Birinci Avropa Oyunları dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın əzmkarlığını göstərdi

Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki,
dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik...
Biz Avropa standartları haqqında, adətən, tez-tez eşidirik.
Əlbəttə ki, bu, yüksək standartlardır.
Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı, Atletlər kəndi,
9 iyun 2015-ci il


Beynəlxalq Olimpiya Komitəsinin bir çox prezidentləri,
o cümlədən Samaranç, Roq və Bax hər zaman qeyd ediblər ki,
Oyunların uğurlu keçməsinin ən vacib hissəsi ev sahibliyi edən ölkənin
Oyunlara uğurla başlamasıdır və həqiqətən də dünən
siz medal sayına görə çox uğurlu çıxış etdiniz.

Patrik HİKKİ
Avropa Olimpiya Komitəsinin prezidenti

Bakı, 14 iyun 2015-ci il


 

Ümummilli liderimiz hələ 14 il qabaq demişdi ki, biz Avropa ilə əməkdaşlıq zamanı ümumavropa dəyərləri xəzinəsinə öz töhfələrimizi gətirməyə hazırıq. Budur, artıq həmin töhfələri gətirmişik. Dünyamızın ən qədim mədəniyyət mərkəzlərindən olan Avropanın bütün sülh elçiləri – məşhur idmançılar, məşqçilər və Olimpiya hərəkatının, idman ictimaiyyətinin görkəmli nümayəndələri Azərbaycana toplaşıblar. Dövlət başçımızın təbirincə desək, biz artıq Avropa miqyasında Azərbaycan standartlarını yaradırıq. Azərbaycan paytaxtında keçirilən birinci Avropa Oyunlarının geridə qalan günləri sübut etdi ki, xalqımız və dövlətimiz, sözün həqiqi mənasında, Avropa dəyərləri xəzinəsini zənginləşdirmək potensialına malikdir.

Prezident İlham Əliyev iyunun 12-nə – dünya idman tarixinə özünəməxsusluğu və qeyri-adiliyi ilə yazılmış möhtəşəm açılış mərasiminə bir neçə gün qalmış demişdi ki, ilk Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Biz həmin fikrin təsdiqini sonralar hər gün daha böyük miqyasda gördük. Prezidentdən başlayaraq, ən sadə vətəndaşa qədər bütün insanlarımızın bu möhtəşəm beynəlxalq tədbiri öz şəxsi məsələsi kimi qəbul edərək hamılıqla, mütəşəkkilliklə, canfəşanlıqla uğura doğru apardığını görəndə yadımıza düşən ilk ifadə “xalq-iqtidar” birliyinin gücü oldu. Qədim Atəşgah məbədindən alovlandırılan məşəlin bütün ölkəmizi dolaşması, həmin məşəli Prezident və ailə üzvləri başda olmaqla, görkəmli ziyalılarımızın, tanınmış sənət adamlarının daşıması, idman federasiyalarımızın bu yarışlar üçün heç zaman görünməyən bir səviyyədə seçim edərək hazırlaşması, ölkə mətbuatının başdan-başa bütün nümayəndələrinin hansısa dəvət və ya çağırış gözləmədən bu tədbirin təbliğinə səfərbər olması, bir sözlə, Avropa üçün tarixi hadisə olan ilk Oyunların ən yüksək səviyyədə keçirilməsinə bütün azərbaycanlıların töhfə verməsi bir ünvandan qaynaqlanırdı – bizim mənəvi zənginliyimizdən, xalqın tolerantlığından, millətin mental səviyyəsindən, hər bir fərdin ümumi işə yanaşma tərzindən. Ulu öndər məhz bu potensiala inanaraq 14 il qabaq AŞPA siyasətçiləri qarşısında çıxış edərkən bizim Avropaya verəcəyimiz töhfələrdən danışırdı.

Dövlət başçımız iyunun 12-də – birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə verilən rəsmi qəbuldakı nitqində xatırlatdı ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilərkən idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Belə ki, Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın Olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Yeri gəlmişkən, Oyunların iştirakçıları və qonaqlar son on gündə bu faktı dəfələrlə təsdiq etdilər. Bu bir danılmaz faktdır ki, ölkədə daxili sabitlik və əmin-amanlıq olmadan nəinki idmana qayğı göstərilməsi, heç o barədə danışmaq mümkün deyil. Ona görə də dövlət başçımız Avropa Oyunları barədə danışarkən həmin məqamı xüsusilə qabardır: “Azərbaycanda siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu, dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər”. Təbii ki, bu münbit şərait, lazım olan idman qurğuları, potensial yaradılıbsa, ölkəmiz gələcəkdə də bu qəbildən olan tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edəcək. Həmin məqamı qonaqların yadına salan dövlət başçımız deyir: “Oyunlardan sonra, əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda, 2016-cı ildə “Formula-1” yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcəkdir. Yəni, Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar”. İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya ailəsinin üzvləri üçün təşkil edilən qəbulda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin söylədiyi fiklirlər sadə bir azərbaycanlı və qələm sahibi kimi ömrüm boyu mənim yadımdan çıxmayacaq. Çünki həmin məqamda, sözün həqiqi mənasında, fəxr etmişdim: “Beynəlxalq Olimpiya Komitəsinin bir çox prezidentləri, o cümlədən Samaranç, Roq və Bax hər zaman qeyd ediblər ki, Oyunların uğurlu keçməsinin ən vacib hissəsi ev sahibliyi edən ölkənin Oyunlara uğurla başlamasıdır və həqiqətən də dünən siz medal sayına görə çox uğurlu çıxış etdiniz. Mən uzun günün sonunda mehmanxanaya qayıdandan sonra Azərbaycan Televiziyasına baxdım. Sizin və birinci xanımın karate yarışında medalların verilməsində iştirak etməyiniz məni fərəhləndirdi".

Cənab Hikkinin başqa bir məntiqini də yada salmaq zərurəti var. Cənab Hikki dedi: “Azərbaycanın uğuru ilə bağlı digər bir məsələyə toxunmaq istərdim – bu gün heyrətamiz bir iş baş verib. Azərbaycan triatlon idman növündə bürünc medal qazanıb. Bu salonda toplaşanların diqqətinə çatdırmaq istərdim ki, bir il öncə belə bir idman növü Azərbaycanda mövcud deyildi. Bir il ərzində medal qazanacaq idmançıların hazırlanması məharət, tərəqqi və təlim üçün şəraitin yüksək olmasının göstəricisidir”.

Prezident İlham Əliyevin fikrincə isə, bizim qarşıya qoyduğumuz məqsədlərə lazımi səviyyədə nail olmağımızın əsas səbəbi cəmiyyətin təmiz və bəşəri dəyərlər üzərində qurulmasıdır: “Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir. Bu yaxınlarda mən Azərbaycanda Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə bağlı sərəncam imzaladım və Bakının ən gözəl yerlərindən birində – Bayraq Meydanının yaxınlığında Tolerantlıq abidəsinin açılışı oldu. Bunlar hamısı bizim həyatımızın və siyasətimizin tərkib hissəsidir. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu hər iki təşkilatın yüzdən artıq üzvü var. Biz isə Avropa və Asiya arasında təbii körpü rolunu oynayırıq. Bu, yalnız coğrafi deyil, mədəni, iqtisadi və siyasi körpüdür. Beləliklə, müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti yaratmalı deyildik, eyni zamanda, bir sistemdən digərinə transformasiya etməli idik. İslahatların həyata keçirilməsi bu gün ölkəmizin uğuruna və firavanlığına gətirib çıxarmışdır. Bu gün Azərbaycan Avropa Oyunları kimi belə böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir”.

Xatırladaq ki, birinci Avropa Oyunları təkcə adıçəkilən qitənin deyil, bütün dünyanın diqqət mərkəzindədir. Belə bir mühüm tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya bir daha göstərir ki, son illərdə iqtisadi inkişafı ilə diqqət mərkəzində olan ölkəmiz həm də idman sahəsində mühüm nailiyyətlər qazanıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmana göstərilən dövlət qayğısının nəticəsidir ki, bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də tarixi uğurlar qazanılır. Hər an Azərbaycan dövlətinin qayğısını hiss edən idmançılarımız müxtəlif olimpiadalarda, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandıqları medalların sayını ilbəil artırırlar. Bütün bunlar Avropanın idman tarixində bir ilk olan birinci Avropa Oyunlarının keçirilməsinin məhz Azərbaycana etibar edilməsində mühüm rol oynamışdır.

Bütün bu fikirlərin ən yaxşı ifadəsini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fikirlərində görürük: “Bu Oyunlar Avropa idmanı tarixində yeni səhifə açacaq. Birinci Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək və onu keçirmək həm böyük şərəf, həm də böyük məsuliyyətdir... Təbii ki, Bakı Oyunları bütün gələcək oyunlar üçün səviyyə, standart müəyyən edəcək”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında