İdmandan müxtəlif mədəniyyətlərə, dinlərə və dünyagörüşünə mənsub olan insanları bir araya gətirmək üçün, sülhü, tolerantlığı və xalqlararası anlaşmanı təşviq etməklə səmərəli şəkildə istifadə oluna bilər. Onun birgə mübarizə, ədalətlilik, nizam-intizam, rəqibə hörmət və digər dəyərləri bütün dünyada yüksək qiymətləndirilir.
Bu dəyərlər həmrəylik, sosial inteqrasiya, birgəyaşayış baxımından vacib elementlərdir. İdman bitərəf ölkədə rəqiblərin qarşılaşmasını mümkün edir və rəqiblərin yenidən yaxınlaşmasına və barışmasına şərait yaradan mühit formalaşdırır. Bu kontekstdə əsası hələ bizim eradan əvvəl qoyulan Olimpiya hərəkatı xüsusi əhəmiyyət kəsb edir. Dünyanın siyasi sferasına yeni-yeni dövlətlərin daxil olması və dini radikalizmin artması, geostrateji qarşıdurmaların və etnik münaqişələrin daha da qızışması fonunda Olimpiya Oyunları xalqları bir araya gətirərək onlar arasında anlaşma və kommunikasiyanı təmin etməklə sülhün qorunmasına öz töhfəsini verə bilər. Bu ideya BMT və digər təşkilatlar tərəfindən qəbul olunmuş konvensiyalarda da öz əksini tapmışdır. İdman, etika və sülh kimi üç sütuna söykənən Olimpiya hərəkatının xüsusən dünyanın iki qütbə bölündüyü XX əsrin ortalarından dünyadakı sülh və təhlükəsizliyin qorunmasındakı rolu danılmazdır.
Rəqabət, fiziki hərəkət, oyun formasından asılı olmayaraq idman tarixən bütün xalqların həyatında mühüm rol oynayıb. Öz başlanğıcını qədim Yunanıstandan götürən Olimpiya hərəkatı eramızdan əvvəl IV əsrdə öz fəaliyyətini dayandırsa da, XIX əsrdən sonra yenidən populyarlaşmağa başladı. Qədim Yunanıstan şəhərlərinin təmsilçiləri arasında rəqabət forması kimi formalaşan Olimpiya Oyunları, eyni zamanda, dini bir festival idi və özündə atletika ilə bərabər, döyüş və atsürmə yarışlarını da birləşdirirdi. E.ə. IX əsrdə meydana gələn və oyunlardan 7 gün əvvəl və onun bitməsindən 7 gün sonra olan müddəti də əhatə edən Olimpiya sülhü ( ekeçeriya) ərzində atletlərin, artistlərin, onların qohumlarının və tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün bütün müharibələr dayandırılır, orduların Elis-i və Olimpiya Oyunlarına təhdid etməsinə imkan verilmir və ölüm hökmü qadağan olunurdu. Bu adət o dövrdə Penoloppesi viran qoymuş müharibələri dayandırmaq məqsədilə qəbul edilmişdi və beləliklə Olimpiya oyunları vasitəsilə dünyada ilk dəfə uzunmüddətli sülh yaratmaq mümkün olmuşdu. Öz kulminasiya nöqtəsinə eramızdan əvvəl V və VI əsrlərdə çatan Olimpiya Oyunları Roma imperiyasının Yunanıstanı işğal etməsi nəticəsində sona yetdi.
Beynəlxalq Olimpiya Komitəsinin təsisçisi, fransız aristokrat Pier de Kubertin XIX əsrdə beynəlxalq arenada mövcud olan gərginlikləri azaltmaq və müharibə edən xalqlar arasında sülhə nail olmaq, harmoniya yaratmaq üçün Olimpiya Oyunlarının bərpa olunmasını təklif etdi. 1896-cı ildə Afinada 14 dövləti təmsil edən 241 atletin iştirakı ilə ilk müasir Olimpiya Oyunları keçirildi. 1912-ci ildə isə Olimpiya hərəkatı əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalaraq müasir şəklini aldı.
Kubertinin Olimpiya Oyunları vasitəsilə sülh və ədalətin təmin olunması haqqındakı baxışları artıq reallığa çevrilmişdi. Olimpiya Oyunları ərzində dünyanın müxtəlif yerlərindən olan atletlər, mənsubiyyətlərindən asılı olmayaraq, bir yerə gələrək Olimpiya dəyərlərini real həyata gətirirlər. Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsində qeyd olunduğu kimi, Olimpiya hərəkatı 3 yolla — sülhə çağırış, bütün insanların oyun qaydaları qarşısında bərabər olduğunu təsdiq etmək və fərqliliklərə qarşı dözümlülük nümayiş etdirməklə xalqlar arasında sülhsevər fikirlərin formalaşmasına səbəb ola bilər.
Aborigen Keti Frimanın 2000-ci il Sidney Olimpiya Oyunlarında yerli tamaşaçıların gözü qarşısında 400 metr məsafəyə qaçışda qalib gəlməsi bir çoxları tərəfindən Avstraliya və yerli aborigen əhali arasında barışığın simvolu kimi dəyərləndirildi. Yaxud, 1992-ci ildə Barselona Olimpiya Oyunlarında ilk dəfə Almaniyanın birləşmiş dövlət kimi təmsil olunması və Cənubi Afrikanın 30 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarına dəvət alması Olimpiya Oyunlarının dünyada sülh və sabitliyə verdiyi töhfənin bariz nümunələrindəndir. Düzdür, idman birbaşa olaraq sülhü yarada və onu qoruya bilməz. Lakin onun ən böyük töhfələrindən biri odur ki, idman sülhə ilham verir, onun əldə olunmasını və saxlanılmasını xalqların başlıca həyat ideallarından birinə çevirir. Olimpiya Oyunları fərqli icmalar arasında dialoqu təşviq etmək və cəmiyyətdə qarşılıqlı anlaşmanın təminatçısı olmaq qabiliyyətini nümayiş etdirir. Məsələn, öz aralarındakı mübahisəli məsələləri sülh yolu ilə həll etmək istəyən Yaponiya, Çin və Filippin 1913-cü ildə Uzaq Şərq çempionatını təşkil edərək dövlətlərin daxilində və dövlətlərarası münaqişələrin aradan qaldırılmasında mühüm rol oynayan qitə miqyaslı bir Olimpiya hərəkatının əsasını qoymuşdular. Və ya uzun illərdir Sudan hökuməti ilə üsyançılar arasında davam edən müharibə nəticəsində acınacaqlı vəziyyətə düşmüş Tvik vilayətinin 6 qəsəbəsi, sülhün bərqərar olması və vətəndaş müharibəsi nəticəsində köçkün düşmüş əhalinin yenidən cəmiyyətə inteqrasiyası üçün “Tvik Olimpiadası” adlanan Olimpiya Oyunları keçirmək qərarına gəlmişdi. Beynəlxalq və yerli şirkətlər tərəfindən maliyyələşən illik Olimpiya Oyunlarında ölkənin 6 rayonu iştirak edərək bir-birinə qarşı idman meydançasında mübarizə apardı və bölgədə sülh və dostluğun möhkəmlənməsinə bir növ, çağırış etdi.
Olimpiya Oyunlarının aralarında soyuq münasibətlər olan dövlətlərin yaxınlaşmasına və dialoq qurmasına verdiyi töhfə də danılmazdır. 2000-ci il Sidney və 2004-cü il Afina Olimpiya Oyunlarında Şimali və Cənubi Koreya bir bayraq altında səhnəyə çıxarkən əzəli rəqiblər olan Hindistan və Pakistan pozulmuş münasibətlərini bərpa etmək üçün kriket oyununda qarşı-qarşıya gəlmişdilər. BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi 48/10 saylı qətnamədə Olimpiya hərəkatının və qitə yarışlarının sülh, inkişaf, təhsil və sağlamlığın təşviq edilməsindəki rolu xüsusilə vurğulanıb.
Əsas məqsədi dünyadakı sülh və təhlükəsizliyin qorunması olan BMT son dövrlərdə idmana xüsusi əhəmiyyət verərək qədim Yunanıstanda tətbiq olunan “Olimpiya sülhü”nü yenidən bərpa edib. Bununla BMT dünyadakı münaqişələri zəiflətmək və post-konflikt ərazilərdə sakit transformasiya tədbirlərini həyata keçirmək niyyətindədir. 1993-cü ildən başlayaraq, hər il Olimpiya Oyunları ərəfəsində BMT dövlətlərə müraciət edərək iştirakçıları təhlükəsizliyin təmin olunmasına və bütün münaqişələrin diplomatik vasitələrlə həllinə çağırır. Bu gün “Olimpiya sülhü” bəşəriyyətin sülh, insanlıq, barışıq və ədalətli şərtlərə əsaslanan bir dünya qurmaq arzusunun ifadəsidir. Üstəlik, “Olimpiya sülhü” BMT-nin ən müqəddəs məqsədləri olan sülh və təhlükəsizliyin qorunması arasında olan körpünü xatırladır. Bu kontekstdə 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları xüsusi əhəmiyyət kəsb edir. Qitə miqyasında ilk dəfə Bakıda keçiriləcək bu Oyunlar Avropada mövcud olan fikir ayrılıqları və anlaşılmazlqların aradan qaldırılmasında çox vacib rol oynaya bilər. Tarixdən məlumdur ki, dövlətlər münaqişələrin qarşısını almaq və barışıq prosesinə başlamaq üçün Olimpiya Oyunlarından istifadə ediblər. İqtisadi böhranların cəmiyyətin həyatına əhəmiyyətli dərəcədə təsir etdiyi bir şəraitdə Avropada millətçiliyin və ksenofobiyanın artdığı, Şərqi Avropada hərbi siyasi vəziyyətin xeyli gərginləşdiyi bir vaxtda birinci Avropa Oyunları rəqib dövlətlərdən olan idmançıları bir araya gətirməklə problemlərin dinc vasitələrlə həll oluna biləcəyinə inamı artıracaq. Avropa Oyunları qitə miqyasında sosial gərginliyin azalması və avropalılıq ideyasının daha da təşviq olunmasında vacib vasitələrdən birinə çevrilə bilər.
Beləliklə, Bakıda keçiriləcək Avropa Oyunları da regional sülh və sabitliyin qorunması baxımından vacib amilə çevrilə bilər. Son dövrlərdə idmanın regional inkişafla bağlılığının daha bariz şəkildə ortaya qoyulduğunu nəzərə alsaq, belə qənaətə gələ bilərik ki, Bakı Avropa Oyunları regionda və Avropada iqtisadi və sosial problemlərin həllində istifadə ediləcək strategiyaların və prinsiplərin cəmiyyətə açıqlanması üçün vacib bir platforma rolunu oynayacaq. Digər tərəfdən, Bakı Avropa Oyunları yeni bir idman ənənəsinin əsasını qoyduğuna görə onun təsiri də daha uzunmüddətli olacaq.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.