(əvvəli qəzetin 10 iyun 2015-ci il tarixli sayında)
Marsel şəhərində kiçik bir erməni kilsəsinin bağçasında “1915-ci il qondarma erməni soyqırımı”na həsr edilmiş abidənin qoyulması türk diasporunun haqlı narazılığına səbəb olmuşdur. O zaman Türkiyənin Fransadakı səfiri Hasan Esat Işık abidənin ucaldılmasına öz kəskin etirazını bildirməklə protest etmiş və Fransanı tərk etmək məcburiyyətində qalmışdır. Ölkəni tərk edən səfir bir daha geri dönməmişdir. Bu gün Fransada erməni soyqırımı ilə bağlı 34 abidə, xaç, meydan adı və s. mövcuddur.
1991-ci il sentyabrın 23-də Sovet İttifaqının tərkibindən çıxaraq öz müstəqilliyini elan edən Ermənistan Respublikası beynəlxalq siyasi aləmdə ermənilərin zülmə və haqsızlığa məruz qalması imicini yaradaraq “soyqırımı” iddiasını irəli sürməyə başlamışdır. Ermənilər qondarma “soyqırım”ın qəbul edilməsi ilə Türkiyədən böyük miqdarda təzminatın alınmasına və türk torpaqlarında “Böyük Ermənistan” dövlətinin yaradılmasına nail olmaq istəyirdilər. Ermənilər “soyqırım” məsələsindən istifadə etməklə Türkiyənin Avropa İttifaqına daxil olmasına da mane olmağa çalışırlar. Bunun üçün müxtəlif yollar axtaran ermənilər qondarma “erməni soyqırımı” hadisəsinə fransızları inandırmaq, bu məsələnin ölkə səviyyəsində tanınmasına nail olmaq üçün müxtəlif yollara əl atırdılar. Lakin bu fikirlərə qarşı çıxmaqla öz etirazını bildirən tanınmış fransız tarixçisi Bernard Leuvis “soyqırımı olmamışdır” ifadəsini işlətmişdir.
Bunlardan ən öndə gələni isə Fransada hər dəfə keçirilən prezident və bələdiyyə seçkilərindən ermənilərin yararlanmalarıdır. Erməni lobbisi isə öz növbəsində hər seçki öncəsi qondarma “erməni soyqırımı” məsələsini daima gündəmdə saxlamağa çalışmış və ən sonda “soyqırımı”n Fransa tərəfindən tanınmasına nail olmuşlar. Belə ki, 1998-ci il 29 mayda Fransa parlamentinin alt palatasında keçirilmiş iclasda az sayda millət vəkilinin qaldırdığı “erməni soyqırımı”nın tanıdılması təşəbbüsü müzakirə edilmiş və 29 səslə qərar qəbul edilmişdir. 2001-ci il yanvarın 29-da Fransa prezidenti Jak Şirak ölkə parlamentinin “Osmanlı imperiyasında 1915-ci il erməni soyqırımı haqqında” 18 yanvar tarixli qətnaməsini qəbul etdi. Hətta erməni lobbisinin təsiriylə Fransanın Sosialist və Xalq Hərəkatı partiyası Məclisə “soyqırımı” rədd edənlərin cəzalandırılması təklifini də irəli sürmüşdülər.
Məclisə “soyqırımı”n inkarına görə cəza verilməsi təklifindən dərhal sonra Türkiyə öz ölkəsində yerləşən bir sıra Fransa şirkətlərini bağladı və Fransa ilə iqtisadi əlaqələri məhdudlaşdırdı. Dərhal fransız şirkətlərinə qarşı iqtisadi sanksiyalar tətbiq edildi, fransız malları küçələrə səpildi. Hətta siyasi partiya liderləri Fransa ilə əlaqələrin tamamilə kəsilməsini, ölkədə fəaliyyət göstərən Fransa səfirliyinin bağlanmasını, fransız dilinin tədrisinin ölkə təhsilindən həmçinin, universitetlərindən çıxarılmasını tələb etdilər. Həmçinin, bu hadisə Türkiyə hökuməti və ictimaiyyətinin, o cümlədən Türkiyə ermənilərinə qarşı soyqırımı iddiasını, yəni onların kütləvi şəkildə, qəsdən qətlə yetirilməsi “faktını” qətiyyətlə təkzib etdi.
Beləliklə, bəzi siyasi liderlərin və parlament xadimlərinin simasında Fransa özünün NATO üzrə müttəfiqinin, Şərqi Avropanın iri dövləti olan Türkiyə ilə münasibətlərinin kəskinləşməsinə rəvac verdi. Məsələyə öz kəskin münasibətini bildirən Türkiyə prezidenti Əhməd Necdət Sezər bildirmişdi ki, Türkiyənin tarixində heç bir “genosid” olmamışdır. Fransanın bu şəkildə Ermənistanı müdafiə etməsi və onunla bu şəkildə dostluq etməsi Fransa üçün baha başa gələ bilər. Belə ki, Fransa-Türkiyə arasında 240 milyon dollar həcmində olan kontrakt zərbə altında qala bilər.
Qeyd edək ki, qərardan dərhal sonra Ermənistan prezidenti Robert Koçaryan Fransaya rəsmi səfərə yola düşdü. Prezident Robert Koçaryan Parisdə “soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi. Abidə önündə nitq söyləyən Fransa prezidenti Jak Şirak Türkiyənin Avropa Birliyinə qəbul edilməsi məsələsində “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınmasının bir şərt olduğunu xatırlatdı. Həmçinin Jak Şirak prezident seçkiləri ərəfəsində Erməni Ramqavar-Azatakan partiyasının Paris şəhər şöbəsinə göndərdiyi məktubda “soyqırımı həqiqətləri müzakirə mövzusu olmayacaq, qətliam ötən əsrin ən dəhşətli hadisələrindən biridir və tarixin dəyişdirilməsi qəbul edilməyəcək” kimi absurd fikirlər səsləndirməsi və digər ölkələrin də Fransa kimi oxşar addımların atacağını bildirmişdi. Getdikcə artmaqda olan bu narahatçılığı hətta bir sıra nüfuzlu qəzetlərin (Le Croix, Le Figaro, La Stampa, Le Parisien, La Tribune) səhifələrindən də tez-tez görmək mümkündür. Göründüyü kimi, Fransada “soyqırımı” haqqında qətnaməni dünyanın yetmişdən çox ölkəsində fəaliyyət göstərən erməni diasporlarının millətçi mərkəzlərinin çoxillik məqsədyönlü səylərinin nəticəsi kimi qiymətləndirmək lazımdır.
Qeyd etmək lazımdır ki, bu ədalətsizliyə dözməyən Fransanın tanınmış tarixçi alimləri 2001-ci ildən bu günə qədər əsl həqiqəti öyrənmək və üzə çıxarmaq məqsədi ilə tədqiqatlar aparmış, tarixin başqa faktlar diktə etdiyini aydınlaşdırandan sonra ölkə parlamentinin qondarma “erməni soyqırımı” faktını tanımaq haqqında 29 yanvar 2001-ci il tarixli qərarının ləğv olunması barədə birgə bəyanatla çıxış etmişlər. Jan-Jak Bekker, Mark Ferro, Pyer Nora, Elizabet Badinte, Jan-Pyer Azimi, Jan-Klod Perro və başqa bir neçə nüfuzlu tarixçi alim imzaladıqları bəyanatda söyləyirdilər ki, ölkə parlamenti son illər Fransanın dünyadakı nüfuzuna xələl gətirən 19 qanun qəbul etmişdir ki, onun da biri qondarma “erməni soyqırımı” haqqında qəbul edilmiş qanundur. Bəyanatda parlamentin qondarma “erməni soyqırımı”nın tanınmamasını istəyən xüsusi bənd yer almışdır: “Fransada yaşayan ermənilərin və güclü erməni lobbisinin təzyiqi ilə Fransa dövləti tərəfindən qəbul olunmuş və heç bir hüquqi əsası olmayan uydurma ”erməni soyqırımı"nın tanınması haqqındakı qanun ölkənin şərəfini alçaldan bir sənəd kimi ləğv edilməlidir". Xüsusilə, tarixçilər ölkə parlamentinə bu kimi həssas qanunların qəbul edilməsi zamanı siyasi maraqlar deyil, alimlərin fikirlərinə və tarixi faktlara əsaslanmağı məsləhət görüblər.
2007-ci il prezident seçilmiş Nikola Sarkozinin mənsub olduğu Xalq Hərəkatı partiyası ilk vaxtlar partiya daxilində Jan Fransua və Fransua Fillon arasında gedən siyasi mübarizə səbəbindən erməni “soyqırımı” haqqında ümumi bir qərarın verilməsi çətinliyi ilə üzləşsə də, seçkilərdə ermənilərin səslərini qazanması müqabilində qondarma erməni “soyqırımı”nı inkar edənlərə ölkədə cəza qanununun tətbiq edəcəyinə söz vermişdir. Hətta erməni lobbisinin təsiriylə Fransanın Sosialist və Xalq Hərəkatı partiyası Məclisə “soyqırımı” rədd edənlərin cəzalandırılması təklifini də irəli sürmüşdülər. Məclisə “soyqırımı”n inkarına görə cəza verilməsi təklifindən dərhal sonra Türkiyə öz ölkəsində yerləşən bir sıra Fransa şirkətlərini bağladı və Fransa ilə iqtisadi əlaqələri məhdudlaşdırdı. Qeyd edək ki, Avropa İnsan Haqları Konvensiyasının düşüncə və vicdan azadlıqları barədəki müddəasına zidd olmasına baxmayaraq, erməni diasporunun təzyiqi və sosialistlərin dəstəyi ilə 2006-cı il oktyabrın 12-də Fransa məclisində 577 üzvdən 50-nin iştirakı ilə erməni “soyqırımı”nın inkar edilməsinə görə 5 il həbs və 45000 avro pul cəzasının verilməsini özündə əks etdirən yeni bir qanun qəbul edilmiş və təsdiqi üçün Senata göndərilmişdi. Bu qanun layihəsinin müəllifi Xalq Hərəkatı partiyasının üzvü Valeri Boyer idi. Qanunun qəbulu zamanı iştirak edən 50 millət vəkilinin 38-i lehinə, 7 əleyhinə səs vermişdi. 22 dekabr 2011-ci ildə qəbul edilən qanun layihəsi Senata təqdim edilmiş, yalnız 23 yanvar 2012-ci ildə layihə bəyənilmiş və həmin gün qanuniləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, N. Sarkozidən sonra prezident seçilən Fransua Olland da 12 mart 2012-ci ildə Erməni Quruluşları Komitəsinin üzvləri ilə görüşərkən Türkiyənin yalnız qondarma erməni soyqırımını tanımasından sonra Avropa İttifaqına daxil olmasının mümkünlüyünü söyləmişdir. Etiraf etmək lazımdır ki, Türkiyəni Avropa İttifaqında görməsini istəməyən Fransa və erməni icması tərəfindən belə bir təklif gəlmişdi ki, Türkiyə erməni “soyqırımı”nın tanınmasından sonra onun Avropa İttifaqına daxil olması məsələsinə görə dialoq aparıla bilər.
Türkiyə dövləti Fransadakı səfiri Uluc Özülkər vasitəsi ilə buna rəsmi etirazını bildirmişdi. Maraqlısı ondan ibarətdir ki, 6 may 2012-ci ildə prezident seçilmiş Sosialist partiyasından olan Fransua Ollandın dövründə erməni lobbisi erməni “soyqırımı” anlayışının Fransanın dərslik kitablarına daxil olmasına nail olmuşlar.
Göründüyü kimi, Avropanın başlıca siyasi mərkəzi olan Parisdə ilk dəfə olaraq dünya praktikasında qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsinin qəbul edilməsi diasporun apardığı uzunmüddətli işin nəticəsi kimi qiymətləndirilməlidir. Belə ki, erməni diasporunun və lobbisinin təzyiqi altında katolik Fransası hər keçən gün ermənilərin xeyrinə yeni-yeni qərarlar qəbul etməkdə davam edir.
Taleh CƏFƏROV,
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
Türk və Şərqi Avropa xalqları
tarixi və tarixin tədrisi
metodikası kafedrasının müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.