İyirminci əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika yaratmış Azərbaycan xalqının həmin tarixi nailiyyəti beynəlxalq aləmdə genişmiqyaslı qısqanclıqla qarşılanmış və bu dövlətimizin ömrü uzun olmamışdı. Dünyada gedən ictimai-siyasi proseslərdən lazımınca bəhrələnən xalqımız həmin əsrin sonunda da öz dövlət müstəqilliyini yenidən bərpa etdi və təəssüf ki, yenə də bu uğurumuz çoxsaylı təzyiq və təhdidlərə məruz qalmalı oldu.
Bu, bir danılmaz faktdır ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı, ikinci dəfə nail olduğumuz dövlət müstəqilliyimiz də birinci respublikamızın taleyini yaşayacaqdı. Çünki bədxahlarımız müstəqilliyin ilk günlərindən etibarən bu istiqamətdə genişmiqyaslı iş aparır, çoxsaylı fitnə-fəsadlar törədirdilər.
Xalq azadlıq hərəkatımızı hələ ilk mərhələdə boğmaq istəyən qüvvələrin təşkil etdiyi 20 Yanvar faciəsindən başlayaraq silsilə terror və təxribatlar törədən gözəgörünməz qüvvələr müstəqilliyin ilk illərində daha da quduzlaşmış, ölkəmizi faktiki olaraq vətəndaş müharibəsinin bir addımlığına gətirmişdilər. Ssenari müəllifləri xaricdə olan həmin oyunların əsas icraçıları, çox təəssüf ki, öz soydaşlarımız, Azərbaycan vətəndaşları, qan qardaşlarımız idilər. Milli tariximizdə ləkə olan həmin hadisələr sırasında “1993-cü ilin iyun hadisələri” kimi yaddaşlara yazılmış Gəncə qarşıdurması daha təhlükəli proseslərdən idi. Çünki orada yol verilmiş adicə bir ehtiyatsızlıq ölkəni real vətəndaş müharibəsinə sürükləyə bilərdi.
Fakt ondan ibarət idi ki, AXC - Müsavat iqtidarının qol-qanad verdiyi polkovnik Surət Hüseynov öz iddialarından geri çəkilmək istəmir, Elçibəy – İsa Qəmbər hakimiyyəti isə vəziyyətdən çıxış yolu tapmaqda görünməmiş dərəcədə acizlik nümayiş etdirirdilər. Bütün bunlar xalqın çıxış yolu tapmasını zəruri edirdi. Xalq öz müdrikliyini növbəti dəfə nümayiş etdirərək həqiqi çıxış yolunu tapdı: böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi və milli dövlətçiliyimizin növbəti dəfə əldən getməsi təhlükəsi sovuşduruldu.
1993-cü ilin iyun hadisələri barədə çox yazılıb, çox söylənilib. Ona görə də biz təfərrüata varmadan, cəmi bir tarixi sənədə istinad edərək həmin proseslər barədə öz mülahizələrimizi söyləmək istəyirik. Bu sənəd 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının işinin yekunu barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarıdır. 1993-cü il iyul ayının 16-da qəbul edilən və Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən təsdiqlənən həmin qərarı xüsusi olaraq yada salmağımız təsadüfi deyil. Çünki adıçəkilən təhqiqat işlərini aparan və qərar layihəsini hazırlayanlar arasında həmin günlər Azərbaycanın siyasi həyatının bütün qütblərini təmsil edən deputatlar var idi.
Həmin deputat-istintaq komissiyasının arayışından məlum olur ki, 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayətlərə səbəb olmuş hərbi əməliyyatların ağır nəticəsidir. Sənəddə oxuyuruq: “Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə, müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin, onun ətrafındakıların səbatsız siyasətinin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur.
Komissiyanın qeyd etdiyi kimi, həmin günlər respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir". Xatırladaq ki, bu fikirlər hansısa bir jurnalistin və ya iqtidaryönlü mətbuat vasitəsinin qənaətləri deyil, Gəncə hadisələrindən sonra, təxminən, bir ay istintaq-təhqiqat işləri aparmış deputatlar qrupunun gəldiyi nəticələr idi.
Qərarda qeyd olunur ki, respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də mövcud iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi, rəhbərlik, bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. İqtidar kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilir, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu. Əlavə olunurdu ki, kadr siyasətini yarıtmaz təşkil etdiklərinə görə bu gün Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseynov və Arif Hacıyev xalq qarşısında şəxsi məsuliyyət daşıyırlar.
Qərarın növbəti abzasında ölkədəki vəziyyət daha incə məqamlarına qədər xarakterizə olunur: “Gəncə hadisələri məhz ölkədə olan son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə, iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdir. Gəncə hadisələri bütün bunların ört-basdır edilməsini təmin etmək məqsədilə iqtidar və respublikanın digər yüksək vəzifəli şəxsləri tərəfindən öz xalqına qarşı yönəldilmiş, bununla da respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək, iqtidara qarşı baş qaldıran qüvvələrin aradan götürülməsinə və məhv edilməsinə nail olmaq cəhdləri ilə bağlı təşkil edilmiş aksiyadır”.
Sənəddə Gəncə hadisələrinin əsas səbəbkarlarından biri olan xalq deputatı, Milli Qəhrəman Surət Hüseynov haqqında həqiqəti əks etdirən fikirlər yer alır: “Məsələnin təhlili göstərdi ki, onun orduda və xalq arasında artan nüfuzu hakimiyyətin narahatlığına səbəb olurdu. Məhz buna görə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin Surət Hüseynovu satqınlıqda və xəyanətdə ittiham edən məlum bəyanatı ilə ona qarşı təqibetmə kampaniyasına başlandı... Azərbaycan Xalq Cəbhəsinin və respublika rəhbərliyinin Surət Hüseynovu ləkələmək məqsədi ilə baş tutmayan cəhdləri onlara nəsihət olmamış və iqtidar onu həbs etmək üçün xüsusi hərbi əməliyyatlar həyata keçirmək barəsində müvafiq göstərişlər vermişdir. 1993-cü il mayın sonunda respublika rəhbərliyini təmsil edən Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseynov və Əli Kərimov güc nazirliklərinin rəhbərlərini və Silahlı Qüvvələrin komandanlığını cəlb etməklə 709 nömrəli hərbi hissənin tərksilah edilməsi və Surət Hüseynovun həbs edilməsi əməliyyatını başlamışlar”.
35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlara hərbi hava hissələrinin də cəlb edilməsi barədə təklif irəli sürülməsi isə ölkəyə rəhbərlik edənlərin diletantlığının səviyyəsindən açıq şəkildə xəbər verirdi. Bu azmış kim, bilavasitə Prezident Əbülfəz Elçibəy tərəfindən sərhəd qoşunlarının bir hissəsinin səfərbər edilib Gəncəyə göndərilməsi haqqında da göstəriş verilmişdi. Daha eybəcər məqamlardan biri də o idi ki, Prezidentin tapşırığına istinad edən baş nazir və Ali Sovetin sədri təcili surətdə Bakı şəhərinin 8 rayonunda bələdiyyə polisi yaradıb, onlara və Azərbaycan Xalq Cəbhəsinin bir qrupuna silah verilməsini tələb etmişdilər.
Bütövlükdə iqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç min nəfərdən artıq olmuşdur. Gəncə hadisələrinin əks-sədası olaraq respublikanın bir çox rayonlarında qanun pozuntularına yol verilmiş, özbaşınalıq, hərc-mərclik, zorakılıq halları mövcud olmuş, bəzi yerlərdə ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmişlər.
Bir sözlə, AXC – Müsavat iqtidarının və onların himayəsi altında “böyüyüb” özlərinə qənim olan Surət Hüseynovun əməlləri Azərbaycan milli dövlətçiliyini növbəti dəfə məhv olmağın bir addımlığına gətirmişdi. Bu çətin məqamda xalqın səsinə səs verən ulu öndər Heydər Əliyev nəinki ölkəni vətəndasş müharibəsindən, milli dövlətçiliyimizi isə məhv olmaqdan xilas etmiş, hətta, Azərbaycanın dövlət müstəqilliyinə əbədilik və dönməzlik bəxş etmişdir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.