Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun
nəticələrini aradan götürməkdən daha asandır.
Heydər ƏLİYEV
Ümummilli lider
Müstəqillik ilk növbədə özünə nəzarət etmək bacarığıdır. Əməllərinə, hisslərinə, istəklərinə sərhəd qoymaq qabiliyyətidir. Bu bacarıq xüsusilə də milli mənafelərin qorunması zamanı, hər bir vətəndaş üçün əziz nemət olan müstəqilliyə hər hansı bir təhlükə yarandığı vaxt özünü daha qabarıq göstərməli, dövlətçiliyə zərər vura biləcək hadisələrin qarşısını almağa yönəlməlidir.
Amma milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gəlmiş və böyük əksəriyyəti qeyri-peşəkar, təcrübəsiz insanlardan ibarət olan bir komanda hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı eyforiyaya qapılaraq, 1993-ci il 4 iyun hadisələrinə gətirib çıxaran amillərin qarşısını ala bilməzdi. Qardaşı qardaşla üz-üzə qoymuş qanlı müharibənin qorxulu sərhədləri aşmaması yalnız xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtmış Heydər Əliyevin milli dövlətçiliyə olan sonsuz məhəbbətinin fonunda yürütdüyü siyasət, atdığı uzaqgörən addımlar sayəsində mümkün oldu.
İyirmi iki il bundan əvvəl baş vermiş iyun hadisələri barədə çox danışılır, hərtərəfli analizlər aparılır. Xalq Azərbaycan tarixinə “qara ləkə” kimi düşmüş bu hadisələrin təfərrüatlarını yaxşı anlayır, günahkarların adlarını, əməllərini unutmur. O vaxt Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə AXC-Müsavat hakimiyyətinin qüvvələri arasında silahlı qarşıdurma yaranmışdı. Az qala vətəndaş müharibəsinə gətirib çıxaracaq qanlı hadisəyə səbəb olan həmin dövrdə Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən uğursuz əməliyyat olmuşdu. Məhz bu səriştəsiz əməliyyat nəticəsində hər iki tərəfdən 35 azərbaycanlı dünyasını dəyişmişdi, 130 nəfər yaralanmışdı. Məsələnin acınacaqlı tərəflərindən biri də bu olmuşdu ki, Gəncəyə göndərilmiş hökumət nümayəndələri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdü. Sözsüz, hökumət rəsmilərinin öz ölkəsində hərbi hissə komandiri tərəfindən girov götürülməsi AXC-Müsavat hakimiyyətinin fiaskoya uğraması demək idi. Mərkəzi hakimiyyətin gücsüzlüyü, orduda hökm sürən intizamsızlığın, mərkəz-əyalət vertikalının kəskin şəkildə pozulması anlamına gəlirdi. Məhz 4 İyun hadisəsi kimi tarixə düşən bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı dözülməz səviyyəyə çatdırmış və ölkəni vətəndaş müharibəsinin astanasına yaxınlaşdırmışdı. Vəziyyətin dəhşətli tərəfi həm də onda idi ki, belə bir ağır məqamda o zamankı Azərbaycan hakimiyyəti durumun daha da dərinləşməsinə təkan verən qərarlar qəbul etməkdə davam etmiş, ayrı-ayrı silahlı dəstələri vətəndaş qarşıdurmasına sürükləmişdi. Bir sıra şəhər-rayonlarda, eləcə də regionlarda bəzi silahlı birliklərin separatçı iddialarla çıxış etməsi və mərkəzi hakimiyyətə meydan oxuması Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətin xoşagəlməz hal aldığını göstərirdi. Hakimiyyətə sığınmış siyasi qrupların səriştəsizliyi də dramatik sonluğu bir az daha tezləşdirirdi.
Deyirlər ki, eyforiya isterikanın tərs tərəfidir. Surət Hüseynova tabe olan silahlı qüvvələrin Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək paytaxta doğru hərəkət etməyə başlayan zaman o zamankı iqtidar isterika içərisində çıxış yolu axtarmağa girişmişdi. Mərkəzə itaətsizlik göstərmiş hərbi birləşmənin Bakıya istiqamət alması və həmin birləşmənin komandiri tərəfindən AXC-Müsavat hakimiyyətindən təmsil olunan rəsmi şəxslərə ünvanlamış təhdidlər də səriştəsiz hakimiyyət üzvlərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevə üz tutmağa məcbur etmişdi. Komandasının məntiqsiz fəaliyyəti nəticəsində seytnot vəziyyətinə düşmüş Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gələn ümummilli lider Heydər Əliyev xalqın üzləşdiyi ağır vəziyyətin miqyasını çox gözəl bilirdi. O dövrdə “Ali Sovet” adlanan qanunverici orqan tərəfindən hadisədə iştirak etmiş şəxslərə amnistiya verilməsi və Gəncə hadisələrinin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edilmişdi. Gecikmənin daha böyük miqyas aldığının fərqində olan ulu öndər gərginliyin azaldılmasına yönəlmiş qərarların qəbul edilməsindən sonra bir qrup jurnalistin müşayiəti ilə iyunun 13-də Gəncəyə yola düşərək vəziyyətlə yerindəcə tanış olmaq imkanı qazanmışdı.
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Surət Hüseynovun hərbi birləşmələri paytaxta doğru irəliləyərkən bir sıra rayonlarda yerli hakimiyyət strukturlarını devirmiş və dövlət vəzifələrinə öz adamlarını yerləşdirmişdi. Mərkəzi hakimiyyətə itaətsizliyin yaratdığı özbaşınalığın miqyası da genişlənmişdi. Hərc-mərcliyin at oynatdığı bir şəraitdə Heydər Əliyevin hadisənin mərkəzinə gəlməsi və xalqın dəstəyinə güvənərək hüquqi müstəvidə Surət Hüseynovu ram etməsi dövlətçilik baxımından böyük uğura imza atması ilə nəticələnmişdi. Məhz Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində, onun yürütdüyü siyasi çeviklik nəticəsində Azərbaycan unitar dövlət statusunu saxlamış, ölkədə özbaşınalığın qarşısı alınmış və mərkəz-əyalət münasibətlərində birincinin hüquqi gücünün dönməz xarakter alması təmin olunmuşdu.
Böyük siyasi xadim Heydər Əliyev deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Həqiqətən də, Sovetlər Birliyinin dağılmasından sonra müstəqilliyin bərpa edilməsi Azərbaycan xalqının tarixi nailiyyəti idi. Amma, 1992-ci ildə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu nailiyyətin üstündən xətt çəkməyə çox yaxınlaşmışdı. Dağlıq Qarabağ bölgəsində ağır müharibənin getdiyi bir şəraitdə Surət Hüseynovun başladığı itaətsizlik cəbhədə hərbi vəziyyətin ağırlaşmasına və ərazi itkilərinin baş verməsinə yol açmışdı. Hakimiyyət uğrunda savaşa girişən Surət Hüseynov qoşunların bir hissəsini cəbhə bölgəsindəki strateji vacib mövqelərdən geri çəkib Bakıya istiqamətləndirməsi ermənilərin əks-hücuma keçmələrinə şərait yaratmışdı. Məhz bu geriçəkilmə sayəsində Dağlıq Qarabağ bölgəsinə daxil olmayan Kəlbəcər rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Korpus komandiri olan Surət Hüseynovun dövlətçiliyə zidd olan bu addımı Azərbaycanda hərbi-siyasi vəziyyətin pisləşməsinə gətirib çıxarmış və dövlətçilik təhlükə altına düşmüşdü. O zamankı iqtidarın reallığı nəzərə almayan gülünc qərarlar qəbul etməsi və dövləti təhlükəli faktorlardan uzaq tuta bilməməsi İyun hadisələrinin gerçəkləşməsinə səbəb olmuşdu. Hakimiyyət uğrunda cərəyan edən təhlükəli hadisələrin qarşısı yalnız Heydər Əliyevin düşünülmüş və qətiyyətli addımları sayəsində alınmış, dövlət və ordu quruculuğu prosesi sürətlənmişdi.
Vətəndaş müharibəsi təhlükəsini sovuşduran ümummilli liderin sonrakı addımı Dağlıq Qarabağ cəbhəsində uğurlu əməliyyatlara başlaması olmuşdu. Belə ki, Füzuli-Horadiz istiqamətində ordumuzun uğurlu əməliyyatları nəticəsində 32 kənd erməni işğalından azad edilmişdi.
Beləliklə, umummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşü və vətəndaş müharibəsinin qarşısını alması Azərbaycanda ictimai-siyasi mühitin sağlamlaşdırılması prosesinin başlanmasına start vermişdi. Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan dəhşətli faciənin astanasından dönmüş, ölkənin inkişafı üçün münbit zəmin yaranmışdı. Qətiyyətli addımlar nəticəsində Azərbaycan ərazi bütövlüyünü qorumaqla yanaşı, sürətli inkişafı üçün tələb olunan ictimai-siyasi sabitliyinə qovuşmuşdu. Sepatizmə səsləyənlər hüquqi qiymətlərini almış, xəyanətlərə son verilmiş və qısa zaman kəsiyində respublikada hərtərəfli inkişaf başlamışdı. Həmin andan Azərbaycan dövlətçilik sisteminin gücləndirilməsi, daxili və xarici siyasət sahələrində uğurların ardıcıl sıralandığı dövrə qədəm qoymuşdu. Xaos, anarxiya, özbaşınalıq hökm sürən qısamüddətli dövr tarixin arxivinə qaldırılmışdı. Dinamik inkişafa zəmin yaradan ardıcıl tədbirlərin görülməsi Azərbaycanın hazırkı sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarmışdı. Bu gün ölkəmizin regionun aparıcı ölkəsinə çevrilməsinin mahiyyətində də məhz 4 İyun hadisələrindən qaynaqlanan vətəndaş qarşıdurmasına son qoyulmasından sonra yaradılmış güclü mərkəzi hakimiyyət faktoru dayanır. Sıravi vətəndaşa da məlumdur ki, yalnız güclü hakimiyyət, xalqını dinləmək bacarığı və xalqın mənafeyinə uyğun qərarlar qəbul etmək fonunda hərtərəfli inkişafa nail olmaq mümkündür. Xalqın təkidilə hakimiyyətə qayıdan Heydər Əliyev gələcək illərin uğurlu alınması üçün zəruri addımları atmış, sosial-iqtisadi, eləcə də humanitar-mədəniyyət problemlərinin həll olunmasına yönəlmiş qərarların yüksək səviyyədə həyata keçirilməsinə başlamışdı. Bütün bu titanik əməyin nəticəsidir ki, hazırda Azərbaycan dünya dövlətləri arasında özünəməxsus söz sahibi olan ölkə kimi tanınır.
Bir sözlə, AXC-Müsavat hakimiyyətinin yarıtmaz idarəçiliyindən qaynaqlanan İyun hadisələri Azərbaycan dövlətçiliyinə ciddi zərbə vurmaqla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeni ağır vəziyyətin yaranmasına gətirib çıxarmışdı. Doğrudur, ulu öndərin hakimiyyətə qayıtmasından sonra ölkədə vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdı, ancaq hakimiyyət uğrunda mübarizə aparmaq üçün cəbhədən qoşunların geri çağırılması ərazi və insan itkilərinin artmasına səbəb olmuşdu. Təbii ki, Gəncə hadisələrinə parlament tərəfindən hüquqi qiymət verilmişdir. Ali Sovetin 1993-cü il iyul ayının 16-da qəbul etdiyi qərarda 4 iyun hadisələrində məsuliyyət daşıyan dövlət rəsmilərinin adları da açıqlanmışdı: “1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilsin”.
Bundan başqa, həmin qərarda hadisələr zamanı həlak olanların ailələrinə və ağır yaralananlara imtiyazların və güzəştlərin təyin olunması və dağılmış obyektlərin dövlət hesabına bərpa edilməsi məsələləri də mövcud qanunvericilik əsasında həll edilməsi barədə müddəa da əksini tapmışdı. Ulu öndər mürəkkəb ictimai-siyasi atmosferdə qardaş qanının axıdılmasına yol verməyin böyük cinayət olduğunu əməli addımları ilə təsdiqləməklə yanaşı, hakimiyyət uğrunda aparılan mübarizədə həlak olmuş və ya xəsarət görmüş insanlara qayğı göstərilməsini də unutmamışdı. Buna görə də, əminliklə demək olar ki, məhz böyük xilaskarın xidməti sayəsində 4 İyun hadisələrinin qarşısı alındı, Vətənimizin xaos və anarxiyanın hökm sürdüyü məkana çevrilməsinə imkan verilmədi.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.