HEYDƏR ƏLİYEV İDEYALARI YAŞAYIR VƏ QALİB GƏLİR

XX əsr bəşəriyyətə çox görkəmli dövlət xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevdir. Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir rəhbəri olmuşdur.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli  liderimiz Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Onun 35 illik rəhbərliyi dövründə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir.

Respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr etmiş, nəhəng quruculuq işlərinin təşəbbüskarı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”. Yaxın kecmişə nəzər salsaq görərik ki, 1988-1993-cu illərdə Azərbaycanın ictimai-siyasi həyatında çaxnaşmalar, cəbhədəki məğlubiyyətlər, ölkədə anarxiya, xaos, vətəndaş müharibəsi və s. mövcud idi. Belə bir təhlükə və faciənin qarşısını almaq üçün xalq özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyunu Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və xalq bu günü hər il Milli Qurtuluş Günü kimi bayram edir.

Türkiyənin  keçmiş Prezidenti Süleyman Dəmirəl demişdir: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Bu bayrağın enməməsi üçün keçən 10 ildə bütün səylər göstərilmişdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, onunla dost olmağa çalışmışdır. Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və  bunların xalqın zənginliyinə xidmət etməsi həmin on ildə görülən işlərdəndir”.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi və uzaqgörənliyi sayəsində vətəndaş müharibəsi dayandırıldı, Milli Ordumuzun döyüş qüdrətinin artırılması nəticəsində torpaqlarımızın işğalına son qoyuldu və atəşkəs əldə olundu. Qısa bir zamanda ulu öndərin bilavasitə rəhbərliyi altında respublikamızda ictimai-siyasi sabitlik və  iqtisadi dirçəliş təmin edildi. Siyasi aləmdə dövlətimizin beynəlxalq nüfuzu möhkəmləndi və müstəqilliyimiz dönməz xarakter aldı. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, parlamentə seçkilər keçirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi, hüquqi və sivil dövlət quruculuğu prosesi başlandı. İqtisadi islahatların həyata keçirilməsi geniş vüsət aldı və  “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi imzalandı, dünya dövlətləri ilə iqtisadi və siyasi əlaqələrimiz genişləndi. Bütün bu sadalananlar məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində mümkün olmuşdur.

Rusiya Prezidenti Vladimir Putin yazırdı:  “Heydər Əliyevin prezidentliyi dövründə dost Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, ictimai və iqtisadi həyatın bütün sahələrində dərin dəyişikliklər edilməsi işində nail olduğu sanballı müsbət nəticələr bizə - qonşularınıza xüsüsilə aydın görünür”.

Bu dahi şəxsiyyət  tükənməz enerjisini nəinki öz xalqının, dövlətinin inkişafına, bütövlükdə dünya xalqlarının iqtisadi, mədəni səviyyəsinin yüksəlməsinə, onların arasında mehriban münasibətlərin dərin kök salmasına sərf edirdi.  Məhz Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilən tarixi İpək Yolu bütün dünya dövlətlərinin inkişafına öz mühüm töhfəsini verdi.Avropa və Asiya qitəsinin arasında yerləşən Azərbaycan tarixən qərblə şərq, cənubla şimal arasında “körpü” rolunu oynayıb. Bakıda keçirilən beynəlxalq konfrans respublikamızın yenidən iki qitəni birləşdirən qovşağa çevrilməkdə olduğunu nümayiş etdirdi.  İpək Yolunun üstündə yerləşən 33 ölkənin, 8 beynəlxalq təşkilatın numayəndələri  Bakıda toplaşmaqla Azərbaycanın beynəlxalq nüfuzunu dunyada təsdiq etdilər.

Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz orijinal baxışı ilə fərqlənirdi. Çünki, sözün həqiqi mənasında, bu böyük insanın  amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi.

13 aprel 1999-cu ildə Atatürkün “Yurdda sulh, cahanda sülh” prinsipinə uyğun olaraq ümummilli  lider Heydər Əliyev Azərbaycanda və Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsi, dostluq, qarşılıqlı anlaşma və mehriban qonşuluq munasibətlərinin bərpa olunması, bütün dünyada sülhün çarçısı kimi Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldü.

Bütün bunlar Azərbaycan xalqının dünyada sülhsevər bir xalq kimi tanınmasına səbəb olmuş, respublikamızın müstəqilliyinin qorunub saxlanmasına, dinc quruculuq işlərinin aparılmasına, iqtisadiyyatımızın möhkəmləndirilməsinə tarixi bir imkan yaratmışdır. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, dunyada neftlə zəngin olan ölkələr çoxdur. Lakin həmin sərvətlərdən bütün dövlətlər heç də öz xalqlarının rifahı üçün lazımi səviyyədə istifadə edə bilmirlər. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində həmin sərvətlər xalqın rifah halının yaxşılaşmasına yönəldildi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra onun güclu dövlət kimi formalaşmasında neft sənayesinin rolu daha da artdı. Hələ Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən neft sənayesinin inkişafına çox böyük diqqət yetirirdi. Həmin dövrdə Azərbaycanda yeni neft-kimya, maşınqayırma zavodları, müasir qurğular tikilmiş, üzən qazma qurğuları xaricdə inşa edilib Azərbaycanın dəniz neftçilərinin ixtiyarına verilmişdi. Hazırda bu müəssisələrin fəaliyyət göstərməsi neft sənayesinin inkişafına xidmət edir.

 Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və dünyanın nəhəng şirkətləri ilə birgə imzalanan “Əsrin müqaviləsi” yeni neft strategiyamızın şanlı səhifələrini açdı. “Əsrin müqaviləsi” Azərabaycan iqtisadiyyatının inkişafının təməl daşına çevrildi, azad iqtisadi mexanizmlərin tətbiq edilməsi və respublikamızın dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi, xarici investisiyanın ölkəmizə axını sürətləndi və Azərbaycanda yeni neft-qaz müqavilələrinin bağlanmasına güclu təkan verdi.

Həmin dövrdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş Heydər Əliyevə ünvanlandığı məktubda yazırdı: “Amerika Birləşmiş Ştatları Sizinlə sıx işləyərək, qlobal enerji təhlükəsizliyini təmin etməyə və Azərbaycan xalqı üçün daha firavan, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.

 Keçən müddət ərzində respublikamızda 30-dan çox beynəlxalq neft müqaviləsi imzalanmışdır. Bu müqavilələrin respublikamız üçün əlverişli şərtlərlə imzalanmasında və onların uğurla həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Bu müqavilələr ölkəmizə yeni idarəçilik metodlarının, mütərəqqi texnologiyaların, müasir texnikanın gətirilməsinə, neft sənayesinin infrastrukturunun yenidən qurulmasına, nəqliyyat və xidmət sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına və xarici investisiyaların ölkəmizə axmasına güclü təkan verdi.

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi ölkəmizdə istehsal edilmiş neftin dünya bazarına çıxarılmasında mühüm rol oynayır. Heydər Əliyev kəmərin təməlinin qoyulması mərasimindəki nitqində demişdir: “Bakı-Tbilisi- Ceyhan çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əminamanlığın, təhlükəsizliyin təminatçısı ola bilər”.

Bu boru kəməri Xəzərlə Aralıq dənizi arasında ilk və Turkiyə ərazisindən keçən birbaşa xəttdir. Ulu öndər Heydər Əliyevin memarı olduğu neft strategiyasının tərkib hissəsi olan bu kəmər ölkəmizdə dinamik inkişafın təmin edilməsi, əhalinin rifahının yaxşılaşdırılması, dünya təsərrufat sisteminə inteqrasiya əlaqələrinin gücləndirilməsi işinə öz töhfəsini verir.

Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb”, - deyə xarakterizə etdiyi Azərbaycan artıq XX əsrin sonunda xalqın dahi oğlu Heydər Əliyevin gərgin əməyi, məntiqi siyasi gedişləri və inkişaf strategiyası nəticəsində qan-qadadan uzaq, sabitliyin və əmin-amanlığın hökm sürdüyü bir ölkəyə çevrilirdi. Gündən-günə artan neft gəlirləri, xarici investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi.

Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan  Azərbaycan hazırda bir sıra dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynayır. Məlum olduğu kimi, ölkəmizi dünyanın potensial qaz ixracatçılarından birinə “Şahdəniz” yatağı çevirmişdir. Qeyd etmək lazımdır ki, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür. Belə ki, sözügedən mərhələ çərçivəsində hasil edilən daha böyük miqdarda “mavi yanacaq” Azərbaycanın ixrac imkanlarını genişləndirməklə yanaşı, “Şahdəniz” qazının alıcılarının sayının da artmasına səbəb olacaq. Bu da ölkəmizin regionda, eləcə də dünyada strateji tərəfdaş kimi mövqeyini bir qədər də möhkəmləndirəcək.

 Azərbaycanın təşəbbüsü və iştirakı ilə TANAP layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. Prezident İlham Əliyev bu layihənin tarixi rolundan danışaraq deyib: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda nəinki özünün, eləcə də dünyanın enerji təhlükəsizliyi məsələlərinə öz layiqli töhfəsini verir. Dünya ölkələri, xüsusən də Qərb enerji təhlükəsizliyi kimi ciddi problemin həllində Azərbaycanla daha sıx əməkdaşlıq qurmaqda marağını açıq şəkildə ortaya qoyub. İndi söhbət məhz Azərbaycanın fəal iştirakı ilə Xəzər-Qara dəniz-Aralıq-Baltik dənizləri və Avropa İttifaqı regionunda enerji əməkdaşlığının geniş formatı haqqında gedir.

Təbii ki, neft amilinin ölkəmizin iqtisadi və siyasi həyatında strateji əhəmiyyəti və xüsusi yeri vardır. Lakin Azərbaycan rəhbərliyi çalışır ki, ölkə neft amilindən asılı olmasın. Buna görə də qeyri-neft sektoruna aid layihələrin reallaşmasının sayı da durmadan artmaqdadır.

Hazırda qlobal iqtisadi inkişafın gələcəyini müəyyənləşdirən texnologiyalar dünyanın ən aparıcı dövlətlərinin həyata keçirdikləri siyasətdə əsas xətti təşkil edir. Sürətlə yayılmaqda olan informasiya-kommunikasiya texnologiyaları və onların fonunda formalaşaraq yeni inkişaf vüsəti qazanan qloballaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına birbaşa təsir göstərməkdədir. Təsadüfi deyil ki, artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz texnologiyalara yiyələnməyə, onları mənimsəmə gücünə əsaslanır. Bir sözlə, iqtisadi qüdrəti müəyyən edən meyarların, qazanılan makro və mikro iqtisadi göstəricilərin önündə bu gün məhz həmin ölkələrdə informasiya-kommunikasiya texnologiyalarının tutduğu yer və onun inkişafı dayanır. Texnoloji proseslərin, innovasiyaların insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik baxımından müasir dünyamızın əsas tələbinə çevrildiyi belə bir mühitdə ölkəmiz də qlobal çağırışlardan kənarda qalmır.

Bu gün Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son  illərdə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.

Ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına xususi diqqət yetirilir. Bu işdə iqtisadi islahatların,  regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi müstəsna rol oynayır. Məhz bunların sayəsində regionlarda sahibkarlıq inkişaf edir, yeni iş yerləri yaradılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətimizin başçısı vurğulamışdır ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır. Bu, həm də bir növ sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığorta.

Bu illər ərzində 1 milyon 360 mindən artıq yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyondan çoxu daimi iş yeridir. Əlbəttə, bu, daimi proses olmalıdır. Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində ölkəmizdə işsizliyin səviyyəsi 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Bütün bu uğurlara görə dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinqlərini artırmışdır. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür.

Azərbaycan Respublikasının uğurlarından bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, biz həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir: “İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, Cənub qaz dəhlizi – bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt Cənub qaz dəhlizi icra edilməyəcəkdi."  Konfransda xüsusi vurğulanmışdır ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş layihələr uğurla icra olunur. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi tikilmiş və ya əsaslı təmir edilmişdir. - Sumqayıt, Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmışdır.

Qeyri-neft sektorunun inkişafı çərçivəsində ötən il regionlarda 105 sənaye müəssisəsi açılmışdır. Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri sürətlə davam etdirilir. Hazırda parkda 3 rezident qeydiyyata alınmış, 2 rezident ilə danışıqlar yekunlaşır və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil edəcəkdir. Gəncə, Mingəçevir, Daşkəsən, Neftçala şəhərlərində də sənaye parklarının və sənaye məhəllələrinin salınması işləri sürətləndirilir.

Qeyd etmək lazımdır ki, Dünya Bankının məlumat bazasına əsasən Azərbaycanda dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, ölkəmizdə  isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olmuşdur. Bu dövr ərzində dünyada ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil etmişdir. Son on ildə milli ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənmiş, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artmış, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını artırmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Keçən il qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bizim ümumi daxili məhsulumuzun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Getdikcə bu rəqəm daha da artacaq və artmalıdır. Biz əlbəttə ki, bu məqsədlərə çatmaq üçün lazımi tədbirləri görürük. Burada sahibkarlığın inkişafı əlbəttə ki, öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektorumuz sahibkarlığın inkişafı hesabına böyük dərəcədə tərəqqi edir”.

Biz gələcəyə çox böyük nikbinliklə baxırıq. Xarici qonaqların da etiraf etdikləri kimi hazırda Azərbaycan sabitlik adasıdır. Ölkəmizə yatırılan xarici investisiyaların həcmi ilbəil artır. İqtisadi  potensialımızın möhkəmləndirilməsi sahəsində uğurlar göz qabağındadır. Eyni zamanda, bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycanda islahatlar yenə də etdirilir – həm siyasi sahədə, həm də iqtisadi sahədə. Çox sevindirici haldır ki, ən böyük maliyyə qurumu olan Dünya Bankı Azərbaycanı dünya miqyasında bir nömrəli islahatçı ölkə kimi tanıyır. Bu onu göstərir ki, bizim islahatlarımız həqiqətən çox cəsarətlidir, uğurlu və əhəmiyyətlidir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının yeni sürətli inkişaf erası başlanmışdır. Bu isə heç şübhəsiz, dövlət tərəfindən dövrün tələblərinə uyğun olaraq iqtisadi islahatların kompleks və əlaqəli şəkildə aparılması, proqnozlar əsasında formalaşdırılmış dövlət proqramlarının, yerli, regional və beynəlxalq investisiya layihələrinin həyata keçirilməsi və dünya iqtisadiyyatına inteqrasiya yolu ilə əldə edilmişdir. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və mövqeyi ilbəil artmaqdadır.

Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin praqmatizmə söykənən səmərəli fəaliyyəti nəticəsində Azərbaycanın sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter almağa başlamışdır. Ölkə başçının rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin fərqləndirici xüsusiyyətləri bu sahədə sürətli inkişafa xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş proqramlar üzrə aparılmasıdır. Əldə olunan iqtisadi artım isə ilk növbədə, Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəldilməsinə, ölkədə yoxsulluğun  azaldılmasına, sahibkarlığın və regionların hərtərəfli inkişafına yönəldilmişdir.

Bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın əvəzsiz  xidmətləri vardır. Onun rəhbərliyi altında respublikamızda müxtəlif layihələr uğurla həyata keçirilmiş, yeni səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları, qocalar evləri tikilib istifadəyə verilmişdir. Bütün bunlar isə xalqın maddi və mədəni səviyyəsinin yüksəldilməsinə təkan vermişdir. Fond tərəfindən xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlətimizin başçısının siyasi kursunun xarakterik xüsusiyyətlərini şərh edərək demişdir: “Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir. Davamlı iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, sosial rifah, xalqla hakimiyyət arasında vəhdət—budur bugünkü Azərbaycanın reallıqları”.

Göründüyü kimi, davamlı inkişaf möhkəm təməl üzərində qurulmuşdur və artıq hədəflər də müəyyən edilmişdir: 2020-ci ilədək Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılmasıdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafı məsələsinə yeni yanaşma tələb edir. Bu məsələlər  öz əksini Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş, perspektiv inkişafın hədəf və istiqamətlərini müəyyənləşdirən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasında tapmışdır.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev  tərəfindən böyük uğurla həyata keçirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində  hərtərəfli inkişaf sürətini  daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini durmadan  möhkəmləndirəcəkdir. Bütün bunlar isə bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir.

Dahi Üzeyir Hacıbəyov yazırdı: “Bəşər tarixində elə şəxslər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi və çiçəklənməsi naminə həyata gəliblər.” Bu sözləri tam cəsarətlə ulu öndərimiz Heydər Əliyev haqqında da demək olar. Bu böyük insanın ideyaları yaşayır, qalib gəlir və xalqımızı yeni-yeni qələbələrə aparır.

Arif ŞƏKƏRƏLİYEV, 
Azərbaycan Dövlət   İqtisad Universitetinin 
kafedra müdiri,  Əməkdar  elm  xadimi,
Beynəlxalq Menecment Akademiyasının üzvü,
iqtisad elmləri doktoru,  professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında