Avropada erməni diasporunun daha güclü olduğu ölkələrdən biri də Fransadır. Qitənin siyasi mərkəzi sayılan Fransa, eyni zamanda, iqtisadi gücünə görə yalnız Almaniyadan geridə qalır. Məhz bu göstəricilərinə görə digər Avropa ölkələrini qabaqlayan Fransada ilk erməni izlərinə XIX əsrin əvvəllərində rast gəlmək olur. Həmin dövrdən başlayaraq Fransaya meyilli olan ermənilər qruplar şəklində bu ölkəyə köç etməyə başladılar. Bu qrupların çox az bir qismi müharibədən sonra öz torpaqlarına geri dönmüş, qalanları isə diasporun dayaqlarını formalaşdırmışdır.
Xatırladaq ki, Fransada ermənilərin məskunlaşması 1811-ci ildə bəzi ermənilərin katolik məzhəbinə keçməsi ilə başlanılmışdır. Bu hadisə qriqorian ermənilər ilə düşmənçiliyə gətirib çıxardığına görə katolik ermənilər vəziyyətdən çıxış yolunu Fransanın himayəsinə keçməkdə görmüşdülər. Fransaya köç 1915-ci ildən etibarən daha da sürətlənmiş, xüsusilə, Ermənistanın SSRİ-yə birləşdirilməsi və Lozanna konfransına qədər davam etmişdir.
1921-ci ildə Fransaya daha bir güclü axın olmuşdur. Erməni əsilli Osmanlı vətəndaşları daha sıx yaşadıqları Adana bölgəsini kütləvi şəkildə tərk etməyə başlamış və Fransa gəmiləri ilə Marselə köç etmişlər. Osmanlı ermənilərinin sıx yaşadıqları Hatayın 1938-ci ildə Türkiyəyə birləşdirilməsi ilə bölgədə yaşayan ermənilərin çoxu, 1946-cı ildə isə Fransa müstəmləkəçiliyindən azad olan Suriya və Livan ermənilərinin böyük əksəriyyəti Fransada məskunlaşmışdı. Beləliklə, 1921-1946-cı illərdə təxminən 100 min erməni Fransaya köçmüş və onların böyük bir qismi Paris, Lion və Marseldə yerləşmişdir. 1925-1938-ci illər arasında 63 000 erməni Suriyadan, Livandan, Türkiyədən, Yunanıstandan və Sovet Ermənistanından Fransaya köç etmişdi. Fransaya köçən ermənilər XIX əsrdən etibarən bu ölkədə aktiv rol oynayan erməni ticarət koloniyasının formalaşmasında yaxından iştirak etmişlər. Bu isə ermənilərin sürgündə olduqları Suriya və Livandakı fransız idarəçiliyi ilə əlaqələndirilir.
Qeyd etmək lazımdır ki, 1920-30-cu illərdə Yunanıstandan və Sovet Ermənistanından kütləvi surətdə Fransaya erməni köçü başlamışdı. Beləcə, Parislə yanaşı, erməni lobbisinin mütəşəkkil surətdə fəaliyyət göstərdiyi Marsel və Lion şəhərlərində də diasporun güclü dayaqları formalaşırdı. Erməni tədqiqatçısı E.Melkonyanın fikrincə, 1920-ci ildə Fransada ermənilərin sayı 60 minə çatmışdı, onlar Marsel-Paris dəmir yolunun hər iki tərəfində, eləcə də müxtəlif şəhərlərdə məskunlaşmışdılar. Həmin dövrdə bu şəhərlərdə işçi qüvvəsinə kəskin ehtiyac duyulurdu. Sonradan ermənilərin xeyli hissəsi Marseldə, Lionda, Parisdə və onların yaxınlığındakı şəhərlərdə cəmlənmişdi. Fransaya gələn ermənilərin bir qisminin bu ölkənin dilini bilmələri və ticarətlə məşğul olmaları onların cəmiyyətə daha sürətlə uyğunlaşmasına şərait yaratmışdı. Lakin II Dünya müharibəsindən sonra Sov.İKP MK-nın Baş katibi İ. Stalin ölkədə ermənilərin sayını artırmaq və onların vasitəsilə Türkiyədən ərazi qoparmaq üçün Fransadan erməniləri geri qaytarmaqdan ötrü 1946-cı ilin oktyabrında xüsusi qərar vermişdir. Amma geri qayıdan ermənilər burada sosial və siyasi şəraitə uyğunlaşa bilmədiklərinə görə Fransanı özlərinə ikinci dəfə sığınacaq seçmişdilər. Bu hadisə Sovet Ermənistanı ilə Fransadakı ermənilər arasında uzun müddətli siyasi və ideoloji rəqabətə yol açmışdır. Bu bölünmə prosesini Ermənistan SSR-də əhalinin əksəriyyətinin dəstəklədiyi “Hnçak” və “Ramqavar” partiyaları ilə Fransadakı ermənilərin üzv olduqları “Daşnaksütyun” partiyası arasındakı qütbləşmədə göstərməkdə idi. Amma Ermənistan SSR-dən Fransaya geri qayıdan ermənilər buraya 1915-ci ildə köçmüş ermənilərlə birlikdə daha geniş və çeşidli bir sosial qrup formalaşdırmışdır.
Bu proses fərqli vaxtlarda müxtəlif səbəblərin təsiri ilə son illərədək davam etmişdir. Məsələn, 1950-ci illərin əvvəllərində Fələstin və Şərqi Avropadan, 1975-ci ildə Livandan, İrandan, 1980-ci il hərbi çevrilişindən sonra Türkiyədən, 1988-ci il zəlzələsindən sonra Ermənistandan Fransaya ermənilərin kütləvi köçü baş vermişdir. Yeni gələn ermənilərin sayəsində erməni icmasının sayında ciddi bir artım hiss olunmuşdur. Maraqlısı odur ki, o dövrdə Fransa ermənilər üçün “açıq qapı” siyasətini aparmış, ölkəyə gələnlərin qarşısını nəinki almamış, əksinə, lazımi dəstək göstərmişdir. Hətta 1979-cu ildə İranda şah üsul-idarəsinin devrilməsi, eləcə də 1988-ci il Spitak zəlzələsi, SSRİ-nin çökməsindən sonra Ermənistan Respublikasının yaranması və ən nəhayət, Dağlıq Qarabağ müharibəsi nəticəsində Fransaya yeni erməni köçləri təşkil edilmişdir.
Fakt ondan ibarətdir ki, müasir dövrdə Avropada ən güclü erməni diasporunun mövcud olduğu ölkələrdən biri də Fransadır. Bir məsələni qeyd etmək lazımdır ki, bütün dünyada ermənilərin ümumi sayı təqribən 5-6 milyon nəfərdir. Hazırda Fransadakı ermənilərin sayı 500 minədəkdir. Bu gün Avropaya köç edən ermənilərin böyük əksəriyyəti Fransaya üz tutmaqdadır. Qeyd edək ki, Fransa ermənilərinin böyük əksəriyyəti Parisdə və paytaxtın ətrafında yaşayır. Bununla yanaşı, Marsel və Lion şəhərlərində, eləcə də Alfortville, Mousons-Alfort və İssy-les-Monlineaux kimi yaşayış məskənlərində də erməni sıxlığı müşahidə edilməkdədir. Erməni diasporu ilə yanaşı türk diasporunda da təşkilatlanma prosesi sürətlə getməkdədir. Türk diasporunun ümumi sayı 500 min nəfəri ötmüşdür. Lakin bu gün Fransada türk diasporuna nisbətən erməni diasporu daha təşkilatlanmış formada fəaliyyət göstərir.
Bəzi mənbələr fransızlarla ermənilərin ilk yaxınlığının və əlaqələrinin daha əvvəlki dövrlərə aid olduğunu sübut edir. Belə ki, hələ xaç yürüşləri zamanı bu xalqların arasında daha isti münasibətlər olmuşdur.
Fransada erməni diasporunun təşəkkülü və formalaşması XVIII əsrin sonları — XIX əsrin əvvəllərinə təsadüf etsə də, erməni tədqiqatçısı E.Melkonyan erməni icmasının fəaliyyətini bir qədər də irəli apararaq Paskal-Arutunyan adlı bir erməninin 1654-cü ildə əvvəlcə Marseldə, 18 ildən sonra isə Parisdə ilk qəhvəxana açdığını yazır. Onun fikrincə, Paris tacirlərdən başqa, təhsil almaq istəyən gəncləri də özünə cəlb edirdi. Fransa imperatoru I Napoleonun göstərişi ilə 1810-cu ildə Parisin Şərq Dilləri Məktəbində ermənişünaslıq kafedrası yaradılmışdır. 1843-1914-cü illərdə 120-dən çox erməni şəhərin müxtəlif universitetlərinin diplomlarını almışdır.
XX əsrin I yarısından etibarən Fransada erməni diasporunun strukturu formalaşmaqda idi. Həmin strukturun əsasında diaspor ermənilərinin yaratdıqları çoxsaylı təşkilatlar şəbəkəsi dayanmaqdadır. Bu şəbəkənin digər qitələrdəki diaspor təşkilatları ilə məqsəd və fəaliyyət prinsipləri baxımından sıx əlaqələri mövcuddur. Diaspor təşkilatları Fransadakı bütün mövcud elmi institut və araşdırma mərkəzləri ilə, siyasətçilər, kilsə, mədəniyyət evləri və digər ictimai təsisatlar, yəni bütün sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı yardım və əməkdaşlıq adı altında münasibətlər yaradırlar. Belə qurumlardan Erməni Çalışma və Araşdırma mərkəzləri, idman cəmiyyətləri, mədəniyyət və maarif təşkilatları, müxtəlif fondlar, dini təşkilatlar, sosial xidmət, tələbə yurddaş, gənclik təşkilatları və başqalarının adlarını çəkmək olar. Qeyd edək ki, Fransada real fəaliyyət göstərən 300-dən artıq erməni dərnəyi mövcuddur.
Bu ölkədə erməni diasporunun strukturunda siyasi partiyalar xüsusi yer tutur. Erməni diasporunun təşkilati strukturuna siyasi partiya adı altında fəaliyyət göstərən Erməni İnqilab Federasiyası (Daşnaksütyun), “Hnçak” və Erməni Liberal Demokrat Partiyası (“Ramqavar”) daxildir. 1930-cu illərdən etibarən bu partiyalarla bağlı olaraq, Osmanlıda mövcud olan bütün erməni təşkilatları Fransaya transformasiya edilmişdir.
Qeyd edək ki, Erməni İnqilab Federasiyası diaspor ermənilərinin ən böyük və aktiv siyasi partiyasıdır, Antilyas kilsəsinə bağlıdır. Partiyanın Parisdəki mərkəzi ofisi digər təşkilatların da mərkəzi kimi fəaliyyət göstərir. “Droşak” adlı qəzet nəşr etdirdikləri üçün Droşak Komitəsi kimi də adlanır. Bu gün “Daşnaksütyun” partiyası qarşısında duran əsas məsələlər bunlardır: 1. Azad, müstəqil, birləşmiş Ermənistan yaratmaq. Birləşmiş Ermənistana Sevr müqaviləsi ilə müəyyənləşdirilmiş Ermənistanın əraziləri, eləcə də Naxçıvan, Qarabağ (Artsax) və Cavaxetiya daxildir; 2. Türkiyə tərəfindən ermənilərə qarşı törədilmiş “soyqırımının” beynəlxalq səviyyədə tanınması, işğal olunmuş torpaqların qaytarılması və erməni xalqına təzminat verilməsi; 3. Dünyaya səpələnmiş ermənilərin “Birləşmiş Ermənistan”a qaytarılması; 4. Ermənistan dövlətçiliyini möhkəmləndirmək, demokratiyanı və qanunun aliliyini təmin etmək, insanların iqtisadi vəziyyətini yaxşılaşdırmaq və sosial ədaləti bərpa etmək.
Fransada fəaliyyət göstərən digər erməni siyasi partiyası Sosial Demokrat Partiyası (“Hnçak”) 1887-ci ildə Cenevrədə Avatis Nazarbekyan və millətçi erməni tələbə mühacirləri tərəfindən təşkil edilmişdir. Əsas məqsədi Türkiyənin şərq vilayətlərini “Rus və İran Ermənistanı”na birləşdirmək və müstəqil Ermənistan yaratmaq idi. Bu partiyanın da strukturunda terror qurumları mühüm rol oynayırdı. Göründüyü kimi, hər iki partiya terroru əsas vasitələrdən biri kimi qəbul etmiş, antitürk ideologiyası zəminində yaranmış və bu gün nəinki Fransada, eləcə də digər ölkələrdə erməni iddialarını təbliğ etmək və həyata keçirmək, ictimai rəyi manipulyasiya etməklə Türkiyə və Azərbaycanın maraqları əleyhinə mübarizə aparmaq, Fransada və bütünlüklə dünyada “türk imici”ni sarsıtmaq istiqamətində çox aktiv iş aparır. Dağlıq Qarabağla bağlı məsələdə millətlərin öz müqəddəratını təyin etmək prinsipindən çıxış edən partiya Qarabağın müstəqil olmasını və ya Ermənistana birləşdirilməsini münasib həll variantı hesab edir.
(ardını oxu)
Taleh CƏFƏROV,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Türk və Şərqi
Avropa xalqları tarixi və tarixin
tədrisi metodikası kafedrasının müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.