Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil,
demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun
ön sıralarında olmaq imkanı etibar edilmişdir.
Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil,
məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən
və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki,
o, xalqın xidmətçisidir, insanlara xidmət,
onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyevin ölkəmizdə mükəmməl vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində həyata keçirməyə başladığı çoxşaxəli islahatlar gündən-günə daha böyük nəticələr verməkdədir. Respublikamız böyük qayıdışdan sonra beynəlxalq aləmdə qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlarını uğurla davam etdirməyə başlamışdır. Cəmiyyət həyatının bütün sahələrində aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət idi. Həmin istiqamətdə atılan mühüm addımlardan biri də dövlət qulluğu sahəsində aparılan islahatlardır.
Mütəxəssislər qeyd edirlər ki, dünyanın əksər xalqlarında mövcud olmuş dövlət qulluğunun təkamül prosesi müəyyən mərhələlər keçərək müasir formanı almışdır. Onların fikrincə, dövlət qulluğunun yaranma tarixi qədim Çindən başlanır. Müxtəlif mənbələrin verdiyi məlumata görə, dövlət qulluqçusu vəzifəsinə seçim tarixdə ilk dəfə olaraq məhz bu ölkədə, hələ eramızdan əvvəl Han sülaləsi dövründə olmuşdur. Həmin hadisə Şərqdə dövlət qulluğunun əsasını qoymuşdur. Qərbdə isə dövlət qulluqçularının bacarıqlarına görə seçilməsi çox sonralar - feodal quruluşunun dağılması və milli dövlətlərin yaranması dövrünə təsadüf etmişdir. XVII əsrdə Prussiyada ilk dəfə müsabiqəyə əsaslanan dövlət qulluğuna seçim sistemindən istifadə edilmişdir. Həmin seçim XIX əsrin əvvəllərində Napoleonun islahatlarının əsasını təşkil etmişdir. İngilisdilli ölkələrdə isə dövlət qulluğuna qəbulla bağlı qaydalar sonrakı dövrdə yaranmışdır.
Yəni on əsrlər ərzində dövlət qulluğunun məqsədləri, vəzifələri, funksiyaları, prinsipləri yaradılmış, formalaşdırılmış və inkişaf etdirilmişdir. Təbii ki, müstəqilliyin ilk illərində Azərbaycanda yaşanılan problemlər, xüsusən, xaos, anarxiya və hərc-mərcliyə səbəb olmuş siyasi diletantlıq dövründə nəinki dövlət qulluqçularının seçilməsi, heç dövlət qulluğunun fəlsəfəsi barədə düşünmək, danışmaq belə mümkün deyildi. Ona görə də respublikamızda bu məsələlər, yuxarıda qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra reallaşdırıldı. Müstəqilliyin ilk illərində ölkədə yaradılmış süni problemlər o qədər fəsadlar vermişdi ki, hətta, Heydər Əliyevin dövlət başçısı seçilməsindən sonra da dövlət qulluğu və dövlət qulluqçusu məsələləri öz həllini tezliklə tapa bilməmişdir. Odur ki, ölkəmizdə dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin olunması və eyni zamanda, məsuliyyətlərinin artırılması üçün 2000-ci ildə “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmişdir.
Təbii ki, həmin qanun qəbul edilənə qədər ölkəmizdə dövlət qulluqçularının fəaliyyəti Konstitusiya, əmək qanunvericiliyinin normaları və s. normativ-hüquqi aktlarla tənzimlənirdi. Həm yerli, həm də beynəlxalq ekspertlərin fikrincə, müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində qəbul edilmiş ilk qanunun çox böyük ictimai-siyasi və sosial əhəmiyyəti olmuşdur. Belə ki, qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuşdur. Həmin qanuna görə, dövlət qulluğunda insan resurslarının idarə olunması istiqamətində siyasətin inkişaf etdirilməsi və bu siyasətə ictimai etimadın artırılması dövlətin əsas məqsədlərindən biridir.
Bəs dövlət qulluğu nə deməkdir? Bu sualın cavabını yuxarıda adıçəkilən qanunda tapırıq. Orada göstərilir ki, dövlət qulluğu dövlətin konstitusiya ilə müəyyən edilmiş məqsədlərini, funksiyalarını reallaşdırmaq üçün vətəndaşların xüsusi təşkil olunmuş fəaliyyəti, onların bu prosesdə praktiki və peşəkar iştirakıdır. Dövlətin ayrılmaz hissəsi olmaqla dövlət qulluğu müəyyən muxtariyyətə malikdir və müasir dövlət institutları sistemində xüsusi yer tutur. Dövlət qulluğu sisteminə daxildir: Birinci - institusional (hüquqi, təşkilati) və prossesual strukturlar. İkinci – dövlət orqanlarında məşğul olan xüsusi hazırlanmış və peşəkar şəxslər - dövlət qulluqçuları. Siyasi və tarixi ədəbiyyatlarda dövlət qulluğu prinsiplərini müxtəlif kriteriyalara görə təsnifləşdirirlər. Yanaşmaların birinə görə, prinsiplərin bir hissəsi yalnız bütövlükdə dövlət qulluğuna, ikinci hissəsi dövlət qulluqçularına, üçüncü növ prinsiplər isə dövlət qulluğu ilə bağlı müəyyən münasibətlərə daxil olan vətəndaşlara aid edilir. Dövlətin idarə edilməsi analogiyasına uyğun olaraq isə, dövlət qulluğunun konstitusional və təşkilati-funksional prinsipləri vardır.
Məlum məsələdir ki, istənilən ölkədə sahə qanunlarından əvvəl əsas qanuna əməl edilir. Azərbaycanda da dövlət qulluğunun konstitusional prinsiplərinin əsasını Azərbaycan Respublikasının Konstitusiyasının maddələri əks etdirir, digər normativ-hüquqi aktlarda isə bu prinsiplər daha da konkretləşdirilir. Dövlət qulluğunun təşkili və fəaliyyət göstərməsi baxımından dövlət qulluğu prinsipləri əsasən iki qrupa bölünür: dövlət qulluğunun təşkili prinsipləri və dövlət qulluğunun praktiki fəaliyyət prinsipləri. Dövlət qulluqçuları dövlət qulluğuna girdiyi gündən müəyyən vəzifə səlahiyyətlərini həyata keçirməyə başlayırlar. Bütün dövlət qulluqçularının vəzifə və səlahiyyətləri eyni deyildir. Dövlət qulluqçuları arasında əmək bölgüsü aparılmışdır bu da dövlət qulluqçularının müəyyən sahə üzrə ixtisaslaşmasına və fəaliyyətlərini daha səmərəli həyata keçirmələrinə təsir edir. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də odur ki, dövlət qulluğuna vətənpərvər, yüksəkixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrlar seçilməli və yerləşdirilməlidir. Bu məqsədlə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas fəaliyyət istiqamətləri də məhz həmin tezislərin həyata keçirilməsindən ibarətdir.
Avropa ekspertləri tərəfindən yüksək qiymətləndirilən bu sənədin – “Dövlət qulluğu haqqında” Qanunun dördüncü maddəsində göstərilir ki, dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: Dövlət qulluqçusu fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası ərazisində Konstitusiyanın aliliyi bütün hüquq sisteminin və onun ayrı-ayrı elementlərinin ahəngliyini və sabitliyini təmin edir. Qanunun aliliyi prinsipinə daxildir: dövlət qulluqçularının xidməti vəzifələrini həyata keçirərkən dövlətə sadiqliyi prinsipi və dövlətin və vətəndaşların dövlət qulluqçularına etibar etməsi prinsipi. Qanunçuluq həm də dövlət idarəetməsində tətbiq olunan vasitə, üsul və metodların tətbiqetmə sərhədlərini müəyyən edir. Məhz , bütün bunları nəzərə alan Prezident İlham Əliyev dönə-dönə vurğulayır ki, dövlət qulluqçusunun əsas vəzifələrindən biri odur ki, o, xalqın xidmətçisidir. Dövlət qulluğuna qəbul məsələlərinə gəlincə isə qeyd etməliyik ki, “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsi məhz bu məsələləri əhatə edir.
İndi artıq ölkəmizdə dövlət qulluğu kimi qəbul edilən bütün vəzifələrə vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər. Müvafiq dövlət qulluğunu idarəetmə orqanı həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq dövlət qulluğunu idarəetmə orqanına təqdim edirlər. Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 gün ərzində keçirilir və vahid test imtahanından və söhbətdən ibarət olur. Müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Test imtahanından müvəffəqiyyətlə çıxanlar söhbətə buraxılırlar. Test nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur. Qanunvericilikdə başqa qayda nəzərdə tutulmadıqda, müsabiqədən keçmiş namizədlər dövlət orqanı rəhbərinə təqdim olunurlar.
Bütün bunlardan sonra isə dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək öz qərarı ilə bir il müddətinə stajçı kimi qulluğa götürür və boş vəzifəyə təyin edir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işinə göz qoyur və staj müddəti qurtardıqdan sonra stajçının dövlət qulluğuna götürülməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Qanunvericilikdən başqa qayda nəzərdə tutulmadıqda, tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi (kontrakt) bağlamaq yolu ilə iki illik sınaq müddəti ilə işə qəbul edilir. Müqavilədə sınaq müddəti ərzində işin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə işə qəbul müqaviləsinin nümunəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada təsdiq olunur. Sınaq müddəti ərzində müqavilə pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri kontraktın şərtlərinə əməl etməklə işləmiş şəxsin daimi dövlət qulluğuna götürülməsi haqqında əmr verir və bu şəxslə müvafiq müqavilə bağlanır. Sınaq müddəti ilə bağlı digər məsələlər qanunvericiliklə müəyyən edilir.
Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutması zamanı da hüquq bərabərliyi təmin olunur.
“Dövlət qulluğu haqqında” Qanunun 27-ci maddəsi bu prinsiplə bağlıdır. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır. Bu maddə ilə Azərbaycanda dövlət qulluğuna qəbulda diskriminasiyanın hər hansı bir formada üzə çıxmasının qətiyyətlə qarşısı alınmışdır. Bu prinsip onu göstərir ki, vətəndaşlar dövlət qulluğuna girdikdən sonra, artıq dövlət qulluqçusu kimi fəaliyyət göstərdikdə də onların hüquqları bərabərdir.
Bu zaman başqa bir məsələ də xüsusilə qeyd edilməlidir. Belə ki, dövlət qulluqçularının hüquqlarına təsir edən yeganə amil qulluqçunun iş keyfiyyəti ilə əlaqədar məsələlərdir. Qanun dövlət qulluqçularının sosial və hüquqi müdafiəsini, onların ailələri və özləri üçün lazımi həyat şəraitinin yaradılması məsələsini də yüksək səviyyədə təmin edir. Bu prinsipə aid olan məsələlər qanunun 19, 21, 22, 23, 24-cü maddələrində öz əksini tapıb. Dövlət qulluqçusunun əsas hüquqlarından biri dövlət maaşı almasıdır. Dövlət qulluqçusu layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər alır. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Yəni, dövlət qulluqçuları üçün normal əmək fəaliyyəti və həyat şəraitinin yaradılması məsələsi daim diqqət mərkəzindədir.
Bir sözlə, səsi BMT Təhlükəsizlik Şurasının tribunasından gələn, “kosmik ölkələr klubu”na daxil olan, iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə yanaşı dayanan gənc müstəqil Azərbaycan Respublikası bütün başqa məsələlərdə olduğu kimi, dövlət idarəçiliyi məsələsində də özünəməxsus nümunə formalaşdırmışdır. Bu nümunə dövlət başçısının qətiyyəti, “Dövlət qulluğu haqqında” Qanunun mükəmməlliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yüksək səviyyəli fəaliyyəti nəticəsində ərsəyə gəlmişdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.