Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti,
heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir.
Halbuki, təyyarə Bakıdan uçmamışdan bir saat əvvəl biz bir yerdə idik.
Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir.
Buradan Prezidenti Xalq Cəbhəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar.
Ulu öndər Heydər Əliyevin
1993-cü ilin iyul ayında “Ostankino”
Dövlətlərarası Televiziya Şirkətinə
verdiyi müsahibədən
Ötən əsrin son onilliyində ölkəni bürüyən xaos və anarxiya, hakimiyyət uğrunda gedən mübarizələr, imkanlı adamların hamısının öz yanında silahlı dəstələr saxlaması, iqtisadiyyatın sürətlə çökməsi, dövlətin əhaliyə çörək verə bilməməsi, qardaşın qardaşa güllə atması, “OMON”çuların bitib-tükənməyən hikkələri, hakimiyyət olimpinə və qanunverici orqana küçədən gəlmiş insanların doluşdurulması və bu kimi onlarca problem milli dövlətçiliyimizin növbəti dəfə əldən getməsinə “münbit” şərait yaratmışdı.
Əslində, həmin faktların üzqaralığı onları törədənlərin öz tərcümeyi- halına yazılıb. Ancaq həmin adamlar Azərbaycanda hakimiyyətin ən yüksək zirvəsinə soxulduqlarına görə onların törətdikləri rüsvayçılıqlar həm də milli dövlətçiliyimizin və xalqımızın adına yazılırdı. Həmin adamlar kim idi və nə etmişdilər? Onlar Azərbaycanın birinci səxsi postunu tutmuş Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov (iki dəfə) və Əbülfəz Elçibəy idi və rüsvayçılıqları da o idi ki, xalqı məhrumiyyətlər, bəlalar girdabına salaraq və siyasi diletantlıq üzündən çoxsaylı problemlər yaradaraq, xəlvəti şəkildə rəhbərlikdən qaçmışdılar. Ona görə də bədxahlarımız bizə açıq şəkildə gülürdülər ki, bir ölkənin üç dövlət başçısı xalqdan xəbərsiz vəzifəni qoyub qaçırsa, onlar necə dövlət qura bilərlər?
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də xalqın israrlı təkidi nəticəsində Ali Sovetin sədri seçilməsi və parlamentin iyunun 24-də prezident səlahiyyətlərini məhz ona həvalə etməsi sübut etdi ki, Azərbaycanın bütün rəhbərləri siyasət səhnəsindən qaçmırlar. Hətta ulu öndərin fiziki cəhətdən yox edilməsi məqsədilə dəfələrlə planlar cızılıb, ssenarilər tərtib edilsə də, Heydər Əliyev xalq və milli dövlətçilik naminə başladığı möhtəşəm mübarizədən bir an belə geri çəkilməyəcəyini bəyan etdi və milli suverenliyimizə əbədilik qazandırdı.
...Həmin ağır günlərdə Bakıda hakimiyyət uğrunda didişmə gedir, Gəncədə isə aramsız mitinqlər keçirilirdi. Mitinqlərdə şəhər əhalisi ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyinin istefasını və Gəncə hadisələrinə siyasi qiymət verilməsini qətiyyətlə tələb edirdi. Elçibəy - İsa Qəmbər iqtidarı çaşqınlıq içərisində idi. Belə bir mürəkkəb vəziyyətdə iflasa uğradıqları ilə barışmalı olan cəbhəçilər də vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Heydər Əliyevin xalqın təkidli tələbini nəzərə alaraq Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncəyə getdi. Hər şeyi yerli-yataqlı öyrənəndən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi.
Ölkədəki vəziyyəti qiymətləndirməyi bacaran deputatların ciddi səyləri nəticəsində iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən Heydər Əliyev dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”. Heydər Əliyevin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında , Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 İyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu.
Ancaq ölkədə sabitliyin bərqərar edilməsi üçün gərgin iş aparıldığı bir vaxtda - iyunun 17-dən 18-nə keçən gecə Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Heydər Əliyev 1993-cü il iyunun 24-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etməklə yanaşı, prezidentin səlahiyyətlərini də icra etdi. Həmin dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi. Ulu öndər həmin dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. Məlum olduğu kimi, həmin il avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar ulu öndər avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Yəni əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.
Yeri gəlmişkən, Heydər Əliyev bütün məsələlərin həllində xalqın arzu və istəyini nəzərə alır, ölkə vətəndaşları, xüsusən ziyalılar və agsaqqallarla məsləhətləşirdi. Elə avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçiriləndə də əsas məqsəd xalqın iradəsinin ortaya qoyulması idi. Məlum olduğu kimi, referendumun nəticələri AXC - Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etmişdi.
Ulu öndər həmin dövrdə parlamentin sədri və prezidentin səlahiyyətlərini icra edən şəxs kimi, Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirməyə çalışırdı və bu işin öhdəsindən bacarıqla gəldi. O, ölkədəki ictimai-siyasi vəziyyətin mürəkkəbliyinə baxmayaraq mədəniyyətin, elmin və təhsilin inkişafına da böyük diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. Heydər Əliyev həmin aylardakı çıxışlarından birində demişdi: “Azərbaycan Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır.”
Bütün bunlar Azərbaycan xalqının Heydər Əliyev siyasi dühasına olan inam və etimadını gündən-günə artırırdı. Məhz həmin inamın nəticəsi idi ki, oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan xalqının bəxti bir də onda gətirdi ki, ulu öndərimizin sürətli inkişaf relsinə qaldırdığı Azərbaycan dövlətini Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının sədrliyinə qədər ucaltdı. Gənc müstəqil Azərbaycan dövləti kosmosa öz rabitə peykini çıxarmaqla “kosmik ölkələr klubu”na üzv oldu. Azərbaycan bütün dünyada tolerantlıq və mədəniyyətlərarası dialoq ünvanına çevrildi. Ölkəmizin paytaxtında dövri olaraq beynəlxalq tədbirlərin keçirilməısi sübut edir ki, Azərbaycan bütün dünyada söz sahibinə çevrilib. Bakıda keçirilən birinci Avropa Oyunları isə ulu öndər Heydər Əliyevin əbədilik qazandırdığı Azərbaycan dövlətinin beynəlxalq aləmdə ən ali reytinqə, çox yüksək nüfuza malik olduğunun növbəti təzahürüdür.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.