Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən antiazərbaycan qüvvələr əvvəlcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli məqsədlərini reallaşdırmaq istəyirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, “bu kampaniya, əslində, heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl – 2012-ci ildə “Eurovision” müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan antiazərbaycan kampaniyasıdır”.
Bu vəziyyətin təhlili təzyiqin mənbələri, məqsədi, mərhələləri və nəticələri ilə bağlı aşağıdakı qənaətlərə gəlməyə əsas verir:
Birincisi, təzyiqlər Azərbaycana, əsasən, 5 istiqamətdən ünvanlanmışdır. Bura beynəlxalq təşkilatlar, beynəlxalq QHT-lər, ayrı-ayrı dövlətlər, dünyadakı erməni lobbisi və diasporu, habelə daxildə “sapı özümüzdən olan baltalar” daxildir.
İkincisi, təzyiq tərəfi olan həmin qüvvələrin məqsədi Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözləri ilə desək, ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə qarşı təxribat törətməklə onun boykot edilməsinə nail olmaqdan ibarətdir.
Üçüncüsü, bu təzyiqləri 3 mərhələdə izləmək mümkündür. I mərhələ – I Avropa Oyunlarının başlayacağı günədək, yəni 12 iyunadək olan dövrü əhatə edir. Bu kontekstdə mayın 12-də Avropa Parlamentində təşkil edilən “Bakı Oyunları: insan haqları ugrunda mübarizə” adlı antiazərbaycan tədbirini qeyd etmək olar. Burada, ilk növbədə, Azərbaycana qarşı “siyasi məhbus” adı altında uydurma ittiham irəli sürərək dünya liderlərini 12 iyun – I Avropa Oyunlarının açılış mərasiminə qatılmamağa çağırış əks olunmuşdur. Bu ruhda digər çağırışın müəllifi də Avropa Parlamentinin təmsilçisidir. Lakin bu təmsilçi həm vəzifəsi, həm də cinsi oriyentasiyası baxımından “sıravi” təmsilçi hesab oluna bilməz. Bu şəxs Avropa Parlamentinin vitse-prezidenti, seksual azlıqların nümayəndəsi Ulriki Lunaçekdir. Ölkəmizin radikal müxalifət düşərgəsinın – AXC və Müsavat partiyalarının da Ulriki “xanım”la I Avropa Oyunları ərəfəsində sinxron davranış tərzi nümayiş etdirməsi haqlı olaraq bu partiyaların rəhbər mənsublarının kimliyi haqqında həm siyasi, həm də siyasi leksikondan uzaq olan “qeyri-ənənəvi suallar”ın yaranmasına rəvac verməkdədir.
Bundan savayı, iyunun 3-də BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç və Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin müştərək qələmə aldıqları və “Open Democracy” portalında dərc etdirdikləri məqaləni, əslində, aşkarlığa (Open) və demokratiyaya (Democracy) parodiya kimi dəyərləndirsək, səhv etmərik. Məqalədə atletlərin I Avropa Oyunlarına qatılıb, təmsil etdikləri ölkələrin idman şərəfini ləyaqətlə qorumaqla bağlı hər hansı çağırışa rast gəlmək mümkün deyil. Lakin yazı idmana dəxli olmayan absurd siyasi çağırışlarla zəngindir . Adlarını çəkdiyimiz “avrodemokrat” müəlliflərə görə, Bakıya gələn 6 mindən artıq idmançı, ilk növbədə, Azərbaycanda “insan hüquqları” ilə bağlı müzakirələr aparmalıdırlar. Başqa sözlə, “avrodemokratlar” atletlərə “idman qaçmır ki, onu öz evinizdə də edə bilərsiniz. Əsas işiniz Azərbaycanda “insan haqları” ilə bağlı “oyun-yarışı” yüksək səviyyədə keçirməkdən ibarətdir” mesajını verirlər. Görünür, “avrodemokratiya”da “idman” və “siyasət” sinonim sözlərdir. Onların məntiqincə, idmançı ilk nöbvədə siyasətçidir, politoloqdur, yalnız sonda özüdür, məşqçi isə ən azı siyasi xadimdir.
Təzyiqlərin ikinci mərhələsinin I Avropa Oyunlarının keçiriləcəyi 12-28 iyun günlərini əhatə edəcəyini proqnozlaşdırmaq mümkündür. Bu mərhələdə AŞPA-nın “təzyiq estafeti”ni ələ alacağının ilkin simptomları özünü göstərməkdədir. Artıq bəllidir ki, iyunun 22-26-da, yəni I Avropa Oyunlarının başlanmasından 10 gün sonra Strasburqda toplanacaq AŞPA-nın yay sessiyasında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müzakirələrin keçiriləcəyinin anonsu verilmişdir. O da məlumdur ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvanski (Polşa) ölkəmizlə bağlı qərəzli qətnamə layihəsi hazırlayıblar. Bu tip qətnamələr, əslində I Avropa Oyunlarından sonra Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasını həyata keçirmək üçün “hüquqi baza” funksiyasını yerinə yetirməyə hesablanmışdır.
Azərbaycan əleyhinə təzyiqlərin üçüncü mərhələsinin 28 iyundan sonrakı dövrə təsadüf edəcəyini də təxmin etmək çətin deyildir. Yuxarıda haqqında bəhs olunan I və II mərhələlərdən fərqli olaraq, III mərhələdə əleyhdarlarımızın Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qondarma “arqumentlər”inin daha çox öz əleyhlərinə işləyəcəyi də gəldiyimiz qənaətlər sırasındadır. Başqa sözlə, 10 minlərlə idmançı, turist və jurnalistlər birbaşa ünsiyyət, habelə milyonlarla (bəzi mənbələrə görə, milyardlarla) tamaşaçı və dinləyicilər isə virtual təmas əsasında Azərbaycanın bütün parametlər üzrə, o cümlədən insan haqlarının müdafiəsi, söz və ifadə azadlığı, multikultural dəyərlərə sadiqlik, habelə, təhlükəsizlik baxımından nümunəvi ölkə olduğunu təsdiqləyəcəklər. Bu təsdiq həm də sivil dünya tərəfindən antiazərbaycan qüvvələrin şər və böhtan kampaniyasının inkarı kimi qavranılacaqdır.
Beləliklə, idman ilk növbədə xalqları birləşdirir və siyasətdən kənar olmalıdır. Qeyd etdiyimiz qurumların üzdəniraq bəzi təmsilçiləri və digər “psevdodemokratlar” isə idmanı siyasiləşdirməklə məşğuldurlar. Bu, ilk növbədə Olimpiya Xartiyasının məqsəd və prinsipləri ilə ziddiyyət təşkil edir və antidemokratik addımdır.
Demokratik inkişaf xəttini seçmiş və bu yolda davamlı uğurlar qazanan Azərbaycan dövləti I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə yenidən tarix yazacaqdır. Qələbə və zəfər tarixi. Bizi həmin şərəfli tarixdən sayılı günlər ayırır.
Elman NƏSİROV,
“Bakı-2015: Birinci Avropa
Oyunlarına Dəstək”
Vətəndaş Cəmiyyəti Koalisiyasının eksperti,
siyasi elmlər doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.