Azərbaycana qarşı növbəti siyasi provokasiya bu yaxınlarda Bundestaqın deputatları tərəfindən qəbul edilmiş və rəsmi Bakının haqlı narazılığına səbəb olan “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair tələblər” adlı qətnamə oldu. Məlum olduğu kimi, Almaniyanın ən yüksək qanunverici orqanında bu təklifin təşəbbüskarları Almaniyanın Xristian Demokrat və Xristian Sosial İttifaqları və Sosial-Demokrat Partiyası olub.
Demokratiya və hüququn yalançı vətənpərvərlərinin hücumunu rəsmi Bakının sərt reaksiyası izlədi. Bakıdakı və Berlindəki diplomatik qurumlarımız Azərbaycan tərəfinin ölkəmizə qarşı qeyri-obyektiv xarakter daşıyan sənədi dəyərləndirən aydın mövqeyini ifadə etdilər. Son bir neçə ildə Avropada, xüsusilə də Almaniyada Azərbaycana qarşı məqsədli kampaniyanın aparıldığını qeyd edən azərbaycanlı diplomatlar, deputatlar və siyasətçilər Almaniya parlamentinin nümayəndələrinin təxribat xarakterli addımlarının Bakı və Berlin arasındakı ikitərəfli əlaqələrə ziyan verə biləcəyini bəyan etdilər, bu isə Bakının və Berlinin maraqları ilə uzlaşmır.
Şübhəsiz ki, almaniyalı deputatların “demokratik dəyərlər naminə” təbliğatının Azərbaycanda tarixdə ilk Avropa Oyunlarının keçirildiyi bir vaxtda irəli sürülməsinin təsadüfi olmadığını düşünməyə vadar edən əsaslar mövcuddur. Ehtimal ki, bu, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaqda və Azərbaycan-Almaniya əlaqələrinin dinamik inkişafına mane olmaqda maraqlı olan müəyyən siyasi qüvvələr tərəfindən əvvəlcədən planlaşdırılmış hərəkətdir.
Yeri gəlmişkən, vəziyyətin bu aspekti Azərbaycan parlamentinin deputatları və ölkənin siyasi xadimləri tərəfindən də səsləndirildi.
Xüsusilə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa Parlamentinin ölkəmizə qarşı subyektiv qiymətləndirmə aparan bir sıra nümayəndələrini kəskin tənqid etdi. “Azərbaycan Birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimini keçirdi və bu idman tədbirinə ev sahibliyi etməyə davam edir, amma Avropa Parlamentində bəzi dairələr öz məkrli oyunlarını dayandırmırlar”, - deyə Novruz Məmmədov Twitter-dəki mikrobloqunda yazdı.
“Sanki onların heç bir problemi yoxdur və Azərbaycanın ”qayğısına qalmaq" üçün dəridən-qabıqdan çıxırlar", - deyə Novruz Məmmədov vurğulamışdır.
Xatırladaq ki, Almaniya Bundestaqında qəbul edilmiş sənəd heç də Azərbaycan tərəfə yönəlmiş yeganə çirkin sürpriz deyil.
Düz iki il öncə, 2013-ci ilin sentyabrında Almaniya Bundestaqının üzvü Yurgen Klimkenin erməni işğalı altındakı Dağlıq Qarabağa qeyri-qanuni səfəri və burada separatçı rejimin “nümayəndələri” ilə görüşməsi Almaniyada yaşayan azərbaycanlıların narazılığına səbəb olmuşdu.
Bununla əlaqədar, Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi Bundestaqa parlament üzvü Klimkenin Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərinin BMT-nin və Avropa Parlamentinin qətnamələrinə, həmçinin Azərbaycanın ərazi bütövlüyünü tanıyan Almaniya Federativ Respublikasının siyasətinə zidd olduğunun vurğulandığı etiraz məktubu göndərmişdi.
Ümumiyyətlə, beynəlxalq hüquq nöqteyi-nəzərindən almaniyalı deputatların bənzər hücumunu münaqişənin beynəlxalq ictimaiyyət tərəfindən aparılan sülh yolu ilə həllinin əleyhinə yönəlmiş addım kimi dəyərləndirmək lazımdır. Amma Almaniya hökumətinin Azərbaycan ərazisindəki qondarma rejimi və bu rejimin “nümayəndələrini” tanımadığını nəzərə alsaq, Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişilməz olaraq qalır və bu, bizim üçün çox vacibdir. Bu amili nəzərə alaraq, məntiqli olaraq almaniyalı deputatların erməni işğalındakı Qarabağa məlum “səfərləri”ndən sonra Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində Dağlıq Qarabağın hüquqi statusu, bu ərazilərə səfərlərin riskləri və mümkün nəticələri ilə bağlı informasiya yerləşdirilmiş, diplomatik missiyalara isə Bundestaq üzvlərinin səfərinin “Dağlıq Qarabağ hökuməti”nin “müstəqilliyinin” tanınmasının göstəricisi olmadığı izah edilmişdi.
Qeyd etmək lazımdır ki, Avropanın inkişaf etmiş dövlətlərindən biri kimi, Almaniyanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğu Bakı və Berlin arasında diplomatik münasibətlərin qurulduğu vaxtdan bəri bu ölkənin rəsmi şəxsləri tərəfindən dəfələrlə bəyan edilib. Həmin vaxtdan etibarən iqtisadiyyat, energetika, maliyyə sektorlarında və investisiya fəaliyyətlərindəki ikitərəfli əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Buna nümunə olaraq, Azərbaycanda onlarla alman şirkətinin fəaliyyət göstərdiyini, Almaniyanın isə Azərbaycan iqtisadiyyatının ən iri sərmayədarlarından biri olduğunu göstərmək olar. Təkcə ötən ilin nəticələrinə görə, əsas kapitala 4.88 milyard manat sərmayə qoyulub. Bir sözlə, əlaqələrin iqtisadi aspekti tam olaraq qurulub və bu əlaqələr perspektiv inkişaf üçün yaxşı zəminə malikdir. Digər tərəfdən, ikitərəfli münasibətlərin siyasi komponenti də Azərbaycanın milli maraqlarına aid məsələlərdə ciddi ziddiyyətlərə malik deyil. Almaniya Azərbaycanın ərazi bütövlüyünü, həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Bunu Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı Prezident İlham Əliyevlə görüşən Almaniya kansleri Angela Merkel də açıq şəkildə bəyan edib.
Amma Almaniya Bundestaqının qətnamələri Azərbaycan ərazisinin bir hissəsinin işğalı faktını tanısa da, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun üzvü kimi heç bir əməli tədbir görməyib və qeyd etmək lazımdır ki, bir sıra Avropa dövlətləri kimi təcavüzkarı öz adı ilə çağırmaqdan imtina edib, bu isə onun Azərbaycana qarşı mövqeyindəki səmimiliyi şübhə altına qoyur. Təəssüf ki, problem Almaniya hökumətinin öz parlamentində uzunmüddətli əməkdaşlıq qurmaq istədiyi ölkəmizə qarşı yönələn qeyri-obyektiv hərəkətlərin qabağını almamasının aydın cavabının olmamasındadır.
Əslində, həm avropalılar, həm də amerikalılar “demokratiya və hüquq” məsələlərində təkcə Azərbaycana qarşı deyil, bizə dost olan Türkiyəyə qarşı da qeyri-sağlam maraq nümayiş etdirirlər. Sirr deyil ki, Avropa İttifaqının Türkiyəyə qarşı münasibəti ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Avropa İttifaqının “demokratik sistem, yoxsa xristian klubu olması”nı anlamaq istədiyini göstərən “güclü bir ölkə kimi Türkiyə Aİ-nin qapısı qarşısında dayanmayacaq və bağlı qapıları döyməyəcəkdir” bəyanatından sonra əsaslı surətdə dəyişib.
Bu, bir növ Aİ-nin Türkiyəyə demokratiya dərsi keçməyə haqqı olmamasını bəyan edən Türkiyə dövlət başçısının ismarışı idi.
Aİ hələ də vəziyyətdən müvafiq nəticələr çıxarmasa da, “demokratiyaların demokratiyası” adlanan anlayış Almaniya Bundestaqında “erməni soyqırımı”nı tanıyan qətnamənin müzakirəsindən sonra aşkar oldu, baxmayaraq ki, rəsmi Berlin çətin ki, Şimali Atlantika Alyansında əhəmiyyətli müttəfiqi ilə münasibətlərini pisləşdirməkdə maraqlı olsun.
Almaniya Azərbaycana münasibətdə də təxminən belə bir üstüörtülü siyasət yürüdür.
Ola bilsin ki, Almaniyanı Türkiyə və Azərbaycanla münasibətdə birləşdirən amil hazırkı geosiyasi ziddiyyətlər fonunda Bakı və Ankaranın Moskva ilə əlaqələrinin sıxlaşmasıdır.
Almaniya Bundestaqını “narahat” edən problemə dönsək, qeyd edək ki, vətəndaş cəmiyyəti institutlarının, qanunun aliliyinin bərqərar olduğu, hüquqların və söz azadlığının təmin edildiyi Azərbaycan milli maraqlardan doğan və beynəlxalq hüquq prinsiplərinə əsaslanan, ən mühümü xarici təzyiqlərə boyun əyməyən müstəqil xarici siyasət həyata keçirir.
Buna görə də istər Almaniya Bundestaqında, istərsə də ABŞ Dövlət Departamentində olsun, Qərbdə müəyyən qrupların guya Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyətində çatışmazlıqların olması bəhanəsi ilə Azərbaycanın beynəlxalq nüfuzuna ləkə salmaq cəhdləri pərtliklərini gizlətmək üçün atılan addımdan başqa bir şey deyil.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.