Sabitlik və inkişaf yolu Azərbaycana hələ uzun illər uğurlar qazandıracaq

Ölkəmiz ən yeni tarixinin əlamətdar dövrünü yaşayır, Bakıda ilk Avropa Oyunları başlayıb. Bu, təkcə Avropa qitəsində deyil, dünya miqyasında ilin ən böyük idman hadisəsidir. Amma belə möhtəşəm bayram, sadəcə, bir idman yarışı da deyil, eyni zamanda, siyasi-iqtisadi, mədəni meyarları ilə ölçülən mühüm tədbirdir.

Birinci Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun, inkişaf səviyyəsinin, xüsusilə də  iqtisadi imkanlarının göstəricisidir. Müasir dünyada hər bir dövlətin gücü onun iqtisadi potensialı ilə ölçülür. Bu baxımdan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixin sınaqlarını aşaraq Azərbaycanın keçdiyi yol özümüz üçün qururverici olduğu qədər, dünyanın gözündə də diqqətəlayiqdir. Respublikamız bu gün Cənubi Qafqazın iqtisadi potensialının dörddə üçünə malik, regiondakı transmilli layihələrdə əsas söz sahibi olan, Avropanın enerji təchizatında önəmli rol oynayan ölkədir.

Amma bu yol heç də asan qət edilməyib. Bir qədər keçmişə qayıdıb müstəqilliyimizin ilk illərində yaşadığımız acıları yada salsaq, bunu yəqin edə bilərik. İyirmi iki il əvvəlin isti iyun günlərində  Azərbaycan tarixin çox ağır bir dövrünü yaşayırdı: dərinləşən siyasi böhran, çökmüş iqtisadiyyat, iflic olmuş dövlət idarəçiliyi, düşmən ölkənin genişlənən hərbi təcavüzü və vətəndaş müharibəsi təhlükəsi...

Belə bir vaxtda yeganə ümidimiz dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevə idi. Məhz xalqın təkidli tələbi ilə ulu öndər 1993-cü ilin iyunun 15-də fəlakətlə üz-üzə qalan Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq  xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Bu qayıdış, hər şeydən öncə, tarixi zərurət və zamanın tələbi idi. Qarşıda çətin sınaqlar vardı: ictimai-siyasi sabitliyi bərqərar etmək, müstəqilliyi möhkəmlətmək, ölkəni iqtisadi inkişaf yoluna çıxarmaq... Ulu öndər Heydər

Əliyev müstəqil Azərbaycanı bu sınaqlardan mərdliklə, cəsarətlə keçirdi...

Bu qayıdış nəticəsində ölkədə hər kəsin ümidlə gözlədiyi sabitlik və qanunçuluq bərqərar oldu, milli dövlət quruculuğu prosesi başlandı.  Azərbaycan öz müstəqilliyini 1991-ci ildə formal şəkildə bərpa etsə də, faktiki müstəqilliyinə məhz ümummilli liderimizin  siyasi hakimiyyətə qayıdışından sonra nail oldu.

Müstəqil dövlətçiliyin sütunu isə onun iqtisadi təməlindən asılı idi. Təsadüfi deyil ki, ulu öndər hakimiyyətə qayıtdıqdan sonrakı ilk bəyanatında iqtisadi müstəqilliyi xüsusi vurğu ilə qeyd etmişdi. Onun sonrakı addımları da bu amil üzərində quruldu. 1994-cü ildə dahi şəxsiyyət tərəfindən təməli qoyulan yeni neft strategiyası Azərbaycanın müstəqilliyinin, iqtisadi inkişafının təminatı oldu. “Biz Azərbaycan xalqının XXI əsrdə həyatının, iqtisadiyyatının, rifah halının təmin edilməsi üçün çox ciddi, məsuliyyətli bir addım atırıq”, - deyə o, “Əsrin müqaviləsi” imzalanarkən bildirmişdi.

Banisi ulu öndər olan bu strategiya XXI əsr Azərbaycanının rifah və tərəqqisinin əsas magistralına çevrildi, neft-qaz sənayesinə cəlb olunan xarici sərmayələr iqtisadiyyatın digər sahələrinin də inkişafına zəmin yaratdı. Özəl biznesin, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, əlverişli investisiya mühiti iqtisadi təşəbbüskarlığa geniş imkanlar açdı. 1993-cü ildə xalqı qardaş qırğınından, Azərbaycanı iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev 10 il sonra bizə möhkəm təməli, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi.

Bugünkü Azərbaycanın yüksəlişi Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin bariz təzahürüdür. Bu siyasət nəticəsində əldə olunan nailiyyətlər göz önündədir. Həmin uğurlar şaxələndirilmiş iqtisadiyyatın, enerji sektoru ilə bərabər qeyri-neft sektorunun ahəngdar inkişafında, ölkə boyu həyata keçirilən böyük infrastruktur layihələrində, geniş tikinti-quruculuq, abadlıq işlərində, paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində əksini tapır.

Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasimdə demişdir: “Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da səmərəli işləyəcəyik, ulu öndərin siyasi xəttinə sadiq qalacağıq. Azərbaycanın dövlət müstəqilliyi bizim ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, bizdən əvvəlki nəsillər müstəqillik həsrəti ilə yaşamışlar. Ancaq müstəqilliyi görə bilməmişlər. Bu xoşbəxtlik bizə nəsib oldu. Eyni zamanda, bu gün müstəqil dövləti inkişaf etdirmək, irəliyə aparmaq da bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir, böyük məsuliyyətdir”.

Azərbaycanın bugünü və gələcəyi Heydər Əliyev ideyalarının gerçəkləşməsi, onun müəyyənləşdirdiyi yolun qətiyyətlə davam etdirilməsi ilə bağlıdır.  Ulu öndəimizin adını daşıyan fondun və onun rəhbəri, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti də Heydər Əliyev ideyalarının  ardıcıllıqla həyata keçirildiyinə gözəl nümunədir.

Cənab İlham Əliyevin düşünülmüş və mükəmməl siyasi xətti, Azərbaycanın dinamik inkişafı xalqımıza yüksək sosial rifah bəxş edir. Respublikamızın hər yerində geniş miqyaslı tikinti-abadlıq işləri həyata keçirilir. Paytaxtımız Bakı öz nadir tarixi və müasir tikililəri, memarlıq abidələri, parkları və bağları  ilə nəinki Avropanın, hətta dünyanın ən gözəl şəhərləri sırasında öz layiqli yerini tutmaqdadır. Son günlərdə dövlətimizin başçısının iştirakı ilə paytaxtda necə-neçə yeni idman obyektlərinin, istirahət məkanlarının açılış mərasimləri keçirilib. Bakı bulvarının genişlənməsi şəhərə Xəzərdən açılan mənzərəni daha da gözəlləşdirməklə yanaşı, həm də yerli sakinlərin və qonaqların istirahəti üçün yeni imkanlar açıb.     

Bakının gözəlliyini artıran, onun yeniləşən görkəmini, müasir landşaftını daha da rövnəqləndirən bir çox layihələrdə, xüsusən, parkların, bağların inşasında və yenidən qurulmasında, təmir və abadlaşdırma işlərində şirkətimiz də fəal iştirak edir, özəl sahibkarlıq subyektləri üçün yaradılmış əlverişli şəraitdə ölkəmzin sosial-iqtisadi inkişafına öz töhfələrini verir. Şirkətimiz inşaat sektorunda fəaliyyəti dövründə reallaşdırdığı hər bir layihənin icrasında ən yüksək tikinti standartlarını əsas götürüb. Hamımız üçün böyük şərəfdir ki, bu quruculuq-abadlıq layihələri möhtərəm Prezidentimizin tapşırığı ilə, onun bilavasitə nəzarəti altında həyata keçirilib.

Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün yeni inkişaf dövrünü yaşayır. Vaxtilə xarici sərmayəyə, maliyyə yardımlarına ehtiyac duyan Azərbaycan indi Avropanın inkişaf etmiş ölkələrinə belə investisiyalar qoyur, kreditlər verir, yeni əsrin enerji, kommunikasiya layihələrini reallaşdırır. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin banisi olduğu inkişaf strategiyasının, düzgün iqtisadi təfəkkürün nəticəsidir.

Rafiq EYVAZOV,
“Azimport” MMC-nin ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında