Heydər Əliyevin Azərbaycanda tarixi qurtuluş missiyası

Çağdaş tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun, sadəcə, təqvim bayramı deyil, dövlət müstəqilliyimizin taleyini qəti surətdə müəyyən edən, yeni dövrə yön verən, uzun bir gələcək üçün ciddi başlanğıc olan, fövqəladə önəm daşıyan bir gündür.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması tarixi xilaskarlıq missiyası ilə əlamətdar oldu.

Azərbaycanın məhvə məhkum edildiyi  1993-cü ilin böhranlı yay günlərindən bizi 22 illik zaman ayırır. İllər bir-birini əvəzlədikcə o dövrdəki hadisələrin mahiyyətini, xalqın tarixi sınaq məqamında etdiyi yeganə düzgün seçimin bu günümüz və gələcəyimiz üçün əhəmiyyətini daha dərindən dərk edirik. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, tariximizin hər bir səhifəsi bizim üçün əzizdir, ona hörmətlə, ehtiramla yanaşmalıyıq. Milli Qurtuluş Günü isə yaxın  dünənimizin ən unudulmaz, hər an xatırlanmağa layiq tarixini özündə yaşadır.

Müasir müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Müstəqillik əldə etdikdən sonrakı ilk dövrdə müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan 1993- cü ilin iyununda hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət və səlahiyyət savaşına çıxması həm siyası böhrana səbəb olmuş, həm də Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmişdi.

1991-ci ildə müstəqillik əldə etdikdən az sonra hakimiyyəti xalqı aldatmaq və zor gücünə ələ keçirən o zamankı naşı, başabəla rəhbərlik ölkəni idarə etmək, dövlət müstəqilliyini qoruyub- saxlamaq iqtidarında deyildi. Bunun da nəticəsi olaraq 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter almışdı. Bu dövrdə ölkə rəhbərliyini iflic etmiş qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaratmışdılar.

Xalqımızın ümummilli lideri Heydər Əliyev bu mərhələni belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Həmin ərəfədə Azərbaycanı düşdüyü mürəkkəb durumdan xilas etmək üçün güclü siyasi liderin nüfuzuna söykənən mütəşəkkil siyasi qüvvə lazım idi. Bu rəhbər sima zəngin dövlətçilik təcrübəsi və dərin siyasi təfəkkürü ilə xalqın birliyini təşkil edən və yenilməzliyini təcəssüm etdirən ümummilli lider Heydər Əliyev idi.

Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Bu yaxınlarda anadan olmasının 92 illiyini böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərini dövləti idarə etmək bacarığı ilə birləşdirən bənzərsiz şəxsiyyət idi. Ulu öndər yarım əsrdən artıq bir dövrdə məsul və lider fəaliyyəti ilə xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynamışdır. Dahi rəhbərin hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin özülündə məhz Heydər Əliyev fenomeni dayanmışdır.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın mövcudluğunu qoruması və tərəqqisi naminə gördüyü xilaskarlıq, quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Xalqımız tam müstəqil dövlətdə yaşadığına, demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiyinə, xoşbəxt gələcəyinə sahib olduğuna görə ümummilli liderimiz Heydər Əliyevə borcludur. Azərbaycan tarixinə nəinki dahi qurucu, eləcə də böyük xilaskar kimi daxil olan, ölkə həyatının bütün sahələrində misilsiz nailiyyətlərin əsasını qoyan Heydər Əliyev dövlətin hər bir vətəndaşı üçün mübarizliyin və xalqa təmənnasız xidmətin canlı örnəyi, parlaq rəmzidir.

XX əsrin ortalarında – 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü sovet imperiyasının sərt ideoloji şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdış kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün çatışmazlıqları ilə açıq mübarizə aparmışdır.

Heydər Əliyevin sovet dövründə respublikaya hakimiyyətə gəlişi ilə çağdaş tariximizin yeni mərhələsinin, Azərbaycanı müstəqilliyə doğru aparan böyük yolun başlanğıcı qoyulmuşdu. Ulu öndərimiz milli ruhun dirçəlməsinə, Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına nail olmaqla yanaşı, həm də ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini tarixi və mədəni qaynaqlara yönəltmişdi. Ötən əsrin 70- 80- ci illəri Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının, memarlığının, incəsənətinin və mədəniyyətinin, sözün əsl mənasında, intibah dövrü olmuşdu.

Ümumiyyətlə, 1969—1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdı. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, o dövrdə respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsi olmuşdur.

Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalq qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxlamış, həm də onu əbədi və dönməz etmişdir.

Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhənglərdən  Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Franklin Ruzvelt, Şarl de Qoll, Den Syao Pin kimi şəxsiyyətlərlə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük məharət, hədsiz zəhmət və yüksək şərəflə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Parlaq xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellekt, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də ümummilli liderimizin ölkəmizin inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər olmuşdur. Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrin son üç onilliyi və XXI əsrə möhtəşəm keçid Heydər Əliyev kimi dahi şəxsiyyətin rəbbərliyi ilə tarixə yazılmışdır. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyev siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarətli və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş sovetlər birliyindən miras qalmış rejim əvəzinə, demokratik, hüquqi dövlət yaratmağa müvəffəq olmuşdur. 1993-cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Bu gün qazandığımız nailiyyətlərin, inkişaf göstəricilərimizin hansı birinə nəzər salsaq, onlarda məhz Heydər Əliyevin imzasını və silinməz izlərini görərik. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümid yeri dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider Heydər Əliyev şəxsiyyəti olmuşdur.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konsitusiyasını yaratmaqla gerçəkləşdirmişdi. Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdi. Bələdiyyələr yaranmamışdan hələ bir neçə il əvvəl bu orqanın mahiyyəti, vəzifəsi və hüquqlarının Konstitusiyamızda əks etdirilməsi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyinin və yerli özünüidarəetmə orqanlarına olan münasibətinin ifadəsi idi.

Birbaşa demokratiyanın ən uğurlu modellərindən olan yerli özünüidarəetmə institutunun yaradılması da məhz Heydər Əliyevin adı və titanik siyasi fəaliyyəti ilə əlaqədardır. Ümummilli liderimiz bələdiyyələrin formalaması prosesində onların işgüzar bir orqana çevrilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində müstəqil rol oynaması üçün qayğı və diqqətini əsirgəmirdi. Heydər Əliyev bələdiyyələrin yaradılmasını zamanın tələbi və demokratiyanın ifadəsi kimi qiymətləndirərək qeyd edirdi: “Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”.

Ulu öndər öz qənaətində haqlı idi. O qeyd edirdi ki, “Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir”. Bu günümüzün reallıqları, ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül və bu proseslərdə bələdiyyələrin fəaliyyəti bunu bir daha sübut edir.

Azərbaycanda yerli özünüidarəetmənin təşkili prinsipləri və formalaşdırılması, inkişafı, bələdiyyə institutunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər Heydər Əliyev ideyalarına və Avropa xartiyasında əks olunmuş beynəlxalq normalara uyğundur. Respublikada yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması Milli Məclisin işinin tərkib hissəsi olmuş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar işlənib hazırlanmış və qəbul edilmişdir. Bu qanunlar, hüquqi-normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə edir.

Belə ki, 2 iyul 1999-cu il tarixdə “Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir. Həmin tarixdə, eyni zamanda, “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” qanun da təsdiq olunmuşdur. Yerli özünüidarəetmə ilə bağlı keçən dövr ərzində bir çox vacib qanunlar qəbul edilmişdir.  Bu sırada Bələdiyyənin Nümunəvi Nizamnaməsini,  “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunların qəbul edilməsini göstərmək olar.

Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri - yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial-müdafiə, iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin formalaşdırılması, ərazi məsələləri və s. öz əksini tapmışdır. Bu gün də dövlət ölkəmizdə bələdiyyələrin inkişafında maraqlıdır. Bu marağı qəbul olunmuş qanunvericilik aktlarında, Prezidentin təsdiq etdiyi sənədlərdə, eləcə də bir çox orqanların bu sahə ilə bağlı həyata keçirdiyi tədbirlərdə görürük. Bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkədə lazımi hüquqi baza vardır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirib həyata keşirən hörmətli Prezidentimiz İlham Əliyevin səyləri sayəsində Azərbaycan sosial - iqtisadi inkişaf baxımından dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilmişdir. Nəinki respublikamızın mərkəzi şəhərləri, hətta regionların ucqar kəndləri, şəhərləri sürətli inkişaf yoluna qədəm qoymuş və tanınmaz dərəcədə dəyişmiş, müasirləşmiş, abadlaşdırılmışdır. Həyata keçirilən mühüm dövlət proqramlarında icra orqanları ilə bərabər bələdiyyələrin vəzifələrinin də müəyyən edilməsi onların fəallığının yüksəlməsində yeni bir stimul olmuşdur.

 Ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir. Bu baxımdan bələdiyyələrin statusu, fəaliyyət dairəsi ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi də zərurətə çevrilmiş və möhtərəm Prezidentimizin qayğısı sayəsində bu vəzifə Milli Məclis tərəfindən lazımınca qiymətləndirilib həyata keçirilir. Son illər bir çox qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edir.

Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər. Ötən dövrdə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır. Ulu öndərin bütün sahələrdə olduğu kimi, bələdiyyəyə də olan ümid və arzuları addım-addım həyata keçmiş, reallığa çevrilməsi deməkdir.

22 il əvvəl ümummilli lider Heydər Əliyev gerçəkləşdirdiyi möhtəşəm Qurtuluş missiyası ilə ölkəmizin xoşbəxt bu gününə yol açmışdı, şüurlu həyatını həsr etdiyi Azərbaycanın işıqlı gələcəyə inamla, təhlükəsiz addımlamasına mötəbər zəmin yaratmışdı.

Yolun açıq olsun, Vətən! Qurtuluşun mübarək!

Əbülfəz BABAYEV,
texnika elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında