Azərbaycan xalqını həqiqi lideri Heydər Əliyevlə qovuşduran və xilas yoluna çıxaran tarixi Qayıdış

Ötən hər il ümummilli lider Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən  dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun  mükəmməl bir  məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.

Dünya tarixinin ən həyəcanlı epizodlarını göz önünə gətirərək Heydər Əliyevin hakimiyyətə qayıdışını təbii və qanunauyğun hal kimi dəyərləndirmək olar. Çünki bütün xalqların tarixində ən ağır sınaq qarşısında birləşmək və təhlükəyə qarşı özünün ən böyük gücünü ortaya qoymaq instinkti vardır. Bir qayda olaraq, qarşısının alınması mümkün görünməyən real təhlükə ərəfəsində bu instinkt siyasi baxışlarından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrini yeganə ümid ətrafında birləşmək üçün sonuncu cəhdə səfərbər edir. Yenə də bir qayda olaraq, yeganə ümid rolunda toplumun ən müdrik şəxsiyyəti çıxış edir və cəmiyyətin bir müdrik şəxs ətrafında kütləvi səfərbərliyi həlledici gücə çevrilir.

Belə bir monolit güc o zamanadək qeyri-mümkün görünən bütün sədləri aşır, çıxılmazlıqdan çıxış yolları tapır, cəmiyyətin və dövlətin varlığını təhdid edən ən böyük təhlükəni bir an içində böyük məsafəyə uzaqlaşdıra bilir. Dünya tarixində buna bənzər bir sıra ibrətamiz hadisələr var. Məsələn, birinci dünya müharibəsində didilib parçalanmış və tamamilə məhv olmaq təhlükəsi qarşısında dayanan Türkiyə ən çətin sınaq məqamında öz ümidini türk dünyasının böyük şəxsiyyəti Mustafa Kamal Atatürkün zəkasına və məharətinə bağladı və məhz onun şəxsiyyəti üzərində səfərbər olan ümummilli mübarizə əzmi Türkiyəni qələbəyə apardı.

İkinci dünya müharibəsində ingilis xalqının alman faşizminə qarşı mübarizə ruhu Uinston Çörçilin şəxsiyyəti üzərində öz təcəssümünü tapdı. Yenə də İkinci dünya müharibəsində işğal altında olan Fransada fransız xalqının azadlıq mübarizəsinin nüvəsində Şarl de Qoll şəxsiyyəti dayandı.

1990-cı illərin əvvəllərində Azərbaycanda yaranmış hərbi-  siyasi vəziyyət sadaladığım hadisələrdən daha gərgin və daha təhlükəli idi. Zaman da dəyişmişdi. Mürəkkəb siyasi texnologiyaların təşəkkül tapdığı, ifrat dərəcədə differensiallaşmış çoxqütblü qlobal siyasi məkanda hadisələrin axarını istənilən səmtə yönəltmək artıq o qədər də asan deyildi. Belə bir mürəkkəb vəziyyətdə ölkəmizdə xalqın azadlığını və dövlətin müstəqilliyini qoruyub saxlamaq missiyası Heydər Əliyevə nəsib oldu. Bu dövrün mürəkkəbliyi ondan ibarət idi ki, dünyanın təşkil olunduğu iki qütblü qlobal siyasi sistem özü dağılmışdı. Bu dağıntılar içərisində xalqların öz azadlığına qovuşmaq və öz dövlət müstəqilliyini əldə etmək arzularıyla o zamanadək dünyada söz sahibi olan supergüclərin məqsədləri bir-birinə tərs mütənasib idi.

Doğrudan da böyük güc sahibləri üçün dünya siyasi xəritəsində çoxsaylı xırda dövlətlərin meydana gəlməsi və onlarla ayrı-ayrılıqda işbirliyi qurmaq və ya mübarizə aparmaq məcburiyyətində qalması böyük dövlətlərin marağında deyildi. Bir tərəfdən, xalqların azadlıq ideallarını, onların müstəqilliyə qovuşmaq arzularını təqdir edərək onların demokratik dünya birliyinə can atmasını alqışlasalar da, digər tərəfdən gündən-günə sayı çoxalan milli dövlətləri öz təsir dairələrində saxlamağın çətin olacağını bilərək böyük dövlətlər bu prosesləri dəstəkləməyə o qədər də tələsmirdilər. Digər tərəfdən, sovet imperiyası hələ özünün dağılma prosesinin içində ikən özündən qopan milli dövlətin yenidən hansı yolla itaət altına salınmasının yollarını düşünürdü.

Bu məqsədini heç olmasa gələcəkdə həyata keçirmək üçün son nəfəsində olan imperiya müstəqilliyə qovuşmaq arzusunda və ərəfəsində olan gənc milli dövlətlər arasında süni ziddiyyətlər yaradır, onları imperiyadan asılı saxlaya biləcək bütün ipləri əlində saxlamağa çalışırdı. Bu ziddiyyətlər özünü SSRİ-nin bütün periferiyasında baş verən lokal müharibələr şəklində göstərirdi. Sovet imperiyasının perifieriyasında yenicə yaranmaqda olan milli dövlətlərdə imperiya siyasətinin bütün bu incəliklərini anlayacaq qədər zəngin təcrübə, dərin siyasi düşüncə və siyasi iradə sahibləri çox az idi.

Moldovada, Gürcüstanda, Qazaxıstanda və Baltikyanı ölkələrdə baş verən hadisələrlə yanaşı, Azərbaycanda cərəyan edən dərin hərbi- siyasi böhran daha mürəkkəb, daha çoxgedişli və müstəqilliyimizi önləmək baxımından daha təhlükəli idi. Dağlıq Qarabağ ərazisinin tamamilə itirilməsi, ətraf rayonların mühasirə şəraitində hər cür kömək göstərilməkdən məhrum olduğu bir şəraitdə, xarici qüvvələr tərəfindən ölkənin müxtəlif hissələrində separatçılıq fəaliyyətinin qızışdırılması və hərtərəfli dəstəklənməsi, qeyri-müəyyənlik məngənəsində imperiya cəsuslarının ölkəni vətəndaş müharibəsinə sürükləməsi Azərbaycan dövlətçiliyinin mövcudluğunu ciddi sual altına qoymuşdu.

Məhz belə bir təhlükə qarşısında bütün xalq və eləcə də bir-birinə kəskin müxalifətdə dayanan siyasi qüvvələr nəzərlərini xalqın yetişdirdiyi ən müdrik şəxsiyyətə - Heydər Əliyevə yönəltdilər. Xaosun miqyasından dəhşətə gələn və xalqın yekdil tələbi qarşısında başqa çıxış yolu qalmayan o zamankı hakimiyyət israrla Heydər Əliyevi hakimiyyətə dəvət edərək daşıya bilmədikləri yükün məsuliyyətindən yaxalarını qurtarmaq üçün hakimiyyəti buraxıb qaçdılar.

Beləliklə, möhtəşəm Qayıdış baş verdi. Əslində, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi bir qədər gecikmiş qayıdış oldu. İdeal vəziyyət o ola bilərdi ki, Heydər Əliyev sovet hökumətində tutduğu yüksək vəzifədən istefa verdiyi an Azərbaycan hakimiyyəti tərəfindən milli siyasətə - müstəqil Azərbaycan dövlətinin quruculuq proseslərinə cəlb olunardı. Təəssüf ki, o zamankı Azərbaycan hakimiyyəti həmin dövrdə dünya siyasətinin nəhəng simalarından biri hesab olunan, xalqımızın qəlbində millət atası kimi yaşayan Heydər Əliyevin hadisələrə lap başlanğıcında ikən müdaxilə etməsinə şərait yaratmadılar. Əksinə, siyasət nəhəngi Heydər Əliyevin Azərbaycanda aktiv siyasətə qayıtmasına əngəllər törətmək fikrinə düşdülər.

Lakin hadisələrin sonrakı gedişi onu göstərdi ki, belə bir mürəkkəb hərbi - siyasi şəraitdə hadisələri idarə etmək və ən başlıcası, Azərbaycanın yenicə bərpa olunmuş müstəqilliyini qoruyub saxlamaq xalqı birləşdirəcək yeganə şəxsiyyət Heydər Əliyevsiz mümkün olmayacaq. Məhz bunun dərk olunduğu bir zamanda ölkənin müxtəlif hissələrə parçalanaraq öz dövlətçiliyini itirmək təhlükəsi qarşısında Azərbaycan xalqı yekdil şəkildə Heydər Əliyev şəxsiyyəti ətrafında birləşdi. O zamankı hakimiyyətin Heydər Əliyevi Bakıya dəvət edib siyasi hakimiyyəti ona təhvil verməkdən başqa yolu qalmadı.

Bu prosesin özü də rahat keçmədi. Heydər Əliyevin qayıdışından sonra onun hakimiyyətinə qarşı xarici və daxili qüvvələr tərəfindən törədilən təxribatlar, planlaşdırılan sui-qəsdlər diqqəti yayındırır, gərginlik vəziyyətini aradan qaldırmağa və ölkəni kritik vəziyyətə salan səbəblərin çözülməsinə ciddi maneə yaradırdı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev zəkası Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş xarici və daxili təzyiqlərin, hərbi müdaxilənin qarşısını ala bildi. Xalq da məhz bunu gözləyirdi və buna inanırdı.  Bu inamı yaradan Heydər Əliyevin Azərbaycan xalqının gözləri qarşısında keçən həyatı və fəaliyyəti olmuşdu. Hələ 1969-cu ildə Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər Azərbaycan Sovet İttifaqının tənəzzül içində boğulan geridə qalmış əyalətlərindən biri idi. Həmin ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyevin fəaliyyəti nəticəsində cəmi on il ərzində ölkə iqtisadi, mədəni, sosial inkişafına görə İttifaq daxilində ən yüksək pilləyə qalxa bildi. Məhz o dövrdə İttifaq çərçivəsində olsa da Azərbaycanın milli dövlətçilik strukturlarının təşəkkül tapması, Azərbaycan vətəndaşının sovetlər birliyi çərçivəsində yüksək mədəni, intellektual potensiala yiyələnməsi baş tuturdu.

Bütün bunları zamanında həyata keçirən Heydər Əliyevin siyasi təcrübəsi yeni və çox mürəkkəb bir şəraitdə Azərbaycanı sonrakı inkişaf yoluna düzgün istiqamətləndirmək üçün kifayət qədər zəngin potensial yaratmışdı. Həmin dövrdə Azərbaycan xalqının və dövlətinin mövqeyini doğru-düzgün müəyyənləşdirib ortaya qoymaq və bunu lazımi şəkildə dünya birliyinin diqqətinə təqdim etmək və dünya dövlətlərinin yaranmaqda olan Azərbaycan dövlətçiliyinə dəstəyini təmin etmək başlıca vəzifə idi.

Belə bir vəzifənin öhdəsindən ancaq Heydər Əliyev gələ bilərdi və 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqına bu nadir fürsəti verdi. Bu imkandan məharətlə, zərgər dəqiqliyi ilə istifadə edən Heydər Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəldi. O, qısa bir müddət ərzində atəşkəsin əldə olunmasına, qüvvələrin səfərbər edilməsi üçün zəruri olan təşkilatlanma fəaliyyətinin həyata keçirilməsinə, iqtisadi tənəzzülün dayandırılmasına və ölkənin davamlı inkişafına yol açan sabitliyin təmin edilməsinə nail oldu.

Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır.  Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur  və bu, şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar.

Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən, sovet dövrünün son illərində, kommunist ideologiyasının aqoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, sovet liderləri arasında postsovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun trayektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloji kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu.  Məhz bu baxımdan,  öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə, XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda,  dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər dünyanın bugünkü mənzərəsini ərsəyə gətirməklə yanaşı həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi.

Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda, bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı  ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, ümummilli liderimizin 1994-cü ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı.

Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin  fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir.

Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə Gələcəyi görmür, həm də  o Gələcəyi yaradırdı: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edirdi.

Bütün siyasi karyerası boyunca Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə də məhz onun öz zəhməti  ilə qazandığı böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə - Heydər Əliyevə qarşı qərəzli münasibəti də məhz o “təhlükə”nin duyğusundan qaynaqlanırdı.

Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!

Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə başçılıq etmiş şəxslərin seçdikləri siyasi xətlə birbaşa bağlıdır. Bunu post-sovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyətinə və həmin ölkələrin bugünkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər postsovet ölkələrindən öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir.

Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını Əlahəzrət Tarix qısa müddət ərzində yaddaşlardan sildi.Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının  perspektivini   aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasını təmin edərək  onun müstəqilliyini əbədi və dönməz etdi.

Bu siyasət, hər şeydən əvvəl: uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir; zaman çərçivəsi ilə məhdudlaşmır - gələcəyə hədəflənmişdir; geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər  Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.

Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin  fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu.İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu.

Gərgin iş rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş Prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır”. Bu fikirlər Heydər Əliyev tərəfindən yürüdülən siyasətin ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə etməklə yanaşı, ümummilli liderimizin bütövlükdə regional müstəvidə kəsb etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.

Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Doğrudan da Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır.

Son 22 il ərzində Azərbaycanın həm beynəlxalq siyasətdə və həm də ölkənin iqtisadi, mədəni, sosial və humanitar inkişafında əldə etdiyi nailiyyətlər həmin dövrdə Heydər Əliyev tərəfindən atılan addımların yeganə düzgün çıxış yolu və bu yolun da ən uğurlu yol olduğunu göstərir. Bu gün Azərbaycan qlobal siyasətdə öz müstəqil siyasətini yeridən, bütün istiqamətlərdə öz xalqının milli maraqlarını təmin edə bilən müasir tipli mükəmməl bir dövlətdir. Bu dövlətin izlədiyi siyasi kurs məhz 1993-cü ildə Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi kursun - dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi kursunun davamıdır.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol həmişə daha dərin və daha geniş  məzmunda,  daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir.

Ulu öndər Heydər Əliyev bir şəxsiyyət kimi qələbə simvoludur. O, özünün bütün yaş dövrlərində öz zəkası və əməksevərliyi ilə içərisində olduğu cəmiyyətin ön sıralarında addımlayan, həmin cəmiyyətin qayğı və ehtiyaclarına həssaslıqla yanaşıb, cəmiyyət qarşısına çıxan problemlərin həllini öz üzərinə götürən fədakar bir Lider idi. Bu fədakarlıq onun öz xalqına olan məhəbbətindən və öz dövlətini və xalqını həmişə qaliblər sırasında görmək arzusundan irəli gəlirdi. Onun həyat missiyası məhz bu qalibiyyəti təmin etməkdən ibarət idi.

Zamanın sınaq anında ulu öndər bu missiyanı şərəflə və ləyaqətlə yerinə yetirdi. Məhz onun sayəsində bu gün dövlətimizin müstəqilliyi dönməz və sarsılmazdır. Ümummilli lider  Heydər Əliyevin Şəxsiyyət obrazı isə Azərbaycanın əbədi Qələbə simvoludur.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında