməyə çalışması və Aİ-nin xarici siyasət kursunu nəzarət altına almağa can atması, o cümlədən Ukrayna böhranının həllində əsas vasitəçi rolunu qabartması rəsmi Berlinin uzağa gedən maraqlarının olduğunu təsdiqləyir. Avropanın Amerika Birləşmiş Ştatları olmaq istəyən Almaniyanın zəif qonşularının problemləri üzərində iqtisadi-siyasi ağalığını uzunmüddətli təsir faktoruna döndərmək arzusunun geniş vüsət alması artıq heç kimə sirr deyil.

Əlbəttə, almanlar gözəl anlayırlar ki, Avropada hegemonluğun möhkəmlənməsi fəal xarici siyasətə bağlıdır. Buna görə də, son illər Almaniya ancaq maraqlarına cavab verən xarici siyasətin yürüdülməsi ilə diqqəti cəlb edir. Avropanın siyasi landşaftını almanlaşdırmağa başlayan rəsmi Berlin indi də yaxın-uzaq regionlara barmaq uzadır və müstəqil, əməkdaşlıqda böyük-kiçik münasibətlərinin qurulmasını qəbul etməyən ölkələrə qarşı okeanın o tayında sınaqdan çıxmış metodları dövriyyəyə buraxmaqla məşğuldur. Cənubi Qafqaz regionunun Avropa üçün strateji əhəmiyyət daşıdığını anlayan Almaniya hökuməti bölgəyə, xüsusilə də Azərbaycana yönəlik siyasətində ikibaşlı davranmağa çalışır. Avropa müstəvisində nüfuz dairəsini genişləndirməyə can atan rəsmi Berlin indi də Azərbaycanı hədəf seçir. Siyasi məhbus və insan hüquqları kimi mücərrəd anlayışları qabardan Almaniya hökuməti Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də Avropanın siyasi və iqtisadi, həmçinin humanitar-mədəni institutlarına inteqrasiya etmək yolunu tutan Azərbaycana qarşı riyakar siyasət yürüdür. Avropa xalqlarının idman həyatında böyük hadisəyə çevrilən ilk Avropa Oyunlarının istər rəsmi açılış mərasimi öncəsində, istərsə açılışdan sonra Almaniya mətbuatının Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası Angela Merkel hökumətinin əsl simasını üzə çıxardı.

Halbuki rəsmi Bakı xoş niyyətini həmişə nümayiş etdirmiş və Almaniya hökumətinin qarayaxma kampaniyasının aparılmasına görə məsuliyyət daşımadığına dair nağıllar səsləndirməsinə rəğmən ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu sübut etmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin yanvar ayında Almaniyaya səfər edərək kansler Angela Merkel ilə görüşməsi və 2012-ci il “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ətrafında Almaniyanın müxtəlif dairələrinin qaldırdığı isteriyaya baxmayaraq, ikitərəfli münasibətləri müzakirə etməsi, əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulaması rəsmi Bakının əməkdaşlığa verdiyi qiymətin bariz nümunəsi idi. Almaniya tərəfinin rəsmi səfər çərçivəsində səsləndirdiyi fikirlər də iki ölkə arasında münasibətlərin gələcəyinin qaranlıq olmayacağı barədə nikbin düşünməyə əsas vermişdi. Amma son aylar, xüsusilə də ilk Avropa Oyunları ərəfəsində Almaniyanın siyasi dairələrinin və ayrı-ayrı mətbuat orqanlarının apardığı antiazərbaycan təbliğatı rəsmi Berlinin ikibaşlı siyasət yürütdüyünü bir daha üzə çıxardı. İlk Avropa Oyunlarının rəsmi açılışi ərəfəsində isə Almaniya Bundestaqının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə rəsmi Berlinin “sədaqətini” ortaya qoydu. Prezident İlham Əliyevin Berlinə səfərindən sonra Almaniya hökumətinin göstərdiyi belə riyakarlığı dövlətlərarası münasibətlərə vurulmuş ciddi zərbə kimi qiymətləndirmək olar.

Uinston Çörçill deyirdi ki, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları var”. Uzun illər  Böyük Britaniyanın devizinə çevrilmiş bu prinsip indi də Almaniyanın xarici siyasətinin ana istiqamətini təşkil edir. İlk Avropa Oyunları zamanı ABŞ, Almaniya və Böyük Britaniyadan Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın təhlili göstərir ki, “böhtan fabrikində şər üyüdən” mətbuat orqanları, qeyri-hökumət təşkilatları və ayrı-ayrı şəxslər eyni platformadan, daha doğrusu, ABŞ və Almaniyanın siyasi dairələrindən idarə olunur.  Bu baxımdan da “5-ci kolon”  üzvlərinin azadlığa buraxılmasına dair çağırışlar səsləndirmələrini və paralel olaraq sosial şəbəkələrdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışmalarını müstəqil siyasət həyata keçirməyə üstünlük verən rəsmi Bakıya təzyiq vasitəsi kimi qiymətləndirmək olar. Burada diqqəti çəkən məqam ondan ibarət idi ki, antiazərbaycan kampaniyasında iştirak edən adamları barmaqla saymaq olardı. Yəni ortada bəzi qeyri-hökumət təşkilatları və ayrı-ayrı media orqanları vardı. Sonradan qarayaxma kampaniyasına bir sıra tanınmış müğənni və jurnalistləri cəlb etdilər. Bu fakt göstərdi ki, “beynəlxalq rəy” kimi ictimaiyyətə təqdim edilən bu məfhum, az sayda insan toplusundan ibarətdir.

Bir sözlə, Avropa demokratik simasını itirməkdədir. Almaniya isə bu fonda öz dominantlığını getdikcə gücləndirməyə çalışır. Hökmranlığının sərhədlərini genişləndirmək məqsədilə də böyük qardaşı ABŞ ilə birlikdə müxtəlif mətbuat və təşkilatların arxasında gizlənərək, Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq və qarayaxma kampaniyası həyata keçirir. Təəccüblü deyil ki, Avropanın az-çox müstəqil fikir yürüdən qəzetləri də Almaniyanın artan ambisiyalarının kontinent üçün təhlükəli olduğunu yazır. Məsələn, Britaniyanın  “Daily Mail” qəzeti “Dördüncü Reyxin intibahı, yoxsa Almaniya maliyyə böhranından istifadə edərək Avropanı işğal edir” başlıqlı məqaləsində yazır ki, avropalılar müstəqilliklərini itirə bilərlər. Belə ki, dərin iqtisadi böhran Avropada daha sıx inteqrasiyanın yaradılmasını tələb edir. Bu isə öz növbəsində hətta 70 il Üçünçü Reyxin əsarətində olmayan ölkələrin də suverenitetinin itirilməsinə gətirib çıxaracaq. Qəzet yazır ki, Almaniyanın təklif etdiyi maliyyə ittifaqı ümumi iqtisadi siyasətin, ümumi vergi və vahid sosial təminat sisteminin, ümumi borcun, ümumi iqtisadiyyatın, bir maliyyə nazirinin olması deməkdir. Bütün bu sistemin üzərində də ancaq Almaniya dayanacaq. “Daily Mail” təəssüf hissilə yazır ki, avrozonanın bütün üzvləri Almaniyanın hökmranlığı ilə üz-üzədir.

Göründüyü kimi, Almaniyanın təhlükəli ambisiyaları kontinent ölkələrini də narahat edir. Bu narahatlığın fonunda rəsmi Berlin Şərq-Qərb enerji dialoqunda müsbət rol oynayan Azərbaycanla münasibətində adekvat olmayan hərəkətlərə yol verir. Amma bu gün aydındır ki, Azərbaycan bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verən bir dövlətdir və qarayaxma kampaniyasına layiqli cavab verən xalqının maraqlarına uyğun siyasət yürütməkdə davam edəcək. Rəsmi Berlinin qeyri-səmimiliyi, riyakar siyasəti səbəbindən Almaniya-Azərbaycan münasibətləri hazırda böhranla üz-üzədir. Qeyd etmək yerinə düşərdi ki, İkinci dünya müharibəsində faşist Almaniyasının məğlubiyyətə uğradılmasında Azərbaycan nefti böyük rol oynadı. 60 milyonadək insanın məhvinə səbəb olmuş müharibənin bitməsindən 70 il keçir və bu gün Azərbaycan nefti və qazı Avropaya nəql olunur. Ancaq Angela Merkel hökumətinin pis pərdələnmiş antiazərbaycan təbliğatından sonra rəsmi Bakı öz ölkəsində insan hüquqlarını tapdalayan, islamafobiya və irqçiliyin hökm sürdüyü, müxtəlif korrupsiya əməllərində ifşa olunan Almaniya ilə münasibətlərində ehtiyatlı davranır. Azərbaycan müstəqil, digər ölkələrin iradəsindən asılı olmayan dövlətlərlə münasibətlərin yaradılmasında qarşılıqlı etimada söykənən əlaqələrə üstünlük verir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında