Əvvəlcə azərbaycançılığın mahiyyəti ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin bir fikrinə nəzər salaq. Dahi öndər Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında vurğulamışdır ki, biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir.
Ümummilli liderimiz milli birliyi, həmrəyliyi hər zaman xüsusi vurğulamışdır. Xarici siyasətin əsas tərkib hissələrindən biri kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyini mühüm vəzifə kimi qarşıya qoymuşdur. Elə bu məqsədlə də ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin təminatı konsepsiyası hazırlanmışdır. Bununla bağlı təkcə bir fakta nəzər salmaq kifayətdir. Belə ki, 2001-ci il noyabr ayının 9-10-da dahi şəxsiyyətin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirilmiş, soydaşlarımızın həmrəyliyi bir daha təmin edilmişdir. Beləliklə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyulmuş, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.
Xatırladaq ki, ümummilli liderin sözügedən qurultayda diqqətə çatdırdığı fikirlər əslində azərbaycançılığın ən dürüst ifadəsi idi: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarhəmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”.
Ötən illər ərzində ümummilli liderimizin azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi-sosial dövlətin möhkəmlənməsinə xidmət etmişdir. Dahi şəxsiyyət 1993-cü il iyunun 15-də Milli Məclisdəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bir daha bəyan etmişdir.
Dahi rəhbərin azərbaycançılıq fəaliyyətinin prinsipləri də, ümumiyyətlə, məhz həmin fikirlərə əsaslanmışdır. Xalqımızın tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, həmçinin bu barədə bildirmişdir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”. Bəli, bu sözlər də ümummilli liderimizin xalqını sevməsinin, millətinə ləyaqətlə xidmət etməsinin, azərbaycançılıq ideologiyasını yüksək dəyərləndirməsinin bariz ifadəsidir. Bəli, məhz elə buna görə də tam əminliklə qeyd edə bilərik ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə-istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizin milli ideologiyasının əsasını təşkil edən azərbaycançılıq ideyasını diqqət mərkəzində saxlamışdır. Dövlətçiliyin, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına mühüm önəm vermişdir. Təbii ki, bugünkü müstəqilliyimizin qorunub saxlanılmasında, möhkəmləndirilməsində bu amil başlıca rol oynamışdır.
Dahi şəxsiyyətin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi böyük tarixi xidmətlərdən biridir. Məhz belə bir fakt diqqət çəkir ki, müstəqillik illərində azərbaycançılıq məfkurəsi Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur.
Əminliklə qeyd etmək olar ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək, cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurularaq Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. Xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırması, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırması, azərbaycançılıq ideologiyasının soydaşlarımızın mənəviyyatı birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü işlərin aparılması bu istiqamətdə həyata keçirilən siyasətin uğurlu davamının göstəricisidir.
Onu da deyək ki, Heydər Əliyevin azərbaycançılıq ideyasının uğurla həllinin nəticəsidir ki, bu gün Avropa məkanına inteqrasiya yolunu seçən və bu yolla uğurla irəliləyən Azərbaycan qloballaşma şəraitində bütün dünyada söz sahibi kimi tanınır. Ölkəmizə tolerantlığı yaşadan, mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya mərkəzi kimi yanaşılır. Ona görə də hazırda dünyada baş verən siyasi-iqtisadi kataklizmlərə, böhrana baxmayaraq, Azərbaycanın müstəqillik və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyasının təməl prinsiplərini təşkil edən insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi mühüm vəzifə kimi diqqət mərkəzindədir. Əgər bu məsələ diqqət mərkəzində saxlanılmasaydı, neçə illərdir ki, ölkəmizə qarşı yönələn təhdidlərin, etnik parçalamaq cəhdlərinin də qarşısını almaq mümkün olmazdı.
Azərbaycanda son illərdə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam məcraya yönəlməsini şərtləndirmişdir. Respublikamız demokratiya yolu ilə inamla addımlayır, ölkədə siyasi plüralizm, insan hüquq və azadlıqları təmin edilir, vətəndaş cəmiyyətinin inkişafına geniş şərait yaradılır.
Azərbaycanda siyasi mədəniyyətin səviyyəsi yüksəkdir və davam etdirilən strateji kurs xalqın iradəsinə söykənir. Hazırda Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilmişdir. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür.
Xalqımızın söz, əqidə və əməl birliyinə nail olunması üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın hər yerinə səpələnmiş milyonlarla azərbaycanlı gücün birlikdə olduğu həqiqətini gün keçdikcə daha aydın dərk edir, Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqlarının müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan artıq bütün soydaşlarımızın güvənc yeri olan qüdrətli bir dövlətə çevrilmişdir.
Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər mədəniyyətimizin, tariximizin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Mehriban xanım Əliyeva bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirmişdir.
Ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev Fondu bu gün onu uğurla həyata keçirir. İnsanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, milli mədəniyyətimizin təbliği, ekoloji mühitin təmizliyi, sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqətin artırılması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması və digər sahələrdə ardıcıl layihələr həyata keçirməklə adı çəkilən fond ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır və inkişaf etdirir.
Bu gün Azərbaycanın gücü təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də xalqımızın sıx birliyi ilə ölçülür. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqına, Azərbaycana xidməti bu azərbaycançılıq ideologiyasına sədaqət nümunəsidir. Dünya azərbaycanlılarının 2011-ci il iyulun 5-də Bakıda keçirilən 3-cü qurultayında dövlət başçımızın bir fikri bunun bariz ifadəsidir: “Bizim bir Vətənimiz var - Azərbaycan, bizim bir dilimiz var - Azərbaycan dili, bizim bir ideologiyamız var - azərbaycançılıq ideologiyası...”. Bu sözlər hər bir azərbaycanlı üçün səfərbərlik rəmzinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideologiyasını özündə təcəssüm etdirən, öz əməlləri ilə onun təbliğinə parlaq töhfələr verən cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən hər birimiz iftixar hissi keçirir, onun ətrafında daha sıx birləşməyə, bu birliyə, bu həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim edilir
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.