I Avropa Oyunları Azərbaycanın iqtisadi gücünü və beynəlxalq nüfuzunu bir daha dünyaya göstərdi

Ölkəni, xalqı dünyada idman qədər
başqa heç nə tanıda bilmir.

Heydər ƏLİYEV,
Ümummilli lider


İyunun 12-də başlanan “Bakı-2015” I Avropa Oyunları  sülh, sabitlik və yüksək bayram ovqatında davam edir. Bu möhtəşəm tədbir Azərbaycanın malik olduğu iqtisadi, siyasi və mədəni-intellektual potensialı bir daha bütün dünyaya nümayiş etdirir. Beynəlxalq ictimaiyyət bir daha ölkəmizin  iqtisadi qüdrətinin, müasir şəhər infrastrukturunun, turizm imkanlarının, qlobal tədbirləri yüksək səviyyədə təşkil etmək əzminin, ən nəhayət, yüksək tolerantlığının və qonaqpərvərliyinin əyani şahidi olur. Bu qlobal idman tədbiri, eyni zamanda,  müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız sosial-iqtisadi uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından da mühüm önəm kəsb edir.

Burada qeyd etmək yerinə düşər ki, respublikamızda son illər təşkil olunan beynəlxalq tədbirlər ilk növbədə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi formalaşmış ictimai-siyasi sabitlik və iqtisadi inkişaf amilləri ilə şərtlənir. Azərbaycanın siyasi baxımdan sabit, təhlükəsiz ölkə olmasını, ilbəil artan iqtisadi imkanlarını, demokratikləşmə xəttinə sadiqliyini nəzərə alan müxtəlif beynəlxalq təşkilatlar, habelə ölkələr qlobal tədbirlərin keçiriləcəyi məkanı müəyyənləşdirərkən paytaxtımıza xüsusi üstünlük verirlər. Məhz  I Avropa Oyunlarının keçiriləcəyi məkan seçilərkən respublikamızın belə bir mötəbər yarışa ev sahibliyi etmək üçün zəruri siyasi sabitliyə, iqtisadi potensiala, müasir infrastruktura, gözəl təbiətə və turizm imkanlarına malik olması, habelə qlobal beynəlxalq tədbirlərin reallaşdırılması sahəsində formalaşmış uğurlu təcrübəsi nəzərə alınmışdır.

I Avropa Oyunlarının Azərbaycanda, Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa idman hərəkatı üçün tarixi hadisədir. Hazırda regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaratmışdır ki, ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə başladığı kimi, uğurla da yekunlaşdıracaq. Bu qərarın qəbul edilməsi, həm də  respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.

Xatırladaq ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında tarixi qərarın verilməsindən sonra dövlətimiz hər zaman olduğu kimi, bu dəfə də üzərinə götürdüyü məsuliyyəti dərindən dərk edərək dərhal hazırlıq işlərinə start verdi. 2013-cü ilin yanvar ayının 17-də Prezident İlham Əliyevin sərəncamı ilə I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradıldı və komitənin sədri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva təyin edildi. Avropa və dünya ictimaiyyəti üç il əvvəl “Eurovision-2012" mahnı yarışmasının müsabiqə tarixində keçirilmiş ən möhtəşəm mədəniyyət bayramına tamaşa etdi. Məhz bu amil bir daha əminlik yaratdı ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” Təşkilat Komitəsi I Avropa Oyunlarının da yüksək səviyyədə təşkil edilməsini və möhtəşəm idman bayramına çevrilməsini reallaşdıracaq.

Beləliklə, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələri əsasında həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərinin 4 əsas obyektlər qrupunda yerləşən 12 daimi və 6 müvəqqəti idman obyekti I Avropa Oyunlarının yarışlarını qəbul etdi. 1042 mənzildən ibarət olan Atletlər kəndi ilə yanaşı, 10 təlim-məşq və qeyri-yarış obyekti, həmçinin Media kəndi də yüksək səviyyədə xidmətə başladı.Oyunlarda iştirak edən idmançılar, nümayəndə heyətləri, turistlər rahat və təhlükəsiz nəqliyyat vasitələri ilə təmin olundular.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində etiraf etmişdir ki, belə qısa müddət ərzində görülmüş bu qədər işləri, hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti, hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı.

Bu gün ölkəmizdə böyükdən kiçiyə hər kəs bayram əhval-ruhiyyəsindədir. Hamı I Avropa Oyunlarının təsiri altındadır. İyun ayının 12-dən bir daha dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycanda yeni tarix yazılır və bu tarixi məhz Şərqlə Qərb arasında körpü olan müstəqil Azərbaycan dövləti yazır. I Avropa Oyunlarının möhtəşəm və bənzəri olmayan açılış mərasiminin xoş təsiri keçməmiş idmançılarımızın üst-üstə qazandıqları zəfərlər respublikamızın hər yerində bir qələbəlik yaratmışdır. İdmançılarımızın qələbələri isə davam edir. Hər gün idman arenalarında dövlət himnimiz səslənir, bayrağımız ən yüksəklərdə dalğalanır. Finala yüksələn idmançılarımızın oyunlarını azarkeşlərlə bərabər, Azərbaycan Prezidenti cənab  İlham Əliyev şəxsən izləyir və qızıl medalları atletlərimizin boynundan asaraq onları təbrik edir. Əlbəttə bu, digər idmançılarımıza əlavə stimul verir və onlar yarışlarda inamla mübarizə aparırlar. Nəticə isə göz önündədir. Qazanılan medalların sayı hər gün artır.

Azərbaycan Milli Olimpiya Komitəsi isə iyun ayının 13-dən etibarən atletlərin, jurnalistlərin və idman ictimaiyyətinin doğma ocağına çevrilmişdir. Çünki Azərbaycan bayrağını ən yüksəklərdə dalğalandıran çempionlar və “Bakı-2015"in gümüş, bürünc mükafatçıları yarışlardan sonra Azərbaycan Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri"nə qatılaraq mükafatlandırılırlar. Atletlərimiz ailə üzvləri ilə birgə bu bayram törəninə qatılıb öz sevinclərini hər kəslə bölüşürlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında