Faşizm üzərində tarixi Qələbədə Azərbaycan həlledici rol oynamışdır 22 iyun Böyük Vətən müharibəsinin başlandığı gündür

Faşist Almaniyası tərəfindən 1939-cu il sentyabrın 1-də Finlandiyaya hücumla başlanan İkinci dünya müharibəsi 21 ay 22 gün keçəndən sonra Sovet İttifaqına hərbi təcavüzlə davam etdirildi. Bu zaman Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də, müharibənin əvvəlindən axıradək fəal iştirak etdi, respublikamızın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb olundu.

 Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı, onların da 30 min nəfərdən çoxu qadın idi. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycanda 640 min nəfərədək adam sovet ordusu sıralarına səfərbər edilib cəbhəyə göndərildi. 

 

Milli diviziyalarımız

 

İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar SSRİ Silahlı Qüvvələrinin Ali Baş komandanı Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci, dağatıcı, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar yaradıldı. Həmin diviziyalar Zaqafqaziya hərbi dairəsində yerləşən 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fərqlənmiş, 416-cı diviziya isə Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş, Almaniya paytaxtının süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliklərə görə Ziya Bünyadov və daha 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər.

77-ci dağatıcı diviziya müharibəyə 1941-ci ilin dekabrında Kerç-Feodosiya desant əməliyyatı ilə başladı. Diviziya Kerç, Taman, Novorossiysk, Mozdok, Mineralnı Vodı şəhərləri uğrunda gedən döyüşlərdə fərqlənmiş, Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Suvorov ordeni ilə təltif edilmişdi.  Bu şərəfə 77-ci diviziyaya “Simferopol diviziyası” fəxri adı verildi. Bütövlükdə, Krımın azad edilməsində xüsusi xidmətlərinə görə diviziyanın 3140 döyüşçüsü Vətənin yüksək orden və medallarına layiq görüldü.

1944-cü ilin iyul ayından etibarən Pribaltika respublikalarında, Rusiyanın digər ərazilərində gedən döyüşlərdə fəal iştirak etdiyi üçün diviziyanın yüzlərlə əsgəri orden və medallarla təltif olundu, 8 döyüşçü isə ən yüksək mükafata — Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Ümumiyyətlə, 77-ci Simferopol diviziyası 11000 kilometrə yaxın məsafə qət edərək, müharibəni Berlində başa çatdırmışdı. Onun tərkibində döyüşən Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov zəngin hərbi təcrübə qazanaraq general rütbəsinədək yüksəlmişlər.

223-cü milli atıcı diviziyanın döyüş yolu 1942-ci ilin yayında Şimali Qafqazdan başlayaraq, Ukrayna, Moldova, Bolqarıstan, Yuqoslaviya, Macarıstandan keçmiş, Avstriyanın paytaxtı Vyanaya qədər uzanmışdı. Diviziya 1945-ci il mayın 9-da Çexoslovakiyaya daxil olmuş və mayın 12-də Amerika ordusunun hərbi hissələri ilə görüşmüşdü. Diviziyanın döyüşçülərindən 3483 nəfəri orden və medallarla təltif edilmişdi. 1942-ci ilin fevral ayından 1943-cü ilin iyul ayına qədər diviziyanın komandiri Heybət Heybətov olmuşdu. Onun komandanlığı altında diviziya Mozdokdan Millerova şəhərinə qədər döyüş yolu keçmişdi.

Müharibə illərində həmin diviziyada komandirlik etmiş, işləmiş 6 nəfərin arasında general Heybət Heybətovun 17 aylıq komandirlik fəaliyyəti daha zəngin olmuşdur. Diviziyanın tərkibindəki bölmələrdən - 1037-ci alay Suvorov ordeninə, 1039-cu alay Kutuzov ordeninə, 1041-ci alay Suvorov və Kutuzov ordenlərinə, 818-ci alay Boqdan Xmelnitski ordeninə layiq görülmüşdü. Diviziyanın döyüşçülərindən 2 nəfərinə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

 402-ci atıcı diviziya müharibəyə Şimali Qafqazda qatılmış, Qroznı - Mozdok istiqamətində ağır döyüşlərdə iştirak etmiş və bu savaşda onun 833-cü alayının komandiri mayor Akim Abbasov və 840-cı alayın döyüşçüləri qəhrəmanlıq nümunələri göstərmişdilər. 1944-ci ilin əvvəlində diviziyada siyasi tərbiyə işlərini daha da möhkəmlətmək üçün respublikadan 300 nəfərdən çox partiya və sovet işçisi göndərilmişdi.

416-cı milli atıcı diviziyanın ümumi heyətinin 90 faizi, komanda heyətinin 92 faizi azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda Mozdok istiqamətində döyüşlərə başlamışdı. Taqanroq şəhərinin azad edilməsində xüsusi roluna görə ona “Taqanroq diviziyası” adı verildi. 1943-cü ilin iyulundan sonra diviziyaya general-mayor Heybət Heybətov komandirlik etmişdir. Azərbaycan hökumətinin ardıcıl köməyi nəticəsində diviziya müharibənin sonuna qədər öz milli tərkibini saxlaya bildi. Faşistlərlə döyüşlərdə iradə və mətanət göstərən diviziyanın 1368-ci alayı Qırmızı Bayraq, 1054-cü alayı Suvorov, 444-cü divizionu Boqdan Xmelnitski, 348-ci əlahiddə sanitar batalyonu Qırmızı Bayraq ordenləri ilə təltif edilmişdi.

Diviziya Qafqazdan Berlinə kimi müzəffər döyüş yolu keçmiş, düşmənin 23 minə yaxın əsgər və zabitini məhv etmiş, 5474 əsir götürmüş, faşistlərə məxsus çoxlu döyüş texnikasını işlək vəziyyətdə qənimət kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və zabiti SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, bir çoxu isə xarici ölkələrin orden və medallarını almışdı.

416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Diviziya fevral ayının 3-də Oder çayını keçərək Kyustrin şəhərinin alınmasında böyük şücaət göstərmişdir. Almaniya Reyxinin paytaxtı üzərinə həlledici hücuma başlayan diviziyanın 1373-cü alayı düşmənin müdafiə xəttini birinci yararaq, aprelin 21-də şəhərin ərazisinə daxil oldu. May ayının 3-də marşal Georgi Jukov 416-cı diviziyanın Berlində keçirdiyi döyüş əməliyyatlarının məharətlə hazırlandığını qeyd etmiş, onun xidmətlərinə yüksək qiymət vermişdi.

Azərbaycanın milli diviziyaları sırasında 416-cı Taqanroq diviziyası İkinci dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz döyüşlər apararaq Praqa şəhərinə qədər ümumilikdə 5000 kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən — Rumıniyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakiyadan və 50-dən çox irili-xırdalı çaydan keçərək düşmənin 28 hərbi təyyarəsini, 113 tankını və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 ambarını məhv etmiş, küllü miqdarda qənimət ələ keçirmişdi.

Diviziyada xidmət etmiş zabit və əsgərlərdən 5 nəfərinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Diviziyanın özü isə Qırmızı Bayraq və II dərəcəli Suvorov ordenləri ilə təltif edilmişdir. Onun cəbhələrdə qazandığı qələbələr şərəfinə Taqonroq şəhərinin yaxınlığındakı Sanbek yüksəkliyində monumental xatirə kompleksi yaradılmışdır. Bundan əlavə, Taqonroq, Kiyev, Nikolayev, Odessa şəhərlərində və Moskvada diviziyanın döyüş yolunu təcəssüm etdirən şöhrət muzeyləri yaradılmışdır.

 

Partizan hərəkatı

 

Böyük Vətən müharibəsi zamanı qeyri-bərabər döyüşlərdə əsir düşən həmvətənlərimiz faşistlərin Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və başqa ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə hitlerçilərə qarşı mübarizə aparmış və azərbaycanlı adına layiq hünərlər göstərmişdilər.

1942-1944-cü illərdə isə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Triyestin Opçina, Çexoslovakiyanın Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər. Qeyd etmək lazımdır ki, təkcə Fransanın cənubunda fəaliyyət göstərən partizanlar arasında 1000 nəfərdən çox, Yuqoslaviyadakı partizanlardan ibarət zərbə briqadalarının tərkibində isə 600 nəfərdən çox azərbaycanlı faşistlərə qarşı ölüm-dirim mübarizəsi aparmışdı.

1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri arasında azərbaycanlılardan ibarət dəstə də vardı. Sonrakı illərdə Ukrayna, Belarusiya torpaqlarında və Baltikyanı respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə fəal iştirak etmişlər. Ukrayna torpaqlarının azadlığı uğrunda gedən partizan hərəkatında faşistlərə qarşı 5000 nəfər, Belarusiya torpaqlarında isə 1000 nəfərədək azərbaycanlı vuruşmuşdu.

Azərbaycanlı döyüşçülər partizan dəstələri tərkibində Avropanın bir neçə ölkəsində də faşistlərə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər. 1943-cü ildə faşistlərin Almaniyadakı Stranse əsir düşərgəsindən İtaliyanın Triyest şəhərinə və Yuqoslaviyaya köçürülən sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı vardı. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar. Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan - Yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdi.

Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat - təxribat qrupuna rəhbərlik etmiş, fövqəladə qəhrəmanlıqları ilə ad-san qazanmışdı. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız daxil idi. Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunmuşdur. Əfsanəvi partizan Mehdi Hüseynzadə müharibədən sonra “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

1942-ci ilin yazında Polşadakı hərbilərdən əsir düşərgələrindən birində azərbaycanlıların gizli antifaşist təşkilatı yaradılmışdı. Ona peşəkar hərbçilərdən H.Qiyasbəyov və M.Məmmədov başçılıq edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq partizanlara qoşulmuşdu.

Fransanın Rodez şəhərindəki əsir düşərgəsində xeyli azərbaycanlı vardı. Onların çoxu gizli antifaşist təşkilatının üzvü idi. Gizli təşkilatın üzvü olan həkim Əmirov 29 nəfər əsirlə birlikdə meşəyə qaçıb partizanlara qoşulmuşdu.

Əslən Şəkidən olan Əhmədiyyə Cəbrayılov da Fransanın partizan hərəkatında fəal iştirak edərək bu ölkənin ali mükafatına layiq görülmüşdü. Fransanın Prezidenti olmuş Şarl de Qol onu şəxsən tanıyırdı və Moskvaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdü.

1944-cü il avqustun 17-də Rodez şəhəri fransız və azərbaycanlı partizanlar tərəfindən faşistlərdən azad edilmişdi. Bu əməliyyatda azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov başçılıq edirdi. Şəhər sakinləri faşistlərə qarşı savaşda qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin xatirəsini əziz tutaraq, onları böyük matəm mərasimi ilə Rodez qəbiristanlığında dəfn etdilər. Matəm mitinqində çıxış edən polkovnik Rişard fransız vətənpərvərlərinin sovet xalqına, xüsusilə Azərbaycana olan məhəbbət dolu fikir və duyğularını bu sözlərlə ifadə etmişdi: “Fransa azərbaycanlı hərbi əsgərlərin igidliyini heç vaxt unutmayacaqdır. Övladlarımız, nəvə və nəticələrimiz də biləcəklər ki, uzaq Azərbaycandan olan dostlarımız da Fransanın faşizmdən azad edilməsi yolunda canlarını əsirgəməmişlər”.

Faşistlər əsirlikdən qaçaraq Şərqi və Qərbi Avropa ölkələrində partizan hərəkatına qoşulan xalqımızın qəhrəman oğullarını — Mirzəxan Məmmədovu, Qulu Quliyevi, Vəli Vəliyevi, Mirzəli Məmmədlini, Paşa Cəfərxanlını, Feyzulla Qurbanovu, İsmayıl Heydərovu, Həsən Əliyevi, Qurban Məmmədovu, Məmməd Axundovu, Abbas Hüseynovu və bir çox başqalarını yenidən həbs edərək ağır əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər.

Ümumiyyətlə, alman faşistlərinə qarşı 5 il davam edən qanlı müharibə zamanı Azərbaycanın 123 nəfər Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı, 170 mindən çox əsgər və zabiti müxtəlif orden və medallarla təltif edilmişdir.

Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişlər. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinmir, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

 

Arxa cəbhə

 

Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də böyük şücaət və əzmkarlıq göstərmişdir. İkinci dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti həlledici rol oynamışdır. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynamışdır.

Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərmiş, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilmişdir. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər etmişdir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirmiş və onlara hərtərəfli qayğı ilə yanaşmışdır. Məhz ulu öndərin ədaləti uca tutması sayəsində İkinci dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılmışdır və 1994-cü ildən başlayaraq Azərbaycanda Qələbə Günü qeyd olunur. Ölkəmizdə müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dövlət siyasətinin insan amilinə söykənməsi və humanist mahiyyət kəsb etməsinin bariz nümunəsidir.

Telman ƏLİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında